Tələbələrin
XVII Respublika fənn olimpiadası keçirildi
Mayın
11-də Azərbaycan Dövlət
Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə
təşkilatçılığı ilə keçirilən tələbələrin XVII Respublika fənn olimpiadasının
açılış mərasimi oldu.
Tədbiri təhsil naziri Misir Mərdanov
açaraq may ayının əlamətdar hadisələrlə
və bayramlarla zəngin olduğunu qeyd etdi. Mayın 10-da
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünün xalqımız tərəfindən təntənəli
şəkildə qeyd edildiyini söyləyən nazir müstəqil
Azərbaycan dövlətinin banisi və qurucusu olan dahi şəxsiyyətin
ölkə təhsilinin inkişafındakı əvəzsiz
xidmətlərindən danışdı. Qeyd olundu ki, ulu
öndərin siyasi kursunun layiqli davamçısı ölkə başçısı
cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin
inkişafına, gənclərə diqqət və
qayğı göstərilir. Son illər ölkəmizdə gənclərin
yüksək səviyyədə bilik və təhsil
almaları üçün hər
cür şərait yaradıldığını deyən
nazir dövlətimizin başçısının rəhbərliyi
altında xüsusi istedada malik uşaq və gənclərin
yaradıcılıq potensialının inkişafı istiqamətində
görülən işləri tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Keçirilən fənn
olimpiadasının əhəmiyyətinə toxunan təhsil
naziri bilik yarışının ölkəmizin ali məktəblərində
təhsil alan tələbələrin müxtəlif fənlərə
marağının artırılmasına, həmçinin həmin
fənlər üzrə onların hazırlıq səviyyəsinin
nümayiş etdirilməsinə şərait
yaratdığını, istedadlı gənclərin aşkara
çıxarılmasına xidmət etdiyini bildirdi.
Nazir Misir Mərdanov ildən-ilə tələbələrin
fənn olimpiadasına marağının
artdığını deyərək bununla bağlı
statistik rəqəmləri iştirakçıların nəzərinə
çatdırdı. Məlumat üçün bildirdi ki,
olimpiada iştirakçıları 12 fənn üzrə
(riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan
tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili,
alman dili və rus dili) öz biliklərini nümayiş etdirəcəklər.
Olimpiada ənənəvi olaraq II turda təşkil olunub. I tur
cari ilin mart ayında ali təhsil müəssisələrində
keçirilib və burada 2000-ə yaxın tələbə
iştirak edib. Olimpiadanın yekun turunda 31 dövlət və
8 qeyri-dövlət ali təhsil müəssisəsindən 750
tələbə iştirak etmək hüququ qazanıb. Bilik
yarışına Bakı şəhərində yerləşən
ali təhsil müəssisələri ilə yanaşı,
Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir
və respublikamızın digər şəhərlərində
fəaliyyət göstərən ali təhsil ocaqları da
qatılıb. Olimpiadanın yekun turuna vəsiqə
qazanmış tələbələrin fənlər üzrə
bölgüsü göstərir ki, gənclər tərəfindən
ən böyük maraq Azərbaycan
dili və ingilis dili fənlərinədir. Belə ki, II turun
iştirakçılarından 115 nəfəri (15,3%) ingilis
dili, 103-ü (13,7%) Azərbaycan dili fənlərini
seçib.
Nazir tələbələrin olimpiadaya
maraqlarının artmasını müsbət qiymətləndirərək
2007-ci ildən etibarən ali məktəb tələbələrinin
fənn olimpiadasının Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə keçirildiyini söylədi.
Tələbələrin fənn olimpiadasının münsiflər
heyətində respublikamızın tanınmış alim və
pedaqoqlarının təmsil olunduqlarını deyən təhsil
naziri bütövlükdə bilik yarışının
keçirilməsində əməyi olanlara minnətdarlığını
bildirdi.Çıxışının sonunda nazir Misir Mərdanov
olimpiada iştirakçısı olan tələbələrə
bir sıra dəyərli tövsiyələr verərək
onlara nailiyyətlər arzuladı.
Tədbir iştirakçıları tərəfindən
Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan
sonra çıxış üçün söz alan Bakı
Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı
Abel Məhərrəmov, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov,
Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov
respublikamızın ali məktəblərində təhsil
alan gənclərin elmi tədqiqat işinə cəlb
olunması, onlarda elmə həvəs oyadılması, biliklərinin
artırılması istiqamətində həyata keçirilən
olimpiadaların, elmi konfransların, müsabiqələrin əhəmiyyətindən
danışdılar. Çıxış edənlər
olimpiada iştirakçılarına müvəffəqiyyətlər
dilədilər.
Elə həmin gün respublikanın 39
ali məktəbindən 750 tələbə 12 fəndən
öz bilik və bacarığını nümayiş etdirdi.
Qeyd edək ki, olimpiadanın qaliblərinə
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi tərəfindən
diplomlar, hədiyyələr və pul mükafatları təqdim
ediləcəkdir.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.2.