Müəlliminin nəzəriyyəsində
səhv tapan istedadlı tələbə
Verner Heyzenberq Nobel mükafatına layiq
görülmüş ən gənc alimlərdən biridir.
Onun adı fizika elminin XX əsrdə inkişaf istiqamətlərini
müəyyən etmiş dahi alimlər sırasında
çəkilir. V.Heyzenberq kvant mexanikasının müəlliflərindən
biridir. Bundan əlavə, o, nüvə fizikası (elmə
izospin anlayışını daxil etmişdir) və elementar
hissəciklər fizikasına da əhəmiyyətli töhfələr
vermişdir. Atomun quruluş nəzəriyyəsini daha da təkmilləşdirən
Heyzenberq həmçinin relyavistik kvant mexanikası və sahənin
vahid, qeyri-xətti nəzəriyyəsini də işləmişdir. Dahi danimarkalı fizik Nils Bor onun
haqqında demişdi: "Fizika elminin gözəl macəralarla
müqayisə oluna biləcək indiki inkişaf mərhələsində
ən görkəmli rol Verner Heyzenberqə məxsusdur".
İlk təhsil illəri
Verner
Heyzenberq 1901-ci il dekabrın 5-də Almaniyanın Vürsburq
şəhərində anadan olub. Onun
atası Avqust Heyzenberq Münhen Universitetinin professoru,
tanınmış dilçi alim idi. Anası Anna Vikleyn uşaqların tərbiyəsi ilə
məşğul olurdu. 1911-ci ilin sentyabrında Verneri
nüfuzlu Münhen gimnaziyasına qoyurlar, uşaq burada
riyaziyyatla maraqlanıb və tez
bir vaxtda diferensial və riyazi hesablamanı mənimsəyib. Artıq gimnaziya illərində Verner Heyzenberqin
çoxtərəfli istedadının şahidi oluruq. Gənc
xarici dillərə maraq göstərirdi, xüsusən də
qədim yunan, latın dillərini gözəl
mənimsəmişdi. Bu ona antik filosofların
traktaktlarını orijinaldan oxumağa imkan verirdi. O, bir
neçə musiqi alətində gözəl
çalırdı və qeyri-adi qabiliyyətli
idmançı idi. Onun riyazi qabiliyyətini isə
müəllimləri, sadəcə, çox parlaq hesab edirdilər.
Dəqiq elmlər peşə seçimində qalib gəldi:
1920-ci ildə Verner Münhen Universitetinin fizika fakültəsinə
daxil olub. O, burada A.Zommerfeld və V.Vindən dərs alıb. Birinci semestrdə Zommerfeld Heyzenberqə mürəkkəb
bir fiziki tapşırıq verib. Tələbə
Heyzenberq natriumun spektral xətləri üçün anomal
Zeyman effektini izah etməli idi. Birinci kurs tələbəsi
bu işi çox gözəl yerinə yetirmişdi.
1922-ci ildə tələbə Vernerin ilk məqaləsi
işıq üzü görəndən sonra Zommerfeld onun
atasına göndərdiyi məktubunda yazırdı: "Siz
özünüz nümunəvi filoloqlar ailəsinə mənsubsunuz,
lakin indi siz öz ailənizdə qəfildən
fizika-riyaziyyatçı dahinin peyda olmasını görməyə
məcbursunuz". Universiteti cəmi üç ilə bitirən Verner
Heyzenberq sonralar qələmə aldığı
"Üfüq arxasında addımlar" (W.Heisenberg,
"Schritte über Grenzen", München, 1973) kitabında qeyd
edir ki, gənclik illərindən
Albert Eynşteynin təsiri altında olub. "Dahi
alimin elmi işləri və onunla görüşlər mənim
həyatımda xüsusi rol oynayıb. Mənim
16 yaşım var idi və mən hələ gimnaziyada oxuyarkən
riyazi məsələlərə daha çox marağım
var idi. Bir dəfə əlimə Eynşteynin
nisbilik nəzəriyyəsindən bəhs edən kitab
düşmüşdü. Mən qəzetlərdən
nisbilik nəzəriyyəsi barədə oxumuşdum və
bilirdim ki, onu başa düşmək çox çətindir.
Bütün bunlar məni həddən artıq
məşğul edirdi və mən Eynşteyn nəzəriyyəsindən
bəhs edən bu kiçik kitabı əsaslı surətdə
öyrənməyə qərar verdim".
O, çox istedadlı tələbə idi
və 1923-cü ildə cəmi 22 yaşında doktorluq
dissertasiyası müdafiə edib. Elmi işi
kvant nəzəriyyəsinin bəzi aspektlərinə həsr
olunub. İstedadlı tələbənin
uğurları dövrün məşhur fiziki olan Münhen
Universitetinin professoru Arnold Zommerfeldi heyrətləndirirdi.
Gənc Verner Maks Born tərəfindən
Gettingen Universitetinə dəvət olunur. O,
tanınmış professorun assistenti olur. Məhz
Gettingendə Verner spektral xətlərin intensivliyinə dair
özünün ən əhəmiyyətli elmi işlərindən
birini yerinə yetirib. Məqalə 1925-ci
ildə çap olunub və yeni fiziki nəzəriyyənin -
kvant mexanikasının yaradılmasında ilk addım idi.
1924-cü ildə Heyzenberq tədqiqatçı-təqaüdçü
qismində
ilyarımlıq müddətə Kopenhagenə
yollanır. O vaxt atom fizikasının vəziyyəti fərziyyələr
yığınını xatırladırdı. Volfqanq Pauli məhz bu illərdə
özünün məşhur "fizika indi dalandadır, hər
halda o mənim üçün çətindir, mən kinoda komik və
ya buna bənzər rola
üstünlük verərdim və fizika barədə heç nə
eşitmək istəmirəm" sözlərini səsləndirib.
Heyzenberq ilk işlərini uyğunluq prinsipinə
həsr edib. O bu nəzəriyyənin riyazi əsasını
hazırlamağa cəhd edir və onu empirik qaydadan atomdaxili
proseslərdə elmi tədqiqat metoduna çevirməyə
çalışırdı. 1927-ci ildə cəmi 26 yaşında Leypsiq
Universitetinin professoru təyin olunur.
"Borun
elmi nəticələrində səhvlər gizlənib"
1921-ci ilin payızında Gettingen şəhərində
Nils Borun mühazirələri təşkil olunmuşdu.
"Bor festivalı" adandırılan tədbirə
iki tələbə - Verner Heyzenberq və Volfqanq Pauli də gəlmişdi.
Dahi fizikin
mühazirələrindən birinə qulaq asandan
sonra 19 yaşlı Heyzenberq bəyan etmişdi ki, Borun elmi nəticələrində səhvlər
gizlənib. Bundan əlavə, o öz fikrinin həqiqiliyini tam
sübuta yetirə də bilmişdi. Bor Heyzenberqin
istedadından vəcdə gələrək mühazirədən sonra gənci
dərhal gəzintiyə dəvət edib. Tezliklə
Pauli də onlara qoşulub və o da öz fikrini söyləyib.
Bütün bunlar Boru sevindirib və hər iki tələbəni
işləmək üçün Kopenhagenə öz
yanına dəvət edib.
XX əsrdə atom mexanikasını yaratmaq
səadəti alman fiziki Verner Heyzenberqə nəsib olub.
Heyzenberq Danimarkada elə həmin andan elmi mübahisələr
şəraitinə, həyatının məqsədi fizika və onun qanunları
olan alimlərin arasına düşdü. Yarımillik elmi
axtarışlar uzunsürən mübahisələrdə
keçdi. Elektrodinamikanın obyekti olan
elektron nə üçün atom qanunlarına tabe olmur və
Borun qeyri-məntiq postulatlarının böyük qüvvəsinin
səbəbi nədir? Və elektronun hərəkəti
anlayışı nəyi nəzərdə tutur? Bu suallara cavab tapmaq lazım idi. Tezliklə
yay gəldi və xəstələnmiş Heyzenberq iyun
ayında Baltik dənizindəki Helholand adasına istirahətə
getdi. Lakin istirahət etmək ona müyəssər
olmadı. O, burada birdən-birə gözlənilməz həqiqəti
başa düşdü: elektronun atomdakı hərəkətini
balaca kürəciyin trayektoriya
üzrə hərəkəti kimi təsəvvür etmək
olmaz. Ona görə ki,
elektron kürəcik deyil, nə isə daha mürəkkəb bir şeydir
və bu "nə isə"nin hərəkətini adi təsəvvür etmək
mümkün deyil. Heyzenberq təsdiq edirdi ki, atomdakı hərəkətin
təsvirini vermək üçün istifadə etdiyimiz tənliklərdə
ölçülə bilənlərdən başqa heç
bir kəmiyyət olmamalıdır. Heyzenberqin
köməyinə Maks Born və onun tələbəsi Paskual
İordan çatdı. Riyazi
matrisaların köməyi ilə Heyzenberq öz fərziyyəsini
daha da inkişaf etdirdi. Heyzenberq və onun
müəllimi Nils Bor psixoloji sədləri dəf edərək
matrisaların xassələri ilə elektronların atomdakı
hərəkət xüsusiyyətləri arasında
uyğunluq tapdılar və bununla da yeni atom, kvant, matris
mexanikasının əsasını qoydular. Beləliklə, atom mexanikası elektronun atomdakı
hərəkətini təsvir edir. Kvant
mexanikasına görə isə bu təsvirdə əsas rolu
h təsir kvantı anlayışı oynayır. Bu təsviri
izah etmək üçün zəruri olan riyazi aparat isə matrisalardır.
Heyzenberqə görə hərəkət -
elektron kürəciyin nüvə ətrafında hər
hansı trayektoriya üzrə hərəkəti deyildir.
Hərəkət - sistemin halının zamana
görə dəyişilməsidir və bu da matrisalar vasitəsilə
təsvir olunur. Heyzenberq tərəfindən matrisa
mexanikasının yaradılmasını fiziklər böyük sevinc və
yüngüllüklə qarşıladılar. "Heyzenberqin
mexanikası mənə yenidən sevinc və ümid
qaytardı. Bu mexanika tapmacanın cavabını verə
bilməsə də, mən inanıram ki, indi yenidən irəli
getmək olar",-deyə V.Pauli 1925-ci il
oktyabrın 9-da yazırdı. Pauli tezliklə
Heyzenberq nəzəriyyəsini hidrogen atomuna tətbiq etməklə
onu sübut etdi. Beləliklə də Heyzenberq
fizikanın donmuş əsaslarını parçalayaraq hərəkət
anlayışına yeni həyat verdi. Cəmi 4 ay sonra Heyzenberqin dostu Ervin Şredinger daha
bir mexanika - matrisa mexanikasına oxşamayan, lakin atomun
quruluşunu onun qədər yaxşı izah edən dalğa
mexanikasını yaratdı.
Dönüş
anı
1925-ci ilin yazında Heyzenberqin elmi fəaliyyətində
dönüş yarandı. O, Kopenhageni tərk
edir və Gettingendə Maks Bornun assistenti kimi
çalışır. 1925-ci il iyunun 29-da
alman alimi özünün kvant nəzəriyyəsi üzrə
ilk fundamental tədqiqat işini - "Kinematik və mexaniki əlaqələrin
kvant - mexaniki şərhinə dair" məqaləsini dərc
etdirir. Bu məqaləsində alim atom
mexanikasının zəruri əsaslarını işləyib
hazırlamağa cəhd edir.
Bu arada Maks Born öz tələbəsi
P.Yordan ilə birlikdə matrik mexanikanın riyazi əsaslarını
işləyib hazırlayır. Onların 1925-ci il sentyabrın 27-də dərc olunmuş
"Kvant mexanikasına dair" birgə məqaləsində
Heyzenberqin ideyaları kvant mexanikasının sistematik nəzəriyyəsinə
qədər inkişaf etdirilir. Bornun sözlərinə
görə, "Heyzenberq müəyyən radiuslu elektron
orbitlər barədə təsəvvürlərdən və
dövretmə mərhələlərindən imtina edir, çünki bu
ölçülər müşahidə oluna bilmirlər. Beləliklə
də Heyzenberq fəlsəfi
prinsiplər vasitəsi ilə dolaşıq düyünü
açıb və təxminləri riyazi qaydalarla əvəz
edib".
Elmi
yaradıcılığın zirvəsində
Heyzenberqin matrik mexanika nəzəriyyəsi
lap yerinə düşdü. Onun ideyalarını digər fiziklər inkişaf
etdirdilər və tezliklə Borun ifadəsinə görə,
"onun nəzəriyyəsi öz məntiqi bitkinliyi və ümumiliyi ilə
yalnız klassik mexanika ilə rəqabət apara biləcək
şəkil aldı". 1926-1927-ci illərdə
Heyzenberq yenə Kopenhagendədir, o, nəzəri fizika dosenti
kimi çox uğurla tələbələrə mühazirə
oxuyur. Bununla belə, gənc alman alimi Nils Borla kvant hadisələrinin
şərhi üzrə
çox qızğın mübahisələr aparır.
Müəllim və tələbə arasında
tez-tez kvant mexanikası üzrə diskussiyalar olurdu. Bu mübahisələr
sonda elmi həqiqətin doğulmasına xidmət edirdi.
Heyzenberq bu barədə sonralar xatırlayırdı:
"Mən Borla olan çoxsaylı diskussiyalarımı
xatırlayıram, bu mübahisələr gecəyarısına
kimi davam edir və tam ümidsizliklə başa
çatırdı. Və əgər mən bu cür
diskussiyalardan sonra qonşu parka qısa gəzintiyə yola
düşürdümsə, yenə də öz-özümə
təkrar edirdim ki, doğrudanmı, təbiət həqiqətən,
atom eksperimentlərində bizim anladığımız kimi bu
cür absurd ola bilərmi?". Bu düşüncələrin
nəticələri 1927-ci ildə Heyzenberqin "qeyri-müəyyənlik
əlaqəsi" və Borun "tamamlama prinsipi" kimi təsbit
olundu. Borun
dediyi kimi, "qarşılıqlı qeyri-müəyyənliyin"
təbii halı Heyzenberq tərəfindən riyazi olaraq
"qeyri-dəqiqlik münasibəti" və ya
"qeyri-müəyyənlik münasibəti" kimi əksini
tapdı. Bu kəşf nəzəri
fizikada ən görkəmli nailiyyətlərdən hesab
olunur.
Onun elmi yaradıcılığının
zirvəsi 1927-ci ildə qeyri-müəyyənlik münasibətinin
kəşfi oldu. Hissəciklərin impulsu və
kordinatı anlayışı barədə
düşünün alim belə bir nəticəyə gəlmişdi
ki, eyni vaxtda həm kordinat və impulsu dəqiq ölçmək
mümkün deyil. Elektronun kordinatı nə
qədər dəqiq ölçülürsə, impulsu bir o
qədər qeyri-dəqiq müəyyən etmək olur.
Bu iki anlayış bir-birini tamamlayır. Qeyri-müəyyənlik münasibəti klassik fizika
nöqteyi-nəzərindən tamamilə qeyri-adi
anlayış hesab olunurdu.
1941-ci ilə kimi Leypsiqdə işləyən
alim ferromaqnetizm və elektodinamika sahəsində bir sıra
elmi tədqiqatlar aparıb. 1932-ci ildə
Ceyms Çedvik tərəfindən neytronun kəşfindən
sonra Heyzenberq belə bir fərziyyə irəli sürdü
ki, atom nüvəsi nüvə qarşılıqlı
qüvvələri tərəfindən saxlanılan proton və
neytronlardan təşkil olunub.
Özünün "Atom nüvəsi fizikası"
kitabında alim kəşf etdiyi təbiət qanununu belə
xarakterizə etmişdi: "Heç vaxt həlledici şəkildə
xırda hissəciklərin hərəkətini müəyyən
edən hər iki parametri - onun yerini və sürətini eyni
vaxtda dəqiq bilmək olmaz. Heç vaxt eyni
zamanda onun harada yerləşməsini, hansı sürətlə
və hansı istiqamətdə hərəkət etməsini
bilmək olmaz. Əgər qoyulan eksperiment
indiki anda onun harada olmasını dəqiq göstərirsə,
onda hərəkət elə bir tərzdə pozulur ki, bundan
sonra hissəciyi yenidən tapmaq mümkün olmaz. Əksinə, sürətin dəqiq
ölçülməsi ilə yerin şəkli tamamilə
silinə bilər". Heyzenberqin qeyri-müəyyənlik
münasibətində atomu dağıtmadan onu müşahidə
etmənin mümkünsüzlüyü anlayışı
var. Mikrofiziki aləmin dəqiq şəklinin istənilən
ifadə olunma cəhdləri ya korpuskulyar, ya da dalğa nəzəriyyəsinə
əsaslanmalıdır. 1927-ci ildə Heyzenberq
sovet fiziki Dmitri İvanenkodan xəbərsiz nüvənin
proton-neytron modelini təklif edib, bu fərziyyəni kvant
mexanikası əsasında müfəssəl şəkildə
əsaslandırıb. 1933-cü ildə
Şredinger və Dirakla birlikdə onun işləri Nobel
mükatına layiq görülüb. O, kvant
mexanikasını yaratdığına və onun əlavəsi
olaraq hidrogenin allotropik formalarının kəşfinə
görə ali mükafat alıb.
"Elə
ciddi şeylər var ki, onlar
barədə yalnız zarafatla danışmaq olar"
Verner Heyzenberq gimnaziyanı bitirən zaman
onun ölkəsi Almaniya bütün dünya ilə -
Mendeleyevin vətəni Rusiya, Rezervordun vətəni İngiltərə,
Lui de Broylun vətəni Fransa ilə vuruşurdu.
Müharibə alimlərin normal fəaliyyəti
üçün ciddi maneələr yaratmışdı.
Maks Plank və Albert Eynşteynin tez-tez təkrar
etdikləri "Elektron nədir - dalğadır, yaxud hissəcik"
sualı cavabsız qalmışdı. 1927-ci ildə məsələ
tam aydınlaşdı. Verner Heyzenberq başa
düşdü ki, hər iki anlayış - hissəcik və
dalğa anlayışları atom obyektinə eynilə
yaxşı tətbiq oluna bilir, onları
ayrı-ayrılıqda dəqiq müəyyənləşdirmək olar.
1926-cı ilin payızında Heyzenberq
Kopenhagen Fizika İnstitutunun mansardında yaşayırdı.
Axşamlar Bor onun yanına qalxar və diskussiyalar
başlayardı, mübahisələr çox vaxt gecəyarısına
qədər davam edərdi. Heyzenberq bu barədə
yazırdı: "Bəzən kvant nəzəriyyəsinin
anlaşılmazlığı üzündən diskussiyalar
tam ümidsizliklə Borun mənzilində, bir stəkan portveyn
şərabı içməklə qurtarırdı. Bir dəfə belə diskussiyalardan sonra mən bərk
narahatlıq içində yatmaqdan qabaq bir qədər təmiz
havada gəzmək üçün institutun arxasındakı
parka endim. Ulduzlar səpələnmiş gecə səması
altındakı həmin gəzinti zamanı mənim ağlıma belə
bir fikir gəldi: gələcək mühakimə
üçün bunu əsas götürək: təbiət
yalnız eksperimental halların olmasına yol verir ki, bu hallarda
... hissəciyin yerini və sürətini eyni vaxtda təyin
etmək mümkün olmur". Dahi alimin gəldiyi
bu qənaətdə gələcək qeyri-müəyyənlik
nisbətinin rüşeymi əks olunmuşdu. Heyzenberqin bu düşüncələri tezliklə
qeyri-müəyyənlik münasibətinə gətirib
çıxardı. Fevralın 23-də
Pauliyə göndərdiyi 14 səhifəlik məktubunda
Heyzenberq özünün qeyri-müəyyənlik prinsipinin
mahiyyətini açıqladı. 1927-ci
ilin payızında Brüsseldə alimlərin Solveyev konqresində
(Maks Plank, Albert Eynşteyn, Lorents, Nils Bor, Lui de Broyl,
Şredinger, cavan alimlərdən Heyzenberq, Pauli, Dirak, Kramersin
iştirakı ilə keçirilən) kvant
mexanikasının bütün müddəaları ciddi
araşdırılmış və təsdiq olunmuşdur.
Həmin illərdə Kopenhagendə Borun
institutunda nəinki atom haqqında elm yarandı - orada gənc
fiziklərin beynəlmiləl ailəsi yetişmişdi.
Onların arasında Heyzenberq, Pauli, Kramers, Qamov,
Landau, Haudsmit və başqaları vardı. Elm tarixində
alimlərin bu misilsiz əməkdaşlığı,
onların heç bir güzəştə getmədən həqiqəti
aşkar etməyə can atmaları, həll etməli
olduqları məsələnin böyüklüyünə
ürəkdən heyran qalmaları və intellektual nəcibliyi onların
müəllimi və mənəvi atası olmuş Nils Borun aşağıdakı
sözləri ilə həmahənglik təşkil edirdi:
"Elə ciddi şeylər var ki, onlar barədə
yalnız zarafatla danışmaq olar".
Repressiya
illərində
"Mən gələcək
üçün əhəmiyyətli ola
biləcək elmi dəyərləri müşahidə edə
bilməyimdən qane olmalıyam. Bu mənim hazırkı ümumi xaosda edə
biləcəyim yeganə işdir. Dünya daxilən
həqiqətən də çirkindir, lakin işlər
çox gözəldir". 1935-ci ildə
Heyzenberqin anasına göndərdiyi bu məktubdakı
sözlər dahi alimin kredosu idi.
Nasistlərin Almaniyada hakimiyyət
başına gəlməsindən sonra Heyzenberq və onun tələbələri
təzyiqlərlə üzləşib. Təzyiqlərə və ABŞ-ın nüfuzlu
universitetlərinin kafedralarında işləmək barədə
inadlı təkliflərə baxmayaraq, Heyzenberq müharibə
şəraitində Almaniyada qalıb. O hesab edirdi ki, bu
cür mürəkkəb dövrdə öz ölkəsini və
tələbələrini tərk etməyə onun mənəvi
haqqı yoxdur. 1941-1945-ci illərdə Berlin
Universitetinin professoru, Vilhelm Fizika İnstitutunun direktoru olub.
Alim İkinci Dünya müharibəsi illərindəki
fəaliyyəti barədə özü belə
yazırdı: "1938-ci ildə Otto Qan tərəfindən
atom nüvəsinin parçalanmasının kəşfindən
sonra müharibə nəticəsində belə məlum oldu
ki, mən öz əməkdaşlarımla birlikdə atom
reaktorlarının yaradılması ilə məşğul
olmalıyam. Baxmayaraq ki, mən əvvəldən belə bir vəzifədən
uzaq idim, mənim bu işə yüksək maraqla
yanaşmağım enerjinin nəhəng atom mənbələrinin
əldə olunmasına sövq edirdi. Mən
hesab edirəm ki, alman alimlərinin bəxti onda gətirdi ki,
müharibənin gedişi və hökumətin
addımları atom silahının yaradılmasının hər
hansı ciddi cəhdini istisna edirdi və bununla da fizikləri
bu cür işlərə görə ağır məsuliyyət
hissindən xilas edirdi".
Verner Heyzenberq nasist Almaniyasının təqiblərindən
və repressiyalarından qaçmağa müvəffəq
olmuş yeganə alimdir.
Kvant
mexanikasının Kolumbu
Verner Heyzenberqin sonuncu aspirantı və
onun elmi məqalələrinin redaktorlarından biri, Münhendəki
Maks Plank adına Fizika İnstitutunun professoru Helmut Reyxenberq "CERN
Courier" jurnalında dahi alimin 100 illiyinə həsr
olunmuş məqaləsində Verner
Heyzenberqi kvant mexanikasının Kolumbu adlandırıb.
Tələbəsi və yaxın dostu Karl Veyszekker sonralar
xatırlayırdı ki, Verner Heyzenberq, ilk növbədə,
geniş dünyagörüşlü, intellektual maraqları ilə daxilən aktiv olan şəxsiyyət
və yalnız bundan sonra görkəmli alim idi.
Onun son işləri, ilk növbədə,
elementar hissəciklərin öyrənilməsinə həsr
olunub. 1958-ci ilin aprelində Maks Plankın 100 illiyinə həsr
olunmuş tədbirdə
Heyzenberq elmi ictimaiyyətin diqqətinə
özünün yeni elementar hissəciklər nəzəriyyəsini
təqdim edib. O, elementar qravitasiya hissəciklərini
özündə ehtiva edən "dünya formulu"nu irəli
sürmüşdü. Eynşteyn nəzəriyyəsindən irəli gələn
c işıq sürəti və h Plank sabiti ilə
yanaşı, Heyzenberq yeni təbii sabit - "ən qısa
uzunluq" sabitini tətbiq etdi. O, 1957-ci ilin yazında
dünyada gərginliyin azaldılması və sülhün
qorunub saxlanmasına yönəlmiş bəyanatları dəstəkləyib,
eləcə də Gettingen bəyannaməsini imzalamış
alimlər qrupuna daxil olub. Alim dəfələrlə dünya müharibəsinin
qarşısının alınmasında ən böyük məsuliyyətin
məhz atom sahəsində çalışan fiziklərin
üzərinə düşdüyünü bildirirdi.
1937-ci ildə Verner Elizabet Şumaxer ilə
evlənib. Onların 4 qızı və
3 oğlu anadan olub. Gözəl
pianoçu olan Verner öz ailə üzvləri ilə birlikdə
kamera ansamblında musiqilər ifa edib. Oğullarından Martin Heyzenberq genetika professoru
olub.
Verner Heyzenberq Kolumbiya Universitetinin
"görkəmli xidmətlərinə görə"
Bernard qızıl medalı (1929), İtaliya Milli Elmlər
Akademiyasının Matteuççi qızıl medalı
(1929), Alman Fizika Cəmiyyətinin Maks Plank medalı (1933),
ABŞ Milli Elmlər Akademiyasının (1964), Danimarka
inşaatçı-mühəndislər, elektriklər və
mexaniklər cəmiyyətinin Nils Bor beynəlxalq qızıl medalları ilə təltif
olunub. London Kral, Amerika Fəlsəfə cəmiyyətlərinin,
Nyu-York Elmlər, İrlandiya Kral, Yaponiya Elmlər
akademiyalarının fəxri üzvü seçilib.
Dahi fizikin tanınmış tələbələrindən
fizik və filosof K.Vayszekker, "hidrogen bombasının
atası"
E.Teller, Nobel
mükafatı laureatı F.Blox və kimyaçı F.Hundu
göstərmək olar.
Heyzenberq 1976-cı il
fevralın 1-də Münhendə öz evində xərçəng
xəstəliyindən vəfat edib.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.9.