Tədqiqat xarakterli
yeni dərs vəsaiti
Təbiidir ki,
Azərbaycan bir Avropa
ölkəsi olaraq təkcə Şərqlə
bağlı olmayıb, həm də Qərb dünyası ilə
yaxından təmasda olmaq, yeni
vüsət və inkişaf yolu seçmək əzmindədir. Elə buna görə də Qərb mədəniyyəti
ilə paralel surətdə Şərq müdriklik məktəbinin, görkəmli Azərbaycan
şair və ədiblərinin ədəbi-bədii
irsinin öyrənilməsi az əhəmiyyət kəsb etmir.
Daha doğrusu, Avropa mədəni tarixinin
öyrənilməsi bütün
xalqların, o cümlədən Azərbaycan
milli ədəbiyyatının daha geniş intişar tapmasında mühüm
rola malikdir. Bu baxımdan ali məktəblərdə
yeni dərslik, dərs vəsaitlərinin
yaradılmasına zəruri ehtiyac duyulur.
İddia etmək olmaz ki, müəllif
öz kitabında dərslik prinsiplərinə tam riayət
etmiş, xronoloji ardıcıllığı qoruyub
saxlamışdır. Hər halda müəllifə belə
haqq qazandırmaq olar ki, kitab dərs vəsaiti kimi nəzərdə
tutulmuşdur. Əksər ədəbi oçerk və portretlər
müəllifin daha çox mühazirələri əsasında
yazılmışdır. Bu da imkan vermişdir ki, o, ədəbi
hadisə və mövzulara sərbəst yanaşsın, hər
şeyi ehkam kimi qəbul etməsin. Bəlkə də buna
görədir ki, kitabda müəllifin fərdi yanaşma
metodu özünü daha artıq göstərir. Bunu biz zəruri,
qanunauyğun hal kimi qəbul edirik. Bəri başdan deyək
ki, müəllif özündən əvvəlki tədqiqatçı-alimlərə
böyük sayğı göstərmiş, istər rus, istərsə
də Azərbaycan mənbələrinə ehtiramla
yanaşaraq onların dərslik və dərs vəsaitlərinə
istinad etmiş, yaradıcı bəhrələnmişdir. Ə.Sultanlının,
Ə.Ağayevin, C.Nağıyevin, T.Novruzovun,
N.Paşayevanın, M.Qocayevin, Q.Quliyevin, Q.Kazımovun,
V.Hacıyevin, A.Əliyevin kitablarına, məqalə və
fikirlərinə qədirşünaslıqla
yanaşmışdır.
Azərbaycanda dünya ədəbiyyatının
kamil bilicilərindən olan mərhum professor Əli
Sultanlıdan sonra yunan-Roma, orta əsr dünya şair və
yazıçıları barədə çox dərsliklər,
dərs vəsaitləri və ayrı-ayrı monoqrafik kitablar
nəşr olunmuşdur. Bu proses indi də davam etdirilir.
Professor Ə.Xəlilovun hazırladığı
"Dünya ədəbiyyatı" dərs vəsaiti isə
bir çox özünəməxsusluğu ilə
seçilir. Bu kitaba Antik yunan ədəbiyyatı və fəlsəfəsi
haqqında xeyli təzə materiallar daxil edilmişdir.
Xüsusən Homerin yaradıcılığı ilə
bağlı geniş elmi-ədəbi məlumatlar və yeni təhlil,
təsvir üsulları diqqəti cəlb edir.
"İliada" və "Odisseya" dastanları ilə
bağlı fikir və mülahizələr orijinallığı
ilə fərqlənir. Dastanların rus və Azərbaycan
dilindəki tərcümələrinə xeyli yer verilməsi əsas
məziyyətlərdən biridir.
Homerin lirikası barədə
yığcam məlumatla təsəvvür yaratması da tələbələr
üçün yeni sayıla bilər. Burada şairin iki
epiqramasının Azərbaycan dilinə tərcümə etməsi
də kitab müəllifinin yeni bir əlavəsidir.
Roma ədəbiyyatında hüquq, fəlsəfə
və natiqlik sənətində müstəsna yer tutan
Siseronun yaradıcılığına həsr olunmuş səhifələr
onun həyat və şəxsiyyəti barədə geniş təsəvvür
yaradır. Antik dövrün böyük şəxsiyyətlərinə
- Sokrata, Platona, Aristotelə, Konfutsiyə, Zərdüştə
və b. həsr edilmiş qısa icmalar ali məktəb tələbələri
üçün əlahiddə təsəvvür yaradır
ki, bu da çox vacibdir.
İlk intibah
dövründən danışarkən müəllif haqlı
olaraq Dantenin, Petrarkanın
və Bokkacionun dünya
ədəbiyyatındakı yerini
aydınlaşdırmağa cəhd etmişdir.
Dante ilə
bağlı səhifələr, zənnimizcə, xüsusi maraq doğuracaq. Çünki
italyan şairinin təkcə
Qərb dünyasına etdiyi müsbət
təsiri göstərməklə yanaşı, Ə.Xəlilov
onun Şərq dünyasına, habelə
Azərbaycan ədəbiyyatına xeyirxah
təsirindən də danışmışdır. Ə.Hüseynzadə,
H.Cavid, M.Müşfiqlə bağlı
deyilən fikir və mülahizələr
maraq doğurur. Cavidin və bir çox Azərbaycan şairlərinin
italyansayağı sonet yazmaları və bunlardan nümunələr verilməsi
kitabın məziyyətlərini şübhəsiz ki, artırır. Dante və
Şərq mövzusuna toxunulması da müsbət haldır.
Petrarka dilimizə çox az tərcümə
olunmuş intibah şairidir. Lakin müəllifin
bu barədə də yeni
mülahizələri diqqət çəkəndir. Burada deyilən fikirlər, paralel
müqayisələr, Azərbaycan ədəbiyyatında sonetin bir janr
kimi təşəkkül tapması ilə
bağlı ədəbi iddialar oxucuda geniş təsəvvür
yaradır.
Orta əsrlər ədəbiyyatına
ayrılmış qısa xülasələr də xüsusi önəm daşıyır. Bir daha qeyd
edək ki, Dante, Petrarka, Höte barədəki
ədəbi oçerk və portretlər
tamamilə yeni, müasirlik
mövqeyindən yazılmışdır.
Burada indiyə qədər
oxucuların bilmədiyi çox mətləblər
elmi şəkildə əsaslandırılmışdır.
Kitabda müəllifin "Qərb-Şərq
divanı"ndan etdiyi bədii tərcümələr
də diqqəti cəlb edəndir.
Dərs
vəsaitində Qərb ədəbi fikrinin
parlaq şəxsiyyətləri müasir elmi-nəzəri müstəvidə
araşdırılır, kitab müəllifinin
şəxsi mövqeyi kontekstində təhlil
və təsbit olunur.
Görkəmli
alman şair-mütəfəkkiri Hötenin yaradıcılığı ilə
bağlı səhifələr tamamilə yeni
baxış bucağından yazılmışdır. Şairin Şərqlə, fars-tacik
və türk poeziyası ilə möhkəm
bağlılığı kitabda müfəssəl
təhlilini tapmışdır. Firdovsi, Nizami, Hafiz,
Xəyyam, Sədi, Nəvai, Rumi, Cami barədəki fikirlər müəllifin
diqqətindən yayınmamış, alman
şairinin hər birinə münasibəti
konkret misallarla
açıqlanmışdır. Şərq şairlərinə
həsr olunmuş şeirlərin kitab müəllifinin özü
tərəfindən dilimizə tərcümə olunması əlahiddə
bir keyfiyyətdir.
Mən
bir həmkar kimi sevinməyə
bilmərəm ki, kafedramızın professoru mümkün qədər
yeni, tədqiqat xarakterli
bir dərs vəsaiti ortaya
çıxara bilmişdir. Çox istərdik ki, vəd
etdiyi kimi, kitabın
digər hissələri də nəşr edilsin. Bu yolda müəllifə uğurlar
diləyirik.
Cəlil NAĞIYEV,
BDU-nun
dünya ədəbiyyatı
kafedrasının müdiri, professor
Azərbaycan
müəllimi.- 2012.- 25 aprel.- S.7.