Müəllim və şagirdlərimiz Sankt-Peterburqda beynəlxalq festivalda iştirak ediblər

 

18-24 oktyabr tarixlərində Sankt-Peterburq şəhərində Mstislav Rostropoviçin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar beynəlxalq festival keçirilib. Dahi maestronun adını daşıyan musiqi və incəsənət məktəblərinin iştirakı ilə keçirilən beynəlxalq festivalda ölkəmizi Bakı şəhərindəki Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagirdləri təmsil ediblər. Moskva və Sankt-Peterburq musiqi və incəsənət məktəblərinin və Fransanın Koqolin şəhərindən olan məktəbin müəllim və şagirdlərinin də qatıldığı beynəlxalq festival olduqca maraqlı keçmişdir.

Festival günlərində Bakı şəhərindəki L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri digər məktəblərin nümayəndələri ilə birlikdə Sankt-Peterburq şəhərinin müxtəlif salonlarında yüksək səviyyədə hazırlanmış konsert proqramları ilə çıxış ediblər. Şagirdlərimiz musiqi alətlərində Azərbaycan, Qərb və Rusiya bəstəkarlarının əsərlərini məharətlə ifa edərək tamaşaçıların və festivalın təşkilatçılarının rəğbətini qazanıblar.

Beynəlxalq festivalda maraqlı çıxışlarla yanaşı, müxtəlif ölkələrdən gəlmiş məktəblərin rəhbərləri, müəllimləri arasında təcrübə mübadiləsi aparılmış, iştirakçılar üçün ekskursiyalar və mədəni proqramlar təşkil edilmişdir.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 16 noyabr.- S.11.