Prof. Dr.
Dilşad Elbrus (1916-11 aprel 1979)
Yalnız Azərbaycan deyil, Türkiyəmiz
də 11 aprel 1979-dan bu yana qiymətli bir
varlığını, Ege Universiteti fizika professoru Dilşad
Elbrus’u itirib.
Azərbaycanın tanınmış, siyasi
hayatında mühüm yeri olan ailələrindən Talıbxanlar’a mənsub Dilşad Elbrusla
İstanbul Qız Liseyindəki şagirdlik illərində
tanışmışdıq. Sinfinin ən
çalışqan şagirdlərindən idi. Türkiyəyə Cümhuriyyətin
elanından sonra anası və böyük bacıları ilə
Bakıdan qaçıb gəlmişdilər; bizə hər zaman necə
qaçdıqlarına dair acı xatirələrini
anladırdı. Bu acı xatirələr hənuz çocuq
yaşdakı bizlərin qəlbində də dərin izlər
buraxır, şirin və çox gözəl, yanıqlı
səsiylə söylədiyi Azərbaycan şərqi və
türkülərini dinlərkən, ustaca oynadığı
Qafqaz rəqslərini seyr edərkən gözlərimiz
yaşarırdı.
Dilşadla on iki yaşlarında başlayan
arxadaşlığımız onun həyatının son illərinə
qədər sürüb getdi. 1931-32 ilində İstanbul Qız Liseyindəki təhsilimiz
sona yetincə o, fənn fakültəsinin fizika
bölümünə, mən isə Türk dili və ədəbiyyatına
davam edirdik. O illərdə fənn və ədəbiyyat fakültələri
günümüzdəki İstanbul Universiteti fənn və ədəbiyyat
fakültələrinin yerindəki Zeynəb xanım
qonağında idi; eyni binada olduğumuzdan yenə
sıx-sıx tapışıb görüşə bilirdik. Universiteti bitirdikdən sonra peşə həyatlarımızı
bir-birimizdən uzaq yerlərdə sürdürdük;
köklü arxadaşlığımız məktublaşma
yoluyla davam etdi. Son illərində ildə
bir-iki dəfə İzmirdən Ankaraya gəlir, bəzən
məndə üç-beş gün qaldığı olur,
Ankaradakı dostlarını birər-birər arayıb
tapır, həsrətini sovudub sevinc içində İzmirə,
vəzifəsi başına dönürdü. 1977-də təqaüdə çıxınca
İstanbulda Bağdad caddəsində kirələdiyi bir mənzildə
yerləşmişdi. Rahatlığa
qovuşa bilmədi; çiləli illərın da təsiriylə,
tutulduğu müxtəlif xəstəliklər onu
qabağına qatıb sürükləyirdi. Cərrahpaşa tibb fakültəsində yatma zorunda
qaldı. Mədəaltı vəzin xərçəngindən
qurtulmasına imkan qalmadığını bilirdik. Xəstə ikən də məktublaşdıq.
Bunları ev ünvanına yazırdım.
Böyük bacısı rəhmətlik Sürəyya
xanım’ın oğlu Can Odoğlu bəy bunları xəstəxanaya
aparıb Dilşada çatdırırdı. Son məktubumun içində onu xəstəxanada zərf-kağız
təmini zəhmətindən qurtarmaq düşüncəsiylə
bir məktub kağızı ilə üzərində
ünvanım yazılı pullu bir zərf də qoymuşdum.
Buna ölümündən bir ay öncə yazdığı
cavabını, onun xəstəliyinin son aylarını
anlatdığı, Azərbaycan həsrətini
canlandırdığı üçün olduğu kimi nəşr
edirik:
"Fənəryolu, 11 mart
1979.
Fevzim, canım bacım! Can-can
bacım mənim.
Candan yanğını içli ifadənlə
mənə çatdıran yanvar məktubuna çox təşəkkür
edirəm. Tez cavap yaza bilməməyimi lütfən
etinasızlıq sanma!
26 fevral günü xəstəxanadan
çıxdım və məktubunu eyni gün evimə gedincə
aldım. Oxuduqca qəhərləndim.
Candan yanğın, on bir-on iki yaşımdan bəri
Azərbaycandakı həsrətini çəkdiklərim, həm
Azərbaycanım və oradakılara həsrətimin
acısıyla yarım əsrdən artıq sızlayan qəlbimi
sənin candan bacı yanğın elə gözəl
oxşadı ki, məktubunu oxuduqca qəlbimdəki
sızıltının yüngülləşdiyini, hətta
keçdiyini hiss etdim. Yalnız Şaziyə
ablamızın rahatsızlığına çox üzüldüm.
İnşaallah, indi yaxşıdır. Azanlar oxunduqca hər dua edişimdə ablamıza da
Rəbbimin sağlamlıq ehsan eləməsini niyaz edirəm.
Canım Fevzim! Xəstəxanadan
çıxdığım gün paltarlı çəkim
otuz doqquz kilo idi, yəni gombullar kraliçası... Zəiflikdən gözlərim görmür və
qulaqlarım yaxşı eşitmir və fevralın son
günləriylə martın başlanğıcınadək,
bu günə qədər yazı yaza bilmədim. Bu gün də yaxşı yaza bilmirəm. İfadəm pozuqdur. LamiəTyə
qonşudan telefon etdim və sənə yazıb durumumu
anlatmasını rica etdim.
Mənim xəstəxana problemim hələ
bilməcədir. Mədəmdə əcaib, əllə
yaxşıca hiss edilən bir sərtlik var. İndi həkim
bir ay evimdə yaxşı qida alıb kökəlməmi,
sonra təkrar həzm cihazımın incələnməsi
üzrə xəstəxanaya yatmamı söylədi; yəni
6 və ya 10 aprel günü həkim məni təkrar
müayinə edəcək və kafi dərəcədə
güç toplamış olsam Daxiliyyəyə
yatıracaq...
Bu günlük bu qədərlə yetinək.
Canım bacım, sənin məktubunu
açıb ünvanlı, pullu zərfi içində, yazmam
üçün kağızı görüncə elə təsirləndim
ki, göz yaşımı tuta bilmədim. Sağ ol, var
ol, mənim canım bacım! Səni həsrət
dolu sevgimlə qucaqlayaraq çox-çox öpürəm.
Xeyir-duaları və içdən sevgilərlə
Dilşad bacın!".
Dilşad Elbrus, məktubunda
yazdığı kimi, 10 apreldə həkimin tövsiyəsini
yerinə yetirərək müayinə üçün,
yaxınlarından öyrəndiyimə görə, çox
bitkin halda Cərrahpaşa tibb fakültəsi xəstəxanasına
gedib, üç-dörd gün sonra orada həyata gözlərini
yumub. 12 apreldə Karacaəhməd məzarlığında
1974-də vəfat edən və lap çox sevib
bağlandığı dayısı Hüseyn Camal Yanar bəy’in
yanına gömülüb. Tanrı rəhmət eləsin,
nur içində yatsın!
[Bütün yurddaşlarının,
dostlarının dərin sevgi ve sayğısını qazanan
H.Camal Yanar doxsan yaşlarında vəfat etmişdir. 1919-da
Bakı Türk Ocağındakı Müsavat
Partiyasının konfrans salonundakı nitqləriylə ad
qazanmış, sonraları bu partiyanın Bakı Komitəsinə
sədr müavinliyinə də seçilmiş, 1908-də
İran inqilab hərəkatına qatılmış, 27 apreldə
rus istilasına qədər Azərbaycan Parlamenti idarəsində
də vəzifəli idi. Farscanı, ərəbcəni
yaxşı bilən H.C.Yanar bəyin çox gözəl,
hiss və fikir baxımından dərin və incə şeirləri
də vardır. Dilşad Elbrus, bunları
yayımlamağı düşünməkdəydi. Bu möhtərəm
Azəri dayı’nı, yay tətillərində
Dilşad onun Erenköyündəki evində
qaldığından, mən də tanımaq şərəfinə
çatdım. Mənə yazdığı məktublarında
yer-yer gözəlcə şeirləri bulunmaqdadır. (Həyatı,
şəxsiyyəti haqqında daha çox bilgi
üçün bax: Ə.Vahab Yurdsevər. Hüseyn
Camal Yanar. - "Azərbaycan" Türk
Kültür Dərgisi, il 23, sayı 10, aprel-iyun 1974, s. 71 və
b.)].
Dilşad Elbrus ilə peşə
baxımından bir-biriylə əlaqəsi olmayan
ayrı-ayrı sahələr üzərində
çalışırdıq; mən onunla fizika sahəsində
danışa biləcək halda deyildim, fəqət o, mənimlə
yalnız bir-iki dəfə bu elm sahəsindən
danışdı. İzmirdən Ankaraya gəlib məndə
qonaq qaldığı günlərdən birində məndən
bir kağız, qələm
istədi. O günlərdə ortanın solu təbiri ortaya
atılmış, hatta yayğınlaşmağa
başlamışdı. Verdiyim
kağızı boyuna ikiyə qatladı; qat yerindən, yəni
tam ortasından yuxarıdan aşağıya bir cizgi çəkdi.
Yanıma gəlib sərt bir səslə: "Bax, bu cizgini
görürsənmi, bu, ortadır. Bunun bir
sağ, bir sol yanı vardır. Ortanın
solu deyə bir şey olmaz!" - deyərək
ürəyini boşaltdığını xatırlayıram.
Bir dəfə də Paskal və b. fizika elm adamlarının ad
qazanmış olanlarının həyat və əsərlərini
içinə alan, onları tanıtmaq düşüncəsiylə
hər kəsin anlaya biləcəyi səviyyədə
iki-üç formalıq kiçik kitablar
yayımlamağı düşündüyünü, bunlardan
bir qisminin basıldığını, geri qalanının təshihlərinə
əli dəymədiyini, Ege Universitetindəki otağında
qaldığını, vaxt tapınca ixtisas kitablarıyla
birlikdə bunları da alıb İstanbula gətirəcəyini
anlatmışdı. Yay tətillərini
İstanbulda təkbaşına yaşayan H.Camal Yanarın Ərənköyündə
kirələdiyi evində keçirən Dilşad Elbrusun
böyük bacısı Sürəyya xanım İstanbul
Universiteti Türk dili və ədəbiyyat bölümündən
məzundu. Şair dayı və ədəbiyyat
müəllimi bacısının təsiriylə mənim sahəmdə
həmən hər məsələ haqqında danışa
bilirdik. Əzbərdən farsca beytlər,
divan və sonrakı dövrlər ədəbiyyatımıza
aid şeirlər oxuyurdu. Farscadan başqa
rusca, almanca və ingiliscəni də oxuyub anlayır,
danışa bilirdi. Məndə qonaq
qaldığı sıralarda ədəbiyyat, din və təsəvvüf
sahəsində bəzi kitablar satın aldığını,
bunları vaxt tapınca zövqlə oxuyacağını
söylədiyini də xatırlayıram.
Dilşad Elbrus yenə məndə qonaq
qaldığı günlərdən birində məndən
kağız və qələm istəmiş, "sənə
gözəl bir şeir yazacağam" demişdi.
Mən susub gözlədim; o yazdı, yazdı.
Mənə iki tərəfi də yazılmış
kağızı verdi. Onun bu kağıza
yazdıqlarını da olduğu kimi nəşr etməyi, Azərbaycan
ədəbiyyatına aid bir məsələni aydınlatdığı
və mənə bilmədiyim bir şeyi öyrətdiği
üçün faydalı sayıram:
"Öz
bacım kimi sevdiyim Fevziyyə bacıma kiçik bir xatirə.
Dilşad
Talıbxan Elbrus.
Ankara, 4
avqust, 1977.
28 may
1918-də qurulan Azərbaycan Cümhuriyyətimiz 27 aprel 1920-də
bolşeviklər tərəfindən işğal edildiyi
gün iqtidar partiyamız Müsavat Partiyasının lideri mərhum
Məhəmmədəmin Rəsulzadə bəy’in əmisi
qızı Ümmügülsüm xanım bu şeiri
yazıb. Bu şeir heç bir yerdə nəşr
edilməyib, fəqət mənim hafizəmə həkk
edilıb. Şeiri arxa səhifəyə
yazıram.
Bayrağım
enərkən
Sən
bayrağım! O yüksək şanlarınla enərkən
Mavi
göyə bir duman gəldiyini sezdim mən.
Qoynundakı
ağ nurlu ay-yıldızın sönərkən
Üzərimə
doğacaq günəşlərdən bezdim mən.
Al-yaşıllı
bağında çicəklərin solarkən
Ürəyimdə
pək acı bir inilti yüksəldi.
Hıçqırıqlar
içində bayılırkən, düşərkən
Məni
tutup qaldıran xain, murdar bir əldi.
Yazıq,
səni, bayrağım, endirdilər, öyləmi?
Səni
yıxıb devirən o zəhərli rüzgar;
O haqq
deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar
ocağımı da söndürdülər, öyləmi?
Bir
röyamı oldu o gördüklərim həpisi?
Bağlandımı
üzümə Türk elinin qapısı?
Ümmügülsüm
Rəsulzadə".
Dilşad Elbrusun öz deyişiylə xatirə
olaraq yazdıqları burada sona yetmişdi.
Şeiri oxudum. Bunun bir yerdə
nəşr edildiyini xatırladığımı, fəqət
o sırada bunu araşdırıb tapa bilməyəcəyimi
söylədim. Dilşad Elbrus bu şeiri böyük
bacısı Sürəyya xanım’ın seçib
yazdığı şeirləri içinə alan
albomunda görüb əzbərlədiyini də
anlatmışdı. Bir müddət sonra bu
şeirin "İstiqlal uğrunda" şeirlər məcmuəsində
bulunduğunu gördüm; ilk səhifəsində bir də
ithaf vardı. Bu kitabı mənə
İstanbul Qız Liseyində oxuduğumuz sırada, 1930-da
Dilşadın hədiyyə etdiyi anlaşılırdı; o
da, mən də şeirin bu kitabda olduğunu xatırlaya bilməmişdik,
fəqət onun hafizəsinin qüvvəti
qarşısında heyrətə düşmüş
olduğumu da söyləməliyəm. Onun,
hafizəsinə dayanaraq yazdığı misraları
adıkeçən əsərdəki nəşriylə
qarşılaşdırınca aralarında heç bir fərq
olmadığını gördüm; yalnız çap şəklində
üç misra əksikdi; bunlar yuxarıdakı mətnə
"İstiqlal uğrunda" adlı əsərdən
faydalanaraq qoşduğum ikinci dördlüyün son iki,
üçüncü dördlüyün ikinci
misralarıdır. Dilşad Elbrusun
uşaqlığından bəri hafizəsində
saxladığı bu şeiri yazıb mənə verməsiylə
yeni bir şey də öyrənmiş oldum
-"Bayrağım enərkən" adlı şeir
"İstiqlal uğrunda" adlı kitabda
Ümmügülsüm adıyla deyil, "...xanım" təxəllüsüylə
yayınlanıb. İllərdən bəri hansı gizli
adların kimə aid olduğunu müəyyənləşdirməyə
çalışdığım, "...xanım"ın kim olduğu da müəyyənləşdirə
bilmədiyim belə adlar arasında olduğu üçün
onun verdiyi bilgi dolayısıyla bu imzanın kimə aid
olduğu aydınlığa qovuşdu. Beləcə,
eyni əsərdəki [Milli Azərbaycan Nəşriyyatından.
Sayı 7, İstanbul,1928, Orxaniyyə mətbəəsi,
s. 24, 134. Bu əsərdəki Gülsərən, ***, Qartal, Azəri
təxəllüs və gizli imzalarının isə (s. 35,
92, 156, 158) kimə aid olduğunu hələ bilmirik; bunları
yaşlı Azərbaycanlı dostlarımız arasında bilənlərin
ola bilcəyini sanmaqdayıq] yenə
"...xanım" imzalı "Hicran" adlı şeirin
də Ümmügülsüm xanım tərəfindən
yazıldığı anlaşılmış olur.
Hicran
Bir
solgun çiçəyəm, bir sarı yapraq,
Candan
şikayətkar, canandan iraq;
Çıxdım
ki, yollardan alayım soraq,
"Xəbər
verən yoxdur, sorma" dedilər.
Ayrılınca
Hilal qaşlı yarımdan,
Mən
yaslara batdım, geymədim əlvan,
Düşünüb
o Yıldız gözləri hər an
Ağlarkən,
"kəndini yorma" dedilər.
Könül,
şəkvəsini kimə söyləsin?
Qəlbimin
dərdini kimlər dinləsin?
Səni
sevən sənsiz ömrü neyləsin?
Ardınca
qoşarkən "varma" dedilər.
Mənim
göylərimdən Günəş çəkildi,
Parlaq həyatıma
zülmət töküldü,
Vərəmli
qəlbimə oxlar dikildi,
"Qoy
axsın qanları, sarma" dedilər.
Günəşim
bir daha doğmayacaqmı?
Vəhşi
qaranlığı boğmayacaqmı?
Kölgələri
şəfəq qoğmayacaqmı?
Sordum,
"umudunu qırma" dedilər!..
Ümmügülsüm xanım’ın
"Hicran"ı mövzu baxımından bir öncəki
şeirinin eyni, fikirlərin işlənişi yönündən
fərqlidir - "Bayrağım enərkən"də Azərbaycanın
27 aprel 1920-də bolşeviklərcə işğalı
üzündən istiqlalın simvolu bayrağının
endirilməsindən duyulan üzüntü, ona həsrət
acısı doğrudan-doğruya anladılıb.
"Hicran"da isə Hilal qaşlı,
Yıldız baxışlı, həsrətinə
dayanılması ürəklər yaxan onsuz günlərin
qapqaranlıq keçdiyi hissini yaradan sevgili ilə Azərbaycan
bayrağı simvolik olaraq alınıb, dolayısıyla
istiqlalını itirən yurdun hər yanını saran əsirlik
həyatının sızıltıları duyurulub.
Candan və əziz arxadaşım
Dilşad Elbrus üçün yazdıqlarım burada sona
çatır və düşünürəm: bu dünyada
tez-gec hər kəsin, hər şeyin qədərini çərçivələyən,
sınırları içərisinə alan
maddi və mənəvi doğuş-ölüm,
başlanğıc-bitiş, aydınlıq-qaranlıqdan ibarət
olduğunu düşünərək Dilşadın
yaxınlarına, Azərbaycanlı dostlarımıza təsəlli
vermək istəyir, özü üçün də
Allahın rəhmətini niyaz edirəm.
Ankara,
22 iyun 1979.
("Azərbaycan"
dərgisi, sayı 230, aprel-may-iyun 1979, ss. 35-40).
Fevziyyə
Abdullah TANSEL
Azərbaycan
müəllimi.- 2012.- 25 may.- S.6.