Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

  

Naxçıvan Dövlət Universitetində 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarının simvolu, əsas dövlətçilik atributlarından olan Azərbaycan bayrağının hər bir vətəndaş üçün müqəddəs olduğunu bildirdi. Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin milli dəyərlərə və dövlətçiliyə sədaqət ideyasını ehtiramla yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dövlət bayrağını qürur mənbəyi kimi qiymətləndirərək "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" 17 noyabr 2007-ci il tarixli, "9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi"  barədə 17 noyabr  2009-cu il tarixli sərəncamları imzalamış və digər qanunvericilik aktları qəbul etmiş, onun təşəbbüsü ilə Dövlət Bayrağı Meydanı və muzeyi yaradılmışdır. Rektor Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Meydanının yaradılması istiqamətində görülən işləri təqdir edərək gənclərə milli məfkurəyə, dövlətçilik ideologiyasına, dövlət atributlarına sadiq qalmağı tövsiyə etdi.

Universitetin tələbə gənclər təşkilatının sədri,  ATGT-nin sədr müavini, magistr Arzu Abdullayev "Azərbaycan bayrağı dövlətimizin müstəqillik simvoludur" mövzusunda məruzə edərək üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilməsi, 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Respublikasının  dövlət bayrağı kimi qəbul olunmaşı,  1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Sovetinin üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsinə dair qərar qəbul etməsi haqqında məlumat verdi.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Xanəli Kərimli "Azərbaycan bayrağı" şeirini oxudu, universitetin Tələbə Teatr Studiyasının ifasında ədəbi kompozisiya nümayiş etdirildi. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.2.