Ölkələrimiz
arasında təhsil sahəsində genişlənən əməkdaşlıq
milli maraqlarımıza xidmət edir
Noyabrın 7-də təhsil naziri Misir Mərdanov
Türkiyə Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri İsmail
Alper Coşkun ilə görüşüb.
Qonağı
Təhsil Nazirliyində görməkdən məmnunluğunu
ifadə edən Misir Mərdanov öncə
səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycanla
Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan
çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunan nazir iki
ölkənin təhsil sahəsindəki əlaqələrinin
inkişafı üçün olduqca geniş
potensialın mövcudluğunu nəzərə
çatdırıb.
Ölkəmizdə
fəaliyyət göstərən Türk
liseylərinin və Qafqaz Universitetinin
fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud
əməkdaşlığın daha səmərəli
təşkili üçün münasibətlərin
yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib.
Təhsil naziri hər iki
ölkənin müvafiq mütəxəssisləri
arasında bu istiqamətdə müzakirələrin
aparılmasının zəruriliyini qeyd edib.
Misir Mərdanov ölkələrimiz
arasında təhsil sahəsində genişlənən əməkdaşlığın
milli maraqlarımıza xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda
gənclərin xaricdə təhsil almasına xüsusi
önəm verildiyini qeyd edən təhsil
naziri bu baxımdan qardaş Türkiyənin nüfuzlu
ali təhsil müəssisələri ilə
əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Nazir
Azərbaycanın daha çox
ehtiyac duyulan ixtisaslar üzrə xarici
ölkələrə tələbə göndərilməsində
maraqlı olduğunu vurğulayıb. Azərbaycan
ilə Türkiyənin mehriban
qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi
araşdırmaların əhəmiyyətinə toxunan təhsil naziri müvafiq istiqamətdə müzakirələrin
aparılmasının məqsədəuyğun olduğunu bildirib.
Səmimi
qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edən Türkiyə Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun qardaş Azərbaycanda
çalışmaqdan qürur hissi duyduğunu qeyd edib. Səfir
Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi
üzrə hərtərəfli əməkdaşlığın
inkişaf etdirilməsi, birgə tələbə
mübadiləsinin aparılması məsələlərindən
söhbət açıb, Türkiyənin Azərbaycanda fəaliyyət
göstərən təhsil müəssisələrinin
fəaliyyəti barədə fikirlərini bildirib.
Bu görüşün birgə əməkdaşlığın
genişləndirilməsinə öz
töhfəsini verəcəyinə əminliyini ifadə edən
qonaq ölkələrimiz arasında təhsil
sahəsində əlaqələrin müasir
tələblər səviyyəsində qurulması istiqamətində
səylərini əsirgəməyəcəyini nəzərə
çatdırıb.
Daha sonra
qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər ətrafında fikir
mübadiləsi aparılıb, ölkələrimizin
qardaşlıq münasibətlərinin inkişafına xidmət
edən təhsil sahəsindəki əməkdaşlığın
genişləndirilməsi məsələləri ilə
bağlı müvafiq təkliflər səsləndirilib.
Azərbaycan
müəllimi.- 2012.- 9 noyabr.- S.2.