Dövlət bayrağına sayğı və sevgi ilə

  

Noyabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər keçirildi. Azərbaycan Müəllimlər İnstitutunda bu bayram tədbirləri AMİ-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fərqli şəkildə təşkil olundu. Noyabrın 8-də dərsə gələn tələbələrə Azərbaycan bayrağı paylandı, bu aksiyanın keçirildiyi müddətdə Dövlət himni səsləndirildi. Bununla yanaşı, institutun tələbələrinin Azərbaycan bayrağına həsr olunmuş rəsm, şeir və əl işlərindən ibarət stendmaraqla qarşılandı.

Eyni zamanda institutda Dövlət Bayrağı Gününə həsr olunmuş "dəyirmi masa" da keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. İnstitutun Təhsildə innovasiya kabinetinin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da çıxışlar səsləndirildi. Çıxışlarda qeyd olundu ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına daxil olubbu barədə müvafiq şəhadətnamə ölkəmizə təqdim edilib. Həmin şəhadətnamə Dövlət Bayrağı Muzeyində saxlanılır.

Tədbirdə tələbələrin ifasında bədii kompozisiya təqdim edildi. Dövlət bayrağına həsr olunmuş şeir və mahnılar ifa olundu. 

 

 

Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.4.