Kimya
dərslərində fəndaxili və fənlərarası inteqrasiya
Milli Kurikulumda orta təhsilin hər bir
pilləsinin və eləcə də ayrı-ayrı fənlərin
məqsəd və vəzifələri, təlim nəticələri
ətraflı izah edilmişdir. Bu konsepsiyada qarşıda
qoyulan məqsəd və nəticələrə nail olmaq
üçün şagirdlərin fənlər üzrə əldə
etdiyi bilik və bacarıqların əlaqələndirilməsi
ilə yanaşı, digər fənlərin əhatə etdiyi
anlayışlar sistemindən, bilik və bacarıqlardan da
istifadə etmək nəzərdə tutulur.
Müasir dünyada baş verən
sosial, mədəni, texnoloji dəyişikliklər hərtərəfli
düşünmə qabiliyyətinin əhəmiyyətini
xeyli artırır. Bu isə şagirdlərin passiv
istehlakçı kimi deyil, ətraf aləmin dərk edilməsinə
yaradıcı təfəkkürlə yanaşan fərqlər
kimi qəbul edilməsinə gətirib çıxarır. Beləliklə,
təhsil pilləsində öyrənilən fənlərin və
onların əhatə etdiyi mövzuların əlaqəli-inteqrativ
şəkildə tədris olunması aktuallaşır.
Tədris prosesində inteqrasiyadan istifadə
etməklə şagirdlərin ayrı-ayrı fənlərdən
biliyi uzlaşdırılır. Bu isə şagirdlərin fəallığının
artırılmasına, mövzunun ətraflı mənimsədilməsinə,
şagirdlərin dünyagörüşünün
formalaşmasına kömək etməklə təhsilin
stimullaşdırılmasına yardım edir.
Fəndaxili inteqrasiya zamanı məzmun
informasiya cəhətdən daha tutumlu olur.
Məsələn, "Valentlik"
mövzusu öyrənilən zaman ayrı-ayrı atomların
xarici elektron təbəqəsində yerləşən
elektronların sayının qrupun nömrəsindən
asılılığı, onların valentlik elektronları
adlandırılmasının səbəbləri
aydınlaşdırılmaqla şagirdlər mövzular
arasında əlaqəni araşdırır, valentliyin yaranma səbəblərini
və əhəmiyyətini öyrənmiş olurlar.
Sinifdən-sinfə tədricən dərinləşən
və genişlənən məzmun xətləri arasında
varisliyin təmin olunması, eləcə də fənn üzrə
məzmun xətlərini əlaqələndirmək,
müvafiq məzmun standartlarının müəyyən tədris
vahidlərində ifadə olunmasını təmin etmək tədrisin
keyfiyyətini yüksəldir. Şagirdlərin əldə
etdikləri biliklərdən istifadə etmək
bacarıqlarını inkişaf etdirir.
Bir neçə fənnin (kimyanın tədrisində:
biologiya, fizika, riyaziyyat və s.) əhatə etdiyi ortaq arayış,
bilik və bacarıqların sintezi olmaqla fənnə aid olan
anlayışların və metodların digər bir fənnin
öyrənilməsində istifadəsini fənlərarası
inteqrasiya həyata keçirir.
Məsələn, riyaziyyatda öyrənilən
tənasüb, faiz kimi anlayışlar "Məhlullar və
onlara aid məsələlərin həlli" mövzusunda ən
çox sintez edilən anlayışlardandır. "Maddə
kütləsinin saxlanması qanunu", "Maddə tərkibinin
sabitliyi qanunu", "Avoqadro qanunu" və s. mövzulara
aid məsələlərin həllində riyaziyyata və
fizikaya aid anlayışlardan, "Aminlər,
aminturşular", "DNT və RNT",
"Karbohidratlar" və s. öyrənilməsində
biologiyaya dair biliklərdən geniş istifadə olunur.
Müsbət haldır ki, müxtəlif
fənlərə aid, lakin bir-birini tamamlayan, eləcə də
oxşar mövzuların tədrisi vaxt etibarilə bir-biri il
uzlaşdırılır. Bu da fənlərarası əlaqəni
daha asan və məhsuldar edir.
Belə əlaqənin yaradılması
şagirdlərin bilik və bacarıqlarından
yaradıcı istifadəni təmin edir.
Burada bir fənnin əldə etdiyi nəticələrdən
digər fənlərdə istifadə edilir. Müxtəlif fənlər
və mövzular arasındakı əlaqələrin müəyyənləşdirilməsi,
bu əlaqələrin fənlərarası anlayış və
bacarıqların formalaşdırılmasında
yaradıcılıqla istifadə olunması təlimin keyfiyyətinə
yaxşı təsir edir, istənilən nəticəni əldə
etməyə imkan yaradır. Nəzərdə tutulan məzmunun
ətraflı mənimsədilməsi və şagirdlərin
elmi dünyagörüşünün
formalaşdırılmasında inteqrasiyanın rolu inkaredilməzdir.
Fəndaxili inteqrasiya zamanı
üfüqi inteqrasiyadan istifadə fənn üzrə məzmun
xətlərini əlaqələndirməklə məzmun
standartlarının müəyyən tədris vahidlərində
ifadə olunmasını təmin edir.
Kimya fənn kurikulumunda VII sinif üzrə
müəyyənləşdirilmiş məzmun xətləri
arasında əlaqə yaradılarkən maddənin tərkibi,
quruluşu, fiziki xassələri, maddələr arasında
qarşılıqlı əlaqələri, eləcə də
kimyəvi xassələri, kimyəvi hadisələri, kimyəvi
reaksiyaları, kimyəvi tənlikləri, kimyəvi
reaksiyaların tətbiq sahələri üzrə lazımi
biliklərə malik olmaqla kimyəvi reaksiyalar üzrə təcrübə
aparmağı, sadə molekulları və reaksiyaları modelləşdirməyi
bacarırlar.
Şaquli inteqrasiya sinifdən-sinfə tədricən
dərinləşən və genişlənən məzmun xətləri
arasında varisliyi təmin edir. Kimya dərslərində
şaquli inteqrasiya yaradılarkən, məsələn,
"Maddə və maddi aləm" məzmun xəttində
maddələrin tərkibinin, quruluşunun, xassələrinin və
s. aşağı siniflərdə öyrədilməsi,
yuxarı siniflərdə maddələrin onların
quruluşundan asılılığı səbəblərini
aydınlaşdırmaq, quruluşuna görə maddələrin
xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən
saf maddələri və qarışıqları bir-birindən
fərqləndirmək, müxtəlif üsullardan istifadə
etməklə qarışıqları ayırmaq
bacarıqlarının formalaşması imkanlarını
genişləndirir. Eləcə də zəhərli maddələrlə
davranmaq vərdişləri aşılayır.
"Kimyəvi hadisələr" məzmun
xəttinə aid materialların sinifdən-sinfə
keçdikcə genişləndirilməsi şagirdlərdə
tədqiqatçılıq qabiliyyətlərinin güclənməsinə
şərait yaradır. Maddələrin bir-birinə
çevrilməsi, bu çevrilmələrin
qanunauyğunluğunun dərk olunması, ətraf aləmdə
baş verən çevrilmələrdən həyati məqsədlər
üçün istifadə bacarıqları formalaşdırır.
"Eksperiment və modelləşdirmə"
məzmun xəttində şagird VII sinifdə sadə
molekulları modelləşdirməyi bacarırsa, VIII sinifdə
kimyəvi prosesləri modelləşdirir. Bu zaman VII sinifdə
molekulların modelləşməsi zamanı öyrəndiyi
biliklərdən istifadə edir.
"Kimya və həyat" məzmun xəttində
şagird ekoloji təmiz mühitin saxlanmasının niyyətini
dərk edir, yuxarı siniflərdə ətraf mühiti
çirkləndirən mənbələr haqqında məlumatlar
toplayır, onun aradan qaldırılması yollarını izah
edir, referatlar hazırlaya bilir.
Gülpəri
DƏMİROVA,
Şamaxı
rayon Sabir qəsəbə
tam
orta məktəbin kimya müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.6.