Təhsil Nazirliyində İtaliya nümayəndə heyəti ilə görüş keçirilib
Noyabrın 1-də Təhsil
Nazirliyində "Azərbaycan ilə İtaliya
arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər"
mövzusunda ikigünlük
konfrans çərçivəsində
ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, o cümlədən
İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar
Nazirliyinin məsul əməkdaşları və hər iki
ölkənin təhsil müəssisələrinin nümayəndələri
iştirak ediblər.
Görüş
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin
qurulmasının 20 illik yubileyinə həsr olunmuş
konfransın əhəmiyyətindən bəhs edərək
müvafiq görüşlərin iki ölkə
arasındakı münasibətlərin daha da
inkişafına, eləcə də qarşılıqlı təhsil
əlaqələrinin genişlənməsinə müsbət
təsir göstərəcəyinə
inandığını bildirib. Nazir təqdimat-məruzəsində
ölkəmizin inkişaf yolu, üzləşdiyi problemlər
və Azərbaycanın təhsil sistemi haqqında qonaqlara ətraflı
məlumat verib. Ölkə təhsilinin müasir tələblər
səviyyəsinə yüksəldilməsi üçün həyata
keçirilən islahatlar və ayrı-ayrı təhsil pillələri
üzrə qazanılmış uğurlardan söhbət
açan Misir Mərdanov Azərbaycanın İtaliya ilə təhsil
sahəsində qarşılıqlı əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu
vurğulayıb.
Nazir Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində kadr
hazırlığını nəzərdə tutan ali təhsil
müəssisələri siyahısına İtaliyanın 24
ali təhsil müəssisəsinin adının daxil edildiyini
bildirib. Dövlət Proqramı çərçivəsində
3 nəfər azərbaycanlı gəncin İtaliyanın ali təhsil
müəssisələrini uğurla başa vurduğunu
söyləyən Misir Mərdanov 4 nəfərin isə
magistratura səviyyəsi üzrə bu ölkədə təhsil
aldığını qeyd edib.
Daha sonra qonaqları maraqlandıran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb,
qarşılıqlı əlaqələrin perspektivləri
müzakirə olunub.
İtaliyanın Təhsil, Universitet və
Tədqiqatlar Nazirliyinin təmsilçisi Ezio Sina, La Sapienza
Universitetinin professoru Angelo Filippini, "Dante Alegheri" italyan
dili və mədəniyyəti mərkəzinin baş katibinin
müavini Rafaella Fiorani, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Tamilla Əliyeva və başqaları Azərbaycanla
İtaliya arasındakı qarşılıqlı təhsil əlaqələrinin
möhkəmləndirilməsi üçün geniş
perspektivlərin olduğunu qeyd edib, bu istiqamətdə
müvafiq səylərin artırılmasının zəruriliyini
nəzərə çatdırıblar.
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.2.