Sambo idman növü üzrə dünya və Avropa üçüncüsü

 

Söhbət Umbayev Nəsimi Mübariz oğlundan gedir. O, 1994-cü il oktyabrın 3-də Bakıda anadan olub. 2001-ci ildə 143 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunub. Yeddinci sinfə kimi burada oxuyub. Sonra idmana olan marağı onu 277 nömrəli idman təmayüllü tam orta məktəbə gətirib çıxarıb. 

Nəsimi 2004-cü ildən məşqçi-müəllim, idman ustası, respublika dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə sambo və cüdonun sirlərinə yiyələnir. 2008-ci ildən isə 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin sambo və cüdo idman bölməsinə üzv yazılıb. Həmin ildən rayon, şəhər, respublika və beynəlxalq yarışlarda uğurla iştirak edir.

N.Umbayev 2011-ci ilin fevralında sambo üzrə Azərbaycan birinciliyində 52 kq çəki dərəcəsində yarışaraq I yeri tutub. Həmin ilin iyununda isə respublika kuboku uğrunda yarışda 48 kq çəki dərəcəsində I yerin sahibi olub.

O, beynəlxalq yarışlara 2011-ci ilin oktyabrında qoşulub. Həmin vaxt Latviyanın paytaxtı Riqa şəhərində 20 yaşlı gənclər arasında sambo üzrə keçirilən dünya çempionatında iştirak edib. Yarışda venesuelalı rəqibinə 3:1, Monqolustan idmançısına 1:0 hesabı ilə qalib gəlib. Rusiyalı idmançıya isə uduzaraq 3-cü yeri tutub və bürünc medal qazanıb. Nəsimi 2012-ci ilin aprelində Rumıniyanın paytaxtı Buxarest şəhərində sambo üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında da III yeri tutaraq bürünc medalın sahibi olub.

O, eyni zamanda cüdo üzrə 2009-cu ildə Bakıda keçirilən Həzi Aslanov adına beynəlxalq turnirdə I yeri, 2010-cu ildə isə eyni adlı beynəlxalq turnirdə III yeri tutub.

N.Umbayev hazırda 2013-cü ildə Bakıda keçiriləcək beynəlxalq turnirlərə və Azərbaycan çempionatına hazırlaşır.

 

 

Azərbaycan müəllimi.- 2012.- 23 noyabr.- S.10.