Azərbaycanlı alim Hindistanda
keçirilən elmi konfransdan qayıdıb
Bu
yaxınlarda Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
doktoru, dosent, əməkdar müəllim
Əlihəsən Həmzəyev
Hindistanda Maunt Abu şəhərində keçirilən
beynəlxalq elmi tədbirdə iştirak edib.
4-9 oktyabr tarixində Braxma Kumaris Ümumdünya Mənəviyyat Universitetində
təşkil olunan beynəlxalq tədbir haqqında Ə.Həmzəyev
təəssüratlarını bizimlə bölüşərək
deyir:
- Braxma Kumaris
Ümumdünya Mənəviyyat
Universiteti "Ağlın
dincliyi" adlı Beynəlxalq retrit keçirir. Maunt Abu şəhərində universitetin baş qərargahında bu təhsil ocağının
75 illik yubileyi münasibətilə keçirilən
proqramda yüzdən artıq millətin nümayəndələri, müxtəlif
peşə, mədəniyyət
adamları, eləcə
də dövlət rəhbərləri iştirak
edirdilər. Orada bir
həftə ərzində
çox maraqlı və mənalı tədbirlərdə iştirak
etdim. Müxtəlif millətlərin nümayəndələri ilə
görüşlər keçirdim.
Ən yaddaqalan və ürəkləri riqqətə
gətirən iki məqam haqqında fikirlərimi bildirmək istəyirəm.
Birincisi odur ki,
10 minə yaxın iştirakçının qarşısında
çıxış edərək
öz ürək sözlərimi onlara çatdırdım. İlk növbədə, hind xalqını
odlar yurdu - Azərbaycan xalqı, rəhbərlik etdiyim kollecin müəllim və tələbələri
adından salamladım.
Yubiley münasibətilə onları
təbrik edərək
qeyd etdim ki, Braxma Kumaris
təşkilatı saf
səylər sayəsində
bütün dünyanı
zorakılıq əleyhinə
mübarizə aparmağa,
müxtəlif xalqların
insanları arasında
daha yaxşı münasibətlərin yaranmasına
səsləyir. Ümid edirəm
ki, sülh və əmin-amanlıq doğma Azərbaycan torpağına da gələcəkdir. 20 faiz torpağımız ermənilər tərəfindən
zəbt edilmişdir.
Azərbaycan həmişə sülh tərəfdarı
olub və olacaqdır. Artıq 20 ildən
yuxarıdır ki, bizim dövlətimiz qan tökmədən bu konflikti həll
etməkdən ötrü
əlindən gələni
edir. Braxma Kumaris Universitetinin
təbliğ etdiyi və yaydığı ideyalar qloballaşmaqda olan dünyamızın dayağıdır, hətta
bu dünyanı böyük faciələrdən
xilas etmək gücünə malikdir.
İkinci ən çox
yaddaqalan hadisə isə Hindistana və bütün dünyaya yayılan "Badhuban" radiosuna verdiyim müsahibəm oldu. "Badhuban" tərcümədə
"bal meşəsi" deməkdir,
yəni ballı torpaq, şirinli torpaq. Radionun əməkdaşları dedilər ki, onların əsas məqsədləri dinləyicilərinin
mədəni inkişafı
və birliyi, sağlamlığı, sosial
təminatı, təhsili
ilə bağlı verilişlər təşkil
etmək və onların bu sahədə əməli fəallığını birləşdirməkdən
ibarətdir. Proqramlarında yerli cəmiyyətin və onun sakinlərinin
xüsusi ehtiyaclarını
əks etdirən verilişlər hazırlayır
və əsasən kənd camaatının, uşaq və qadınların problemləri,
onların təhsil haqqında fikirlərini dinləyir və müzakirə edirlər.
Radionun əməkdaşları məni
böyük hörmətlə
qarşıladılar. Tədbirin beynəlmiləlliyini qeyd edərək belə görüşlərin insanların
daha da yaxınlaşmasına
və zorakılığa
qarşı birgə mübarizə aparmaqları
üçün fiziki
və mənəvi kamilliyə gedən yolun onlara aşılanması
istiqamətində mühüm
rolundan danışdım.
Torpaqlarımızın erməni bədxahları
tərəfindən zəbt
olunması və 1 milyondan artıq soydaşımızın qaçqın
düşməsi haqqında
məlumat verərək
tezliklə bizim Qarabağda sülhün və əmin-amanlığın
bərqərar olacağına
ümidlərimizin olduğunu
ifadə etdim.
Bir sözlə, Hindistandan böyük təəssürat və xatirələrlə qayıtdım.
İnanıram ki, Azərbaycan
qüdrətli bir dövlət kimi öz həqiqətlərini
bundan sonra da bütün dünyaya yayacaq və düşmənlərin
istəyini gözlərində
qoyacaqdır.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.11.