Şüvəlan qəsəbəsində
Kiçik qrup
evi açılıb
Aprelin 27-də Bakının
Şüvəlan qəsəbəsində "Azərbaycan
Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nın icrası ilə bağlı Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
"Hilfsverk Avstriya" beynəlxalq
təşkilatı tərəfindən həyata keçirilən
"Himayədar (foster) qayğı və
ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması"
layihəsi çərçivəsində ailə əsaslı
Kiçik qrup evinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyi tərəfindən
inşa olunmuş Kiçik qrup evinin açılış mərasimində təhsil naziri Misir Mərdanov,
"Avstriya Hilfsverk"
beynəlxalq təşkilatının baş
meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri
xanım Mag Silvia Mayer-Kaybiç, YUNİSEF-in,
Avropa Birliyinin, Xəzər
Rayon İcra Hakimiyyətinin
nümayəndələri və digər qonaqlar
iştirak ediblər.
Açılışı
bildirən qırmızı lent kəsildikdən
sonra qonaqlar Kiçik qrup evində
yaradılmış şəraitlə yaxından tanış olublar. Mərasim
iştirakçılarına məlumat verilib
ki, Kiçik qrup evinin yaradılmasında məqsəd
övladlığa və ya himayədarlığa
verilənədək uşağa ev şəraitində fərdi və inkişaf planında nəzərdə tutulmuş qaydada
qayğı göstərməkdən ibarətdir.
Dövlət uşaq müəssisələrindən
Kiçik qrup evində
yaşayacaq 8-13 yaş
arasında 10 nəfər qız seçilib.
Uşaqlar ailə mühiti
yaradılmış Kiçik qrup evində yaşamaqla
yanaşı, evə yaxın ərazidə yerləşən
ümumi təhsil məktəbində təhsillərini
davam etdirəcək və tərbiyəçilər
24 saat ərzində onların təlim-tərbiyəsi
ilə məşğul olacaqlar.
Dövlət uşaq müəssisəsindən
fərqli olaraq Kiçik
qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları vardır. Bundan əlavə, Kiçik
qrup evində uşaqlara
psixoloji xidmətlər də göstəriləcək.
Burada tərbiyəçilərin fəaliyyəti
də fərqli olacaq. Belə ki, onlar evdə valideyn funksiyalarını yerinə yetirəcəklər.
Bildirildi ki, Kiçik qrup evinin saxlanması xərcləri bir il ərzində layihəyə
ayrılmış vəsait hesabına həyata keçiriləcək.
Layihə başa çatdıqdan sonra bu evin
saxlanması xərclərinin dövlət büdcəsindən
ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə
tutulub. Qeyd olunan məsələlərin tənzimlənməsi
üçün "Kiçik
qrup evinin nümunəvi
əsasnaməsi" hazırlanıb və təsdiq edilmək
üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinə təqdim olunub. Görülən tədbirlər nəticəsində
ümumilikdə ölkə üzrə dövlət uşaq müəssisələrində
yaşayıb təlim-tərbiyə alan
uşaqların sayı azalmış, 2008-ci ildəki 4055 nəfərdən
2011-ci ildə 3750 nəfərə enmişdir.
Onlardan 551 nəfər daimi müəssisədə
gecələyən uşaqlardır.
Kiçik qrup evi ilə tanışlıqdan sonra
təəssüratlarını bölüşən nazir Misir Mərdanov
Avstriyanın "Hilfsverk Avstriya"
beynəlxalq təşkilatı ilə həyata keçirilən
layihənin artıq müsbət nəticələr verdiyini bildirib. Artıq
465 uşağın bu cür
müəssisələrə düşməsinin
qarşısı alınıb. 100-dən artıq uşaq öz ailələrinə
qaytarılıb. Bu iş
bundan sonra da davam etdiriləcək.
Daha sonra
təhsil naziri Misir Mərdanov valideyn himayəsindən
məhrum olmuş uşaqlar
üçün bu
xidmətin yaradılmasında Təhsil Nazirliyinə dəstək
verən Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və "Hilfsverk
Avstriya" beynəlxalq təşkilatına,
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
Avstriyanın
ölkəmizdəki səfiri Mag Silvia Mayer-Kaybiç qeyd edib ki,
gələcəyimiz olan uşaqlara
bu cür qayğı
xidmətinin təşkili olduqca vacibdir. Avstriya hökuməti, Avropa
Birliyinin yaxından iştirak
etdiyi layihənin əhəmiyyətindən
danışan səfir Azərbaycan hökumətinin, Təhsil
Nazirliyinin gördüyü
işləri yüksək qiymətləndirib.
Azərbaycan
hökumətinin qayğısı sayəsində çox əhəmiyyətli bir
layihənin reallaşdığını diqqətə
çatdıran YUNİSEF-in nümayəndəsi
qeyd edib ki, de-institusionalizasiya
çərçivəsində yaradılan qurumlar
uşaqların himayədar ailələrə verilməsini nəzərdə
tutur.
Təmsil etdiyi təşkilatın
adıçəkilən layihədə iştirakından məmnun
qaldığını deyən YUNİSEF-in
nümayəndəsi layihənin
həyata keçməsində əməyi olan
donor təşkilatlara, Avropa
Birliyinə minnətdarlığını bildirib.
"Hilfsverk Avstriya" beynəlxalq
təşkilatının baş meneceri Heidi Burxart Avstriya hökumətinin,
Avropa Birliyinin layihədə
yaxından iştirakını yüksək qiymətləndirib.
***
Elə həmin gün təhsil naziri Misir Mərdanov Mərdəkan qəsəbəsində
Ailə Təlim və Məsləhət Mərkəzinin
açılışında da iştirak edib.
Açılışı bildirən qırmızı lent kəsildikdən sonra
mərkəzə baxış olub. Bildirilib ki, mərkəz
himayədar ailələr, valideynlər üçün
xüsusi təlim kursları təşkil
edəcək. Eləcə də himayədar ailələrlə
maarifləndirici iş aparılacaq. Mərkəzlə
tanış olan nazir Misir Mərdanov yeni xidmət
qurumunun fəaliyyətinin uğurlu
olacağına əminliyini ifadə edib.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.2.