Doğu
Akdeniz Universitetində Azərbaycan mədəniyyəti
gecəsi maraqla qarşılandı
Mən Naxçıvan şəhərində
doğulsam da orta təhsilimi Bakıda, Bağça-Məktəb-Lisey
Kompleksində almışam. Hazırda Şimali Kipr Doğu
Akdeniz Universitetində təhsil alıram.
Şimali Kiprdə yeganə dövlət
ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universitetində
yerli gənclərlə yanaşı, dünyanın 68 ölkəsindən
gəlmiş tələbələr də təhsil alır.
Burada oxuyan 600-dən çox azərbaycanlı tələbə
təhsil haqqının yalnız 50 faizini ödəyir.
Mən universitetdə fəaliyyət
göstərən Azərbaycan Cəmiyyətinin
vitse-prezidentiyəm. Biz azərbaycanlılar ölkəmizin
bütün milli bayramlarını və tarixi günlərini
qeyd etməyə çalışırıq. Əsas məqsədimiz
vətənimizin milli mənəvi dəyərlərini və
mədəniyyətini təbliğ
etmək və burada təhsil
alan əcnəbi tələbələrin vasitəsilə
dünyaya tanıtmaqdır. Bu mənada cəmiyyətimizin xətti
ilə çox əhəmiyyətli işlər görür,
maraqlı tədbirlər keçirir, görüşlər təşkil
edirik. Belə tədbirlərdən biri də ötən
ayın sonlarında cəmiyyətimizin təşkilatçılığı
ilə keçirilən Azərbaycan mədəniyyəti gecəsi
idi.
Doğu Akdeniz Universitetinin rektoru və
professor-müəllim heyətinin, azərbaycanlı, eləcə
də çoxsaylı əcnəbi tələbələrin
iştirak etdiyi gecə açıq elan olunduqdan sonra Azərbaycanın
tarixi və mədəniyyətindən bəhs edən
tanıtım filmi nümayiş etdirildi. Azərbaycanlı tələbələrin
ifasında milli rəqslərimiz təqdim olundu.
Şimali Kipr Doğu Akdeniz Universitetinin
rektoru, professor Abdullah Öztopraq çıxışında
belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən
söz açdı. O, Azərbaycan tələbələrinin
öz mədəniyyətlərini təbliğ etmək məqsədilə
keçirdiyi çoxsaylı tədbirləri təqdir etdiyini
və yüksək dəyərləndirdiyini vurğuladı.
Gecədə azərbaycanlı tələbənin
ifasında səslənən "Azərbaycan" şeiri
hamının alqışına səbəb oldu. Sonra
respublikamızın əməkdar artisti, tanınmış
muğam ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə
çıxış etdi. Konserti
"Çırpınırdı Qara dəniz"
mahnısı ilə açan müğənninin ifa etdiyi
xalq mahnıları və muğamlar tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılandı. Konsert "Yaşa, Azərbaycan"
mahnısı ilə başa çatdı.
Professor Abdullah Öztopraq
tanınmış muğam ustasını rəhbərlik
etdiyi təhsil ocağında görməsindən məmnun
olduğunu dedi və tədbirdə iştirak etdiyi
üçün ona təşəkkürünü bildirdi.
Tofiq
HÜSEYNOV,
Şimali
Kipr Doğu Akdeniz
Universitetinin
tələbəsi
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.3.