Ədəbiyyat təliminə
yeni yanaşma
Müasir mərhələdə şagirdlərdə elmə, biliyə marağı artırmaq,
yaradıcı fəaliyyət bacarığı tərbiyə
etmək, humanist dünyagörüşü,
milli özünüdərk, vətəndaşlıq
mövqeyi formalaşdırmaq, milli dəyərlərə hörmət və
məhəbbət hissi aşılamaq məktəbin,
müəllimin qarşısında duran əsas
vəzifələrdəndir. Elm və texnikanın bugünkü
sürətli inkişafı, həyatın müxtəlif sahələrində
hər gün özünü
göstərən və təsdiqini tapan texnoloji yeniliklər təlimin məzmununda və
metodlarında ciddi dəyişikliklərin
həyata keçirilməsini zəruri edir.
Bu istiqamətdəki vəzifələrdən
biri də tədris prosesində yeni texnologiyalardan, fəal,
interaktiv təlim metodlarından istifadədir.
Fəal, interaktiv təlim
metodlarının tətbiqini zəruri edən ən
mühüm amillərdən biri də odur ki, həmin metodlar
gənclərdə daim dəyişmədə olan dinamik şəraitə
uyğunlaşmaq bacarığı, sosial bacarıqlar
formalaşdırır, təfəkkürün çevikliyini
təmin edir, qrup, kollektiv şəklində fəaliyyət
göstərməyi, əməkdaşlıq
etməyi onlara öyrədir.
Digər fənlər kimi ədəbiyyatın
tədrisi prosesində də əməkdaşlığa,
tənqidi və yaradıcı təfəkkürün
inkişaf etdirilməsinə əsaslanan fəal, interaktiv təlim metodlarının tətbiqi
mühüm əhəmiyyət kəsb edir. Lakin etiraf edək
ki, hələ də müəllimlərimizin
bir qismində yeni təlim metodlarına münasibət birmənalı
deyil. Məktəblərimizdə kurikulum üzrə ədəbiyyat
dərsliyindən istifadə olunduğu bir şəraitdə
fəal, interaktiv metodların mahiyyətinin
aydınlaşdırılmasına, konkret ədəbi-bədii
nümunələrin öyrədilməsi zamanı tətbiqi
yollarının açıqlanmasına ciddi ehtiyac duyulur.
Əlbəttə, yeni metodların tətbiqi
əsrlərin sınağından çıxan ənənəvi
metodlardan tamamilə imtina olunmasını tələb etmir.
Onlarda uğurlu, müsbət nə varsa seçilməli, fəal,
interaktiv metodlarla əlaqələndirilməli və tətbiq
edilməlidir.
Respublikamızda uğurla həyata
keçirilən təhsil islahatının müasir mərhələsi
ümumi orta təhsil pilləsində V siniflərdə kurikulum üzrə
yeni dərsliklərin və metodik vəsaitlərin hazırlanması və nəşri
ilə əlamətdardır. Bu baxımdan V sinif üçün yeni "Ədəbiyyat"
dərsliyi və "Müəllim
üçün metodik vəsait"in ("Bakınəşr", 2012) müəllimlərimizdə
böyük maraq oyatması təbiidir. Dərslik və müəllim
üçün vəsait yeni
metodik təfəkkür işığında
yazılmışdır və bir çox məziyyətlərinə
görə ədəbiyyat təliminə yeni yanaşma nümunəsidir.
Dərslik və metodik vəsait
kurikulumun V siniflə bağlı standartları, təlim nəticələri
əsas götürülməklə, fəal, interaktiv təlimin
tələbləri nəzərə alınmaqla tərtib olunmuşdur. Kurikulumun tələblərinə
uyğun olaraq, yeniliyin ənənə üzərində
qurulması, məktəb təcrübəsinin, mövcud
reallığın nəzərə alınması dərsliyin
ən böyük uğurudır.
Müəlliflər haqlı olaraq qeyd
edirlər ki, ədəbiyyat fənni üzrə
qarşıya qoyulan təlim nəticələrinə nail
olmaq üçün ilboyu keçilən dərslərdə
əsas və alt-standartların reallaşdırılması zəruridir.
Standartların təlim prosesində addım-addım
reallaşdırılması dərsə hazırlıq
zamanı və dərs prosesində müəllimin diqqət mərkəzində
durmalıdır. Bədii əsərin öyrənilməsi
üzrə işin məqsədi və metodikasına uyğun
olaraq hər dərsdə müvafiq məzmun xətləri və
əsas standartlar üzrə iş aparılmalıdır.
Məlumdur ki, kurikulumda həmin sinifdə
sənətkarların həyat və
yaradıcılığı haqqında məlumat verilməsi
nəzərdə tutulmamışdır. Müəlliflər
bu tələbi əsas götürərək dərslikdə
sənətkarların portretini, onlar haqqında görkəmli
şəxsiyyətlərin fikirlərini verməyi məqsədəuyğun
saymışlar. Eyni zamanda məktəblilərin bu və ya
digər sənətkarla bağlı ətraflı məlumat alması
üçün İnternet saytlarından istifadə
imkanları gözlənilmişdir.
Dərsliyə
daxil edilmiş təlim
materialları müvafiq bölmələr
üzrə qruplaşdırılmış, həmin bölmələrə
gənc nəslə milli və ümumbəşəri
dəyərlər, vətənpərvərlik, qəhrəmanlıq,
anaya məhəbbət, təbiətə
qayğıkeş münasibət, insan hüquqlarına hörmət
aşılayan əsərlər daxil edilmişdir. Bu bölmələrdə
Azərbaycan və dünya şifahi xalq ədəbiyyatının
inciləri, klassik və müasir
ədəbiyyat nümunələri öz
əksini tapmışdır.
Dərslik
ədəbiyyat təlimində fəal, interaktiv
metodların, müstəqil işlərin tətbiqi üçün geniş imkanlar yaradır. Dərslikdəki
bədii əsərlərin, ədəbiyyat nəzəriyyəsi
elementlərinin və s. öyrədilməsi,
şifahi və yazılı nitqlə
bağlı sual və
tapşırıqlar sistemi fəal, interaktiv metodların tətbiqi, şagirdlərin müstəqil, yaradıcı fəaliyyəti
üçün əlverişli zəmin
yaradır.
Müəllim
üçün metodik
vəsaitdə bilavasitə ədəbiyyat tədrisi üçün səciyyəvi olan interaktiv metodlar geniş şərh
edilmiş, konkret dərs
nümunələrində həmin metodların tətbiqi
imkanları göstərilmişdir. Bu da, şübhəsiz, kurikulum
üzrə dərslərin təşkilində hələ zəruri
təcrübəyə yiyələnməmiş, çətinliklərlə
üzləşən ədəbiyyat müəllimləri üçün çox əhəmiyyətlidir.
Müəllim bu vəsaitdə
ikihissəli gündəlik, proqnozlaşdırılmış
oxu, fasilələrlə oxu,
müqayisə cədvəli, diskussiya və
s. interaktiv metodlardan dərs prosesində məqsədyönlü
istifadə ilə bağlı dəyərli metodik
tövsiyələr, dərs nümunələri ilə
tanış olacaqdır.
Dərslikdə
və metodik vəsaitdə müəllim
və şagirdləri
yaradıcılığa, tədqiqata sövq
edən layihələr üzrə işə xüsusi
diqqət yetirilir. Qeyd
edilir ki, layihələr
məktəblilərin müəyyən mövzu
üzrə müstəqil tədqiqat aparmalarını nəzərdə
tutur. Layihə üzərində işin vaxtı dəqiqləşdirilir,
şagirdlərə tövsiyələr, məsləhətlər
verilir.
Layihənin mövzusu, qarşıya qoyulan problem konkret olmalıdır. Müəllim
və şagirdlər birlikdə layihə üzərində işin icra müddətini,
istifadə olunacaq əyani vasitələri (ədəbiyyat,
mənbə, təsvir vasitələri və s.),
bunları əldə etmək yollarını, iş
formalarını müəyyən edirlər. İş
prosesində müəllim şagirdlərə istiqamət verə
bilər. İşin icrasına isə
şagirdlər cavabdehdir. Tədqiqatın
nəticəsi müxtəlif məktəb, sinif
tədbirləri vasitəsilə nümayiş
etdirilə bilər.
Ədəbiyyat təliminə verilən müasir tələblərdən biri də fəndaxili və fənlərarası
inteqrasiya imkanlarından səmərəli
istifadə olunmasıdır. Fəndaxili
və fənlərarası inteqrasiya
şagirdlərin ədəbi bilik və
bacarıqlara dərindən, fəal şəkildə yiyələnməsinə
imkan yaradır.
Məlumdur
ki, ədəbiyyat incəsənətin bir növü, həyatı
obrazlı şəkildə əks etdirən bir
fənn olmaqla
inteqrativ səciyyəlidir. İnteqrativlik bir fənn kimi ədəbiyyatın mahiyyətində, təbiətindədir.
Bu mühüm cəhət
bilavasitə təlim prosesində də öz
əksini tapmalıdır. Müsbət haldır ki, yeni dərslikdə və metodik vəsaitdə
bütün ədəbi-bədii
materialların interaktivlik və inteqrativlik zəminində öyrədilməsi
imkanları diqqət mərkəzində
saxlanılmışdır.
Ədəbiyyat
təliminə yeni yanaşma
öz əksini şagird
nailiyyətlərinin qiymətləndirilməsi formalarında da tapır. Müəllim üçün metodik vəsaitdə
diaqnostik, formativ, kiçik və böyük
summativ qiymətləndirmə ilə
bağlı zəruri məlumatların verilməsi təqdirəlayiqdir.
Şübhə yoxdur ki,
bədii əsərin məzmununun öyrənilməsi və təhlili, şifahi və yazılı nitq
bacarıqlarının, qrup işinin qiymətləndirilməsi
meyarları üzrə tərtib edilmiş
cədvəllər bu problemin
həllində müəllimə yardımçı
olacaqdır.
Müəllimin
yaradıcılıq və təşəbbüskarlığına,
şagirdlərin tədqiqatçılıq fəaliyyətinə,
bilik və bacarıqlara dərindən yiyələnməsinə
geniş imkanlar
yaratması istər yeni dərsliyin, istərsə
də müəllim üçün metodik vəsaitin mühüm
məziyyəti kimi qeyd
olunmalıdır.
Firəngiz
ABDULLAYEVA,
Ağdam
rayonu, 32 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.6.