Bacarıqlı müəllim, zəhmətkeş alim
Məmmədlə uzun illərdir bir yerdə
işləyirəm. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Naxçıvan filialının ikinci ilinin məzunlarındandır. Atası - şair, Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi Hüseyn
Razi ilə möhkəm dost
olmuşam. O zamandan Məmmədi
tanımışam. Dünyada müxtəlif
sənət, peşə, vəzifə sahibləri var. Bu insanların
hamısı üçün bir şey eynidir.
Onların hamısı çalışmaq, işləmək,
yaratmaq, qurmaq qabiliyyətinə
malikdir. Elə insanları birləşdirən
də məhz budur. Dünyada
normal yaranmış elə bir insan yoxdur
ki, işləməyə, əməyə
meyilli olmasın.
Yunan dramaturqu
Sofokl yazır: "Dünyada heyrətedici güclü
qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur".
Əsas məsələ bundan necə
istifadə etməkdə, bu gücü nəyə sərf etməkdə,
nəyə yönəltməkdədir. Öz
gücünü düzgün
qiymətləndirməyi bacaran və ondan düzgün istifadə
edən insan həmişə uğur qazanır. Bunun üçün o gərək
heç bir çətinlikdən
qorxmasın, öz işini
sevsin.
Alman filosofu
Feyerbax yazırdı: "İnsanın əsl
sifəti işdə özünü
göstərir".
Rus yazıçısı A.Çexovun fikrincə, bizim
hər birimizdə hədsiz miqdarda vint, çarx və klapan var ki,
ilk və bir neçə
görüşdə birimizin digər birimiz haqqında düzgün
mühakimə yürütməsinə imkan
vermir. İnsanı tanımaq, onun haqqında səhih mühakiməyə malik olmaq üçün:
1) onu sevməyi, özünü
onun yerinə qoymağı bacarmalısan,
2) onun nələr haqqında düşündüyünü, həyəcanlarını,
xoşbəxtliyinin sirlərini özündə gizlədən
daxili aləmini öyrənməlisən,
3) gündəlik qayğıları, fəaliyyəti ilə dərindən
maraqlanmalı, onları bilməyə
çalışmalısan, 4) onun bütün xarakterini, xasiyyətini, maraqlarını açmaq üçün
onunla qarşılıqlı və səmimi
ünsiyyət yaratmalısan, 5) insanı daha
dərindən tanımaq üçün
onda olan keyfiyyətlərin,
xasiyyətlərin heç olmasa bir neçəsi səndə
olmalıdır.
Bu baxımdan Məmməd elmi, oxumaq həvəsi,
çalışqanlığı, insanlarla
mehriban rəftarı ilə həmişə
diqqətimi cəlb edib. Sonralar
gənc olmasına baxmayaraq onunla dost olmuşam.
Yüksək
insani keyfiyyətləri ilə
yanaşı, gözəl alimdir. Tədqiqatları
fəlsəfənin müxtəlif problemlərinə həsr edilib. Fəlsəfənin çoxsahəli
problemləri ilə yanaşı, əsasən, şəxsiyyət
məsələsinin tədqiqi ilə məşğuldur.
Fəlsəfə
insan və dünyanı, dünyada
isə insanı öyrənir. Vaxtilə ekzistensialist
fəlsəfənin görkəmli nümayəndəsi Yaspers yazırdı: "Fəlsəfə elə
üsuldur ki, insan onun vasitəsilə
dünyanın və özünün
varlığını dərk edir, bu şüurdan
çıxış edərək ümumiyyətlə
yaşayır. Ona görə də fəlsəfə
insanın özü qədər qədimdir".
Məmmədin tədqiqat obyekti olan şəxsiyyət problemi
fəlsəfi fikrin bütün
tarixi boyu mütəfəkkirlərin
diqqət mərkəzində duran
mövzulardandır. Bununla belə cəmiyyətimizin yaşadığı müasir dövrdə onun
tədqiqinin aktuallığı birə on
qat artır. Əvvəla ona
görə ki, müasir
insanşünaslıq elminin və fəlsəfi
idrakın nailiyyətləri şəxsiyyəti daha dərindən öyrənməyə, onun əvvəllərdə o
qədər də əhəmiyyət verilməyən yeni-yeni cəhətlərini aşkara
çıxarmağa imkan verir.
Digər tərəfdən totalitar
rejimdən açıq, demokratik cəmiyyətə
keçid mərhələsinin
reallıqları şəxsiyyətin sosial
statusunda, cəmiyyətin müxtəlif fəaliyyət
sahələrindəki rolunda və yerinə
yetirdiyi funksiyalarda çox ciddi irəliləyişlər
yaradır ki, onları təhlil edib ümumiləşdirmək sosial fəlsəfənin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Sosial fəlsəfədə
hökmranlıq etmiş marksist
fəlsəfənin başqa problemlərdə
olduğu kimi, şəxsiyyətin
hərtərəfli öyrənilməsində
yaratdığı çətinliklər indi
aradan qaldırılmışdır ki, bu amil
də sözügedən problemə yeni tərzdə
yanaşmağı mümkün və zəruri edir. Bu baxımdan
M.Rzayevin tədqiqatlarında yalnız elmi mötəbərlik və tolerantlıq
prinsipinə əsaslanan metodologiya şəxsiyyətin
müasir cəmiyətdə rolunun artmasını şərtləndirən
obyektiv və subyektiv
amillər kompleksini dərindən
araşdırmağa və onun mexanizmini açmağa
şərait yaradır. Müasir fəlsəfi,
sosioloji və psixoloji
ədəbiyyatda vahid şəxsiyyət
konsepsiyasının olmaması bu
yönümdə nəzəri araşdırmaların davam etdirilməsinə kəskin ehtiyac olduğunu sübut edir. Müasir şəxsiyyətin
kompleks sosial fəlsəfi
təhlili həm də mühüm praktiki əhəmiyyətə malikdir.
Hazırda ölkəmizdə açıq cəmiyyətin
əsaslarının yaradılmasına yönələn vəzifələrin
uğurlu həlli, hər bir
şəxsiyyətin bu proseslərə fəal
cəlb olunması və onun
yaradıcılıq potensialından dolğun
istifadə edilməsindən çox
asılıdır.
Bütün bu məsələlər isə 29 dekabr 2005-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 208 saylı əmrinə əsasən
Bakı Dövlət Universiteti nəzdində
təşkil edilmiş fəlsəfə
elmləri doktoru alimlik
dərəcəsi almaq üçün
dissertasiyanın müdafiəsini keçirən Dissertasiya Şurasının iclasında Məmməd
Hüseyn oğlu Rzayevin sosial fəlsəfə
ixtisası üzrə "Keçid dövrü şəxsiyyətinin sosial-fəlsəfi
təhlili" mövzusunda
yazdığı dissertasiyanın müdafiəsi zamanı geniş müzakirə obyektinə çevrilmiş, Məmməd doktorluq
dissertasiyası müdafiə etmişdi.
Bir
haşiyə:
Məmməd Hüseyn oğlu Rzayev 1952-ci ildə
Naxçıvanda anadan olmuşdur.
1972-ci ildə Naxçıvan Dövlət Universitetini
bitirmişdir. 1974-cü ildən
Naxçıvan Dövlət Universitetində işləyir.
1984-cü ildən fəlsəfə elmləri namizədi, dosentdir. 1997-ci ildən Naxçıvan
Dövlət Universitetində tərbiyə işləri
üzrə prorektor vəzifəsində
çalışır. Bir fəlsəfə
mütəxəssisi kimi
respublikamızın filosofları arasında özünəməxsus
yeri var. Yeni Azərbaycan Partiyasının üzvü kimi çoxsahəli
ictimai-siyasi fəaliyyətlə məşğuldur.
"Fəlsəfədə şəxsiyyət problemi", "Şəxsiyyətin fəlsəfəsi",
"Müasir fəlsəfədə
şəxsiyyət", "Şəxsiyyət və dəyərlər",
"Şəxsiyyət və zaman",
"Müasir şəxsiyyət:
azadlıq və məsuliyyət", "Müasir
şəxsiyyət", "Azadlıq və milli
şüur", "Qərb ölkələrinin
fəlsəfə tarixi", "Fəlsəfədə
dəyər kateqoriyası" kitablarının, yüzlərlə
elmi məqalənin müəllifidir. Moskva, İstanbul, Bişkək,
Daşkənd, Tehran, Qars,
Sakarya, Van şəhərlərində
keçirilən beynəlxalq elmi
simpoziumların iştirakçısıdır. Ümumiyyətlə,
20 kitabı, 200-dən artıq elmi məqaləsi
çap olunub. Üç
övladı, üç nəvəsi
vardır.
Yadımdadır,
müdafiə zamanı Bakı Dövlət Universitetinin
auditoriyasında özünəməxsus sərbəstlik və
təmkinlə doktorluq
dissertasiyasının məzmunu, məqsəd və vəzifələri,
aktuallığı, elmi və praktik əhəmiyyəti barədə məlumat
verən Məmməd müəllim uzun
illər məşğul
olduğu problemin əsas müddəalarını
müdafiə şurasının üzvləri
qarşısında şərh edir, özünün fikir və
mülahizələrini konkret misallarla əsaslandırmağa
çalışırdı. İddiaçıya şura üzvlərinin
ünvanladıqları suallara onun dəqiq, düşünülmüş
elmi və hərtərəfli cavabları
adamın ürəyini qürur hissi ilə doldurur,
müdafiədə iştirak edənlərdə
belə bir qənaət hasil
olurdu ki, Məmməd
müəllim bu sınaqdan da böyük uğurla çıxacaqdır.
Məmməd
müəllimin müdafiə etdiyi doktorluq dissertasiyası və onun
avtoreferatına Azərbaycan MEA-nın müxbir
üzvü, tarix elmləri
doktoru, professor V.H.Əliyev,
Azərbaycan MEA-nın Fəlsəfə və Siyasi-Tədqiqatlar
İnstitutunun əməkdaşı, fəlsəfə
elmləri doktoru L.C.Mövsümova,
Azərbaycan Müəllimlər İnstitutunun
rektoru,
siyasi elmlər doktoru,
professor A.H.Naxçıvanlı, Qars Kafkaz Universiteti
Kafkasya və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri, professor-doktor H.Necefoğlu və Türkiyənin Van Yüzüncü il Universitetindən professor-doktor
Ali Fuad Doğudan rəylər gəlmişdi. Rəylər
müsbət olmaqla yanaşı, həm də
Məmməd müəllimin kamil bir şəxsiyyət olması, yüksək
səviyyəli bir tədqiqat işini müdafiəyə təqdim etməsini
təsdiqləyirdi.
Dissertasiya işinin
rəsmi opponentləri - fəlsəfə elmləri doktorları,
professor A.M.Şükürov,
professor Ş.A.Qurbanlı və professor İ.B.Cəfərzadənin,
aparıcı təşkilat - Azərbaycan Texniki
Universitetinin fəlsəfə və politologiya kafedrasının rəylərində
işin aktual bir problemə həsr edilməsi, onun şəxsiyyət probleminə dair mövcud
sosial-fəlsəfi təsəvvürləri xeyli
dərəcədə dəqiqləşdirməsi və dərinləşdirməsi
qeyd olunur və
göstərilirdi ki, bu
iş birinci növbədə,
fərd, fərdiyyət və şəxsiyyət
anlayışlarının qarşılıqlı münasibətinin
müasir dövrün reallıqlarını nəzərə almaqla mənalandırmasına, keçid dövr şəxsiyyətinin
yeni tarixi tip kimi seçilib
götürülməsi və kompleks təhlil
edilməsinə aiddir. Sözügedən
elmi nəticələr insanı və
şəxsiyyəti öyrənən konkret
elmlər: sosiologiya, psixologiya,
sosial psixologiya, politologiya, kulturologiya üçün də metodoloji
əhəmiyyət kəsb edir.
Dissertasiyanın
müzakirəsində çıxış edən fəlsəfə
elmləri doktorları - professor İzzət
Rüstəmov, professor Əbülhəsən
Abbasov, professor Zeynəddin
Hacıyev, fəlsəfə elmləri doktoru
Rəna Mirzəzadə, professor Marif Əkbərov işi
müsbət qiymətləndirdilər. Azərbaycan MEA-nın Fəlsəfə
və Siyasi Hüquqi
Tədqiqatlar İnstitutunun sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən
Abbasovun çıxışı
xüsusilə diqqətimi cəlb etdi:
"Həmişə dissertasiya,
xüsusilə doktorluq dissertasiyaları
müzakirə olunanda insanda
bir gözləmə məqamı olur. Düşünürsən ki, görəsən mən bu
dissertasiyadan nə götürəcəyəm.
Müəllif bu ada layiqdirmi? Hansı yeniliklər var?
Bu zaman nəticə
müsbət olduqda insan
sevinir və qürurlanır. Mən bu gün həqiqətən
məmnunluq hissi keçirirəm. Bugünkü dissertasiya şurasının
iclasında doktorantın və müzakirə olunan
dissertasiyanın üstün cəhətləri
çoxdur. Əvvəla belə bir mövzunu götürüb tədqiq etmək böyük cəsarət tələb edir. İddiaçı özündə belə bir cəsarət tapa bilib. Mövzu problem səviyyəsində qoyulub
və bu səviyyədə də
araşdırılıb. Müəllif mövcud olan tədqiqatları
sadəcə gözdən keçirməyib, həcm naminə
cümlələr yığmaq fikri
olmayıb, problemləri dövrə uyğun
işləyib, əvvəldən axıra qədər öz təhlillərində
çalışıb ki, elmi
metodologiyaya riayət etsin.
Əsər orijinal yazılıb. Məmməd
Rzayev öz tədqiqatında
həqiqətən çox müdrik mövqe tutub, bu həm də fəlsəfi
konsepsiyanın mötədilliyindən irəli gəlir.
Mən
onu, eləcə də fəlsəfə elminin nümayəndələrini təbrik
edirəm ki, layiqli bir elmlər doktoru
qazanır. Bu həm də işin
elmi məsləhətçisi, fəlsəfə
elmləri doktoru, professor
Həmid İmanovun böyük
uğurudur".
Roma yazıçısı Apuley deyirdi ki, insana onun
harada doğulması, hansı xasiyyətdə
olması, hansı torpaqdan olmasına
görə yox, həyatını
hansı prinsiplər əsasında qurduğuna
əsaslanıb qiymət vermək lazımdır.
Bu mənada Məmməd
müəllim vətəninə sədaqətli,
torpağını sevən, öz doğma universitetinin
inkişafı yolunda əlindən gələni
edən bir şəxsiyyətdir.
Məmməd
müəllim ata yurdunun
gərəkli davamçısı olan ləyaqətli
övlad, yaxşı valideyn,
Azərbaycan ziyalılığının mühüm
keyfiyyətlərini özündə cəmləşdirən,
millətini, xalqını dərin məhəbbətlə sevən
əsl vətəndaşdır. Şəxsiyyətdən yazan, onun ən müsbət keyfiyyətlərini
özündə cəmləşdirən və tələbələrini
də nümunəvi şəxsiyyət kimi
yetişdirməyə çalışan Məmməd müəllim
uca şəxsiyyət, ləyaqətli pedaqoqdur.
Deyl Karnelqı yazır ki, "Yer üzündə
başqa bir insan yoxdur ki,
sənin kimi olsun".
Yəni dünyadakı insanların hər biri
özünəməxsus xarakterə,
dünyagörüşünə malikdir.
Təsadüfi olaraq deyilmir
ki, hərənin öz
aləmi var.
Məmməd
müəllimin də aləmində düzlük,
dürüstlük, xeyirxahlıq, zəhmətə
qatlaşmaq əsas fəaliyyət amilləridir.
Bir dəfə Bakı
Dövlət Universitetində fəlsəfə elmləri doktoru, professor İzzət
Rüstəmovla rastlaşdım.
Məmmədi soruşdu. Dedi ki, Məmməd
artıq kamil filosof kimi formalaşıb. Onun əsərlərində
şəxsiyyət probleminin qoyuluşu özünəməxsus təhlil
xüsusiyyətlərinə malikdir. Məmmədin
Naxçıvanda apardığı tədqiqatlar bizi çox sevindirir. Hiss olunur ki, Naxçıvan Muxtar Respublikasında elmə və təhsilə
yüksək dövlət qayğısı var.
Söhbətə
qoşulan həmyerlimiz, fəlsəfə
elmləri doktoru, professor
Fərrux Ramazanov isə dedi
ki, mən Məmmədi çoxdan
tanıyıram. İşgüzarlığına və zəhmətkeşliyinə
bələdəm. Onunla söhbətdə
nitqi və söhbətləri hər şeyi deyir. O layiqli filosofdur.
Hər
bir insan həyatda
özünə müəyyən mövqe
tutana, həqiqəti dərk edənə,
aydın bir fikrə, qənaətə gəlincəyə
qədər müxtəlif problemlərlə üzləşir.
Körpəlik, uşaqlıq, gənclik, cavanlıq, yetkinlik, qocalıq dövrləri keçirir. Bunlar
insanın həyat yolunun pillələridir.
Bu pillələrlə insan
qalxır, yüksəlir, kişiləşir. Bu pillələr insanın
qabiliyyətini, daxili aləmini, əxlaq və
mənəviyyatını nümayiş etdirir. Özünün kimliyini dərk edə bilən insan
yaşa dolduqca qəlbi
ilə, ürəyi ilə hərəkət edir,
gerçəkliyə, faktlara, dəlillərə
əsaslanaraq mühiti daha
düzgün anlamağa,
dərk etməyə çalışır.
İnsan üçün
həyatdan, təcrübədən, sınaqdan böyük, təsirli, səmərəli, xeyirli məktəb ola bilməz.
Məhz uzun illərin təcrübəsi onu əsl müəllim kimi
formalaşdırıb. Hamı onun auditoriyada necə həvəslə mühazirə
oxuduğunun şahididir.
Məmməd gözəl müəllim, əsl pedaqoqdur. Onun müəllimliyində
tələbkarlıqla qayğı üzvi
bağlılıq təşkil edir. Dərsdə
çox ciddi, tələbkar
görünən Məmməd müəllim tələbələri
ilə dostluq etməyi bacarır. Onlara dəyərli məsləhətlər verir, elm və həyat
yollarında onların əsl qayğıkeşi, yolgöstərəni
olur. Təsadüfi
deyil ki, ölkə
başçısı onu "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adı ilə təltif edib.
Bu günlərdə Məmmədlə
görüşəndə yenicə çapdan
çıxmış kitabını mənə
bağışladı. Kitab "Müasir şəxsiyyət haqqında
düşüncələr" adlanırdı. Bu məni çox sevindirdi. Məmməd müəllimin ikinci uğuru haqqında eşitdiyim xəbər mənim sevincimi daha da artırdı. Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Rəyasət Heyətinin qərarı ilə M.H.Rzayevə professor elmi adı verilmişdir.
Görkəmli
yazıçı V.Hüqo yazır:
"Gələcək iki tip
insana məxsusdur: fikir
adamına və əmək adamına". Mahiyyətcə
bunlar eyni şeydir, düşünmək elə özü işləmək deməkdir. Əmək
insanın həyatıdır, həyatın dönməz qanunudur, insanın özünün
özünə verdiyi qiymətidir.
İnsanın hər bir nailiyyəti, uğuru yalnız əməklə, zəhmətlə
bağlıdır.
Bu günlərdə Məmməd müəllimin 60 yaşı tamam olub. O gözəl arzularla yaşayır. Əminəm ki, biz həmişə onun yeni-yeni tədqiqat əsərləri
ilə tanış olacaq, onun
gur səsini auditoriyalardan
eşidəcəyik. Mən öz alim dostuma gələcək
işlərində böyük uğurlar arzulayır, onu elmin ən uca zirvələrində
görmək istəyirəm!
60 yaşın mübarək, əziz dostum!
Yavuz
AXUNDLU,
Naxçıvan Dövlət
Universitetinin
Azərbaycan
ədəbiyyatı kafedrasının
professoru,
filologiya elmləri doktoru,
Prezident
təqaüdçüsü
Azərbaycan
müəllimi.- 2012.- 25 may.- S.4.