Ürəklərdə yeri olan müəllim
Bu günlərdə
Azərbaycan Bəstəkarlar İttifaqında təntənəli
tədbir keçirilirdi. Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
professorları, tələbələri, Azərbaycanın
tanınmış bəstəkarları, digər ziyalılar
- hamının üzündə fərəh, sevinc
hissi sezilirdi. Onlar sevimli müəllimləri,
istedadlı alim Nailə Mehdiyevanın 80 illik yubileyini təbrik etməyə
gəlmişdilər. Bəstəkarlar
İttifaqının sədri, professor Firəngiz
Əlizadə, professor Cəmilə Həsənova,
Aygün Səmədzadə və
başqaları çıxış edərək Nailə
xanımın keçdiyi şərəfli
ömür yolu və
yaradıcılığı haqqında söz
açdılar.
Bildirildi ki, o, konservatoriyadakı təhsilini uğurla başa vurduqdan sonra musiqi tarixi kafedrasında
işləməyə başlayır. Sonralar
burada dosent, professor vəzifələrinə kimi yüksəlir, kafedra müdiri, tarix-nəzəriyyə fakültəsinin
dekanı olur. İşinin
çoxluğuna baxmayaraq,
dissertasiya müdafiə edərək sənətşünaslıq
namizədi elmi dərəcəsini də
alır.
N.Mehdiyeva müntəzəm olaraq bir sıra tədqiqat
işlərilə də mətbuatda çıxış edib elmi maraq
dairəsinin geniş olduğunu
göstərir. Onun ən böyük
uğuru isə pedaqoji
sahə ilə bağlıdır. Bildiklərini tələbələrinə
dərindən aşılamaq üçün əlindən gələni əsirgəmir,
şərhlər verməkdən yorulmurdu.
Təki sabahın musiqiçiləri dərin biliyə yiyələnsinlər.
Gəncləri tələbəlik illərindən zəhmətə
alışdırmaq üçün çoxlu elmi ədəbiyyat
tövsiyə edirdi. Onun
zəngin təcrübəsindən, biliyindən Qazaxıstan
Konservatoriyası da bəhrələnirdi.
Belə ki, həmyerlimiz dəfələrlə
oranın müəllimləri üçün
"açıq dərs"lər verməyə dəvət olunmuş,
8 il buraxılış imtahanları
zamanı dövlət komissiyasına sədrlik etmişdir.
Qeyd edildi
ki, 1993-cü ildən Nailə Mehdiyeva öz fəaliyyətini
Ankaranın məşhur Bilkənd Universitetində davam etdirib. Burada Avropa musiqi tarixi,
dünya opera incəsənəti
tarixi, iyirminci yüzilliyin çağdaş
musiqi tarixindən mühazirələr oxuyan azərbaycanlı xanım eyni zamanda həmin universitetin musiqi və səhnə
sənətləri fakültəsində musiqi
tarixi kafedrasına rəhbərlik edib.
Nailə
xanımın vətəndən kənarda da
elmi yaradıcılığı məhsuldar
olub. O, Bilkənd simfonik
orkestrinin ifa etdiyi əsərlər haqda
məlumatlar yazıb ərsəyə gətirmişdir. Sonradan bunlar ingilis, fransız, alman dillərinə
tərcümə olunaraq disklərə köçürülmüşdür. Nailə
xanım Türkiyədə də maarifçilik
işinə öz töhfələrini vermişdir. Belə ki, onun bəstəkarların həyat və
yaradıcılığı, simfonik opera əsərlərinin təhlili əsasında
yazdığı proqramlardan təkcə
Bilkənd Universitetinin tələbələri
bəhrələnmirdilər. Onlardan
Türkiyənin başqa ali
məktəblərində də geniş
istifadə edilirdi.
Azərbaycan
musiqi mədəniyyəti, bəstəkarlarımızın
yaradıcılığı haqqında geniş
məlumatların Türkiyə ictimaiyyətinə
çatdırılmasında Nailə xanımın əvəzsiz
xidməti var.
Çıxış
edənlər yubilyarı təbrik edərək ona uzun ömür,
cansağlığı, pedaqoji işlərində
daha böyük uğurlar arzuladılar.
İradə ƏSƏDOVA
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.3.