Azərbaycan dili və ədəbiyyat dərslərində
motivasiyanın yaradılması
Fəal
təlimdə dərsin ilk mərhələsi motivasiyadır.
Bu mərhələ iki-yeddi dəqiqə müddətində
başa çatmalıdır. Baxmayaraq ki, mərhələ bu
qədər qısamüddətlidir, lakin onun dərsin əvvəlindən
sona qədər nə dərəcədə uğurlu
alınmasında müstəsna rolu vardır. Əgər
motivasiya düşündürücü olub, qoyulmuş tələbləri özündə dəqiq əks
etdirirsə, onda keçilən dərs də uğurlu olur.
Çox təəssüf ki,
motivasiyanın mahiyyəti bu gün də bir çoxları tərəfindən
düzgün başa düşülmür. Bəziləri
motivasiya deyəndə mövzu ilə bağlı hər
hansı şəkil və yaxud videoçarxın müəllim
tərəfindən şagirdlərə göstərilməsi
kimi, bəziləri isə sadəcə bu mərhələni
nə yolla olur-olsun, mövzunun adını şagirddən
almaq kimi başa düşürlər. Əlbəttə,
müəllim hər hansı mövzuya motivasiya qurarsa,
yuxarıda adıçəkilən üsullardan istifadə edə
bilər, ancaq necə? Əgər müəllimin motivasiya məqsədilə
istifadə etdiyi hər hansı vasitə şagirdlərdə
fərziyyələr doğurursa (motivasiyada fərziyyələrin
irəli sürülməsi əsas şərtlərdəndir)
və şagird düşüncəsini tədqiqata sövq
edirsə, bunu düzgün atılmış addım hesab etmək
olar.
Biz burda Azərbaycan dili və ədəbiyyat
dərslərində bir neçə mövzuya qoyulmuş
motivasiya nümunələrini oxucularla bölüşməyə
çalışacağıq.
Azərbaycan dilindən V sinifdə
"Kök və şəkilçi" mövzusunun tədrisi
zamanı motivasiyanı
aşağıdakı kimi yaratmaq olar.
Şagirdlərə kökü və
gövdəsi olan hər hansı ağac şəkli göstərilir
və diqqəti ağacın hissələrinə yönəldilir.
Şagirdlərə sualla
müraciət olunur:
- Əgər ağacın hissələrini
(kökü və gövdəni) kəsib bir-birindən ayırsaq, nə baş verəcək?
Fərziyyələr: - 1. Ağac
yıxılacaq; 2. Ağacın yarpaqları solacaq; 3. Ağac quruyacaq və məhv
olacaq. 4. Ağacın kökü gövdədən kənarda
torpaqda olarsa,yenidən böyüyəcək, formasını
və şəklini dəyişmiş başqa bir ağac
şəklində təzahür edəcək.
Şagirdlərin diqqəti məhv
olmuş və yenidən əmələ
gəlmiş ağaca yönləndirilir.
Bu şəkildə yaradılmış
motivasiyadan aşağıdakı kimi tədqiqat sualı
çıxara bilərik:
- "Sözü tərkib hissələrinə
ayırdıqda nə üçün kökü əsas
hesab edirik?".
Növbəti motivasiya nümunəsi ədəbiyyat
fənnindən V sinifdə "İsgəndərin taxta
çıxması" mövzusunun təhlili üzərində
işə aiddir. Mövzuya motivasiya yaratmaq üçün
şagirdlərin aşağı sinifdən tanış
olduqları ulu öndər Heydər Əliyevin "Rəhbərlik
etmək üçün gərək mənəvi haqqın
olsun!" fikri verilir və müəllim şagirdlərə
suallarla müraciət edir. "İnsanda hansı keyfiyyətlər
olmalıdır ki, onun rəhbərlik etməyə haqqı
çatsın?".
Fərziyyələr: - Rəhbər
insan dözümlü olmalıdır; səbrli
olmalıdır; xalqını sevməlidir; ağıllı
olmalıdır, vicdanlı olmalıdır; ədalətli
olmalıdır.
Şagirdlərin diqqətini sonuncu fərziyyəyə
yönəltmək üçün yenə də onlara
aşağı sinifdən tanış olan sitat gətirilir:
"Dövlət o zaman məhv olar ki, günahkar cəzasız
qalsın və günahsız cəzalandırılsın"
(Heydər Əliyev). Bu motivasiyadan sonra belə bir tədqiqat
sualı çıxarmaq olar: "İsgəndəri ədalətli
şah hesab etmək olarmı?".
Hər bir tədqiqat sualını
çıxarılmazdan əvvəl müəllim şagirdlərdən fərziyyələri alarkən
fikir söyləməkdə onlara tam sərbəstlik verməli,
öz şəxsi fikir və yanaşmalarını şagirdlərə
məcburən qəbul etdirməməlidir. Alınmış
fərziyyələr lövhəyə yazılmalı,
mövzudan kənar fikirlər ixtisar edilməlidir.
Bu gün biz müəllimlər
(xüsusən də fənn kurikulumunu yenicə mənimsəməkdə
olanlar) fəal təlimin hər hansı mərhələsini,
o cümlədən motivasiya mərhələsini
reallaşdırarkən müxtəlif problem və çətinliklərlə
qarşılaşırıq. Bəzən motivasiya ya məqsədəuyğun
olmur, bəzən fərziyyələr doğurmur, bəzən
o dərəcədə çətin olur ki,şagird təfəkkürünü
tədqiqata sövq etmək əvəzinə, blokadaya
salmış olur.Təbii ki, bu problemlər, çətinliklər
bu gün üçün realdırsa, sabah üçün
artıq həllini tapmış və geridə qoyduğumuz
bir məsələyə çevriləcək. Ən
azından ona görə ki, müəllim fənn kurikulumunun məzmun
və mahiyyətini bu günə nisbətən sabah daha
çox mənimsəyəcək, fəal dərsin mərhələlərini
reallaşdırmaq onun özü üçün vərdişə
çevriləcək.
Dərsdə motivasiya mərhələsini
reallaşdıran müəllimin qarşısına
çıxan çətinliklərin bir qisminin aradan
qaldırılması üçün öz təcrübəmizdən
çıxış edərək belə bir təklif irəli
sürürük ki, müəllim motivasiyanı hazırlayarkən bu mərhələdə istifadə
edəcəyi üsulları əvvəlcədən müəyyənləşdirməli
və həmin üsulların tətbiqetmə metodunu
yaxşı bilməlidir. Müəllim
bu mərhələni reallaşdırmaq üçün
aşağıdakı fəal, interaktiv təlim
üsullarından birinə müraciət edə bilər. Bu,
BİBÖ, beyin həmləsi, klaster, auksion,
anlayışın çıxarılması, suallar və bu
sıradan olan başqa üsullar ola bilər. Əvvəldə
verilən iki motivasiya beyin həmləsi əsasında qurulub.
Anlayışın çıxarılması üsuluna əsaslanan
növbəti motivasiya Azərbaycan dili fənnindən V sinifdə
"Yolda gözəl gedən adam "mövzusunun tədrisi
zamanı yaradılır.
Müəllim şagirdlərə sualla
müraciət edir: "Kimi yolu gözəl gedən hesab
edirsiniz?" Sualı açacaq cavab lövhənin mərkəzində
gizlədilir və şagirdlərin fərziyyələri onun ətrafına
yazılır.
Fərziyyələr: Yolda gözəl yerişlə
addımlayanı; yol hərəkəti
qaydalarına riayət edəni;
yolu çətinliklə keçən qocaya kömək
edəni; yolda hərəkət
zamanı maneə yaradacaq nəyisə (daşı,
şüşə qırıntılarını və s.)
aradan qaldıranı.
Hər bir fərziyyə ayrılıqda
müzakirə olunur , üstünlükləri və əhəmiyyəti
xüsusi vurğulanır. Şagirdlər mövzuya yönəldildikdən
sonra mərkəzdə gizlədilmiş fikir ortaya
çıxarılır: "Yolda hərəkətin çətinləşməsinə
və hər hansı (kiçik belə olsa) qəzanın
yaranmasına səbəb ola biləcək maneəni
özü aradan qaldırmağa cəhd edən hər kəsi
yolu gözəl gedən hesab etmək olar".
Tədqiqat sualı: "Nə
üçün hökmdar keçirdiyi yarışın
qalibini ənənəvi olaraq yolu sürətlə
keçdiyinə görə yox, yolu gözəl gəldiyinə
görə mükafatlandırır". Hətta yaxşı
olar ki, tədqiqat sualının özü də fərziyyələr
yaratsın.Yuxarıda çıxarılmış tədqiqat
sualının doğurduğu fərziyyələr
aşağıdakı kimi ola bilər:
- Hökmdar ənənəni pozmaq istəmişdir;
- Hökmdar yarışlara yenilik gətirmək
istəmişdir;
- Hökmdar yolun insan həyatındakı
rolunu ön plana çəkmək istəmişdir.
Ümidvarıq ki, göstərdiyimiz nümunələr hər hansı
bir məsələnin həlli zamanı müəllimlərə
və şagirdlərə qismən də olsa yardımçı olacaq.
Yeganə
İSGƏNDƏROVA,
Göygöl
rayonu, Şəhriyar kənd
tam
orta məktəbinin Azərbaycan
dili və
ədəbiyyat müəllimi
Azəərbaycan
müəllimi.- 2012.- 9 noyabr.- S.7.