Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq
əlaqələrinə həsr olunmuş konfrans
31 oktyabr - 1 noyabr tarixlərində
"Avropa" otelində "Azərbaycan ilə İtaliya
arasında təhsil sahəsində əməkdaşlıq:
mövcud vəziyyət və perspektivlər" mövzusunda
konfrans keçirildi.
Açılış mərasimində Prezident Administrasiyasının
nümayəndələri, Milli Məclisin deputatları, Təhsil
Nazirliyinin şöbə müdirləri, ali məktəblərin
rektorları, tanınmış ziyalılar və təhsili
idarəetmə strukturlarının rəhbərlərinin,
eyni zamanda İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar
Nazirliyinin yüksək rütbəli əməkdaşlarının
və təhsil müəssisələrinin nümayəndələrinin
iştirak etdiyi konfransın keçirilməsində əsas məqsəd
iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın
mövcud vəziyyəti və gələcək perspektivlərin
müəyyənləşdirilməsi ilə bağlı məsələlərin
müzakirə olunmasıdır.
Qeyd edək ki, iki ölkə arasında
təhsil sahəsində əlaqələr 1 iyun 2002-ci ildə
Bakı şəhərində Azərbaycan Respublikası
hökuməti ilə İtaliya Respublikası hökuməti
arasında mədəniyyət, elm və texnologiya sahəsində
əməkdaşlıq haqqında saziş imzalandıqdan
sonra genişlənməyə başlayıb.
Həmin sazişdə universitetlərarası
birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların
mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının
öyrənilməsi məqsədi ilə universitetlərdə,
həmçinin digər ümumtəhsil müəssisələrində
kafedraların açılması, mühazirələrin təşkili,
tədris metodları, vasitələri, materialları və
proqramlarının mübadiləsi və digər məsələlər
öz əksini tapıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan
və İtaliya arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyinə həsr olunmuş bu tədbirin
iştirakçılarını salamladı.
Nazir İtaliyanın Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olduğunu xatırladaraq qeyd etdi ki, tarixən həmişə
Azərbaycana dost münasibəti nümayiş etdirən
İtaliya ölkəmizi bir çox məsələlərdə
birmənalı şəkildə dəstəkləyir. Bu,
ötən dərs ilinin sonunda Təhsil Nazirliyinin nümayəndə
heyətinin İtaliyaya rəsmi səfəri zamanı
keçirilən görüşlərdə bir daha hiss olundu.
Azərbaycanla İtaliyanın tarixi,
siyasi, iqtisadi, mədəni və digər sahələrdəki
əlaqələrindən söz açan Misir Mərdanov təhsil
sahəsində mövcud əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsinin vacibliyinə toxunaraq bunun
üçün hərtərəfli real imkanların olduğunu
vurğuladı. Hər iki ölkənin ali təhsil müəssisələri
arasında qurulmuş əməkdaşlıq əlaqələrindən
bəhs edən nazir diqqətə çatdırdı ki,
İtaliyanın Perucia Əcnəbilər Universiteti və
Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti
arasında bakalavr və magistr pillələri üzrə tələbə
mübadiləsinin həyata keçirilməsi
üçün imzalanmış saziş çərçivəsində
ADU-nun tələbələri İtaliya universitetlərinə
göndərilir və həmin universitetlərdən ADU-ya
mütəxəssislər dəvət edilir. Bununla
yanaşı, TEMPUS proqramı çərçivəsində
Milan Tərcüməçilik İnstitutu "Yazılı
və sifahi tərcümənin tədrisində islahatlar"
layihəsi üzrə ADU ilə əməkdaşlıq edir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
İtaliyanın bir neçə ali təhsil müəssisəsi
ilə sıx əməkdaşlıq əlaqələri
yaradıb. Bundan əlavə, Bakı Dövlət Universiteti,
Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti və
Xəzər Universitetində də
İtaliyanın ali məktəbləri ilə əlaqələrin
genişlənməsi istiqamətində əhəmiyyətli
tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələri
arasındakı əlaqələrin inkişafında La
Sapienza Universitetinin xüsusi rolunu qeyd edən nazir bu ali məktəbdə
azərbaycanşünaslıq kafedrasının fəaliyyət
göstərdiyini, ölkəmizin tarixinə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə həsr
olunmuş 3 kitabın hazırlanaraq tədris edildiyini diqqətə
çatdırdı.
Təhsil naziri Misir Mərdanov bildirdi ki,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində kadr
hazırlığını nəzərdə tutan ali təhsil
müəssisələri siyahısına İtaliyanın 24 ali təhsil
müəssisəsinin adı daxil edilib. Proqram çərçivəsində
indiyədək 3 azərbaycanlı gənc təhsilini uğurla başa vurub, 4 nəfər
isə magistratura səviyyəsi üzrə təhsilini davam
etdirir.
Sonra çıxış
üçün söz La Sapienza Universitetinin rektoru Luici Fratiyə
verildi. Konfransın təşkilinə görə təşəkkürünü
bildirən L.Frati çox məşğul olsa da bu tədbirdə
iştirak etməyi vacib saydığını
vurğuladı. Hörmətli qonaq rəhbərlik etdiyi təhsil
ocağı haqqında ətraflı məlumat verərək
qeyd etdi ki, Avropanın ən böyük ali təhsil müəssisələrindən
biri olan La Sapienza Universitetində 140 min tələbə təhsil
alır. Universitetdə 11 fakültə, 2 xəstəxana,
muzey və zəngin kitabxana fəaliyyət göstərir, bir
sıra ixtisaslar üzrə tədris ingilis dilində
aparılır, elmi tədqiqatlara geniş yer verilir. Azərbaycan
universitetləri ilə əməkdaşlıqda maraqlı
olduqlarını deyən rektor bu konfransın ikitərəfli
əlaqələrin uğurla davam etdirilməsi
baxımından əhəmiyyətli olacağına ümid
etdiyini bildirdi.
Konfransda daha sonra "Azərbaycan ilə
İtaliya arasında diplomatik əlaqələrin
qurulmasının 20-ci ildönümü - mövcud təcrübə
və perspektivlər" mövzusunda məruzələr dinlənildi.
İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar
Nazirliyinin nümayəndəsi Ezio Sina, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf
Agentliyi İdarəsinin rəisi Əşrəf Şıxəliyev,
Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə
və səlahiyyətli səfiri Vaqif Sadıqov və
İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri Mario Baldinin
çıxışlarında qeyd olundu ki, təhsilə dəstək
ən mühüm investisiyalardan biridir və Azərbaycan
dövləti buna çox böyük diqqət yetirir. Azərbaycanla
İtaliya arasında mədəniyyət, iqtisadiyyat və s.
sahələrdə sıx əməkdaşlıq əlaqələrinin
mövcud olmasından söz açan natiqlər bu tədbirin
xalqlarımız arasında səmimi dostluq münasibətlərinin
yaranmasına müsbət təsir göstərəcəyinə
və təhsil sahəsində də gələcəyi
davamlı olan sıx əməkdaşlıq əlaqələrinin
qurulmasında önəmli rol oynayacağına əminliklərini
ifadə etdilər. İki gün davam edən konfransda "Azərbaycan
ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq:
müsbət təcrübə və gələcək əməkdaşlığın
perspektivləri", "Boloniya prosesi çərçivəsində
ali təhsilin keyfiyyətinin təmin olunması sahəsində
Azərbaycan - İtaliya əməkdaşlığının
perspektivləri" mövzularına dair məruzələr
dinlənildi və müzakirələr aparıldı.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.- S.2.