Azərbaycan Müəllimlər İnstitutunda "Nizami Gəncəvi yaradıcılığında psixoloji motivlər" mövzusunda tədbir

  

Noyabrın 5-də Azərbaycan Müəllimlər İnstitutunda "Nizami Gəncəvi yaradıcılığında psixoloji motivlər" mövzusunda tədbir keçirildi. AMİ-nin rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq, bu tədbirin Azərbaycan Müəllimlər İnstitutunda böyük mütəffəkir Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən növbəti tədbir olduğunu bildirdi. Rektor qeyd etdi ki, Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə bir çox xalqların ədəbiyyatına və dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. 

Dahi Nizami Gəncəvinin yaradıcılığına, onun zəngin irsinin öyrənilməsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev dahi şair haqqında belə bir fikir söyləmişdir: "Nizami Gəncəvi elə böyük şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır!". Hələ 1981-ci ildə şairin 840 illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin diqqəti və cəsarətli mövqeyi sayəsində məqbərənin milli üslubda yenidən qurulması və onun ətrafındakı ərazinin abadlaşdırılması haqqında konkret qərar verilmişdir.

Professor A.Naxçıvanlı vurğuladı ki, builki yubiley tədbirləri dövlət başçısı cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi  haqqında" sərəncamı və bu sənədə müvafiq olaraq Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən keçirilir.

Məlum olduğu kimi, yubileylə əlaqədar olaraq Gəncədə Məqbərə kompleksi, Nizami meydanı, "Xəmsə" guşəsi, Nizami küçəsi, şairin adı ilə bağlı olan digər yerlər tamamilə yenidən quruldu. Gəncədə altı şöbədən ibarət Nizami Mərkəzi açıldı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Xəmsə"yə daxil olan bütün əsərlərin Azərbaycan dilində variantları ilk dəfə bir kitab şəklində nəşr olundu. Beynəlxalq Mərkəzin təməli qoyuldu, Nizaminin adını daşıyan yeraltı keçidin açılışı oldu, beynəlxalq konfrans keçirildi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.

Tədbirdə professor Ramiz Əliyev "Nizami Gəncəvinin psixoloji görüşləri" mövzusunda məruzə etdi. O qeyd etdi ki, XI-XII yüzilliklər Azərbaycan fəlsəfi-psixoloji fikrinin inkişafında önəmli bir mərhələ kimi xüsusi yer tutur və özünəməxsus spesifik çalarlarla xarakterizə olunur. Bu dövrün uğurları dahi Nizaminin adı ilə bilavasitə bağlıdır. Professor R.Əliyev, həmçinin N.Gəncəvinin yaradıcılığını araşdırmış alimlərin tədqiqatlarından danışdı, onların əldə etdiyi bəzi maraqlı məlumatları çatdırdı.

Psixologiya kafedrasının müdiri dosent Nurəngiz Rzayeva "Psixoloji fikir tarixində Nizami Gəncəvi" mövzusunda təqdimatla çıxış etdi. Qeyd olundu ki, XII əsr Azərbaycan psixoloji fikir tarixi Nizaminin bənzərsiz konsepsiyası ilə seçilir. Bu konsepsiyanın ana xəttini şəxsiyyət və onun formalaşması məsələləri təşkil edirdi. Eyni zamanda ailə psixologiyası, valideyn-övlad münasibətləri, qız tərbiyəsinin xüsusiyyətləri, cinsi fərqlər, xarakter məsələləri, tipoloji təhlillər və s. bu kimi məsələlər Nizaminin yaradıcılığında geniş yer almışdır.

Sonra söz tələbələrə verildi. Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin tələbələrindən Humay Nəbiyeva "N.Gəncəvi yaradıcılığında cinsi fərqlər, qadın psixologiyası məsələləri"  mövzusunda  təqdimatla çıxış etdi. Tələbələrdən Emil Paşayev, Ülkər Lətifova, Elnarə İsazadə "İsgəndərnamə" əsərindən Nüşabə ilə İsgəndərin dialoqu səhnəsini təqdim etdilər. Taciyəxanım İmanova "Leyli və Məcnun" əsərindən Leylinin monoloqunu, Ceyhun Əliyev, İkram Quliyev, Aytən Əliyeva isə "Kərpickəsən kişinin hekayəti"ni səhnələşdirilmiş formada təqdim etdilər. Tədbirin sonunda psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru İlhamə Sultanova "Yaralı cocuğun dastanı" hekayəsi əsasında təqdimat nümayiş etdirdi, Nizaminin əsərlərindəki hikmətli fikirlər haqqında danışdı. Bütün çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı. 

 

 

Rəşad SADIQOV,

AMİ-nin tərbiyə işləri 

üzrə prorektoru

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.2.