"Məktəbimiz
Rusiya ilə Azərbaycan arasında körpüdür"
Təqdimat:
Aida Şahvələd qızı Quliyeva 1950-ci ildə Mingəçevir
şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir
şəhər 3 nömrəli məktəbi bitirib, Azərbaycan
Dövlət Universitetində (indiki BDU) ali təhsil alıb. Tarixçidir.
Universiteti bitirdikdən sonra aspiranturaya daxil olub, AMEA-nın
Tarix İnstitutunda baş laborant işləyib. 1977-ci
ildən Moskvada yaşayır. 1997-ci ildən
Moskvadakı 157 nömrəli Azərbaycan məktəbinin
direktorudur. Təhsil sahəsindəki xidmətlərinə
görə 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar
müəllim" fəxri adına layiq
görülüb.
Rusiya Federasiyasının paytaxtı
çoxmillətli Moskva şəhərində hazırda
müxtəlif millət və xalqlara məxsus 36 etnomədəni
komponentli ümumtəhsil müəssisəsi fəaliyyət
göstərir. Onlardan biri də Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni
komponentli orta məktəbdir. 1997-ci ildə fəaliyyətə
başlamış təhsil ocağı bu il
özünün 15 illiyini qeyd etməyə
hazırlaşır. Məktəbin
açılmasının təşəbbüsçüsü
və yarandığı vaxtdan direktoru işləyən Azərbaycan
Respublikasının əməkdar müəllimi Aida Quliyeva
vaxtaşırı olaraq doğulub boya-başa
çatdığı Azərbaycana gəlir, xidməti
işi ilə bağlı Təhsil Nazirliyində olub aidiyyəti
rəsmi şəxslərlə görüşür. Onunla görüşümüz də elə belə
səfərlərinin birində - ulu öndər Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü ərəfəsində
Təhsil Nazirliyində oldu.
Məqsədimiz rəhbərlik etdiyi təhsil
ocağının 15 ildə keçdiyi inkişaf yolu,
mövcud durumu, uğurları, problemləri ilə
bağlı ondan müsahibə götürmək idi.
- Aida xanım, istərdik söhbətimizə
15 ildən əvvəlki tarixdən başlayaq. Moskvada
Azərbaycan məktəbi açmaq ideyası hansı zərurətdən
yaranmışdır? İdeyanı
gerçəkləşdirmək necə mümkün oldu?
- Sualınıza
cavab verməzdən öncə məktəbimizin
açılmasında bizə böyük kömək
göstərmiş ümummilli lider Heydər Əliyevin əziz
xatirəsinə öz dərin ehtiramımı bildirmək istəyirəm.
Xoş bir təsadüf üzündən mənim
budəfəki səfərim çox əlamətdar vaxta
düşüb. Bu gün ulu öndərin
doğum günüdür (Müsahibə mayın 10-da
götürülüb. - Y.Ə.).Bir
neçə gündür şahidiyəm ki, Azərbaycan
xalqı ümummilli liderin anadan olmasının 89-cu
ildönümünü necə böyük təntənə
ilə, əsl bayram kimi qeyd edir. Bu
münasibətlə hamınızı ürəkdən təbrik
edirəm. Bu böyük insan bir ata kimi həmişə
mənim qəlbimdədir. Sağlığında
onun kölgəsi həmişə bizim kimi vətəndən
kənarda yaşayan azərbaycanlıların üzərində
idi. Mən çox sevinirəm ki, ulu öndərimizin
başladığı bütün böyük işlər,
onun müdrik daxili və xarici siyasəti, təhsilə
göstərdiyi diqqət, xarici ölkələrdəki Azərbaycan
diasporlarına qayğısı bu gün onun layiqli varisi Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
böyük uğur və qətiyyətlə davam etdirilir.
Bu il bizim üçün həm də onunla əlamətdardır
ki, məktəbimizin yaranmasının 15-ci
ildönümünü qeyd etməyə
hazırlaşırıq.
Sualınızın
cavabına gəldikdə isə onu deyə bilərəm ki,
Moskvada Azərbaycan məktəbinin olmasını mən
çoxdan, hələ sovet vaxtından arzulayırdım. 90-cı illərin əvvəllərində
bunun üçün münbit şərait də
yaranmışdı. O vaxt yanvar hadisələri baş
verəndə mən ilk dəfə Moskvada çoxlu azərbaycanlı
yaşadığını gördüm. Həmin
azərbaycanlılarla ünsiyyətdən hiss etdim ki,
onların uşaqlarının çoxu Azərbaycan dilini
bilmir və ya çox zəif bilir. Elə o vaxtdan da məktəb
açıb,
buradakı azərbaycanlılara öz doğma dillərini
öyrətmək ideyasını gerçəkləşdirmək
üçün çalışmağa başladım. Azərbaycanın Moskvadakı nümayəndəliyinə
getdim, məsələ qaldırdım. Nəhayət,
1992-ci ildə Azərbaycanın Rusiyadakı səfirliyində
mənim fəal iştirakımla Rusiyada çoxdan yaşayan
və yaxın zamanlarda bura gəlmiş azərbaycanlıların
uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək
üçün bazar günü məktəbi
yaradıldı. Məktəbin direktoru mən
idim. Biz həftədə iki dəfə -
şənbə və bazar günləri məşğul
olurduq. Lakin tezliklə gördüm ki, təkcə
bazar günü məktəbi ilə bu böyük işin
öhdəsindən gəlmək çətindir. Müntəzəm fəaliyyət göstərən
Azərbaycan məktəbi olmalıdır. Müvafiq proqram tərtib etdikdən sonra təhsil
departamentinə getdim. Ancaq bizi eşidən
olmadı. Yalnız bu haqda məlumat ümummilli liderimiz
Heydər Əliyevə çatandan sonra onun köməyi ilə
bu iş öz həllini tapdı. Moskva hökumətinin
qərarına əsasən 1997-ci ildə bizim məktəb, yəni
157 nömrəli Azərbaycan etnomədəni komponentli orta
ümumtəhsil məktəbi yaradıldı. 2011-ci ildə
məktəbimizə Azərbaycan xalqının böyük
oğlu, Sosialist Əməyi Qəhrəmanı, Dövlət
mükafatları laureatı, uzun illər Kosmik
Uçuşların İdarə Olunması üzrə
Dövlət Komissiyasının sədri işləmiş
general-leytenant Kərim Kərimovun adı verilmişdir.
- Sizin məktəb adi ümumtəhsil
məktəblərdən nə ilə fərqlənir? Hansı proqramları
reallaşdırırsınız?
- Məktəbimiz
dövlət məktəbidir və Moskva hökuməti tərəfindən
maliyyələşdirilir. Əsas məqsədimiz
Moskvada yaşayan azərbaycanlılara Azərbaycan dilini,
tarixini, öz xalqının adət-ənənələrini,
mədəniyyətini öyrətməklə
yaşadıqları yerin, ölkənin xalqının mədəniyyətinə,
ənənələrinə, dilinə hörmət etmək və
qiymətləndirmək imkanı verməkdir. XI sinfi bitirənlərə attestat verilir.
Tədris
ocağımızda Azərbaycan dili və ədəbiyyatının
tədrisinin də daxil olduğu baza fənlərlə
yanaşı, tarix, musiqi, təsviri incəsənət,
dünya bədii mədəniyyəti və texnologiya üzrə
inteqrativ kurslar da nəzərdə tutulub.
Məktəbdə
təhsilləndirmə proqramı, fənlər üzrə tədris
proqramları, əlavə təhsil proqramı, fənlər
üzrə müəllif inteqrativ kurs proqramları və s.
mövcuddur.
Azərbaycan
komponenti ilə bağlı proqramları, yəni Azərbaycan
dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyasına dair proqramları, dərslikləri
Bakıdan alırıq, burada onlar tərcümə olunur və
təsdiq edilir. Digər fənlər - riyaziyyat, fizika, biologiya və
b. Rusiyanın proqramları əsasında tədris olunur.
Azərbaycan blokundan başqa bütün fənlər
rus dilində keçilir.
Onu da
deyim ki, məktəbimiz əslində yeni
yaradılmamış, bizə verilən 157 nömrəli rus məktəbinin
bazasında fəaliyyətə başlamışdır. Bizi, bir növ geridə
qalmış bu məktəbə birləşdirmişdilər.
Bizim əvvəlki uşaqlar mikrorayon
uşaqları olaraq çox zəif idilər. Yeni gələnlərin isə əksəriyyətini
qaçqın ailələrin uşaqları təşkil
edirdilər. Onları oxutmaq, məktəbdə
təhsilin səviyyə və keyfiyyətini yüksəltmək
böyük güc tələb edirdi. Bizim
kollektiv bunun öhdəsindən gəldi. Müəllimlərimiz
təhsilin səviyyəsini yüksəltmək
üçün çox vaxt dərsdən sonra da qalıb
şagirdlərlə pulsuz məşğul olurdular. Çalışırdıq ki, millətimizin
başı uca olsun.
Biz
Moskvada yeganə Azərbaycan məktəbiyik. Hər zaman bu yeganə
olmağımızın məsuliyyətini hiss edirik. Fərqindəyik ki, Azərbaycanla sıx
bağlıyıq və biz burada məhz Azərbaycanı təmsil
edirik. Elə işləməliyik ki, xalqımıza
başucalığı gətirək.
Bizim məktəbin
əhəmiyyəti böyükdür. Biz təkcə təhsil
vermirik, həm də Rusiya ilə Azərbaycan arasında
körpü rolunu oynayırıq. Ona
görə də çalışırıq ki, hər
addımımız doğru, düzgün, təmiz olsun, kənardan
bizə heç kəs irad tuta bilməsin. Çalışırıq ki, güclü
olmağımızı işimizlə sübut edək. Əslində bütün etnomədəni məktəblər
öz ölkələri ilə Rusiyanın arasında
körpü rolunu oynayırlar. Rusiya bizim
böyük strateji tərəfdaşımızdır və
bunu nəzərə almaq lazımdır. Məktəbimiz
vasitəsilə biz həm də rus məktəblilərini Azərbaycan
mədəniyyəti ilə tanış
edirik. Məktəbimizdə
dərslər birnövbəlidir. İkinci
növbədə əsasən dərnəklər fəaliyyət
göstərir. Onların sayı 30-dan
çoxdur.
Məktəbimizin
2 strukturu var. Biri Azərbaycan mədəniyyəti şöbəsidir. Biz onda rəqs keçirik,
alətləri öyrədirik. İkinci
strukturda isə rus dilini öyrədirik. Bizim
məktəb rus dilinin xarici dil kimi öyrədilməsi
üzrə baza məktəbidir.
- Məktəbinizin mövcud maddi-tədris
bazası fəaliyyətinizi normal qurmağa imkan verirmi?
Məktəbimiz
beşmərtəbəli binada yerləşir. 560 şagird yerlik bina 1965-ci
ildə inşa olunub. Sonuncu dəfə 7 il
öncə məktəbdə əsaslı təmir işləri
aparılıb. Nə qədər qorusaq da
saxlamaq olmur, bina köhnə olduğundan
uçub-dağılır. Hazırda təmirə
ciddi ehtiyac yaranıb.
Düzdür,
indilikdə bina tələbatımızı ödəyir. 41 sinif komplektimiz və 420
şagirdimiz var. Tədris bir növbədə aparılır.
Lakin bu bizi qane etmir. Biz məktəbimizi
daha da genişləndirmək, gücləndirmək, daha
çox azərbaycanlı uşağı oxutmaq istəyirik.
İstəyirik ki, bizə indi olduğu kimi təkcə
qaçqın uşaqlar, oxuya bilməyənlər yox, Moskvada
yaşayan ziyalı azərbaycanlıların övladları
da gəlsinlər. Ziyalılar öz
uşaqlarını bura gətirməyəndə digərləri
də fikirləşir ki, deməli məktəb güclü
deyil, orada nə isə yoxdur. Biz niyə
uşaqlarımızı ora aparaq. Bu vəziyyəti
aradan qaldırmaq üçün məktəbimizin maddi-tədris
bazası gücləndirilməlidir. Bunun
üçün şərait də var. Belə ki, məktəbimiz
geniş həyətyanı sahəyə malikdir və həmin
sahəni mən məktəbin adına
müddətsiz özəlləşdirmişəm. Müvafiq sənədlər əlimizdədir. Bu sahədə əlavə tədris korpusu və ya
bağça binası tikmək olar. Çünki
bağça yaşlı uşaqlar da elə bizim
kontingentimizdir.
Yeri gəlmişkən
deyim ki, bir çox
məsələlərdə, xüsusən də
Azərbaycan komponenti ilə bağlı dərsliklərlə,
ölkəmizə aid atributlarla təminatda Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bizə çox kömək
edir. Biz Azərbaycana aid bütün dərslikləri, tədris
vəsaitlərini nazirlikdən alırıq.
- Şagirdlərinizin nə kimi
uğurları var? Moskva, Rusiya üzrə, beynəlxalq səviyyəli
bilik yarışlarına, müsabiqələrə
qatılanlar olurmu?
- Məktəbimizdə
23 millətin nümayəndələri oxuyur. Onların
içində birinci yerdə azərbaycanlılardır.
Onlar çoxluq təşkil edir. Sonra ruslar, daha sonra digər millətlərin
nümayəndələri gəlir. Bütövlükdə
isə 420 şagirdimiz var. Tədris birnövbəli
olduğundan günün ikinci yarısı Azərbaycan blokuna
ayrılıb. Bu blokun əsasını təşkil
edən əlavə təhsil proqramı özündə 33 dərnəyi
birləşdirir. Həmin dərnəklər müxtəlif mədəniyyətlərin
spesifikasını özündə ehtiva edir. Dərnək
məşğələləri həftənin bütün
günləri, hətta bazar günü də təşkil
edilir. Öz şagirdlərimiz həftədə
6 dəfə bu dərnəklərdə məşğul
olurlar. Bazar günü təşkil olunan
rəqs və musiqi dərnəkləri isə digər məktəblərdən
gələnlər üçündür. Onlar bizə həm şənbə, həm də
bazar günləri gəlirlər. İstəyənlərə
milli xörəklərimizi bişirməyi də öyrədirik.
Dərnək üzvləri arasında tələbələr
də var. Bunlar bizim məzunlarımız olub müxtəlif ali məktəblərdə təhsil
alanlardır. Məktəbdəki mövcud aura
onları cəlb edir, kollektivdən ayrılmaq istəmirlər,
burada özlərini evlərindəki kimi hiss edirlər. Bu dərnəklər uşaq və gənclərə
milli mədəniyyətimizlə dərindən
tanışlıq imkanı verdiyi kimi, onların asudə
vaxtlarını səmərəli keçirməyə,
faydalı işlərlə məşğul olmağa şərait
yaradır, pis yola düşmələrinin
qarşısını alır.
Müxtəlif
sahələrdə istedadlı şagirdlərimiz çoxdur. Son illər hər il təhsildəki
nailiyyətlərinə görə 3-4 şagirdimiz
qızıl və gümüş medallara layiq
görülür. Bu il bir şagirdimiz
qızıl, bir şagirdimiz gümüş medal aldı. Şagirdlərimiz müxtəlif yarış və
müsabiqələrdə də fərqlənir, mükafata
layiq yerlər tuturlar.
Bu il kosmonavtikanın 50 illiyi ilə bağlı
keçirilən layihə müsabiqəsində 9 layihə
üzrə yerin 8-ni bizim şagirdlər tutmuşdur.
Cari ilin
aprel ayında Azərbaycanda keçirilən ekologiya və təbiəti
mühafizə problemlərinə həsr olunmuş Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq layihə
Olimpiadasında (İNEPO-AVRASİYA) məktəbimizin X
"A" sinif şagirdi Nikolay Surkovun geobiosenologiya üzrə
layihəsi III yeri tutdu. Nəzərə alsaq ki, biz həmin müsabiqədə
birinci dəfə iştirak edirdik, bu, kifayət qədər
yüksək göstəricidir.
Bu
günlərdə isə məlum oldu ki, bizim məktəb
Sankt-Peterburqda keçirilən ekoloji coğrafiyaya dair layihə
müsabiqəsində də I yeri tutmuşdur.
Moskvada
etnoqrafiya üzrə layihə yarışında da stend
üzrə I olduq. Fənn olimpiadalarında iştirak edirik. Moskvada keçirilən "Qalaktikanın kəşfi
üfüqləri" mövzusunda müsabiqədə 2
mükafata layiq yerimiz oldu. Nəzərə
alsaq ki Moskvada 2300 məktəb var, razılaşın ki, bu da
kiçik nailiyyət deyil. Lakin mən istəyirəm
ki, biz bundan da güclü olaq.
- Məktəbinizin pedaqoji kollektivi
sizin ideyalarınızı, yenilikçi təşəbbüslərinizi
həmişəmi dəstəkləyir? Müəllimlərinizin
peşəkarlıq səviyyəsi sizi qane edirmi?
- Mənim
komandam, mən pedaqoji kollektivimizi belə adlandırıram,
çox işgüzar adamlardan təşkil olunub. Bu komanda
olmadan heç bir iş getməz. Tək əldən
səs çıxmaz. Mən necə
güclü olsam da, hər işin öhdəsindən tək
gələ bilmərəm. İşçi
kollektivimizin 71 üzvü var. Onların 64-ü müəllim,
qalanları texniki işçidir.
Müəllimlərin
səviyyəsi əsasən yüksəkdir, ancaq zəifləri
də var, necə deyərlər, hər kollektivdə
olduğu kimi. Bizdə il yarım öncə attestasiya keçirildi. Hamımız keçdik. Bizi
ciddi yoxladılar. Sənədlərə
baxılmaqla yanaşı, ciddi sual-cavab da aparıldı.
Çalışıram ki, fəal işimlə
kollektivə nümunə göstərəm. Moskva hökumətinin müxtəlif
yığıncaqlarında ildə heç olmasa bir dəfə
çıxış edirəm. 36 etnomədəni
komponentli məktəbin rəhbərləri arasında yeganə
direktoram ki, bu təhsil ocaqlarının problemləri barədə
Rusiya Federasiyasının Dövlət Dumasında
çıxış etmişəm. Milli məsələ
ilə bağlı nazirlikdə keçirilən "dəyirmi
masa"da çıxışım olub. Öz
uğurlarımızdan, problemlərimizdən, gələcəkdə
məktəbimizi necə görmək istədiyimizdən
danışmışam.
Mən
irəlidə məktəbimizin 2 strukturunun olduğunu, həmin
strukturlardan birinin rus dilinin öyrədilməsi təşkil
etdiyini demişdim. Cəmi 13 məktəbdə
(söhbət etnomədəni məktəblərdən gedir),
o cümlədən bizim məktəbdə belə bir layihə
var. Rus dilində heç nə bilməyən uşaqlara bu
dili öyrədirik. Bu, məktəbin tərkibində
1 illik strukturdur və o uşaqlar da məktəbin kontingenti
hesab olunur. Kiçik, yəni 8 yaşadək
uşaqlar rus dilini 1 ildə öyrənirlər, 8-13
yaşlılar isə yox. Biz təklif etdik
ki, 8-13 yaşlı uşaqlar üçün bu struktur 2 illik
olsun. Lakin təklifimiz qəbul olunmadı.
Ümidimiz var ki, nə vaxtsa eşidərlər.
Bizim
burada işləyən müəllimlərimiz çox
hazırlıqlıdırlar. Mən onlara misal olaraq Elmira
İsmayılovanı, Sevda Seyidovanı, Solmaz Rəsulovanı,
İrina Morozovanı, Yekaterina Salnikovanı, Gülnarə
Zeynalovanı, Leyla İsmayılovanı xüsusi qeyd etmək
istəyirəm. Onların hamısı
xüsusi kurslardan keçiblər. Xüsusi
metodika əsasında, xüsusi proqramla işləyirlər.
Orta məktəbimizdə
də güclü müəllimlərimiz var. Yelena Yelyanova,
Svetlana Balaxanova, Tatyana Ryabıx, Lidiya Kovalyova, Sevda Abbasova,
Elmira İsmayılova, Larina Vyaçeslavovna, Svetlana Surkova, Azərbaycan bloku üzrə
müavinim Ramidə Baydalova və başqalarının
adlarını çəkə bilərəm. Təsərrüfat
işləri üzrə müavinim Mariya Şinikovadan da
çox razıyam. Onda bizim millətə
qarşı böyük hörmət var. Məktəbin
işinin, həyətinin gözəlliyi onun adı ilə
bağlıdır.
Məktəbimizin
güclü musiqi bloku var. Bu sahədə Şölə Qədirqızı,
Qorxmaz Axundov, Svetlana Xamatova, Sevil İsmayılovanın işi
təqdirəlayiqdir.
Yaxşı
müəllimlərimizin zəhməti qiymətləndirilir. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi bu işdə bizə yaxından kömək edir. İndiyədək 26 müəllim təhsil nazirinin
əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş nişanına və fəxri fərmanlara
layiq görülüb. Müəllimlərimizin əməyini
dəyərləndirdiyinə görə Təhsil Nazirliyinə minnətdarlığımı
bildirirəm. Bu mükafatlar müəllimlərimizi
ruhlandırır.
Müəllimləri
işə özüm qəbul edirəm. Məni və müavinlərimi
isə dairə təhsil departamenti təsdiqləyir.
- Məktəb həyatını gözəlləşdirən,
zənginləşdirən, şagirdlərin tərbiyəsində,
dünyagörüşünün zənginləşməsində,
bədii-estetik zövqünün formalaşmasında
mühüm rol oynayan məktəb tədbirləridir...
- Düz
deyirsiniz, onlar həqiqi mənada məktəbin həyatıdır.
Bizdə demək olar ki, bütün şagirdlər,
müəllimlər bu həyatla tam mənasında yaşaya
bilirlər. Tədbirlərimiz o qədər
çox olur ki. Azərbaycana aid
bütün milli və dövlət bayramlarını
xüsusi mərasimlərlə, yaddaqalan formada qeyd edirik.
Eləcə də Rusiya bayramlarını.
Bu il gözəl Novruz bayramı
keçirdik. Teatrlaşdırılmış
şəkildə. Moskva məktəblərindən
də şagirdlər dəvət etmişdik. Hər sinif öz bayram xonçasını təqdim
etmişdi. Digər məktəblərdən
münsiflər heyəti vardı. Xonça
müsabiqəsi keçirildi, uşaqlara hədiyyələr
verildi. Yeri gəlmişkən deyim ki, həmin bayram
şənliyi Azərbaycan Dövlət Televiziyası tərəfindən
çəkilib burada nümayiş də etdirilmişdir.
Faciəli
günlərimizə - 20 Yanvara, Xocalıya aid də tədbirlər
keçirir, klassik şair və
yazıçılarımızın yubileylərini qeyd edir,
elm, ədəbiyyat və incəsənət xadimləri ilə
görüşlər təşkil edirik. Bunu ona görə edirik ki,
uşaqlar onları tanısınlar.
İki
muzeyimiz var: "Kosmonavtika" və "Dostluq". Hər iki muzey eksponatlarla zəngindir və tez-tez
kütləvi tədbirlər keçirir. Kosmonavtika
muzeyimizin 40 illiyi ilə əlaqədar bu ilin aprelində məktəbimizdə
"Biz Qalaktikanın uşaqlarıyıq" mövzusunda
böyük konfrans keçirdik. Konfransda
Rusiya Federasiyasının qəhrəmanı, kosmonavt
A.Y.Kaleri, Kərim Kərimovun qızı S.Kərimova və
digər hörmətli qonaqlar iştirak edirdilər. Konfrans çərçivəsində
"Dostluq-157" kosmik gəmisində digər planetlərə
"uçuş" təşkil olundu. Gözəl
teatrlarımız var. Onlar maraqlı əsərlər
tamaşaya qoyurlar.
- Məktəbinizin əlaqələri barədə
nə deyə bilərsiniz? Hansı tədris müəssisələri
ilə, o cümlədən də Azərbaycanda, əməkdaşlıq
edirsiniz?
-
Moskvadakı məktəblərin bir çoxu ilə, eləcə
də Bauman adına Ali Texniki Məktəblə,
Dilçilik İnstitutu ilə sıx əlaqələrimiz
var.
Ümumrusiya
Azərbaycanlıları Konqresi ilə artıq 5-ci ildir ki, bir layihə
həyata keçiririk. Əslində bu məqsədli
proqramdır. Bu layihə çərçivəsində
şagirdlərimiz imtahan verərək Rusiyanın ali məktəblərinə qəbul olunurlar. Bu çox vacib proqramdır. Biz
orta təhsil veririk. Əgər məzunlarımız
təhsillərini davam etdirə bilməsələr,
yarımçıq qalarlar. İndi Moskvada
Asiya-Afrika İnstitutunda, Dilçilik İnstitutunda Azərbaycan
şöbələri açılıb. Orada
Azərbaycan dili keçilir. Deməli, bizim şagirdlər
o ali məktəblərə qəbul oluna
bilərlər. Artıq bu yöndə
addımlar atılır. Bizim 2 müəllimimiz
həmin institutlarda dərs deyir.
Azərbaycanda
isə Bakıdakı 160 nömrəli Klassik Gimnaziya, 23
nömrəli məktəblə, Slavyan Universitetinin məktəb-lisey
kompleksi ilə, Mingəçevir 2 nömrəli məktəblə
sıx əlaqə saxlayır, birgə layihələr həyata
keçiririk.
- Planlarınız barədə nə deyə
bilərsiniz?
- Əlbəttə,
var. Mənim bir proqramım var. İstəyirəm təhsil
ocağımız linqvistik məktəb olsun. Azərbaycan dili etnomədəni blok kimi yox, xarici dil kimi tədris olunsun. Bunun üçün təbii ki, mövcud baza
gücləndirilməli, müasir maddi-texniki baza
olmalıdır. Belə bazanın
yaradılması üçünsə bizə kömək
lazımdır.
- Müsahibə üçün sağ
olun.
Müsahibəni apardı: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.- 18
aprel.- S.4.