İlin ən yaxşı məktəbi

 

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri də Bakıdakı 276 nömrəli tam orta məktəbdir. Qeyd edək ki, 276 nömrəli məktəb öz ənənələri və uğurları ilə tanınan qabaqcıl təhsil ocaqlarından biridir. Məktəb 1986-cı ildən fəaliyyət göstərir. "Təhsil haqqında" Qanunun tələblərinə uyğun fəaliyyətini tənzimləyən məktəb müstəqil dövlət quruculuğunun başlıca amillərindən biri kimi təhsilin keyfiyyətinin yüksəldilməsini özünün ən vacib vəzifələrindən biri hesab edir. Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən təhsilin keyfiyyəti və onun səmərəli idarə olunması əsas məsələ kimi ön plana çəkilir. 

 

Pedaqoji şəraiti qiymətləndirmək, təlim-tərbiyənin təşkili, mövcud problemlərin araşdırılaraq həllinə nail olmaq əsas məsələ kimi qarşıda durur. Məktəbin əsas vəzifəsi şagirdlərin təbii imkanlarını aşkar edərək inkişaf etdirmək, onlara elmin əsaslarını yüksək səviyyədə öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, maraq, meyil və idrak qabiliyyətlərini nəzərə alaraq şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, sağlam həyat tərzi formalaşdırmaq, müstəqil və demokratik Azərbaycan Respublikasının  inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.

Cari ildə əsaslı təmir olunan məktəbin müasir standartlara cavab verən maddi-texniki bazasında şagirdlərin mükəmməl təhsil almaları üçün əlverişli şərait yaradılmışdır. Məktəbdə geniş və işıqlı 60 sinif  otağı, müasir avadanlıqlarla təchiz edilmiş fizika, kimya laboratoriyaları, 3 kompüter otağı, elektron tədris kabineti, bufet, müasir işıqlandırma sistemi olan akt və konfrans zalı vardır. Məktəbin foyesində ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən və kitablardan ibarət Heydər Əliyev guşəsi yaradılmışdır ki, bu da şagirdlərə ümummilli liderin  irsini öyrənməyə kömək edir. Bundan başqa, foyedə ölkə Prezidenti İlham Əliyevin zəngin fəaliyyətinə dair fotoşəkillərdən ibarət stend və dövlət atributlarını əks etdirən guşə mövcuddur.

Məktəbdə bütün lazımi idman avadanlıqları ilə təchiz olunmuş 2 idman zalı və mini-futbol meydançası şagirdlərin ixtiyarına verilmişdir.  Məktəbin kitabxanasında 32940  nüsxə kitab var ki, bunlardan da 27842-si dərslikdir. Bununla bərabər məktəbdə elektron dərsliklər də mövcuddur. Təhsil ocagında MİMİO lövhələr, 70 ədəd kompüter, 3 ədəd noutbuk, 3 ədəd proyektor, 5 ədəd printer, skayner və kseroks aparatı vardır.

Məktəb birnövbəlidir və burada 1050 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 152 müəllim məşğul olur. Məktəbdə təhsil milli zəminə, Azərbaycanın azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət edir, onun təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektinə çevrilməsini başlıca vəzifə hesab edir.

Təlimin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə müasir təlim texnologiyalarından və innovativ təhsil proqramlarından müvəffəqiyyətlə istifadə edilir. Müəllimlərin 90 faizi tədris prosesində İKT-dən geniş istifadə edir. Müəllimlər peşəkarlıq səviyyəsini artırmaq üçün fəal təlim və İKT kurslarından, fənn kurikulumları üzrə öyrədici seminarlardan keçmişlər. Fənn kurikulumları tətbiq olunan siniflərdə müəllimlər öz dərslərini müasir dərsin strukturuna, mərhələlərinə uyğun qurur,  müasir təlim strategiyalarından, yeni qiymətləndirmə mexanizmindən müvəffəqiyyətlə istifadə edirlər.

Məktəbdə şagirdlərin biliyini möhkəmləndirmək, dünyagörüşünü genişləndirmək məqsədi ilə müxtəlif yarışlar, tədbirlər keçirilir. Proqram materiallarının mənimsədildiyini yoxlamaq məqsədi ilə hər yarımildə test yoxlamaları təşkil olunur.

Təhsil müəssisəsində metodiki işlərin təşkili sisteminə xüsusi tələbkarlıqla yanaşılır, fənn müəllimləri metodbirləşmələrə cəlb edilir. Qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması, istedadlı şagirdlərin aşkara çıxarılması və onlara qayğı göstərilməsi ön plana çəkilir. Qabaqcıl pedaqoji təcrübə müəllim fəaliyyətini və şagirdlərin təlim işinin səmərələşdirilməsini əhatə edir. Müəllimlərin yaradıcılıq axtarışlarını öyrənmək və qabaqcıl təcrübələri yaymaq məqsədi ilə ilboyu "açıq dərs"lər keçirilir.

Qeyd edək ki, məktəbdə Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərir, valideynlərlə sıx əməkdaşlıq qurulur. Bundan başqa, məktəb bir çox layihələrdə fəal iştirak edir. Avroasiya Fondunun keçirdiyi "Birgə məktəb" layihəsinə Şuşa şəhər 2 nömrəli tam orta məktəblə birgə qatılan təhsil ocağı həmin layihənin qalibi olmuşdur. Məktəbdə həmçinin tanınmış elm və incəsənət xadimləri ilə mütəmadi görüşlər keçirilir ki, bu da şagirdlərin gələcəkdə bir şəxsiyyət kimi yetişdirilməsinə xidmət edir.  

Tədrisin düzgün təşkili, pedaqoji kollektivin işə məsuliyyətlə yanaşması və direktor, əməkdar müəllim Bəhram Şiriyevin tələbkarlığı sayəsində məktəbin uğurları ilbəil artır. İstər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında, istərsə də digər müsabiqə və yarışlarda məktəbin şagirdləri yüksək nəticələr göstərərək təhsil ocağının adını ucaldırlar. Təsadüfi deyil ki, qəbul imtahanlarında  son üç ildə məktəbin şagirdlərindən Elgiz Muradbəyli 695 bal, Məhəmməd İsmayılzadə isə 672 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Bundan başqa, Mirqəni Hüseynov, Aygül Musayeva, Nicat Mirzəbəyli, Sirac Həsənov və Kəmalə Əhmədova isə 600-dən çox bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşlar. Qəbul faizlərinə gəldikdə isə məktəb 2009-2010-cu tədris ilində 42.8 faiz, 2010-2011-ci ildə 53.4 faiz, 2011-2012-ci ildə isə 61.84 faiz nəticə göstərmişdir. Xarici ölkələrdə yerləşən ali məktəblərə qəbul olanların da sayını bu siyahıya daxil etsək, məktəbin göstəricisinin daha yüksək olduğunu deyə bilərik.

Məktəbin idmançılarından Günay Ağayeva İtaliyada taekvando üzrə gənclər arasında keçirilən Avropa, Ruslan Quliyev Rusiyada uşaqlar arasında keçirilən əlbəyaxa döyüş növü üzrə dünya çempionatlarının qalibi olmuşlar. Nilufər Niftəliyeva  gənclər arasında bədii gimnastika üzrə respublika çempionu olmuş və milli yığma komandaya daxil edilmişdir. Məktəbin digər şagirdi Taleh Haqverdiyev isə futbol üzrə U-15 yığma komandanın üzvüdür.

Fənn olimpiadalarında və digər müsabiqələrdə iştirak edən məktəbin şagirdləri böyük uğurlar qazanmışlar. Belə ki, məktəbin X sinif şagirdi Mədinə İbrahimli biologiya fənni üzrə respublika fənn  olimpiadasında I yeri tutmuş, Nərmin Bayramlı isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə bədii qiraət üzrə  keçirilən respublika müsabiqəsinin qalibi olmuşdur. Bundan başqa, Rusiyanın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin keçirdiyi fənn olimpiadalarında da məktəbin şagirdləri uğurlar qazanmışdır. Məktəbdə yaradılan muğam üçlüyünün üzvləri Murad Kərimzadə, Cahandar və Ağayar Xanlarov qardaşları 2012-ci ildə uşaqlar arasında keçirilən respublika muğam müsabiqəsində I yerə layiq görülmüşlər.

Məktəbin pedaqoji kollektivindən 1 nəfər əməkdar müəllimdir, 5 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Bununla yanaşı, hazırda təqaüdə çıxmış müəllimlərdən Yusif Qazıyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, Lətifə Babayeva isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Məktəbdə təqaüdə çıxmış müəllimlərə xüsusi ehtiram göstərilir. Belə ki, burada pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Yusif Qazıyevin "Mütaliə pedaqogikası", "Erməni məsələsi" və sair kitab və məqalələrindən ibarət kiçik kitab rəfi yaradılmışdır. Məktəbin müəllimləri dövri mətbuatda mütəmadi olaraq çıxış edirlər. Coğrafiya müəllimi Çingiz Balaxanovun Azərbaycan və rus dillərində nəşr olunmuş "Coğrafiya"  adlı dərs vəsaiti şagirdlərin ixtiyarına verilib. Müəllimlərdən Zəkiyə Səmədova, Şəfiqə Məcidova  səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin diplomları ilə təltif olunmuşlar. Ötən il BŞTİ-nin keçirdiyi riyaziyyat aylığında Nüşabə İbrahimovaya  III yer, Binəqədi rayonunda keçirilən tədbirlərdə fəal iştirakına görə Elçin Quliyevə isə fəxri fərman verilmişdir.

Pedaqoji kollektiv qazanılan nailiyyətlərlə kifayətlənməməyi, daha yüksək tədris keyfiyyətinə nail olmağı, məktəbin bazasında lisey sinifləri, yeni elektron tədris vəsaitləri hazırlayan yaradıcılıq laboratoriyası yaratmağı və fəal müəllimləri bu işə cəlb etməyi, beynəlxalq və ölkədaxili layihələrə daha fəal qoşulmağı, müəllimlərin fəaliyyətlərinin monitorinqini aparmağı və başqa məsələləri nəzərdə tutur.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 2 noyabr.- S.7.