Naxçıvan Dövlət Universitetində elmi konfrans

   

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Yeni Azərbaycan Partiyasının universitet şəhərciyi ərazi ilk təşkilatının təşkil etdiyi konfransı rektor, akademik İsa Həbibbəyli açaraq partiyanın 20 il oncə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, ölkədə mürəkkəb ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə yarandığını xatırlatdı. Qeyd olundu ki, partiya qısa bir zamanda milli həmrəyliyə nail olmuş, sivil, demokratik fəaliyyəti ilə Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynamışdır. Bu gün Azərbaycanın regionun lider dövlətinə çevrilməsində, beynəlxalq arenada böyük siyasi nüfuz qazanmasında, ölkənin hərtərəfli inkişafında yarım milyon siyasi həmfikiri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının əməkdar müəllimi, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ və müasir vəzifələr" mövzusunda məruzə edərək partiyanın  ziyalı, vətənpərvər gəncliyin inkişafındakı müstəsna rolundan bəhs etdi. Məruzədə partiyanın  universitet şəhərciyi ərazi ilk təşkilatının fəaliyyəti, mütəşəkkil siyasi-ideoloji iş aparması barədə ətraflı məlumat verildi.  Qeyd olundu ki, hazırda 2011 nəfər siyası həmfikiri öz ətrafında birləşdirən universitet şəhərciyi ərazi ilk təşkilatının sıralarına təkcə son tədris ilində 307 nəfər daxil olmuşdur. Təşkilatın tərkibində AMEA-nın həqiqi və müxbir üzvləri, tanınmış alim-pedaqoqlar vardır. Təşkilat üzvlərinin 218 nəfərini yaşlı və orta nəsil, 1421 nəfərini gənclər təşkil edir ki, bu da tələbə gəncliyin partiyaya olan rəğbət və etimadının bariz ifadəsidir. Təşkilat partiyanın tərkib hissəsi kimi dövlətçiliyimizin möhkəmlənməsində, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yaşadılmasında və təbliğində, ölkə Prezidenti İlham Əliyevin siyasi xəttinin həyata keçirilməsində bundan sonra da məqsədyönlü fəaliyyətini davam etdirəcək.

Tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Hüseynov "Yeni Azərbaycan Partiyası və  Heydər Əliyev" mövzusunda məruzə etdi. Qocaman pedaqoq ümummilli liderin rəhbərliyi ilə yaradılmış partiyanı xalqın nicat, rifah və tərəqqi partiyası kimi dəyərləndirərək kollektivi yubiley münasibətilə təbrik etdi.

YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olundu. Partiya sıralarına yeni qəbul edilmiş tələbələr adından ingilis dili ixtisası üzrə III kurs tələbəsi Elməddin Kərimov minnətdarlıq etdi.

Universitetin incəsənət fakültəsinin hazırladığı möhtəşəm konsert proqramı layiqli yubiley töhfəsi oldu. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.-2012.- 16 noyabr.- S.4.