ADU-da İspan dili
mərkəzi açılıb
Azərbaycan Dillər Universitetində İspan dili mərkəzinin açılış
mərasimi keçirildi. Açılış
rəmzini bildirən qırmızı lent kəsildi.
Mərasimdə çıxış
edən ADU-nun rektoru Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil
ocağında tarixi bir gün yaşandığını
bildirdi. Cənubi Qafqaz regionunda
ən böyük Amerika mərkəzinin ADU-da fəaliyyət göstərdiyini deyən
S.Seyidov təhsil müəssisəsində 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu, eləcə də mərkəzlərinin
fəaliyyət göstərdiyini
qeyd etdi. Bir müddət öncə
ADU-da Höte İnstitutunun filialının
fəaliyyətə başlamasından
danışan rektor təhsil müəssisəsində ispan dili mütəxəssislərinin,
həmçinin İspaniyadan
gələn müəllimlərin
çalışdığını vurğuladı.
ADU-nun rektoru ispan dilinin Azərbaycanda
öyrənilməsinin xüsusi
əhəmiyyət kəsb
etdiyini söylədi. Rektor mərkəzin ispan
dilinin, mədəniyyətinin
öyrənilməsində tələbələrə, eləcə
də bütün maraqlı şəxslərə
yararlı olacağına
əminliyini ifadə etdi. O, mərkəzin
İspaniya mədəniyyətinin
Azərbaycanda, Azərbaycan
mədəniyyətinin İspaniyada
təbliği istiqamətində
vacib rol oynayacağını dedi.
ADU-nun rektoru şəxsi
kitabxanasından İspan
dili mərkəzinə
kitablar hədiyyə etdi.
Tədbirdə çıxış edən
İspaniya Krallığının
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Kristobal Qonsales - Aller Xurado dost münasibətinə
və mərkəzin fəaliyyəti üçün
yaradılan şəraitə
görə ADU-nun rektoruna
öz təşəkkürünü
bildirdi. Mərkəzin
açılmasında əməyi
olan şəxslərə minnətdarlığını
ifadə edən Kristobal Qonsales - Aller Xurado mərkəzin ispan dilinin tədrisində
və təbliğində
mühüm rola malik olduğunu qeyd etdi: "Ölkələrimiz arasında
olan mədəni, eləcə də digər əlaqələrin
bundan sonra da artan tempdə
inkişaf edəcəyinə
ümidvaram. Mərkəzin gələcək inkişafı üçün
öz dəstəyimi
əsirgəməyəcəyəm".
İspan
dili kafedrasının
müəllimi, İspaniya
vətəndaşı Anxel
Konde Munyoz isə çıxışında
pedaqoji fəaliyyətinə
toxundu. ADU-da peşəkar ispan dili mütəxəssislərinin
olduğunu deyən A.K.Munyoz belə bir kollektivdə çalışmaqdan məmnun
olduğunu bildirdi.
İspaniyalı pedaqoq mərkəzin
açılmasını ispan
dilinə və mədəniyyətinə verilən
töhfə kimi qiymətləndirdi.
İspan dili mərkəzinin təmsilçisi, II kurs magistri Günel Hacıyeva "İspan dili günləri",
İspan dili kafedrasının müəllimi,
DELE imtahanlarının Azərbaycandakı
təmsilçisi Elvira İmanova İspaniyanın
Servantes İnstitutunda
keçirilən DELE imtahanları
və əhəmiyyəti, "Azərbaycan-Latın
Amerika Gəncləri"
İctimai Birliyinin sədri, ADU-nun tərcümə
fakültəsinin IV kurs
tələbəsi Mahir
Qurbanov isə rəhbəri olduğu təşkilat, onun fəaliyyət istiqamətləri
və həyata keçirdiyi tədbirlər
haqqında məlumat verdilər. İspan dili kafedrasının müdiri Aybənisə Əliyeva Azərbaycanda ispan dilinin tədrisinin
20 ilinin tamam olduğunu, bununla bağlı tədbirlər
planı həyata keçiriləcəyini bildirdi.
Sonda tədbir
iştirakçıları İspan dili mərkəzində yaradılmış
şəraitlə tanış oldular.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.5.