Ali
məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika
Olimpiadasının
final mərhələsi keçirildi
Aprelin 29-da AMEA İnformasiya
Texnologiyaları İnstitutunda (İTİ) Heydər Əliyev
Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil
Nazirliyi və İTİ-nin birgə təşkilatçılığı
ilə 17 may-Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününə həsr olunan "Ali məktəb tələbələri
arasında informatika üzrə Ümumrespublika
Olimpiadası"nın final mərhələsi keçirildi.
Tədbiri giriş sözü ilə
açan rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə bu gün Azərbaycan gənclərinin
yüksək səviyyədə təhsil alması,
yaradıcılıq potensialının inkişafı, öz
bilik və bacarıqlarını nümayiş etdirməsi
üçün lazımi şəraitin
yaradıldığını bildirdi. Nazir müavini gənclərimizin
İKT hazırlığının daha da təkmilləşdirilməsinin
ölkədə qəbul edilən müvafiq dövlət
proqramları və layihələrin başlıca hədəflərindən
olduğunu söylədi, komandalara yüksək bilik
yarışında müvəffəqiyyətlər
arzuladı.
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Rasim Əliquliyev istedadlı gənclərin bilik və
bacarığının aşkarlanması, intellektual
potensialının inkişafı məqsədlərinə
xidmət edən olimpiadaların əhəmiyyətindən
söhbət açdı. İnformatika üzrə beynəlxalq
yarışlarda 1994-cü ildən iştirak edən Azərbaycanın
bu müsabiqələrdə layiqincə təmsil olunması
üçün görülən tədbirlər, məktəblilər
arasında keçirilən olimpiadaların yüksək təfəkkürlü
yeni nəsil gənclərinin seçilməsinə geniş
imkanlar yaradıldığını bildirərək komanda
üzvlərinə uğurlar dilədi.
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsinin müdiri
İsmayıl Sadıqov, BDU-nun dosenti Ramin Mahmudzadə və
başqaları ölkədə keçirilən informatika
üzrə ümumrespublika olimpiadasının əhəmiyyətini
xüsusi vurğulayaraq iştirakçılara qələbə
sevincləri arzuladılar.
Haqqında söhbət
açdığımız ümumrespublika
olimpiadasının ilk mərhələsi bu il aprelin 15-də
Qafqaz Universitetində keçirilib. İlk mərhələdə
15 ali təhsil müəssisəsindən 45 komanda iştirak
edib. Olimpiadanın ikinci final mərhələsinə
respublikanın 4 ali təhsil müəssisəsindən 12
komanda vəsiqə qazanıb. Həmin gün İTİ-də
keçirilən olimpiadada isə, ümumilikdə, 24 komanda
iştirak edirdi. Yarış zamanı hər komandaya 5 saat ərzində
9 məsələni həll etmək
tapşırığı verildi. Bildirildi ki, məsələlərin
həllinin yoxlanılması və qiymətləndirilməsi
digər olimpiadalardan fərqli olaraq münsiflər heyəti tərəfindən
deyil, xüsusi proqram vasitəsilə həyata keçirilir.
Proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda tətbiq
olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə
olunur. Komandalar məsələlərin həllini Free Pascal,
Borland C++ və Borland Pascal kimi proqramlaşdırma dillərindən
birində yazırlar və proqramın mətnini yoxlamaq
üçün serverə
göndərirlər. Sistem məsələlərin həllini
dərhal yoxlayır və nəticənin səhv və ya
düzgün olması barədə məlumatı serverdən
iştirakçının kompüterinə göndərir.
4 ali təhsil müəssisəsindən
12, regionlardan müsabiqədənkənar 9 və orta məktəb
şagirdlərindən ibarət 3 komandanın iştirak
etdiyi final mərhələsində
I yerin qalibi Qafqaz Universitetinin "Qafqaz proqrammers"
komandası oldu. II yer Bakı Dövlət Universitetinin
"Norbert", III və IV yerlər isə Qafqaz Universitetinin
"Baku Qafqaz U 3" və
"Baku Qafqaz U 7" komandaları arasında
bölüşdürüldü.
Olimpiadada ilk 4 yerə layiq görülən
komandalar "Azərfon" və "BestComp Group" şirkətinin təqdim
etdiyi qiymətli hədiyyələrə layiq
görüldülər.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.4.