Qərib ölkədən
dost haqqında ürək sözləri
Hörmətli redaksiya, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri
İsmayıl Sadıqovu çoxdan
tanıyıram. Bir həmkar və dost kimi birgə fəaliyyət göstərir,
müntəzəm olaraq əlaqə
saxlayır, beynəlxalq tədbirlərdə iştirak
edirik. Bu münasibətlərin
qarşısında bircə onu bilirəm
ki, İsmayıl müəllim məndən
cavandır. Etiraf edim ki, İsmayıl müəllimin nə ad gününü, nə
də doğum ilini bilirdim. Bu yaxınlarda
İslandiyanın Reykyavik şəhərində
Transavropa Elmi-tədqiqat və Təhsil
Şəbəkələri Assosiasiyasının (TERENA) Baş Assambleyasının toplantısında iştirak etmək üçün
ezamiyyətə getmişəm. Adətim üzrə elektron poçtumu yoxlayarkən
Facebookdan bir məlumat
aldım: "24 may 2012-ci ildə
İsmayıl Sadıqovun 50 yaşı tamam
olur". Əvvəl inanmadım. Bir qədər sonra
yaddaşımı səfərbər edib,
İsmayıl müəllimlə etdiyim
söhbətlərdən xatirimdə qalan
məlumatların əsasında onun doğrudan da 50
yaşının tamam olmasına özümü birtəhər inandıra bildim. Düşündüm ki, İsmayıl müəllim kimi şəxsiyyəti, peşəkarlığı,
istiqanlılığı, prinsipiallığı, əməksevərliyi,
ünsiyyətcilliyi və digər müsbət keyfiyyətləri
özündə cəmləşdirən bir
insan haqqında bildiklərimi və
mülahizələrimi ictimaiyyətlə
bölüşdürməyə dəyər. Bu münasibətlə Sizdən qərib bir ölkədə qələmə
aldığım ürək sözlərimin "Azərbaycan
müəllimi" qəzetində dərc olunması üçün imkan
yaratmağınızı xahiş edirəm.
İsmayıl
müəllimin çoxşaxəli fəaliyyəti qibtə doğurur. Bir tərəfdən
Təhsil Nazirliyinin təhsilin
informasiyalaşdırılması işlərinə məsul olan şöbənin fəaliyyətini uğurla təşkil edir,
digər tərəfdən elmi
araşdırmalar aparır, çoxlu kitab və dərsliklər yazır, beynəlxalq
tədbirlərdə və ölkənin ictimai
həyatında fəal iştirak edir.
İ.Sadıqov
BDU-nun mexanika-riyaziyyat
fakültəsini bitirəndən bu
günə kimi proqramçı peşəsinə
sadiq qalmışdır. Bu
illər ərzində onun
hazırladığı bir sıra intellektual tutumlu proqram məhsulları hazırda ölkəmizin
təhsil, nəqliyyat və rabitə sahələrində uğurla istifadə olunur.
İsmayıl
müəllim informatika sahəsində çoxlu sayda
kitabların, o cümlədən dərsliklərin
müəllifidir. O, eyni zamanda
informatika üzrə uşaq
ensiklopediyasının hazırlanmasında böyük
zəhmət çəkmişdir.
İ.Sadıqov
digər həmkarları ilə birlikdə respublikanın orta və ali təhsil
müəssisələrinin tələbə və şagirdləri
arasında informatika üzrə
olimpiadaların keçirilməsinin əsas təşəbbüskarlarından
və təşkilatçılarından biri
kimi gərgin əmək sərf edir.
Bu yarışların qaliblərindən
ibarət komanda hər il
beynəlxalq informatika olimpiadalarında
ölkəmizi təmsil edir. Bu ardıcıl və gərgin əməyin nəticəsidir
ki, 2011-ci ildə Azərbaycan nümayəndəsi
Tailandda keçirilən olimpiadada
bürünc medal
qazanmışdır. Bütün bunlarla yanaşı,
İsmayıl müəllim beynəlxalq informatika
olimpiadalarında müxtəlif illərdə iştirak
etmiş Azərbaycan komandalarının tarixi salnaməsini, həmin olimpiadaların təşkili
qaydaları və qiymətləndirmə prosedurlarını,
həmçinin müxtəlif müsabiqələrdə rast gəlinən xarakterik
məsələlər və onların həllinə dair metodiki tövsiyələri
özündə əks etdirən bir
sanballı kitabı da bu
yaxınlarda ölkə ictimaiyyətinə təqdim etmişdir.
İsmayıl
müəllimin informatika sahəsində milli terminologiyanın formalaşması və
inkişafında xüsusi xidmətləri
vardır. O, dünya səviyyəsində
çox yüksək templə inkişaf edən informasiya
texnologiyalarına dair yeni
terminlərin dilimizə daxil edilməsi məsələlərinə
yüksək məsuliyyətlə yanaşır, fasiləsiz olaraq elmi
araşdırmalar aparır, açıq müzakirələr
təşkil edir, başqa
xalqların təcrübəsini öyrənir və nəticədə,
sözlərin ən
optimalını sintez edərək milli leksikonumuzu zənginləşdirir.
O, eyni zamanda türkdilli xalqların informatika,
kompüter elmləri sahəsində ortaq terminlərinin yaradılması istiqamətində
də yaxından iştirak edir. Bununla əlaqədar
keçirilən beynəlxalq toplantılarda çox
mühüm əhəmiyyət kəsb edən
konseptual xarakterli məruzələr
edir.
İ.Sadıqov
AMEA İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran elmi problemlərin həllində
də yaxından iştirak edir. İsmayıl müəllim tərəfindən
ölkəmizdə ilk dəfə orta məktəb dərsliklərinin həm
ayrıca, həm də kompleks olaraq müxtəlif meyarlar
üzrə avtomatik qiymətləndirilməsi, onların keyfiyyətinin
dinamiki olaraq
yaxşılaşdırılması və idarə
olunması üçün riyazi-statistik üsullara, intellektual informasiya
texnologiyalarına əsaslanan yanaşmalar
və kompüter modelləri işlənmişdir.
Bu problemlərin həlli ilə
bağlı İsmayıl müəllim institutun
seminarlarında, həmçinin beynəlxalq və respublika səviyyəli toplantılarda məruzələrlə
çıxış etmiş, elmi jurnallarda məqalələr
dərc etdirmişdir. O, həmçinin
təhsilin informasiyalaşdırılmasının elmi-praktiki problemlərinin
araşdırılması istiqamətində institut
tərəfindən aparılan işlərdə yaxından iştirak edir, orta məktəb müəllimləri üçün informasiya
texnologiyalarının son nailiyyətlərinə
həsr olunmuş innovativ
seminarlar təşkil edir.
İsmayıl müəllim respublikanın
regionlarında, ucqar məktəblərdə
İKT üzrə müxtəlif layihələrin həyata
keçirilməsində, kursların təşkil
olunmasında, əhalinin maarifləndirilməsi və informasiya cəmiyyəti ideyalarının
populyarlaşdırılması istiqamətində yorulmaz fəaliyyət göstərir, xüsusən,
kütləvi informasiya vasitələrində
çıxışlar edir.
İsmayıl
müəllim həddindən artıq təvazökar və prinsipial bir həmkardır.
O, həmişə ictimai marağı
şəxsi maraqdan üstün
tutub, bəzi hallarda,
hətta onu qurban da veribdir.
İ.Sadıqov
ömrünün ən müdrik
çağına qədəm qoyur.
Qarşıda onu neçə-neçə
şərəfli və məsuliyyətli işlər gözləyir.
Hələ İsmayıl müəllimin özünün
şəxsi arzularını demirəm. Dəyərli
insan, həmkarımız və dostumuz olan İsmayıl
müəllimi 50 illiyi münasibətilə
təbrik edir, ona
möhkəm cansağlığı, gələcəkdə daha da səmərəli əmək
fəaliyyəti və böyük müvəffəqiyyətlər
arzulayıram.
Rasim
ƏLİQULİYEV,
AMEA İnformasiya
Texnologiyaları
İnstitutunun
direktoru,
AMEA-nın müxbir üzvü, professor
Azərbaycan
müəllimi.-2012.- 25 may.- S.3.