20 nömrəli məktəb-liseydə
Distant Təhsil Mərkəzi açılıb
Mayın
23-də Bakıdakı 20 nömrəli məktəb-liseydə
Distant Təhsil Mərkəzinin açılış mərasimi
oldu. Tədbirdə həmçinin www.mesafedenmekteb.edu.az İnternet portalının da təqdimatı
keçirildi.
Qeyd edək
ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində həyata
keçirilən "Elektron Təlimləndirən Sistemlər"
layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil
Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin
distant tədris metodları vasitəsilə orta təhsilini təmin
edir. "Elektron Təlimləndirən Sistemlər" layihəsinin
əsas məqsədi evdə təhsil alan sağlamlıq
imkanları məhdud uşaqların distant təhsilə cəlb
edilməklə cəmiyyətə inteqrasiya olunmasına dəstək
vermək, təhsil almaq imkanlarını
yaxşılaşdırmaq və bununla yanaşı,
kompüter, elektron resurslardan istifadə
bacarıqlarının artırılması və İnternetə
çıxış imkanlarının
yaradılmasıdır.
Layihə
çərçivəsində 30 şagird və 7 müəllim
heyəti "Apple" şirkətinin istehsalı olan Macbook
noutbukları ilə təchiz olunmuş, şagirdlərin evləri
Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq
yüksək sürətli İnternet bağlantısı ilə
təmin edilmişdir. Şagirdlərin dərs prosesinin idarə
edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseyin
seçilmiş sinif otaqları yüksək sürətli
fiberoptik İnternet və İntranet bağlantıları ilə
təchiz olunmuşdur. "Elektron Təlimləndirən
Sistemlər" təlim vəsaiti əsasında təlimçi
heyəti hazırlanmış, həmin təlimçilər
xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı
uşaqlar üçün məsafədən təhsil vasitəsi
ilə təlimlər təşkil etmişlər. Eyni zamanda
belə uşaqların distant təhsilinin icrasını təmin
etmək məqsədilə müəllimlər, şagirdlər
və valideynlər üçün İKT
avadanlıqlarından və texniki vasitələrdən istifadəyə
dair metodik vəsait hazırlanmışdır.
Tədbirdə
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov,
Milli Məclisin deputatı Kamilə Əliyeva, ali məktəblərin
rektorları, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, ümumtəhsil məktəblərinin
direktorları, mərkəzin əməkdaşları, KİV
təmsilçiləri və digər qonaqlar iştirak edirdilər.
Öncə
qonaqlar məktəbdə yaradılmış Distant Təhsil
Mərkəzi ilə tanış oldular və müəllimin
məsafədən keçdiyi dərsi müşahidə
etdilər.
Sonra tədbir məktəbin akt
zalında davam etdirildi. Açılışdan sonra
"Nobel-T" şirkətinin direktoru Salam Əliyev layihə
ilə bağlı hesabat xarakterli təqdimatla
çıxış etdi. Verilən məlumata görə,
növbəti tədris ilində evdə təhsil alan
sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə
cəlb edilməsi ilə bağlı fəaliyyətlər
daha da genişlənəcəkdir. Mərkəzin
metodist-eksperti Roza Qasımova www.mesafedenmekteb.edu.az İnternet
portalını təqdim etdi.
Sonra çıxış
üçün söz təhsil naziri Misir Mərdanova verildi.
Tədbir iştirakçılarını
salamlayan nazir bu gün Azərbaycan təhsil sistemində yeni və
uğurlu bir addımın atılmasına sevindiyini bildirdi.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilə
cəlb olunmasının çox böyük əhəmiyyət
kəsb etdiyini deyən Misir Mərdanov bu layihənin müsbət
cəhətlərindən söz açdı. Layihəni həyata
keçirənlərə təşəkkür edən təhsil
naziri bunun çox xeyirxah bir iş olduğunu və həmin
sahədə fəaliyyəti daha da genişləndirməyin zəruriliyini
bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təhsil sahəsinə həmişə
xüsusi diqqət və qayğı göstərdiyini
vurğulayan nazir söylədi ki, məhz bunun nəticəsində
indi ölkəmizin bütün regionlarında, xüsusən
paytaxtımızda yaxşı məktəblərimiz çoxdur.
Misir Mərdanov
çıxışının sonunda layihənin uğurla həyata
keçirilməsini arzulayaraq qeyd etdi ki, qarşıda hələ
görüləsi işlər çoxdur. Bu işdə
hamı fəal iştirak etməlidir, çünki
yaxşı nəticə əldə etmək
üçün bünövrə möhkəm
qoyulmalıdır.
Daha sonra 20 nömrəli məktəb-liseyin
direktoru Sabir Məmişov rəhbərlik etdiyi təhsil
müəssisəsində İKT-dən tədris prosesində
istifadə istiqamətində görülmüş işlərdən
və bu sahədə qazanılmış uğurlardan söz
açdı.
Valideynlər adından
çıxış edən Məlahət Şirinli
xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən
diqqətə görə təşəkkürünü
bildirdi.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 25 may.- S.2.