Təhsil Nazirliyində
Akkreditasiya komissiyasının növbəti iclası
keçirilib
Mayın
17-də Təhsil Nazirliyində Akkreditasiya komissiyasının
növbəti iclası keçirilib.
İclasda
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci,
Şirvan Dövlət İqtisadiyyat
və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi
Kollecinin akkreditasiyasının nəticələri müzakirə
olunub.
Azərbaycan
Milli Konservatoriyası nəzdində Musiqi Kolleci üzrə
Akkreditasiya komissiyasının sədri Həcər Babayeva bu təhsil
müəssisəsində tədrisin təşkili vəziyyətinin
ətraflı təhlil edildiyini, mütəxəssis
hazırlığının keyfiyyətinin öyrənildiyini
nəzərə çatdırıb. Daha sonra iclas
iştirakçılarını tədris ocağının
fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələrlə
tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə
kadr hazırlığı və digər meyarlara görə
Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə
məlumat verib.
Şirvan Dövlət İqtisadiyyat və
Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri
Fərrux Məmmədov bu təhsil ocağının tədris
şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti
haqqında müvafiq göstəriciləri təqdim edib. O,
kollecin fəaliyyətinin daha da
yaxşılaşdırılması üçün
komissiyanın təklif və tövsiyələrini diqqətə
çatdırıb.
Bakı
Dövlət Sosial İqtisadi Kolleci üzrə Akkreditasiya
komissiyasının sədri Lətif İsmayılov iclas
iştirakçılarını kollecin ümumi fəaliyyəti,
müvafiq göstəriciləri və komissiyanın gəldiyi
qənaətlə tanış edib.
Hər
üç tədris müəssisəsi üzrə
akkreditasiyanın nəticələrinə dair iclas
iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb, bir sıra rəy və təkliflər
səsləndirilib.
İclasda
təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin
akkreditasiya prosesinin daha səmərəli təşkili məsələləri
barədə fikirlərini bildirib.
Akkreditasiya
komissiyasının iclasında hər üç təhsil
müəssisəsinin müəyyənləşdirilmiş
meyarlar üzrə tələblərə əsasən cavab
verdiyi nəzərə alınaraq, Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin fəaliyyəti
"yaxşı", digər iki müəssisənin fəaliyyəti
isə "kafi" qiymətləndirilib və müvafiq
ixtisaslarının akkreditə olunması barədə qərar
qəbul edilib.
Azərbaycan müəllimi.- 2012.- 25 may.- S.2.