SDU-da növbəti elmi konfrans

 

Sumqayıt Dövlət Universitetində (SDU) "Monomerlər və polimerlər kimyasının müasir problemləri" II Respublika elmi konfransı öz işinə başladı. Plenar iclası universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq konfrans barədə məlumat verdi, tədbirin bu ali məktəbin 50 illik yubileyi çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı. Rektor qeyd etdi ki, SDU tərəfindən bugünədək 17 beynəlxalq, 28 respublika konfransı keçirilib. Son 10 ildə universitetin 17 əməkdaşı elmlər doktoru, 84-ü isə elmlər namizədi adını alıb. "Ölkəmizin iqtisadi inkişafı bütün istiqamətlər üzrə yeni texnologiyalar mənimsəmiş kadrların yetişdirilməsini tələb edir ki, Sumqayıt Dövlət Universitetibu baxımdan ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri kimi çıxış edir", - deyə rektor bildirdi.

Daha sonra çıxış edən Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, SDU-nun professoru Abbas Quliyev konfransın əhəmiyyətindən danışdı. Qeyd edildi ki, ölkəmizin yüksək inkişafı elmi tapıntıları da zəruri edir.

AMEA-nın Rəyasət Heyətinin akademik katibi, akademik Vaqif Fərzəliyev də bu cür elmi konfransların sıx şəkildə keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd etdi.

Daha sonra konfransda məruzələr oldu. AMEA-nın Aşqarlar Kimyası İnstitutunun laboratoriya rəhbəri, professor Əli Əhmədov vinil monomerləri əsasında polimerlər birgə polimerlərin neft sənayesində tətbiqi barədə məlumat verdi.

AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, professor Münəvvər İbrahimova radikal polimerləşmə, sabit radikallar onların sənayedə alınması tətbiqi barədə danışdı.

SDU-nun professoru Niyazi Rəsulzadə polifunksional polimerlərin xassələri, Polimer Materialları İnstitutunun laboratoriya rəhbəri, professor Bəxtiyar Məmmədov poliaminoarenlərin stabil elektrik keçiriciliyinə malik nanokompozisiyaları barədə çıxış etdilər.

Konfransın plenar iclasına SDU-nun rektoru professor Nadir Qəhrəmanov yekun vuraraq müzakirələrin əhəmiyyətli olacağına inamını ifadə etdi.

 

Sumqayıt Dövlət Universitetinin  Mətbuat xidməti

 

 

 Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.8.