AMİ-nin Şamaxı filialında Hüseyn Cavidə həsr olunmuş konfrans

  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Müəllimlər İnstitutuonun bölgələrdəki filialları respublikanı yüksək hazırlıqlı pedaqoji kadrlarla təmin etmək üçün məqsədyönlü aparır. İnstitutun rektoru,  Milli Məclisin deputatı, professor A.Naxçıvanlı qısa zaman kəsiyində Azərbaycan Müəllimlər İnstitutunu respublikanın ən qabaqcıl ali təhsil ocaqlarının sırasına çıxardı. Aqiyə xanım institutun filiallarının da inkişafına, maddi-texniki bazalarının zənginləşməsinə daim diqqət və qayğı göstərir. Bu qayğının məntiqi nəticəsidir ki, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı son aylarda öz simasını tamamilə dəyişmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.

Müasir tələblərə cavab verən bu təhsil müəssisəsində elmi-pedaqoji hazırlığı ilə seçilən yüksək ixtisaslı professor-müəllim heyəti gənc müəllim kadrlarının yetişdirilməsi üçün səylə çalışır, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı tədbirlər həyata keçirir.

 Filialda Beynəlxalq Müəllimlər Günü, Dövlət Müstəqilliyi Günü, N.Gəncəvinin anadan olmasının 870 illik yubileyi, Yeni Azərbaycan Partiyasının 20 illiyi böyük təntənə ilə qeyd edilmiş, həmin tədbirlərdə əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu, xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət xadimi, kinorejissor, görkəmli aktyor Şeyx Əbdül Mahmudov və başqaları Şamaxı filialının qonağı olmuşlar.

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında görkəmli Azərbaycan şairidramaturqu Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə filialın direktoru Tünzalə Yusifova açaraq qeyd etdi ki, Hüseyn Cavid ictimai fikir tariximizdə xüsusi mövqeyə malik bir sənətkardır. Onun yaradıcılığı ilə milli ədəbiyyatımızda yeni bir mərhələ başlanmışdır. H.Cavidin ölməz sənət əsərləri, qabaqcıl ideyaları həm öz zamanında, həm də sonrakı dövrlərdə ədəbi mühitə, dramaturgiyanın və teatrın inkişafına müsbət təsir göstərmişdir. Ədəbi mühitə lirik şeirlərlə daxil olan H.Cavid yaradıcılığının sonrakı mərhələsində milli dramaturgiyamızın qızıl fondunu "Peyğəmbər", "Səyavuş", "İblis", "Xəyyam", "Topal Teymur" kimi ölməz sənət əsərləri ilə zənginləşdirmişdir. Çıxışda vurğulandı ki, bu gün milli ədəbiyyatşünaslığımızda cavidşünaslıq, teatrda Cavid teatrı, ədəbi yaradıcılıqda Cavid ədəbi məktəbi yaranmışdır. Milli romantik ədəbiyyatın ən qabaqcıl ənənələrinin təsiri ilə formalaşan H.Cavid dünya romantizminə qovuşmaqla, bu təcrübədən yaradıcılıqla yararlanmaqla ona öz layiqli töhfələrini də verdi. Şərq-Qərb romantizminin ədəbi təcrübəsinə, ənənəsinə yeniliklər bəxş edən H.Cavidin titanik qəhrəmanları - Peyğəmbər, Topal Teymur, Səyavuş, İblis, Xəyyam... dünya ədəbiyyatının bənzərsiz ədəbi personajlarıdır. Qüdrətli söz ustasının  bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış əsərləri bu gün də insanların mənən kamilləşməsinə misilsiz xidmət göstərir.

Elmi-praktik konfransda dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru E.Eminalıyev "H.Cavid - görkəmli dramaturq, böyük müəllim", kafedranın əməkdaşlarından baş müəllim M.Maqsudov "H.Cavid dramaturgiyasında türkçülük ideyalarının bədii inikası", B.Bağıyev "H.Cavidin obrazlar aləmi" mövzularında məruzələrlə çıxış etdilər. Məruzələrdə qeyd olundu ki, H.Cavid Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir ədəbi şəxsiyyətlərdən biri olmaqla türkçülük, islamçılıq ideyalarının təbliğatçısı kimi tanınmış, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün bəşər övladının sülh, əmin-amanlıq içərisində yaşamasını arzulamışdır.

Elmi-praktik konfransda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrdən Tehran Səbzəliyev, Anar Bayramlı, Nuranə Məmmədova, Sərvər Ağayevşairin həyat və yaradıcılığına dair maraqlı çıxışlar etdilər.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.4.