Bu gün
Laçının işğalı günüdür
Laçın harayı
şahidlərin dilində "Ürəyimə damıb ki,
Laçına da qovuşacam, Sahibimə də..."
Zeynalova Tamara Əlfəsiyab
qızı -
1992-ci ilin yazı Laçına qara gəldi. Allah elə
günləri heç Tanrı bəndəsinə göstərməsin.
Evdə oturmuşduq. Kəndimiz - Piçənizdən
yuxarıda Meşəli deyilən kənd vardı. Kəndin
aşağısında isə 10-15 hektar boş düzəngahlıqdı.
Bir də gördük 80-ə yaxın yük
maşını bir-birinin ardınca düzülüb budu
qalxır üzü yuxarı, bizim kəndə sarı.
Meşəli kəndində böyük
mal ferması vardı. Bax, o fermanın mallarını
doldurdular o maşınların kuzovuna... Kəndə
qaçaqaç düşdü. Həyat yoldaşım Təvəkkül
məni də o mal-heyvan gətirilən maşınların
birinin kabinkasına oturdub Ağdama yola saldı.
1992-ci il may ayının 17-si idi. 9 gün əvvəl
Şuşa işğal olmuşdu. 9 gün idi ki, nəslimizin
bütün başıpapaqlıları Şuşa müsibətində
itkin düşən əzizlərimizi oba-oba,
cığır-cığır gəzib axtarırdılar.
Gözümün ilki, ilk övladım Sahib ailəli idi.
Sumqayıtda kirayədə yaşayır, fəhlə işləyirdi.
Üç körpə oğlu vardı, ilki 6,
ortancılı 4 yaşında, sonbeşiyi 6 aylıq idi.
Laçında vəziyyət qarışanda gəlib
rayonumuzu qoruyan könüllülərə qoşuldu
oğlum. Yoldaşı Sveta Şuşalı qızı idi. Gəlinimin
anası Zülfirə Şuşada qalmışdı.
Mayın 8-də Sahib getdi Zülfirəni tapıb gətirsin
Laçına. Axşama xəbər gəldi ki,
Şuşanı ermənilər işğal edib.
Qızım, iyirmi ildi "bala" deyib,
"Sahib" deyib dağa-daşa ün salıram. Gəlinim
bilmir "anam" deyib ağlasın, yoxsa "ərim". O
gün, bu gün nə Sahibi, nə də Zülfirəni
gördüm deyən olmayıb. Sahibin sonbeşiyinin indi 20
yaşı var. Bilmir ata sözü nə olan sözdü.
Amma həmişə deyir ki, nənə, nolar atamdan bir az
danış. Atamın boy-buxunu
necəydi, xasiyyəti necəydi? Onda ürəyim
şan-şan olur.
Şuşa əldən gedəndə mənim
ürəyimə qorxu düşdü ki, Laçın da əlimizdən
gedəcək. Laçın camaatı yük
maşınlarının kuzovlarında çıxdı
Laçından. Yoldaşım Laçınsız, Sahibsiz cəmi
8 il yaşaya bildi. Mən dözürəm hələ, buna
dözmək demək mümkünsə... Laçında 12
uşaq anası olmuşam. 6 balamın məzarı
Laçındadı.
Laçının işğalından
üç gün əvvəl rayonun mərkəzinə qrad
atdılar. Beş nəfər yaxın qohumumuz yerindəcə
keçindi. O beş nəfərdən biri - Seyfəli
qonşu Arduştu kəndindən idi, cənazəni gətirdilər
kəndə, dəfn etdilər, səhər qaçaqaç
düşdü, imkan olmadı ki, yası keçirilsin.
Həmişə deyərdim ki, Allahım,
nə vaxt ölsəm, ölümüm Laçında olsun.
Kimin ağlına gələrdi ki, o qədər təmiz
havası, suyu, sərinliyi, yaxşı firavan
yaşayışı olan yurdlarımız düşmənə
qalacaq. Hər şeyimiz yağıya qaldı qızım.
Torpaqlarımız da, qazandıqlarımız da... - Cavan
balalarımız da... Ürəyimə damıb ki,
Laçına da qovuşacam, Sahibimə də... Tutaydım
Sahibin balalarının əlindən, qalxaydım
Laçına, deyəydim, "oxaaay Vətənə gəldim,
imana gəldim".
"Laçında
bitən meyvələrin dadını axtarıram 20 ildi"
Əhmədov
Bəhmən Əhməd oğlu -
Laçının Piçəniz sovetliyinin
Qırmızı Güney kəndində doğulmuşam.
Laçın deyəndə, gözümə
görünür uca zirvəsi dumanlarla öpüşən
qarlı dağlar, sinəsi güllü-çiçəkli
yamaclar, zirvələrdən axan buz bulaqlar, dağların
belinə dolanan Həkərinin şırıltısı...
Anadan olduğum kəndin hər iki tərəfindən
qoşa çay axırdı. Gecələr yatanda bilmirdik
hansı çayın zümzüməsinə qulaq kəsilək.
İndi İnternetdə baxmışam, bizim kənddə, əmimgilin
qapısında ermənilər 57 dənə arı pətəyi
saxlayırlar. Oxuduğum məktəbdə erməni
balalarına dərs keçirlər.
İşğaldan 4 gün əvvəl
qardaşım oğlu Şahin Laçının mərkəzinə
atılan qraddan dörd nəfər qohumla birgə şəhid
oldu.
Xocalı qırğınında
içimdə dünyam uçub-töküldü mənim.
Dedim xoş günlərimiz bitdi daha. Şuşadan sonra da,
Laçın ortada, mühasirədə qaldı. Qaçhaqaçda
bacım qızı Rəfiqə həlak oldu. Qayğı qəsəbəsini
keçəndə qardaşım Tahirlə Əhliyətin
oğlanları Məmmədnən Şahin şəhid
oldular. Heç o günahsızlara el qaydasınca dəfn edilmək
də qismət olmadı. Yolun qırağında
basdırdıq, nişanə də qoymadıq ki, qəbir olduğu
bilinməsin. Mən bu 75 illik ömrümdə belə bir nəticəyə
gəlmişəm ki, o zaman ümummilli liderimiz Heydər Əliyev
hakimiyyətdə olsaydı, bütün bu faciələr
baş verməzdi.
20 ildi Vətəndə Vətənsizəm.
Əvvəl "laçınlıyam" deyərdim
soruşanlara, indi "laçınsızam" deyirəm.
Laçında bitən meyvələrin dadını
axtarıram 20 ildi. İnsan gözünü harda
açıbsa, o torpaq hər zaman çəkir onu. Hər yay
piyada qalxıram Hacıkənd tərəfə, ordan
baxıram Kəpəzə, deyirəm Kəpəz, yol ver
Laçına gedim... Laçının iyini alıram
oralardan. Fələklə davadayam, bala, deyirəm, ölmərəm
ey laçınsız, köç başlasın
Laçına... dizin-dizin, sürünə-sürünə
yalayaram torpağımı... hər quşa öz yuvası,
qızım, insana da öz od-ocağı... Bu dünya belə
qalmaz deyirəm. Prezidentimiz də çalışır,
Qarabağ məsələsinin həlli yollarını
axtarır. İnanırıq ki, dövlət
başçımızın qətiyyətli mövqeyi və
iradəsi sayəsində biz torpaqlarımıza
qayıdacağıq. Laçınsız-Şuşasız elə
bil Azərbaycan qollarsız bədəndi. Hərdən istəyirəm
üzümü göyə tutub haraylayam: "Laçın
heeeyy... Ay Laçın, mən sənə qurban
Laçın".
"...
Anamın məzar yerini, köhnə evimizi bir də görə
bilsəydim..."
Məmmədova
Tünzalə Əfqan qızı - Mən
Laçının Piçəniz kəndində
yaşamışam. 1985-ci ildənəm. Laçın
işğal olanda 6 yaşım vardı. Yük
maşınının kuzovunda bir-birimizə
sıxılıb kənddən çıxdıq.
Qayğı qəsəbəsini keçəndə
maşınımızı atəşə tutdular. Anam Rəfiqə
orada həlak oldu. Anamı elə öldüyü yerdə,
yol qırağında basdırdılar. Ağlayıb
özümü öldürürdüm. Anamı qoyub getmək
istəmirdim. Laçınlı günlərim analı,
atalı günlərim deməkdi mənimçün. Hələ
də elə bilirəm, yuxu görürəm. Kənddəki
evimizi heç unuda bilmirəm. Birmərtəbəli
yığcam bir evdi. Atam usta idi. Çoxlu material, qapı-pəncərə
almışdı, hazırlaşırdı ki, təzə ev
tiksin. Anam hər səhər saçlarımı
darayardı, məni öpüb oxşayardı... Deyirəm,
ay Allah, bir möcüzə yarat, yenə anam sağ ola,
anamın sağ olduğu günlərə qayıdam. Yenə
kənddəki o balaca evimizdə yaşayam. İndi ailəliyəm,
iki uşaq anasıyam. Şükür Allaha. Amma yenə də
Laçındakı günlərimin həsrətini çəkirəm.
Deyirəm, evdən gəlin köçəndə anam Rəfiqə
xeyir-duamı verib məni ər evinə yola salaydı.
Arzularımın hamısı ürəyimdə dəfn
olunub. 6 yaşında ana itirən, 8 yaşından xala evinə
pənah aparan bir körpənin hansı arzuları göyərər
ki? Yenə Laçına qayıda bilsəydik, anamın məzar
yerini, köhnə evimizi bir də görə bilsəydim, bəlkə
də ürəyimin qubarı bir az əriyərdi...
"Nənəm
deyir ki, çoxlu kitab oxusam əmimin bağlı
qapısının açarını taparam"
Zeynallı
Sahib Abbas oğlu - Mənim 5 yaşım var. Məni
Bakıda alıb atamgil. Amma nənəm deyir ki, mən
Laçındanam. Mənim bir əmim olub Sahib adında, ermənilər
onu oğurlayıb. Nənəm də əmimin adını
verib mənə.
Atama deyirəm ki, 6 yaşım tamam olsun,
mənə bir avtomat, bir əsgər toqqası, bir də əsgər
maskası al, gedim əmimi düşmənlərdən
alım gəlim. İndi
mən hazırlıqda oxuyuram... nənəm deyir ki,
çoxlu kitab oxusam, əmimin bağlı qapısının
açarını taparam. Deyir ki, hansısa kitabın
içində o açar barədə yazıblar. Mən yekəlib
mütləq o açarı
tapacam. Xala, sən o açarın yerini bilirsənsə mənə
de də...
İndidən
sənə uğur diləyirəm, balaca kişi! Sən
axtardığın o açarın yerini özün
tapacaqsan... Çünki bir məqsədə çatmaq
üçün əsas ürəkdəki təpərdi, o da
səndə var...
Hazırladı: Ellada
UMUDLU
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.5.