Buxarestdə Boloniya prosesinə üzv
ölkələrin təhsil
nazirlərinin konfransı keçirilib
26-27 aprel
2012-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest
şəhərində Boloniya prosesinə üzv ölkələrin
təhsil nazirlərinin konfransı keçirilib.
Azərbaycan Respublikası Təhsil
Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın ev sahibi olan Rumıniya ilə
yanaşı, Azərbaycan və Danimarka Boloniya prosesinə həmsədrlik
çərçivəsində iclaslara sədrlik ediblər.
Qeyd edək ki, "Avropa Vahid Ali Təhsil
Məkanının möhkəmləndirilməsi" adlı
konfransın əsas məqsədi Avropa Vahid Ali Təhsil Məkanı
çərçivəsində üzv ölkələrin təhsil
sistemlərinin inkişafı və dünyanın digər
regionları ilə ali təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi məsələlərinin müzakirəsindən
ibarət olub. Konfransda Avropa İttifaqı, Avropa
Şurası, YUNESKO, ATƏT, Avropa Təlim Fondu, BMT-nin
İqtisadi və Sosial Məsələlər üzrə
Şurası və digər nüfuzlu təşkilatların
nümayəndələri də iştirak ediblər.
Konfransın açılış
mərasimində Rumıniya
prezidenti Trayan Basesku da iştirak
edib.
Açılış mərasimində Azərbaycan Respublikası
təhsil nazirinin müavini Q.Novruzov çıxış edib.
Təhsil nazirinin müavini
tədbir çərçivəsində,
həmçinin bir plenar iclasa və
işçi qrupunun iki sessiyasına sədrlik edib.
Konfransın birinci plenar iclasında Avropa Şurasının eksperti
Germain Dondelinqer Avropa ölkələri tərəfindən Boloniya
prosesinin tələblərinin
həyata keçirilməsi
üzrə geniş hesabatla çıxış
edərək müasir
dövrdə ali
təhsilin getdikcə
artan əhəmiyyətinə
toxunub. Məruzəçi
qeyd edib ki, Boloniya prosesi
Avropa ali təhsilinin üzünü
nəzərəçarpan dərəcədə dəyişib və Avropa Vahid Ali Təhsil Məkanının yaradılmasına
təkan verib. Hazırda Boloniya prosesinə üzv olan 47 Avropa ölkəsi arasında ali təhsilin
strukturu, məzmunu və məqsədlərinə
aid konsensus əldə
olunub. Avropada ali təhsil sistemləri təkmilləşib
və ali təhsilin keyfiyyətini təmin edən qurumlar, tələbə mobilliyini asanlaşdıran
mexanizmlər yaradılıb.
Eyni zamanda,
hesabatda Avropa ölkələrinin ali təhsil sistemlərinə aid bir sıra aspektlər, o cümlədən ali təhsilin maliyyələşdirilməsi,
keyfiyyətin təmin
olunması, təhsil
alma imkanları, ömürboyu
təhsil, mobillik və digər parametrlər üzrə ətraflı məlumat və statistik göstəricilər iştirakçıların
diqqətinə çatdırılıb.
Qeyd etmək lazımdır ki, həm
hesabat, həm də bu sənədin
ətrafında keçirilmiş
müzakirələr göstərdi
ki, son illər ərzində əldə olunmuş nailiyyətlər
ilə yanaşı, Avropa ölkələrinin
ali təhsil sistemlərində hələ
də konkret problemlər mövcuddur. Bütün Avropa ölkələrinə xas
olan problemlərin arasında ali
təhsilin lazım olan həddə maliyyələşdirilməsi, təhsilin məzmununun əmək bazarının
tələblərinə tam cavab verməsi, hamı üçün bərabər təhsil imkanlarının yaradılması,
ali təhsil müəssisələrinin məzunları
arasında işsizlik
göstəricilərinin artması,
diplomların və kvalifikasiyaların qarşılıqlı
tanınması kimi məsələlər durur.
Konfransın yekununda bir neçə mühüm sənəd,
o cümlədən Avropa
Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil
nazirlərinin bəyannaməsi
qəbul olunub.
Bəyannamədə Avropa ölkələrinin
təhsil sistemlərinin
gələcək inkişaf
istiqamətləri öz
əksini tapıb.
Bu sənəddə həmçinin
ali təhsil
sahəsində diplomların
qarşılıqlı tanınması
mexanizmlərinin sadələşdirilməsi,
təhsilin keyfiyyətinin
artırılması, təhsilin
maliyyələşdirilməsi və digər bir sıra mühüm
məsələlərlə bağlı mövqe bildirilib.
Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində
Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə
bağlı məsələlərin
müzakirəsi aparılıb.
Bu məqsədlə Azərbaycan nümayəndə
heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında
işçi görüşü
keçirilib.
Onu da qeyd
edək ki, konfrans zamanı təhsil nazirinin müavini Qulu Novruzov Danimarka, Rumıniya, Kipr, Qazaxıstanın təhsil
nazirləri və bir sıra ölkələrin
nümayəndə heyətlərinin
rəhbərləri ilə
işçi görüşlər
keçirib. Görüşlər çərçivəsində
təhsil sahəsində
ikitərəfli əməkdaşlığın
genişləndirilməsi ilə
bağlı məsələlər
müzakirə olunub.
Konfransın yekununda Qulu Novruzov yerli
və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri
üçün mətbuat
konfransında iştirak
edib.
Azərbaycan müəllimi.- 2012.- 4 may.-
S.4.