"Beynəlxalq informatika olimpiadaları" kitabının təqdimatı
oldu
Aprelin
29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Beynəlxalq informatika
olimpiadaları" kitabının təqdimat mərasimi keçirildi. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsinin müdiri
İsmayıl Sadıqovun (Calallı) müəllifi olduğu kitab Azərbaycanda
informatika üzrə olimpiadaların əsasını
qoyan, beynəlxalq informatika
olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə həsr olunub.
Kitabın elmi redaktoru, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Rasim Əliquliyevdir.
Tədbirdə çıxış edən
rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə 1989-2011-ci illəri əhatə edən
beynəlxalq olimpiadaların inkişaf tarixi, Azərbaycanın
bu yarışlarda iştirakı ilə bağlı
görülən tədbirlərdən və s. bəhs edən
kitabın gələcək nəsillər üçün dəyərli
töhfə olduğunu bildirdi. O, proqramlaşdırma üzrə
milli kadr hazırlığında Ramin Mahmudzadənin əməyini
yüksək qiymətləndirdi. Bu tədbirlərin yüksək
səviyyədə təşkilində yaxından iştirak
edən Heydər Əliyev Fondu,
Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları
İnstitutuna göstərdikləri
dəstək və təşəbbüsə görə
öz təşəkkürünü bildirdi.
Kitabda beynəlxalq informatika
olimpiadalarının tarixi, keçdiyi maraqlı və səmərəli
inkişaf yolu haqqında ətraflı məlumatların
öz əksini tapdığını deyən professor Rasim Əliquliyev
nəşrin elmi, pedaqoji cəhətdən əhəmiyyətini
vurğuladı. O, kitabın ərsəyə gəlməsində
həm müəllifin, həm də
Azərbaycanda olimpiada hərəkatının təşəkkülündə
böyük xidmətləri olan Ramin Mahmudzadənin əməyini
xüsusi qeyd etdi.
Sonra çıxış edən Ramin
Mahmudzadə Azərbaycanın beynəlxalq olimpiadalarda
iştirakına dair görülən tədbirlərdən, həyata
keçirilən layihələrdən geniş söhbət
açdı. Beynəlxalq informatika olimpiadaları ilə
bağlı xatirələrini söylədi.
YUNESKO-nun dəstəyi ilə məktəblilər
arasında keçirilən beynəlxalq informatika
olimpiadalarının dünya ölkələrində təhsilin
və innovativ təhsil texnologiyalarının
inkişafında mühüm rol oynadığını qeyd
edən İsmayıl Sadıqov bildirdi ki, beynəlxalq səviyyədə
uğur qazanmaq üçün proqramlaşdırma sahəsində
xüsusi istedadlı şagirdlərlə geniş iş
aparılmalıdır. "İlk növbədə, olimpiada
məsələləri və onların həlli
üsullarını əhatə edən çap və ya
elektron materiallar olmalıdır", - deyən müəllif
Azərbaycanın bu yarışlarda 1994-cü ildən
iştirakına baxmayaraq, bu günədək ana dilimizdə
informatika üzrə olimpiadalara aid heç bir vəsaitin
olmadığına təəssüf etdi.
Gələcəyin
olimpiadaçılarına yardımçı olmaq niyyəti
ilə yazılmış kitabda beynəlxalq olimpiadaların
keçirilməsi qaydalarından,
olimpiada məsələləri, onların həlli
metodikası və beynəlxalq olimpiadalara hazırlıq
proqramlarınadək ən mühüm sahələrin
işıqlandırıldığını qeyd etdi. Eyni
zamanda o, bu kitabın hazırlanmasında əməyi olmuş
hər kəsə xüsusi olaraq öz minnətdarlığını
bildirdi.
BDU-nun dosenti, fizika-riyaziyyat elmləri
namizədi Ələkbər Əliyev, Bakı Kompüter
Kollecinin direktoru İradə Səfərova və başqaları
Ramin Mahmudzadənin nəcib insani keyfiyyətlərindən,
ölkəmizdə olimpiada hərəkatının
formalaşması sahəsindəki xidmətlərindən
danışdılar.
Tədbirin sonunda
iştirakçılara "Beynəlxalq informatika
olimpiadaları" kitabının nüsxələri hədiyyə
verildi.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.5.