"Əsl müəllim bildiyi yaxşı nə varsa tələbəsinə öyrətməlidir"

 

Xalq artisti Mələkxanım Əyyubova ilə söhbət

   

Əyyubova Mələkxanım Yadigar qızı 5 noyabr 1962-ci ildə Şamaxı şəhərində doğulub. Sabunçu rayonundakı 155 nömrəli orta məktəbi bitirib. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. "İrs" folklor ansamblının, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti olub. ADMİU-nun muğam sənəti üzrə professorudur. 1998-ci ildən əməkdar artist, 2000-ci ildən xalq artistidir. Heydər Əliyev Fondunun mükafatçısıdır. "Muğam sənəti" üzrə bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, 4 övladı, 1 nəvəsi var.

Müsahibim söhbətimizə bu sözlərlə özü körpü saldı.

- Mən qədim Şamaxı şəhərində məşhur el sənətkarı, aşıq Məzahirin ailəsində dünyaya göz açmışam. Məndən əvvəl iki bacım, iki qardaşım, məndən sonra da iki qardaşım doğulub.

İlk laylam sazla, musiqiylə çalınıb. Amma mən doğulduğum ailədə böyüməmişəm. Ata nənəm mənə öz adını verib. Bakıda Dəmiryol xəstəxanasında həkim işləyən bibim Hökümənin övladı olmadığına görə 4-5 yaşım olanda nənəmin məsləhəti ilə məni bibimə övladlığa veriblər. Ona görə də sənədlərimdə öz atamın adı əvəzinə, bibimin ərinin adı "Mələkxanım Yadigar qızı" yazılıb.

- Məktəb illərində musiqi ilə məşğul olmusunuz?

- Əlbəttə. Musiqi məktəbinin beşillik qarmon sinfini bitirmişəm. İndi də ailə məclislərində qarmonumu dilləndirirəm.

- Tələbəlik illəriniz barədə.

- Sabunçuda yaşayırdıq. Oradakı 155 nömrəli orta məktəbi bitirib Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil oldum. O vaxt rektorumuz Aslan Aslanov idi. Aslan müəllim özü həm də gözəl şair idi. Korifey sənətkarımız Rəşid Behbudovun oxuduğu məşhur "Lalələr" mahnısının da müəllifi Aslan Aslanovdu.

İnstituta daxil olan ili "İrs" folklor ansamblına üzv oldum. İlk tamaşaçı məhəbbətini mən bu ansamblda oxuyanda qazandım. "İrs" sənət taleyimdə məni ucalıqlara qaldıran bir tramplin oldu. Ekrana çıxırdım, xarici ölkələrə qastrola gedirdim.

O illərdə çox mötəbər bir təşkilat idi "Vətən" cəmiyyəti. Sədri də dəyərli ziyalımız Elçin Əfəndiyev idi. İlk qastrol səfərim "İrs" ansamblı ilə İtaliyaya oldu. Bu səfərimiz "Vətən" cəmiyyətinin xətti ilə həyata keçdi. O vaxt icazə vermirdilər ki, tələbə dərsdən yayınsın, işləsin. Müstəsna hal kimi mənə bu barədə bir irad tutmurdular. Milli paltar geyinib efirə çıxırdım, qədim xalq mahnıları oxuyurdum. Məsələn: "Cığey, cığey", "Almağa gəlin". Rəhbərimiz Rəşid Nəsiboğlu unudulmaqda olan folklor mahnılarını toplayır, qədim geyimlərimizi, qədim musiqi alətlərimizi "İrs"ə gətirib onlara yeni həyat verirdi.

- Sizin səsiniz demək olar ki, bütün janrlarda eyni ustalıqla işləyir.

- Bəlkə bu Allah vergisidi. Səs, ümumiyyətlə, bizim ailədə, hətta deyərdim ki, nəsildə  qannan, gennən gələn bir şeydi... Atam aşıq Məzahir, qardaşım Əlyaqub bizim tərəflərin tanınmış oxuyanı olublar. Əlyaqubun balaları Ramal, Vüsal, Valeh, Məleykə bacımın oğlu Mirkamil, maşallah,səhnədə bu gün xalq tərəfindən dinlənilir, sevilirlər. Əlbəttə, bir böyük kimi mən də onlardan qayğımı, dəstəyimi əsirgəməmişəm. Çalışmışam püxtələşsinlər, yarımçıq olmasınlar.

- Sizin səhnə görünüşünüz heç dəyişilmədi, həmişə milli, həm də milli olduğu qədər də müasir, sizə yaraşan geyimlərdə çıxırsınız səhnəyə...

- "İrs"də oxuyanda mənə "balaca, göygöz qız" deyirdilər. Gənc idim, zərif görünüşüm vardı. Milli geyimlər mənə çox yaraşırdı. Artıq 32 ildir ki, səhnədəyəm. Hərdən zarafatla deyirlər ki, maşallah, cavan qalmısan... Mən həmişə özümə, danışığıma, geyimimə, görünüşümə ciddi nəzarət etmişəm.

- Sizə çoxuşaqlı ana demək olar da...

- Əlbəttə. Mənim dörd övladım var. Böyük qızım ailəlidir, artıq nəvəm də var. Oğlum Cəfər xarici ölkədə oxuyub gəlib, indi də Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır, ikinci qızım on biri bitirib, bu il Rəssamlıq Akademiyasına daxil olmaq arzusundadır. Sonbeşiyimiz Nicatın 8 yaşı var.

- Ailə həyatı heç vaxt oxumağınıza mane olmayıb ki?

- Əsla. Bu yolda yoldaşım Xosrov həmişə mənə dayaq olub. Anam da (yəni bibim) çox dadıma yetib, uşaqlarıma nənəlik edib, onları böyüdüb. Bir də ki, evdə həmişə köməkçim olub. Qastrollara gedəndə də evdən arxayın ediblər məni.

- Muğamlarımız sizin ifanızda özünəməxsus səslənir.

- Mənim ustadım Qulu Əsgərov olub. Eyni zamanda dəsgahları, muğamları uzun illərdir ki, həm də Canəli Əkbərovdan öyrənirəm. Bu gün də bir çətinliyim olanda Canəli müəllimlə məsləhətləşirəm.

Qulu Əsgərov ustad sənətkardı. Özü bütün mahnılarının hamısını mənə öyrədər, həmişə də deyərdi ki, sən gələcəkdə çox böyük, çox gözəl sənətkar olacaqsan.

- Gözəl ifada ilk şərt nədir?

- Ritm. Ritmi zəif olan sənətçinin nə boyda səsi olsa da, o səsi tamaşaçıya təqdim edə bilməyəcək. Mən oxuduğum bütün dəsgahların rəngini dəfdə özüm çalıram. Müğənni gərək oxuduğu dəsgahın rəngini bilsin, bu, özü bir ustalıqdır. İfaçıda çox yüksək diksiya olmalıdır, sözlər düzgün tələffüz olunmalı, misralar təmiz oxunmalıdır. Üstəlik də səhnə mədəniyyəti, səhnə görünüşü, professionallıq ifaçının səsinin müşayiətçisi olmalıdır. Tamaşaçını elə cəlb eləmək lazımdır ki, hətta xəstə olsan belə, o, bunu hiss etməsin.

Keçən ilin sonlarında mən muğam konserti verdim. O ərəfədə xəstələnmişdim. O lentə baxan heç vaxt hiss etməz ki, o səhnədəki mən xəstəyəm. O konsertdən sonra düz 2 ay səsim batdı. Hətta danışmaq səsim də. Amma o konsertdə "Rast" kimi muğamı hətta ikinci dəfə oxudum.

Bilirsiniz , yeddi əsas muğamımız var. Bu muğamların hamısını oxuya bilmək üçün əsas nə lazımdır? Səs, diksiya, ritmika, şaqraq zəngulə, yanğı, səs diapazonu... Yaradanıma şükür edirəm ki, verdiyi səsim bütün muğamlara yatır, hansı muğamı oxusam, elə bilirəm, mənim səsimə biçilib. "Bayatı-Şiraz"ı çox sevirəm. Oxumağı da, dinləməyi də. "Bayatı-Şiraz"ı muğamlarımızın gəlini adlandırırlar.

- Sənətkar xalq...

- Sənətkar gərək sənətinə dəxli olmayan cılız şeyləri səhnə ilə, xalqla bölüşməsin. Xalqa musiqi, səs lazımdı... Sənətçi səhnəyə çıxıb ağlayıb-sıtqamamalıdı. Hamının dərdi var, problemi , həyatdı da... Hər şey ola bilir. Xalq bizə əlçatmaz kimi baxır, xalq bizə qulaq asır ki, zövq alsın, xalq bizə qiymət verir, hörmət bəsləyir. Sənətçi özünü xalqın gözündən salmamalı, sənətini el gözündə adiləşdirməməlidir...

- Əməkdar artist, sonra xalq artisti tanınmış pedaqoq. Çətin deyil ki...

- 1998-ci ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görüldüm. Heydər Əliyev Fondunun  mükafatçısıyam.  Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin muğam üzrə professoruyam. 1998-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Əvvəlcə Uşaq Gimnaziyasında dərs deyirdim. Mərhum sənətkarlarımız Şövkət Ələkbərova da, Tükəzban İsmayılova da orada dərs deyiblər. Ancaq mənim yaşıdlarımdan müəllimlik edən ilk qadın mən oldum. Bəziləri məni o vaxt qınayırdılar ki, nəyinə lazım dərs demək, özünü əziyyətə salırsan? Deyirdim, bizi öyrədiblər, biz öyrətməliyik. Bir ki, ömrümün axırına kimi səhnədə olmayacam ki... mən bir tələbə yetirməliyəm, ya yox?

Mən dosent olandan sonra bir vaxt məni qınayanlar üz tutdular pedaqoji fəaliyyətə...

Müəllim gərək nəyinsə xatirinə dərs deməsin, əsl müəllim bildiyi yaxşı varsa tələbəsinə öyrətməlidir.

- Muğamları, dəsgahları sevdirməyin bir sirri varmı?

- Dəsgah oxuyanda vacibdi ki, sanballı bir söz oxuyasan. Mən qəzəl seçərkən Füzuliyə, Seyid Əzimə, Sabirə, Vaqifə, Əliağa Vahidə müraciət edir, elə qəzəllər seçirəm ki, həm sadə olsun, həm işlənməmiş olsun, həm xalq dinləsin. Əsas odur ki, xalq bəyənsin.

Son illər respublikamızda muğamın inkişafına çox böyük dövlət qayğısı göstərilir. İndiki cavan nəslə o qalır ki, özləri öz üzərində çalışsın. Dövlət istedadı olana hər şərait yaradır. Mən özüm "Muğam sənətinin inkişafına dövlət qayğısı" adlanan bir neçə metodik vəsaitin müəllifiyəm.

- Qastrol səfərləriniz çox olub?

- Amerika, Avstriya, Avstraliya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Belçika, İngiltərə, İçves, Cənubi Koreya, İran, İraq, Rusiyanın bir çox şəhərləri... həmişə ölkədən çıxmamış Bakı üçün darıxıram, qəribsəyirəm. Vətənim üçün, ailəm üçün...

- Ən yaxın dostunuz?

- Təbii ki, ən yaxınım ailəm, həyat yoldaşımdı. Özü polis olsa da, həyat yoldaşım Xosrov mənim sənətdə uğur qazanmağımda ən böyük dəstəyim olub. Ən yaxın rəfiqəm isə jurnalist-pedaqoq Rəbiyyə Zərdabidi - Həsən bəy Zərdabinin nəticələrindəndi...

-  Sizdən ilk müsahibəmi 17 il əvvəl Gəncədə götürmüşdüm. Bu, ikinci oldu. Arzu edirəm, bir 17 il sonra da üçüncü müsahibənizi hazırlayım.

- Amin. Mən "Azərbaycan müəllimi"nin kollektivinə və oxucularına da uğurlar, sakit səma arzu edirəm. Qulağınız həmişə gözəl musiqilər eşitsin.

 

 

Müsahibəni yazdı: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 25 may.- S.5.