Yeniyetmə tarzənin
böyük uğurları
1998-ci
ildə Bakıda anadan olan Əli Məlikov 2007-ci ildə R.Behbudov adına 2 nömrəli musiqi məktəbinin
tar ixtisası üzrə I
sinfinə qəbul olunub. İlk günlərdən
çalışqanlığı və istedadı ilə seçilib. Çox keçməyib ki, məktəb, rayon, ümumşəhər
tədbirlərində çıxış edib. Müxtəlif
illərdə M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında, R.Behbudov adına
Mahnı teatrında, Kirxa konsert
zalında solo çıxışları maraqla
qarşılanıb. 2009-cu ildə
məktəbin Azərbaycan
Dövlət Filarmoniyasında keçirdiyi konsertdə də Əli əsl bacarıq və
istedad nümayiş etdirib.
2010-cu ilin mayında M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının xalq artisti Teymur
Göyçayevin rəhbərliyi ilə keçirilən ümummilli lider Heydər Əliyevin
doğum gününə həsr olunan konsertdə III sinif
şagirdi Əli Məlikov Y.Bramsın "Macar rəqsi" əsərini məharətlə
ifa edib. Xalq çalğı alətləri
üzrə II respublika
müsabiqəsi qaliblərinin yekun konsertində o, uğurla çıxış edərək I dərəcəli diploma layiq
görülüb. 2012-ci ilin aprelində Beynəlxalq Muğam Mərkəzində xalq artisti Bülbülün 115
illik yubileyinə həsr olunan festivalın yekun konsertində uğurla çıxış edən
Əli diplom və medal qazanaraq müəllimlərinə,
valideynlərinə böyük
sevinc bəxş edib. Qeyd edək
ki, Əli Məlikov hazırda
Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin üzvüdür. O, Bakıdakı 7 nömrəli tam
orta məktəbin və
R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin VIII sinif
şagirdidir.
Sevindirici
haldır ki, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2012-ci il tarixli fərmanı ilə Əli Məlikovun adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na
yazılmaqla o, Azərbaycan Respublikası Prezidentinin xüsusi
aylıq təqaüdünə layiq görülüb.
Bu
münasibətlə biz də
yeniyetmə tarzəni ürəkdən
təbrik edir, milli musiqimizin gələcəkdə
inkişafına töhfələr verəcəyinə əminliyimizi
ifadə edirik.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.11.