Fevziyyə Tansel Prof. Dr. Dilşad Talıbxan haqqında
Bundan az öncə "Azərbaycan müəllimi"
qəzetində Azərbaycan
kökənli Prof. Dr. Dilşad
Talıbxan Elbrus (1916-1979) haqqında
geniş yazım getmişdi. Orada başlıca məqsədim
Azərbaycan oxucusunda Dilşad xanımın ömür yolu və alimlik fəaliyyəti haqqında
təsəvvür yaratmaq,
onu öz xalqına ilk dəfə tanıtmaqdı. Bakıdan aldığım
bilgilərə görə,
həmin yazı maraqla qarşılanıb.
İndi isə "Azərbaycan müəllimi"nin oxucularına
Dilşad xanımın
ölümüylə bağlı
yazılmış, ancaq
təkcə onun özüylə deyil, genəlliklə Azərbaycan
istiqlalıyla və özəlliklə məşhur
istiqlal şairi, ulu Məhəmmədəmin
Rəsulzadə’nin (1884-1955) ömür-gün yoldaşı
Ümbülbanu’nun və
görkəmli siyasi xadim Məhəmmədəli
Rəsulzadə’nin (1882-1982) bacısı, görkəmli
yazıçı Seyid
Hüseyn’in (1887-1938) həyat
yoldaşı Ümmügülsüm
xanım Əbdüləziz
qızı (1900-1944) ilə,
onun yaradıcılığı
ilə bağlı dəyərli bir məqaləni də göndərirəm. Onun müəllifi
Türkiyədə yetərincə
tanınan filoloq alim və Dilşad
xanımın çox
yaxın rəfiqəsi
Fevziyyə Abdullah Tansel’dir
(1912-1988). Azərbaycanda, təbii ki,
onu da tanımırlar,
buna görə də haqqında bir qədər bilgi verməyə ehtiyac duydum.
Muş şəhərində 1912-də doğulan Fevziyyə xanım Tansel Əlazığ qazısı
olan atası Abdullah Xülusi əfəndi’nin
1921-də vəfatından sonra
9 yaşında ikən
bacılarıyla birlikdə
İstanbula gəlib. İstanbul Qız Liseyini bitirib. Ali təhsilini İstanbul
Universiteti ədəbiyyat
fakültəsi Türk
dili və ədəbiyyatı bölümündə
1935-ci ildə tamamlayıb.
Universitet və Yüksək
Müəllim Məktəbi
(Ali Pedaqoji Məktəb)
müəllimliyi edib.
Universitetdə müəllimi
olan, adı Azərbaycanda da hörmətlə çəkilən
Mehmet Fuad Köprülü (1890-1966) ilə
vəfatınadək təmasını
kəsməyib, elmi işlərində onun ən yaxın yardımçılarından biri
olub.
Bir il Konya Qız Müəllim Məktəbində
müəllimlik etdikdən
sonra Ankara Kişi Liseyində 1964-ə qədər
çalışıb. Osmanlı dönəmində
qurulan bu lisey cümhuriyyətin ilk
dönəmlərində ən
yaxşı məktəblərdən
biri olub. Ankara Kişi Liseyində Tanselin şagirdi olan və keçmişdə
millət vəkili, nazir və bir
müddət CHP Genəl
Başqanı olan jurnalist Altan Öymən "Bir dönəm, bir çocuq" adlı xatirələrində ondan
əruz da daxil çox şey öyrəndiyini, əski şeirə bağlı olduğunu,
divan ədəbiyyatını, "Sərvəti-fünun" ədəbiyyatını
çox yaxşı bildiyini göstərir.
F.Tansel 1964-də
Ankara Universiteti ilahiyyat
fakültəsinə klassik
dini türkcə mətnlər dərsi müəllimliyinə təyin
edilib və təqaüdə çıxdığı
1973-ə qədər orada
müəllim işləyib.
"Türk Ocağı"nın qapanmasından
sonra onun yerinə qurulan "Xalq evləri"nin baş mərkəz orqanı olaraq uzun illər yayımlanan "Ülkü"
dərgisi 1936-1941-ci illər
arasında Mehmet Fuad Köprülü’nün
redaktorluğu altında
çıxıb. Tansel noyabr
1936 - iyun 1941 tarixləri
arasında dərginin
sahibi və məsul yazı işləri müdirliyini
edib. Köprülüdən aldığı dərs sayəsində onun çalışma və incələmə metodunu yaxşı qavrayıb, həyatı boyunca onun elmi
anlayışının təqibçisi
olub, tələbkar və qılı qırx yaran bir araşdırmaçı
olaraq tanınıb.
Bu özəlliyindən dolayı nəşrə hazırladığı əsərlərə
böyük əmək
və diqqət sərf edib. Demokrat Partiyasının qurucuları arasında bulunan müəllimi Köprülü həmin
partiyanın idarəçiləriylə
ixtilafa düşərək
xarici işlər naziri vəzifəsindən
istefa verdikdən sonra F.Tansel 1950-ci illərin sonlarında ona "Osman dövlətinin quruluşu",
"İslam mədəniyyəti
tarixi", "Türk
ədəbiyyatında ilk mütəsəvviflər"
kimi önəmli əsərlərini nəşrə
hazırlamaqda yardımçı
olub. Özü də müstəqil olaraq Türk Tarix Qurumunun orqanı "Belleten"də,
"Kubbealtı Akademi
Mecmuası"nda məqalələr,
"İslam Ansiklopedisi"ndə
müxtəlif materiallar
dərc etdirib. "Ziya Gökalp Külliyyatı", "Mehmet
Akif", "Xüsusi
məktublarına görə
Namiq Kamal və Əbdülhaq Hamid", "İstiqlal hərbində mücahid qadınlarımız", "Namiq Kamalın xüsusi məktubları",
"Mehmet Əmin Yurdaqulun şeirləri",
"Yaxşı və
doğru yazma üsulları", "Türk-İslam
ədəbiyyatı", "Klassik dini mətnlər"
onun nəşr edilmiş əsərlərindən
bəziləridir. F.Tansel, soyad
qanunu çıxdığı
zaman bacıları ilə birlikdə "Erinç" soyadını
alıb, ancaq bir müddət sonra "Tansel"ə dəyişdirıb. Bu soyadla
Dr. Fəthi Təvətoğlu
tərəfindən Samsunda
çıxarılan aylıq
türkçü "Kopuz"
dərgisinin avqust 1943
tarixli 4-cü sayında
"Mehmetciyə" başlıqlı
bir şeiri dərc edilib. Yazı həyatına öncə
şair kimi başlayıb.
Ankarada 1988-də vəfat edən Fevziyyə Abdullah Tansel’dən qalan əsərlər arasında
gündəlikləri də
var. Onlar İstanbulda
2011-də "Ay dolanır, günlər keçər"
adıyla nəşr edilib. F.Tansel
çox sevdiyi rəfiqəsi Dilşad
Elbrus Talıbxanın ölümünü
gündəliyində bu
sətirlərlə qeyd
edib: "Bu gün böyük bacımdan məktub aldım. Mənim sevgili azəri arkadaşım Dilşadcığımın
Cərrahpaşa tibb fakültəsində 12 apreldə
öldüğünü yazır;
çox-çox üzüldüm.
Məni anlayan, mənim anladığım bir dostumu da itirdim".
Həyatı boyunca heç ailə qurmadığı
üçün soyunu
davam etdirəcək varisi qalmayan F.Tansel sağlığında Ankara və
İstanbuldakı iki ayrı mülkünü,
bütün kitablarını,
məcmuələrini, araşdırma
qeydlərini və basılmış əsərlərinin
mülkiyyətini, kitabxanasını
vəfatından sonra yaşadılması və
işlədilməsi, bankdakı
bir miqdar pulunu xeyir işlərə
sərf etmək şərtiylə İstanbuldakı
Türk Petrol Vəqfinə
hibə edib (bağışlayıb).
Prof. Dr. Dilşad Talıbxan Elbrus’un vəfatından sonra haqqında "Azərbaycan"
kültür dərgisində
gözəl bir yazı nəşr edən Fevziyyə Tansel yaxın dostunu Azərbaycan xalq ədəbiyyatını, folklorunu,
teatr əsərlərini,
opera və operettalarını
çox yaxşı bilən, gözəl piano
çalan, şirin səsiylə Azərbaycan
şərqi və türkülərini, segah
və bayatılarını
üsuluna uyğun olaraq qayət xoş tərənnüm edən, dindar və etiqadı tam kamil bir insan
olaraq bütün yönləriylə tanıdıb.
Vətənindən
uzaqda milli duyğularını itirmədən
böyüyən, elm adamı
olaraq seçkin bir yer qazanan
sevgili rəfiqəsi haqqındakı həmin yazısıyla həm onu, həm də
özünü ölümsüzlər
sırasına qatan Fevziyyə
Abdullah Tanseli və Dilşad Elbrusu bu münasibətlə rəhmətlə anırıq.
Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti Milli
Təhsil Nazirliyinin müşaviri
Azərbaycan müəllimi.- 2012.- 25 may.- S.6.