Azərbaycan təhsilinin dünya elminə bəxş etdiyi
gənc alimlər
Hörmətli
oxucular!
Artıq
20 ildir ki, məktəblilərin
kimya olimpiadasını keçirən
münsiflər heyətinin sədri kimi bu illər ərzində çox
istedadlı gəncləri gördüm,
onların beynəlxalq və dünya olimpiadalarına
hazırlıqları üçün
şərait yaratdım, komandaların rəhbəri olaraq onların hər bir
qələbəsindən qürur duydum. 2000, 2001, 2003, 2004, 2005-ci illərdə
komandaların rəhbəri olaraq
dünyanın ən inkişaf etmiş ölkələrinin şagirdlərindən
daha yüksək nəticə əldə
edən şagirdlərimiz əllərində Azərbaycanın
üçrəngli bayrağını tutaraq
səhnəyə çıxdıqda müstəqil Azərbaycanın
bütün sahələrdə olduğu kimi, təhsildə
də uğurlu inkişafının təsdiqini
gördüm. Həmin olimpiada qaliblərinin bir çoxu artıq dünyanın ən nüfuzlu universitetlərini uğurla
başa vurub elm yolunu seçmiş
və kimya üzrə fəlsəfə doktoru olmaq üçün
dissertasiya müdafiə etmişlər və
bir çoxu da müdafiə ərəfəsindədir.
1998-ci
ildə Beynəlxalq Mendeleyev
olimpiadasının qalibi olaraq Moskva Dövlət
Universitetinin kimya
fakültəsinə imtahansız qəbul olunmuş
və universiteti fərqlənmə diplomu ilə bitirmiş Rüfət Əzizov 2007-ci ildə
Moskvada dissertasiya
müdafiə edərək kimya üzrə
fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
2000-ci
ildə Beynəlxalq Mendeleyev kimya olimpiadasının qızıl
medalına layiq görülmüş
Vüsal Şəfiyev Moskva
Dövlət Universitetinin kimya
fakültəsinə imtahansız qəbul olunmuş
və universiteti fərqlənmə diplomu ilə bitirərək 2005-ci ildə mənim
rəhbərliyim altında elmi tədqiqatlara
başlamış və
2010-cu ildə uğurla dissertasiya
müdafiə edərək kimya üzrə
fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
İsmayıl Teyyub oğlu
İsmayılov
2001-ci ildə Moskvada keçirilən
35-ci Beynəlxalq Mendeleyev kimya
olimpiadasının bürünc
medalına layiq görülərək Moskva Dövlət Universitetinin
kimya fakültəsinə imtahansız qəbul
olunmuş, universiteti
müvəffəqiyyətlə bitirərək M.V.Lomonosov adına Moskva
Dövlət Zərif Kimya Texnologiyası
Akademiyasının aspiranturasında oxumuşdur
və 2011-ci ildə uğurla dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
Sənan Eminov 2003, 2004, 2005-ci illərdə
Yunanıstanda, Almaniyada və Tayvanda keçirilən dünya
kimya olimpiadalarında uyğun
olaraq bürünc,
qızıl və qızıl medal və
kuboka sahib olaraq (dünyanın mütləq birincisi) Almaniyanın Yakobs
Universitetinə daxil olmuş
və 2010-cu ildə universiteti uğurla bitirərək iki
ixtisas üzrə diplom
almışdır. Sonra Böyük
Britaniyada İmperial
Kollecdə magistraturanı uğurla başa çatdıraraq orada
doktoranturaya
saxlanılmışdır.
Hörmətli oxucular!
Belə
gənc alimlərin biri olan
Elşad Abdullayev
haqqında xüsusi söhbət açmaq istərdim. 2012-ci il
mayın 9-da ABŞ-ın Luiziana Texniki Universitetinin mikro və nanosistem
boruları kafedrasının müdiri, professor Yuri Lvovdan aldığım məktub bu xüsusiliyin səbəbidir.
Öncə Elşad Abdullayev
haqqında ilkin məlumat vermək istərdim.
Elşad Abdullayev
2000 və 2001-ci illərdə Beynəlxalq Mendeleyev
kimya olimpiadalarında uyğun
olaraq gümüş
və bürünc medallara
layiq görülüb,
Moskva Dövlət Universitetinin
kimya fakültəsinə imtahansız daxil olub oranı fərqlənmə
diplomu ilə bitirib.
2006-cı ildə ABŞ-ın Luiziana Texniki Universitetinin
doktoranturasına daxil olmuş və 2010-cu ildə uğurla dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır. Elşad Abdullayev hazırda ABŞ-da
ən perspektivli gənc alimlərdən biridir. Yuri Lvovun
məktubu bunu çox
yaxşı təsdiq etdiyindən onun tərcüməsini
oxuculara təqdim etməyi vacib
saydım.
Neft Kimya Prosesləri
İnstitutunun direktoru,
professor Vaqif Abbasova
İlk öncə Sizə Neft-kimya sahəsində
3-6 oktyabr tarixində Bakıda keçiriləcək
Beynəlxalq Məmmədəliyev
konfransına məni də dəvət etdiyiniz üçün minnətdarlığımı
bildirirəm. Bu çox vacib hadisədir, çünki
elm və tədqiqatların
daha da inkişaf
etdirilməsinə və
həmçinin ABŞ alimləri
ilə əlaqələrin
güclənməsinə kömək
edir. Ancaq mən bu tarixdə Rusiyada keçiriləcək başqa
bir konfransa dəvət aldığım
və artıq təsdiqlədiyim üçün
bu konfransda iştirak edə bilməyəcəm. Bizim elmi
əməkdaşlığımıza hörmət əlaməti
olaraq mən doktor Elşad Abdullayevdən bizim tədqiqatları təmsil
etmək üçün
bu konfransda iştirak etməyi xahiş etdim.
Doktor Abdullayev çox parlaq bir alimdir.
O, artıq ABŞ-da tanınmışdır, əslən
Azərbaycan Respublikasındandır
(mən bilirəm ki, siz onu
kəşf etmiş və daim dayaq
olmusunuz). O, bizim universitetdə tədqiqatçı
professor kimi fəaliyyət
göstərir, korroziyaya
qarşı təbəqələrin
axtarışına və
Amerika Milli Elm Fondu (MEF) tərəfindən
maliyyələşdirilən polimer nanoqarışıqların
tədqiqatına başçılıq
edir. Qısa bir zaman kəsiyində
o, bir çox elmi jurnallarda məqalələr çap
etdirmiş (nüfuz gücü 24 olan tanınmış Proqress
of Polymer Science jurnalı da
daxil olmaqla), bir sıra qrantlar
almış, 5 sənaye
kontraktı və qoruyucu təbəqələrin
tətbiqi üzrə
MEF-in qrantını almışdır.
Doktor Abdullayev 20-dən artıq
müxtəlif təşkilatların
mükafatları ilə
təltif olunmuşdur.
Bunlara Amerika Kimyaçılar Birliyi, Qoruyucu Texnologiyalar üzrə Qərb Cəmiyyəti, Rusiya Gənclər Təşkilatı,
Moskva Dövlət Universiteti və Azərbaycan Respublikası
Təhsil Nazirliyini göstərmək olar. O,
Azərbaycanı Birləşmiş
Ştatlarda yüksək
səviyyədə təmsil
edir.
Yekun olaraq
onu bildirirəm ki, Sizinlə əməkdaşlığımızı yüksək qiymətləndirir
və daha da möhkəmlənməsinə
ümid edirəm (bu yaxınlarda bir dizel yanacağı
sintezi üçün
nanokatalizatorların tədqiqatında
irəliləyiş əldə
etmişik, bu Sizin üçün maraqlı ola
bilərdi). Bu il gələ bilməməyimə baxmayaraq,
gələcəkdə Bakıda
keçirilən Beynəlxalq
Məmmədəliyev konfransında
iştirak etmək mənə də maraqlıdır. Sizə tədqiqatlarınızda və akademik fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
Yuri
Lvov,
ABŞ-ın Luiziana Texniki Universitetinin mikro və monosistem
boruları kafedrasının
müdiri, professor
Mən fəxr edirəm ki, Azərbaycan təhsilinin belə yetirmələri var və fəxr edirəm ki, onların uğurlarında
az da olsa
mənim də payım var. Bu gənclərin
keçən əsrin
ortalarında dahi Azərbaycan alimi, dünya şöhrətli
akademik Yusif Məmmədəliyevin banisi
olduğu Azərbaycan
kimya elmi məktəbinin XXI əsrdə
ən layiqli davamçıları olacaqlarına
əminəm.
Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının elmin
bütün sahələrinin,
o cümlədən təbiət
elmlərinin inkişafına
böyük diqqət
və qayğı göstərməsi, ölkəmizdə
neft və qaz sənayesinin sürətli inkişafı,
yeni Neft Kimya kompleksinin yaradılması haqqında
ölkə başçısının
sərəncamı istedadlı
gənc alimlərin yetişməsi üçün
çox böyük zəmin yaradır. Hər birimiz bu zəmindən
istifadə edərək
istedadlı gənclərin
vaxtında aşkar olunması, onlarla sistemli hazırlıq işinin təşkili prosesində fəal iştirak etməliyik.
Bu, elm adamlarının mənəvi borcudur.
Elmdə
layiqli varislərin yetişdirilməsi hər
bir alimin müqəddəs işidir.
Vaqif ABBASOV,
Azərbaycan Milli Elmlər
Akademiyasının akademik
Y.M.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2012.- 18 may.- S.3.