BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransın açılışı oldu

   

Mayın 2-də Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və ictimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda III Beynəlxalq Elmi Konfransı öz işinə başladı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi konfransda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Çexiya, Litva, Misir, Yunanıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Polşa, İran və digər ölkələrdən, eləcə də AMEA-nın müxtəlif institutlarının, respublikamızın ali təhsil ocaqlarının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra ümummilli lider Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Rektor konfransı Azərbaycanın elmi mühiti üçün çox önəmli bir hadisə adlandırdı.  Konfransa gələnlərin Heydər Əliyevin əbədiyaşar ideyalarının işığına toplaşdığını vurğuladı.

Təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Qulu Novruzov konfransı Azərbaycan təhsilinin böyük uğuru, beynəlxalq əməkdaşlıq nümunəsi kimi dəyərləndirdi. Bildirdi ki, konfransda xarici qonaqlar Azərbaycanın təhsil sistemi, elm adamları, tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar ki, bu da ölkə həqiqətlərinin dünyaya yayılmasında çox önəmlidir. Sonra nazir müavini  konfransın işinə uğurlar arzuladı.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ümummilli liderimizin müstəqil Azərbaycanın inkişafına töhfələrindən danışdı. O vurğuladı ki, Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyası  ölkəmizdə  yaşayan bütün xalqların, eləcə də xaricdəki  soydaşlarımızın daha möhkəm birləşməsinə şərait yaratdı. Heydər Əliyev Azərbaycan tarixinin əvəzolunmaz və fenomen şəxsiyyətidir. Bu gün təşkil olunmuş elmi konfrans da bunun bariz nümunəsidir.

Daha sonra konfransda Yunanıstanın Azərbaycandakı səfiri İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.Mişşenko, Moskva Dövlət Linqvistik Universitetinin professoru A.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru A.Duymaz, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor G.Baxşəliyeva, Dağıstan Dövlət Universitetinin professoru N.Qarunova, Çexiya Respublikası Çarles Universitetinin professoru T.Lane, Tbilisi Dövlət Universitetinin professoru D.Qotsiridze, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Qazaxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova, Litva Edukologiya Universitetinin professoru V.Kavalyaskas, Uzaq Şərq Dövlət Humanitar Universitetinin professoru V.Mehdiyev çıxış etdilər.

Tbilisi Dövlət Universitetinin professoru D.Qotsiridze  müasir  Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda növbəti beynəlxalq elmi konfransın  gələn il Gürcüstanda keçirilməsini təklif etdi.

Konfrans çərçivəsində Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmaları, Rusiya, Polşa, Ukrayna, Yunan Mədəniyyət Mərkəzlərində bölmə iclasları oldu. Yazıçı B.Yevseyevin BSU-nun filologiya fakültəsinin tələbələri üçün "Müasir rus novellasının janrları" mövzusunda ustad dərsi keçirildi.

BSU-nun "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında həyata keçirilən "Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində Rusiyanın tanınmış tənqidçisi, yazıçı, publisist və ədəbiyyatşünası L.Aninskinin professor M.Qocayev və yazıçı E.Başkeçid tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş "Ceviz ləpəsi" kitabının təqdimatı tələbələrin böyük marağına səbəb oldu.

Konfrans  öz işini ayrı-ayrı bölmələr üzrə   davam etdirir.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.3.