"Müəllim
özü nümunə olmaqla tələbəsini
tərbiyələndirə bilər"
Səhifəmizin bugünkü
qonağı BDU-nun jurnalistika fakültəsinin mətbuat
tarixi kafedrasının
professoru, Prezident təqaüdçüsü Şirməmməd
Hüseynovdur
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi
1925-ci ildə yaradılıb. 25 iyun 1954-cü ildə həmin
fakültənin Elmi Şurasında MDU-nun mətbuat tarixi
kafedrasının müdiri, professor A.Portyankinin rəhbərliyi
ilə namizədlik dissertasiyasını birinci müdafiə
edən tələbə Şirməmməd Ağaməmməd
oğlu Hüseynov olub. Şirməmməd Ağaməmməd oğlu
Hüseynov elmi fəaliyyətinə görə
1948-ci ildə "Nizami" təqaüdünə, iki dəfə: 1966-1972-ci illərdə "Qızıl qələm" mükafatına,
1988-ci ildə "Respublikanın əməkdar jurnalisti" adına, 1991-ci ildə
"Zərdabi
mükafatı laureatı" adına, 1992-ci ildə
"Yusif Məmmədəliyev adına mükafat"a, 1998-ci ildə
"Məhəmməd Əmin Rəsulzadə adına mükafat"a layiq görülmüşdür. 2005-ci
ildən Prezident təqaüdçüsüdür.
Şirməmməd Hüseynov
1954-1961-ci illərdə ADU-nun (indiki BDU) filologiya fakültəsi, jurnalistika
kafedrasının baş müəllimi,
sonra dosenti, 1962-1969-cu illərdə filologiya
fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə ADU-nun jurnalistika
fakültəsinin dekanı,
1976-1980-ci illərdə mətbuat
tarixi və ideoloji iş
metodları kafedrasının
müdiri vəzifələrində çalışıb.
1988-ci ildən bu günə kimi BDU-nun jurnalistika fakültəsində
mətbuat tarixi və
ideoloji iş
metodları
kafedrasının
professorudur.
Şirməmməd
müəllimi ilk dəfə 34 il öncə auditoriyada
görmüşəm. Tələbəsi olmuşam, mühazirələrini dinləmişəm. Şirməmməd müəllim dərs dediyi tələbələrə deməzdi ki, mənə qulaq
asın, dərsimdən qalmayın, dediklərimi qeyd
eləyin. Onun böyük anlamda dərsinin cazibəsinə
düşən biz tələbələri qoşa
saatların nə vaxt bitməsini hiss etməzdik. Şirməmməd müəllimin mühazirələri hələ oxumağa macal
tapmadığımız dəyərli bir kitabın
içindəkilər deməkdi... o mühazirələr
olduqca maraqlı idi.
Şirməmməd müəllim bizə
doğru düşünməyi,
doğru yazmağı öyrədib.
Müxtəlif kurslarda
"Partiya-sovet mətbuatı tarixi",
"Burjua mətbuatının tənqidi" fənlərini tədris
edən
tanınmış
pedaqoq, əslində öz
mühazirələri ilə
həmişə daha çox
milli mətbuatımızın
qaranlıq səhifələrinə
işıq tutub.
Jurnalistlər ordusunda
onun yetirmələrini məhz
eyni bir cəhət birləşdirir,
doğmalaşdırır: Milli
ruh, milli təəssübkeşlik.
Unudulmaz müəllimimizlə hazırda
çalışdığı Bakı Dövlət Universitetində, jurnalistika fakültəsinin mətbuat
tarixi kafedrasında görüşdük. Özünəməxsus həmişəki təbəssümü üzündə, göstərdiyi mənbələri eynəksiz oxuyurdu...
-17 dekabr
1924-cü ildə Şəkidə anadan olmuşam. Atam əvvəllər Şəki İpək fabrikində işləyib. Sovet hökuməti gələndən sonra
xırda ticarətlə məşğul olub.
...Nəsil şəcərəm barədə kitablarımda da
yazmışam. Mənim
ata nəslimin də, ana nəslimin də
nümayəndələri
çox namuslu, qeyrətli,
sanballı, bir sözlə, düz
adam kimi tanınıblar.
Üç
yaşım hələ tamam
olmamış, 1927-ci ildə atam vəfat edib. Üç qardaş, üç bacı
qalmışıq
anamın ümidinə.
Heç bir təhsil görməyən, evdar
qadın olan anamın
məşəqqətli
günləri
atamın
ölümündən
sonra başlayıb. O vaxta qədər çöl
işi nədir bilməyən
anam gedib ipək
fabrikində baramaaçan
fəhlə işləyib, baramaların vaxtı çatanda onları
saf-çürük edib
yaxşıya-pisə
ayırıb.
Fabrikdən aldığı halal
maaşıynan bizi böyüdüb,
çalışıb ki, hər
bir ehtiyacımızı ödəsin.
Oxumağımızın da qeydinə
qalıb, ali təhsil
ardınca getməyimizdə də
özünün zəhmətli işi,
alın təri bahasına
dayağımız olub.
Anam
işdə olanda ailənin
ilk övladı-
böyük bacım bizim tərbiyəmizlə,
dərslərimizlə məşğul olub, yeməyimizi- içməyimizi hazırlayıb. Bəlkə də elə
bu səbəbdən altı
bacı- qardaşdan
beşimiz ali təhsil
almışıq, bircə o
bacım oxuya bilməyib. Çox zəhmətkeş olub
böyük bacım. Həm
bizə baxardı, həm də
vaxt tapan kimi
qış corabları toxuyardı. O corabların satışından gələn qəpik-quruş ehtiyac, qayğı yükü ağır olan
ailə büdcəmizə əvəzsiz bir
kömək idi...
Bayaq dediyim
kimi, anam özü
evdar qadın olsa
da, tanınmış,
savadlı nəsildən idi... Bir
vaxtlar Qafqazın Şeyxülislamı Molla Fərəc Pişnamazzadə olub, anam Sara
xanım onun bacısı qızıdı.
Dayılarım da təhsilli
adamlardı...
Biz
rayon mərkəzində yaşayırdıq. Valideynlərimin beşinci
uşağı idim. Ailəmizdə düzlük o qədər əsas
şərt idi ki, qonşumuzun alça
və ya gavalı
ağacının
budaqları çəpərin üstündən aşıb bizim tərəfə əyilsə də, ağlımıza gəlməzdi ki, meyvələrdən birinə əl uzadaq...Hətta özü
qopub yerə düşənləri də anam
bizə
yığdırar, deyərdi ki,
aparın verin sahibinə...Əgər qonşu
apardığınız
meyvələrdən sizə verərsə, yeyərsiz, verməzsə,
haramdı, toxunmazsız.
Bax, beləcə halallığa öyrətməklə böyüdüb anam
bizi...
- Şirməmməd müəllim, məktəb illəri ilə bağlı xatirələriniz də maraqlı
olardı...
- Altı yaşım olanda
birinci sinfə getmişəm.
Orta təhsil illərim
Şəkidə keçib. Məktəb üzrə fərqlənən şagirdlərdən sayılırdım. Keçirilən
respublika olimpiadalarında iştirak edər,
qazandığım
uğurlarla həmişə
məktəbimizin, müəllimlərimin başını uca edərdim.
...Bax, bu şəkli görürsən? Ön cərgədə sağdan dördüncü dayanan
mənəm. 30 iyul 1940-cı
ildə Soçidə çəkilib. Mənim üçün çox
qiymətli fotoşəkildi. Bu gün
də dəyərli bir
xatirə kimi qoruyub
saxlayıram.
1940-cı ilin
yayında on beş
müttəfiq respublikadan
olimpiadalarda yer tutmuş
əlaçı şagirdləri seçib
Soçiyə dincəlməyə göndərmişdilər.
Olimpiadada fəxri
yer tutduğuma görə Azərbaycan Respublikasından Soçiyə göndərilmiş beş
nəfər azərbaycanlı
şagirdin biri mən
idim. O günlərin yadigarıdı bu
şəkil...
Oxuduğum Şəki şəhəri, Mirzə
Fətəli Axundov
adına 2 nömrəli orta məktəbi on
altı yaşımda "əla" qiymətlərlə başa
vurmuşam. Məktəbimizin
birinci
buraxılış məzunlarındanam.
...1941-1943-cü
illərdə Şəki ikiillik Müəllimlər
İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuşam və
bitirmişəm. Bu məktəbin də
birinci buraxılış məzunlarındanam.
Bir müddət
Zaqatalanın Varxian, Şəkinin Aşağı
Göynük, Oxut kənd orta məktəblərində
fizika-riyaziyyat müəllimi, "Nuxa fəhləsi" qəzetində ədəbi işçi işlədim.
1945-1950-ci illərdə
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin
jurnalistika şöbəsində təhsil aldım, universiteti
fərqlənmə diplomu ilə bitirdim. Yenə də birinci
buraxılış...
Hər yerdə birinci
buraxılış məzunu
olmağım da sırf
taleyin qismətidi. Adam hətta özü
bilərəkdən istəsə belə,
birinci olmaq tarixlərini bu
cür
ardıcıllıqla
düzə bilməz.
- Qələm əhli
adətən vaxt qıtlığından şikayətlənir...
- Mənim vaxt qıtlığı problemim
olmayıb. Jurnalistika
şöbəsində
oxuya- oxuya, tələbəsi
olduğum universitetin "Lenin
tərbiyəsi
uğrunda" qəzetində redaktor
müavini, daha sonra "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri
işləmişəm.
Vaxtımı elə
bölürdüm ki, dərslərimi də
yüksək səviyyədə oxuyurdum, mənə həvalə edilən işi də axşama qoymurdum.
-
Universitet illəri arxada
qaldı...
- Bu dəfə təhsilimi Rusiyada
davam etdirdim.
1950-1954-cü illərdə M.V.
Lomonosov adına Moskva
Dövlət
Universitetinin jurnalistika fakültəsinin
aspiranturasında təhsil aldım...
Moskva dövrü ömrümün qızıl hərflərlə yazılan
ən səmərəli illəri
olub.
Mənim dissertasiyamın mövzusu
1917-1920-ci illəri əhatə edirdi. Bütün mənbələr əski
əlifbaynan, ərəb
dilindəydi. Hələ Bakıda tələbə olduğum
illərdə öz respublikamızın kitabxanalarında, arxivlərində elmi
işim
üçün
lazım olan materialları əldə edə
bilmirdim. Nədənsə, onların istifadəsinə imkan
yaradılmır, icazə verilmirdi. Amma Moskvada
bu qadağa ilə
üzləşmədim. Orada
oxuduğum dövrdə sərasər dörd
il kitabxanaları, arxivləri araşdırdım, Azərbaycan mətbuatına dair mənbələri tapıb
üzə
çıxardım.
Bu sırada
məqam tapdıqca
Üzeyir Hacıbəyovun,
Soltan Məcid Əfəndiyevin, Nəriman Nərimanovun,
Məhəmməd Əmin Rəsulzadənin də
vaxtilə qadağan edilmiş
əsərlərinin
üzünü
köçürüb
nüsxələyirdim. Moskvada
oxuduğum illərdə bir dəqiqəmi də
boş yerə sərf
etmirdim. O dövrdəki
arxiv
araşdırmalarımın, qeyd dəftərlərimin hamısını bu
günə kimi saxlamışam. Atalar deyib, saxla samanı,
gələr zamanı...
İndi də
əlimdə elə mövzular
var ki, onları araşdırmaq, bərpa edib
millətə
tanıtmaq, geniş oxucu
auditoriyasının ixtiyarına vermək
gərəkdir.
- Elmi
araşdırmalarınızın əsas mövzusu?
- Mən milli
mətbuat tariximizin 1917-1920-ci
illər dövrünün və Məhəmməd Əmin Rəsulzadə
irsinin
araşdırıcısıyam. Mətbuatımızı təmsil
edən hər bir qələm əhli
nədən
yazdığına və necə
yazdığına
ciddi
yanaşmalıdır.
Mənim vurğulamaq istədiyim odur
ki, 1917-1920-ci illər
milli mətbuatımızın tarixini
əks etdirən qiymətli
materiallar dərindən öyrənilməli, tədqiq
və təbliğ olunmaqla
yanaşı, həm də
hifz edilib qorunmalıdır. İndi daha qadağalar da yoxdur. Sağ olsun
arxiv əməkdaşları,
işləmək istəyənə hər
cür şərait yaradırlar. Əsas odur
ki,
araşdırıcının
özünün
çalışmağa həvəsi, şövqü ola...
Tarixlə məşğul oldunsa, gərək hər
şəraitdə
obyektiv olasan, səhvsiz işləməyi bacarasan.
- Moskvada
senzura səddi ilə heç
qarşılaşmadınız?
- Bu cəhətdən doğrudan
mənim bəxtim gətirmişdi. Moskvada - Qlavlit adlanan
idarədə azərbaycanlı senzor
vardı- Əlihüseyn Əliyev. Rus qadınla evlənmişdi, həmişəlik Moskvada
yaşayırdı.
Əlihüseyn əslən şəkiliydi, üstəlik də
orta məktəb yoldaşım idi. Yazılarımı senzor
kimi o yoxlayırdı.
Baxdığı
materiallarımın da
çapına şəxsən özü
icazə verirdi. Əlihüseynin
qoyduğu dərkənardan sonra, kimin
ixtiyarı vardı ki, ağzını açıb bir kəlmə söz
desin. Mən də Məhəmməd Əmin
Rəsulzadənin əsərlərinin üzünü köçürürdüm,
sonda müəllifin adının yerində
yazırdım
"Üzeyir Hacıbəyov"...
"Nəriman Nərimanov"... "Soltan
Məcid Əfəndiyev"...
Onlar bolşevik yazarlar
sayıldığından, problem yaranmırdı. Əsl müəllifin də
adının
altından xətt çəkib işarələyirdim ki, sonradan
baxanda özüm də
müəyyən edə bilim ki, əsər əslində hansı
müəllifindir. Hamısını Bakıya
gətirdim...Bu illər ərzində 26 adda kitab hazırlayıb nəşr etdirdim. Oxuculara təqdim
etdiyim materialların hamısı ilk dəfə çap olunur.
Hələ yorulmamışam. İndi də
imkan düşdükcə arxivləri araşdırıb yeni mənbələr tapır, əski əlifbadan yeni əlifbaya köçürür, kompüterdən
çıxartdırır,
nüsxələdirəm... Sonra aparıram
şərqşünaslıq
fakültəsinə, göstərirəm ərəbşünaslara, farslara.
Onlar da
öz qeydlərini edirlər. Ərəbcəni Vasim
Məmmədəliyev yaxşı bilir. Dediyim odur
ki, mən şərqşünaslarla əlaqəli çalışıram.
Kitablarımı da sovet
dövründən
üzü bəri heç
vaxt dövlət və
ya sponsor hesabına
maliyyələşdirməmişəm. Öz halal
maaşımdan, təqaüdümdən etdiyim
qənaət
hesabına demək olar
ki, ildə bir
kitabım işıq üzü
görür. Bütün
bu proseslərin hamısı zəhmət, vaxt və
vəsait tələb edir.
- Şirməmməd
müəllim, neçə ildir
BDU-da pedaqoq kimi çalışırsınız?
-
1954-cü ildən bu
günə qədər.
- Tələbələriniz sizdən
həmişə dərin rəğbət və
ehtiramla
danışır...
- Bu, sizin
fikrinizdir. Mən bu barədə bir
söz deyə bilmərəm. Ancaq bildiyim
odur ki, dərsimə gecikən
deyiləm - bu bir.
Hazırlıqsız əsla auditoriyaya girmərəm - bu da
iki.
Baxmayaraq ki,
eyni sahədə
çalışdığım əlli
səkkiz ildən artıqdı, hətta bütöv auditoriyaya
deyil, ikicə nəfərə belə
dərsim olsa, yenə də sabahkı dərsə irəlicədən hazırlaşıram.
Bununla belə,
yenə də iddia edə
bilmərəm ki, tələbələrim məndən razıdı, ya
narazıdı...öyrənirlər, ya öyrənmirlər. Bilirsiz, tələbəni mühazirə nə
qədər öyrədirsə,
bir o
qədər də əsər öyrədir. Gərək nə
yazmısansa, qoyasan tələbənin qarşısına, o
da oxuya. Müəllim özü
nümunə olmaqla tələbəsini tərbiyələndirə bilər, sözlə bu
mümkün olan şey
deyil.
- Neçə övlad
böyütmüsünüz?
- İki qızım var. Fərəh və Lalə. Bizim şəcərədə ümumiyyətlə, elmə, təhsilə maraq həmişə üstün olub. Böyük qızım Fərəh Əliyeva (həyat yoldaşının soyadını
daşıyır) sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi
Akademiyasının professoru, Mədəniyyət və Turizm Nazirliyində incəsənət
şöbəsinin müdiridi.
Qızlarım
Bülbül adına musiqi məktəbində oxuyublar...
Dörd-beş
yaşları olanda apardım ikisini də bəstəkar Süleyman
Ələsgərovun
yanına (Allah ona rəhmət
eləsin), musiqi qavrama qabiliyyətlərini
yoxlatdırdım. Süleyman Ələsgərov
hər iki qızımın
musiqi duyumundan razı qaldı.
Çalıb oxumaq
üçün,
oynamaq üçün yox,
musiqişünaslıq
elmi ilə, musiqi
tariximizlə məşğul olmaq
üçün
uşaqlarımı musiqi sahəsinə yönəltdim...
O biri
qızım Lalə Hüseynova (bu
qızım mənim soyadımı daşıyır) da sənətşünaslıq elmləri üzrə fəlsəfə doktorudu, dosentdi. Bəstəkarlar İttifaqının məsul katibi işləməklə bərabər,
həm konservatoriyada çalışır, həm
də Heydər Əliyev adına
liseydə mədəniyyət tarixindən dərs deyir.
Həyat yoldaşım Ülkər Hüseynova "Elm
və həyat"
jurnalında redaktorun
müavinidir. Bizim dördümüzün - mənim, yoldaşımın və
iki
övladımızın
son on ildə
24 kitabımız çıxıb. 13 kitab mənimdi,
4-ü
yoldaşımındı.
Yeri gəlmişkən, Lütfi Zadə haqqında
Azərbaycan dilində ilk kitabın müəllifi Ülkər xanımdı. 132 nömrəli məktəbin tarixinə həsr edilmiş
kitabı da Ülkər xanım hazırlayıb...
Dörd nəvəm
var: iki oğlan, iki qız.
Dördü də ali təhsil
alıb, magistratura bitirib. Ən
kiçik nəvəmin 23
yaşı var: Nilufər Rəhimova. Bu
saat Yaponiyada məşhur Kioto
Universitetində əczaçılıq üzrə magistratura
təhsili alır. Onun Yaponiyadakı elmi
rəhbəri ötən il
Nobel mükafatı aldı. Nilufər ingilis, yapon, fransız, türk,
rus dillərini sərbəst
bilir. Elmi rəhbəri deyir ki, mən dünyada azərbaycanlılar kimi
istedadlı millət görməmişəm, biz
yaponlar cəmi iki
dil bilirik- yapon dili, bir də
ingilis dili, amma azərbaycanlılardan
hansı gəlirsə, ən
azı beş dil bilir. Təvazökarlıqdan kənar
olmasın, nəvələrim hamısı zəhmətkeşdilər, gecəni
gündüzə
qatıb oxuyublar. İlk nəvəm Əhəd Əliyev
Amerikada təhsil alıb.
İngiliscə təmiz bilir. Əhədin qardaşı Toğrul
Əliyev isə stomatoloqdu. O da təcrübəni Türkiyədə keçib. Oğlanlar Fərəhin
uşaqlarıdı,
qızlar Lalənin.
Nilufərin böyük bacısı Leyla
Rəhimova Heydər Əliyev Fondunda
işləyir. İngilis
dilini, incəsənət sahəsini çox
gözəl bilir. O da həm
Bülbül adına məktəbi, həm
də konservatoriyanı
bitirib.
- 34 il əvvəlki
tələbəniz kimi yenə də
sizi dinləyirəm.
-Nəinki
yazanda, hətta danışanda
belə ehtiyatımızı əldən buraxmamalıyıq. Düşmən
bəzən öz sözümüzü silaha
çevirib bizi vura bilər. Gəncliyi elə
ruhda yetişdirməliyik ki, intellektual səviyyəsi, davranışı,
dünyagörüşü, dil
bilmək qabiliyyəti və
digər məziyyətləri ilə millətimizi hər yerdə təmsil
edə bilsin.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.- 9
noyabr.- S.3.