Azərbaycanlı gənc
bəstəkarın əsəri Beynəlxalq "ALEA III"
müsabiqəsinin finalında səsləndirilib
Gənc azərbaycanlı bəstəkar
Türkər Qasımzadənin əsəri ABŞ-ın
Massaçusets ştatının Boston şəhərində
keçirilən bəstəkarların ənənəvi 30-cu
Beynəlxalq "ALEA III" müsabiqəsinin finalında səsləndirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının məzunu olan Türkər beynəlxalq
müsabiqənin final konsertində amerikalı musiqisevərlərə
"Qurama" əsərini təqdim edib. ABŞ-ın
nüfuzlu universitetlərinin professorlarının və mədəniyyət xadimlərinin daxil olduğu
münsiflər heyəti festivalda həmyerlimizin əsərini
yüksək qiymətləndirmişdir. Gənc bəstəkarın
əsəri festival iştirakçıları ilə
yanaşı, amerikalı musiqisevərlərin də
böyük marağına səbəb olmuşdur.
Məlumat üçün bildirək
ki, dünyanın mötəbər musiqi
yarışmalarından biri hesab olunan "ALEA III" 1980-ci
ildən keçirilir. Müsabiqənin keçirilməsinin
başlıca məqsədi dünya bəstəkarlarının
yeni və müasir üslubda musiqi
yaradıcılığına dəstək verməkdir. Bu il
keçirilən bəstəkarların 30-cu Beynəlxalq
"ALEA III" müsabiqəsində iştirak etmək
üçün 200-dən
çox müraciətin daxil olmasına baxmayaraq, yalnız 6
ölkə - ABŞ, Azərbaycan, İspaniya, Yunanıstan,
Meksika və Polşa bəstəkarları finala vəsiqə
qazanmışlar.
Final mərhələsində iştirak
edən bəstəkarların əsərlərini dünya
şöhrətli dirijor Teodor
Antonionun rəhbərlik etdiyi ansambl səsləndirib.
Gənc bəstəkar Türkərin
geniş ansaml üçün yazılmış və Azərbaycan
rəssamları Məzahir və Lalə Avşarlara həsr
olunan "Qurama" əsəri bir müddət bundan əvvəl
ABŞ-ın Ayova ştatının memorial zalında məşhur
dirijor Bert van Herkin rəhbərliyi ilə Ayova Universitetinin
müasir musiqi ansamblı tərəfindən də ifa
olunmuşdur. Adıçəkilən əsər, həmçinin
çoxsaylı bəstəkarların işləri
sırasından xüsusi olaraq seçilmiş və
ABŞ-ın orta qərb bölgəsi bəstəkarlarının
simpoziumu çərçivəsində Sinsinati
Konservatoriyasında keçirilən konsertdə səsləndirilmişdir.
Qeyd edək ki, 2011-ci ildə Manhetten
Musiqi Akademiyasında magistr dərəcəsi alan azərbaycanlı
bəstəkar hazırda Heydər Əliyev Fondunun dəstəyi
ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl və
nüfuzlu ali təhsil müəssisələrindən biri
sayılan Ohayo ştatında yerləşən Sinsinati
Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini
davam etdirir.
Gənc bəstəkarın əsərləri
ABŞ, İtaliya, Avstraliya, İsveçrə və Latviyada
keçirilmiş müxtəlif müsabiqələrin ən
yüksək mükafatlarına layiq
görülmüşdür.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.4.