Yaponiya səfəri maraqlı görüşlərlə zəngin olub

 

Dünyanın dörd qitəsindəki 62 universitetlə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla davam etdirən, bir sıra beynəlxalq səviyyəli elmali təhsil qurumlarında təmsil olunan Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu ali məktəblərin sırasına Yaponiya universitetləri də daxil olmuşdur. Yaponiyanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi "Ali məktəblərin səmərəli idarə olunmasında yapon modeli" mövzusuna həsr olunmuş beynəlxalq seminarda NDU-nun nümayəndə heyəti də iştirak etmişdir. Seminarda Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan universitetlərinin nümayəndələri də təmsil olunmuşlar.

Beynəlxalq seminarın birinci günü "Yapon universitet modeli: uğurlu nəticələr, problemlər və perspektivlər" mövzusunda müzakirələrə həsr edilmişdir. Müzakirələrdə Yaponiya Universitetlər Assosiasiyasının baş katibi, professor Xidebumi Koydemin əsas mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Bundan başqa, seminarda ali təhsilin qiymətləndirilməsi üzrə Yaponiya təşkilatının direktoru, professor Toşikiro İkonun, Təcrübi Elmlər üzrə Akkreditasiya Şurasının Prezidenti professor Katsuxiko Kakexinin  Elmi Dərəcələr üzrə Milli İnstitutun Elmi tədqiqatlar şöbəsinin müdiri, professor Miçikata Kononun məruzələrində yapon ali təhsil modelinin müxtəlif aspektləri barədə iştirakçılara geniş məlumat verilmişdir. Müzakirələrdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli də çıxış etmişdir.

Beynəlxalq seminarın əhatə etdiyi günlərdə Yaponiya Açıq Universitetində, İdarəetmə Akademiyasında, Tokio Elmlər Universitetində,  Elektro-Kommunikasiya Universitetində, Sofya Universitetində və Xosey Universitetində ali məktəb rəhbərləri ilə görüşlər keçirilmiş, ali məktəblərin idarəetmə strukturu, maddi-texniki bazası, inkişaf istiqamətləri, mühüm nəticələri ilə tanışlıq turları təşkil olunmuşdur. Akademik İsa Həbibbəyli Yaponiya İdarəçilik Akademiyasında və Xosey Universitetində çıxış etmiş, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf yolu haqqında məlumat vermiş, qarşılıqlı əməkdaşlığa dair təkliflər irəli sürmüşdür. Xosey Universitetinin prezidenti rəsmi olaraq Naxçıvan Dövlət Universitetinə dəvət olunmuşdur. 1903-cü ildən fəaliyyət göstərən Xosey Universiteti Yaponiyada reytinqinə görə universitetlər arasında altıncı yerdə dayanır. Səfər çərçivəsində NDU-nun beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbov Yaponiya universitetlərində Şərq-Qərb əlaqələrinin ölkələrarası münasibətlərin tədqiq edilib öyrənilməsi təcrübəsi ilə yaxından tanış olmuş, onu maraqlandıran suallara cavab almış, bu barədə əldə olunmuş konkret nəticələrlə əyani tanışlıq imkanı əldə etmişdir.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti xüsusi olaraq Tokiodan Xirosima şəhərinə səfər etmişdir. Burada vaxtilə, yəni 6 avqust 1945-ci ildə dünyada ilk dəfə atom bombasının sınaqdan çıxarılmasından sonra yaranmış siyasi-tarixi vəziyyətlə tanış olan Naxçıvan nümayəndə heyəti Xirosima muzeyinin təmsilçiləri ilə yerli turizm şirkətlərinin nümayəndələri ilə görüşüb söhbətlər aparıb. NDU-nun rektoru, akademik İsa Həbibbəyli Xirosima muzeyinə onları müşayiət edən yaponiyalılara Naxçıvanla əlaqədar kitablar, xalça, əl sənəti işləri hədiyyə etmişdir. Beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbov müasir dünyada müharibə əleyhinə mübarizədə sülh uğrunda hərəkatda Xirosima faktorundan istifadəyə dair zəruri tarixi materiallara baxmışdır.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Yaponiya Elm Texnologiya Muzeyində robot texnologiyası ilə tanış olmuş, danışan hərəkət edən robotların şousuna baxmışdır. Yaponiyanın rəmzi sayılan Fuci dağına səfər bu ölkə ilə hərtərəfli tanışlığa imkan yaratmışdır.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti səfər zamanı  Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyində səfir Gürsel İsmayılzadə ilə görüşərək Yaponiya universitetləri ilə elm ali təhsil sahəsində əməkdaşlığa dair söhbətlər aparmışdır. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2012.- 18 may.- S.5.