Təhsil naziri
İtaliyanın ölkəmizdəki səfiri ilə
görüşüb
Mayın
14-də təhsil naziri Misir Mərdanov İtaliya
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Mario Baldi ilə
görüşüb.
İtaliya
Respublikasının Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələrdən biri olduğunu
vurğulayan nazir son illər ölkələrimiz arasında təhsil
sahəsində mövcud olan əlaqələrdən söhbət
açıb, bu əlaqələrin inkişaf etdirilməsi
istiqamətində bir sıra məsələlər
haqqında danışıb. Əsasən universitetlər
arasında əməkdaşlığın inkişaf etdiyini
bildirən Misir Mərdanov təhsil sahəsində digər əlaqələrin
genişləndirilməsinə ehtiyac duyulduğunu diqqətə
çatdırıb, Azərbaycanda italyan dilinin tədrisi məsələsinə
toxunub və bu məsələlər üzrə
qonağın fikrini öyrənmək istədiyini qeyd edib.
Nazir həmçinin "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
İtaliyada 4 azərbaycanlı tələbənin təhsil
aldığını bildirib. Bu göstəricinin
aşağı olduğunu diqqətə çatdıran təhsil
naziri qeyd olunan istiqamətdə işlər
aparılmasının vacibliyini vurğulayıb.
İtaliya
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Mario Baldi təhsil naziri Misir Mərdanova
səmimi qəbul üçün minnətdarlığını
bildirib. Səfir ölkələrarası əlaqələrin
son illər daha da inkişaf etdirilməsindən söz
açıb və bu əlaqələrdə təhsil sahəsinə
xüsusi yer ayrılmasının vacibliyi məsələsində
Misir Mərdanovu dəstəklədiyini bildirib. Mario Baldi
ölkəsinin təhsil sistemi barədə geniş məlumat
verib, məktəbəqədər, ibtidai, orta, peşə təhsili
sahələri üzrə aparılan islahatlar barədə ətraflı
danışıb. İtaliyada qədim və nüfuzlu ali məktəblərin
fəaliyyət göstərdiyini diqqətə
çatdıran qonaq ölkəsində memarlıq, arxeologiya,
mədəni irs, tibb, hüquq, mühəndislik, dizayn,
iqtisadiyyat və digər sahələrin xüsusi inkişaf
etdiyini, əcnəbi tələbələrin burada təhsil
almasını asanlaşdırmaq məqsədilə bir
çox proqramların ingilis dilində tədris olunduğunu
diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin
tədrisi məsələsinə toxunan qonaq ilkin mərhələ
kimi Azərbaycanın orta məktəblərində italyan
dilinin tədrisinin məqsədəuyğun olduğunu
bildirib. Eyni zamanda qonaq bundan sonra İtaliyada təhsil alan azərbaycanlı
tələbələrə diqqətin daha da
artırılacağını nəzərə
çatdırıb.
Qonağa
təşəkkürünü bildirən təhsil naziri ilk
olaraq Bakıdakı bir neçə məktəbdə italyan
dilinin tədrisinə başlanmasının zəruri
olduğunu deyib. İyunun 2-dən 9-dək İtaliya
Respublikasına rəsmi səfərinin
planlaşdırıldığını diqqətə
çatdıran Misir Mərdanov səfər zamanı bu məsələlərin
geniş müzakirə olunacağını bildirib.
Görüşdə
tərəflər Azərbaycan ilə İtaliya universitetləri
arasında əməkdaşlığın inkişaf etdirilməsi,
eləcə də qeyd olunan digər məsələlərlə
bağlı müvafiq işlərin aparılması istiqamətində
müzakirələr aparıblar.
Azərbaycan müəllimi.- 2012.- 18
may.- S.2.