Müəllimlərini əvəz
edən şagird
Maks Karl Ernest Lüdviq
Plank görkəmli alman nəzəri
fiziki, kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərində
fizika elminin inkişaf istiqamətini müəyyənləşdirib.
1900-cü ildə kvant hərəkətini (Plank sabiti) elmə
daxil edib, kvant ideyalarına əsaslanaraq şüalanma qanununu
kəşf edib. Termodinamika, nisbilik nəzəriyyəsi,
idrak fəlsəfəsinə dair elmi işləri ilə
böyük nüfuz qazanıb. Fizikanın tarixi və
metodologiyası, elmin fəlsəfəsinə dair tədqiqatlar
aparıb. Mütləq qara cismin spektrində enerjinin
paylanması qanununu müəyyən edib. 1918-ci ildə
mütləq qara cismin şüalanma qanununun kəşfinə
görə Nobel mükafatına layiq görülüb.
İstedad və əməksevərliyi
ilə seçilən məktəbli
Maks
Plank 1858-ci il aprelin 23-də Prussiyanın Kile şəhərində
mülki hüquq professoru İohann Yulius Vilhelm fon Plankın
ailəsində anadan olub. Anası Emma Plank uşaqların tərbiyəsi
ilə məşğul idi. Uşaqlıqdan Maks fortepianoda və
orqanda ifa etməyi öyrənib. O, musiqi sahəsində qeyri-adi qabiliyyətləri ilə
seçilib. Maksın 9
yaşı tamam olanda ailə
Münhenə köçüb. Plank sonralar
xatırlayırdı ki, valideynləri və bacıları
arasında xoşbəxt gənclik illəri keçirib. Onların ailəsində
uşaqların istedad və qabiliyyətlərinin hərtərəfli
inkişafına xüsusi diqqət var idi. Onun ulu babası
Qotlib Yakob Plank və babası Henrix Lüdviq Plank Gettingendə
teologiya professorları olublar.
Maks Münhendə Maksimilian Kral Gimnaziyasına daxil
olub. Gimnaziyada Maks yaxşı
oxuyurdu. İstedadı, əməksevərliyi ilə
seçilən Plank çox ağıllı və fərasətli
idi.
Onun
riyaziyyata marağı çox erkən yaşda
özünü büruzə verib.
Riyaziyyat sahəsində çox gözəl müəllimləri
onda təbiət və dəqiq
elmlərə maraq oyada biliblər. Maksın riyaziyyat müəllimi
Q.Müller olub. Müəllimlər arasında dərin
biliyi və iti zəkası ilə
seçilən Müller sadə və inandırıcı dərs
nümunələrilə fizika qanunlarını gənc və istedadlı Planka izah etməklə
onda tədqiqatçılığa və müstəqil surətdə
elmi problemlər üzərində iş aparmağa həvəsləndirmişdi. Orta və yuxarı
siniflərdə onun xəstələnmiş müəllimləri
əvəz etməsi adi hala çevrilmişdi. 1854-cü ildə
gimnaziyanı başa vuran Maks əvvəlcə klassik
filologiyanı öyrənməyə cəhd edib, öz
qüvvəsini musiqi kompozisiyalarında sınayıb, lakin
fizikaya üstünlük verib.
Sonralar Plank yazırdı ki, ilk olaraq enerjinin
saxlanması qanununu mütləq qanun kimi mənimsəyib. İxtisas seçimi
qarşısında qalan Plank dərhal
fizikanı seçməyib. Onu klassik filologiya, musiqi cəlb
edirdi. Fizika ixtisas seçimində bütün digər elmləri
qabaqlasa da, musiqi Plankın bütün ömrü boyu həyatında
önəmli yerdə olub. Maks
Plank 3 il ərzində əvvəlcə Münhen, sonra isə
Berlin universitetlərində riyaziyyat və fizikanı öyrənib.
Onun Münhen Universitetindəki müəllimlərindən
professor Filipp fon Jollinin qabaqgörənliyi səhv
çıxıb. O, gənc
Planka başqa peşəni seçməyi məsləhət
görmüşdü. Onun sözlərinə görə,
fizikada artıq kəşf olunası əhəmiyyətli yeni
bir şey qalmayıb. O, Maksa perspektivi olmayan işlərlə
məşğul olmamağı tövsiyə etmişdi. Lakin
gənc Maks professorun nəsihətinə qulaq asmayıb.
Maksın gənclik illərində geniş yayılan bu kimi
fikirlər XIX əsrin sonlarında fizika və kimya elmləri
sahəsində əldə olunmuş bir sıra elmi nailiyyətlərlə
izah olunur. Lakin Berlin Universitetində təhsil alan Maks Plank
Almaniyanın o zamankı məşhur
tanınmış fizikləri Qerman fon Helmholts və Qustav
Kirxqof, eləcə də Rudolf Klauzisin elmi işləri sayəsində
fizika elmi sahəsində daha
geniş elmi dünyagörüşə nail olmuşdu. Məşhur
fiziklərin rəhbərliyi altında elmi problemləri öyrənən
Maks özünün elmi karyerasını müəyyən
edib. Sonralar Plank yazırdı ki, fiziki qanunları o,
adları çəkilən
alimlərin mühazirələrindən deyil, onların
yazmış olduqları kitablardan öyrənib. (Helmholts
mühazirələrə hazırlaşmırdı və
çox vaxt yazı lövhəsində
səhvlər buraxırdı, Kirxqof isə mühazirələrə
çox diqqətli hazırlaşsa da, onun dərsi çox
darıxdırıcı və monoton idi).
Elmi maraqları
Dövrün
bir sıra məşhur fiziklərinin təsiri altında Maks
Plankın elmi maraqları ilk vaxtlarda termodinamika sahəsinə
yönəlib. Fizikanın bu bölməsində
o zaman məlum olan azsaylı fundamental qanunlar əsasında
istilik problemləri, mexaniki enerji və enerji çevrilmələri
öyrənilirdi. 1879-cu ildə Maks Plank Münhen Universitetində
"İstiliyin mexaniki nəzəriyyəsinin ikinci qanunu barədə"
mövzusunda dissertasiya müdafiə edərək ilk elmi dərəcəsini
alıb. İki il sonra isə
"Müxtəlif temperaturlarda izotrop maddələrin
tarazlıq vəziyyəti" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. Bundan sonra Maks Plank Münhen
Universitetinin fizika fakültəsində
kiçik elmi işçi vəzifəsinə təyin
olunub. 1885-ci ildə Maks Plank
Kilsk Universitetinin adyunkt-professoru olub. Bu, ona məşğul
olduğu elm sahəsində daha
geniş sərbəstlik verib. Onun maddi vəziyyəti
yaxşılaşıb və elmi tədqiqatların
aparılması üçün daha çox vaxt qazanıb. O
bu təyinatı həyatında ən xoşbəxt günlər
hesab edib. Maks çox fəal işləyirdi və tezliklə
çox gənc və inkişaf etməkdə olan elm sahəsi
- fiziki kimya sahəsində mühüm elmi nəticələr
əldə edib. Maks Plankın termodinamika və
onun bölmələri olan fiziki kimya və elektrokimya sahəsində
işləri ona beynəlxalq nüfuz qazandırıb. 1888-ci ildə Maks Plank Berlin
Universitetinin adyunkt-professoru və Nəzəri Fizika
İnstitutunun (bu elm ocağı xüsusi olaraq onun
üçün təsis edilmişdi) direktoru vəzifəsini
tutub. Münhen Universitetində dosent vəzifəsində
çalışan Maks Plank nəzəri fizika kursu üzrə
ilk mühazirələrini təşkil etməyə
başlayıb. Lakin 1897-ci ilə qədər o
özünün mühazirə materiallarının dərc
olunmasına nail ola bilməyib. 1887-ci ildə Maks Plank Gettingen
Universitetinin fəlsəfə fakültəsinin
mükafatını almaq üçün yazdığı
elmi işi müsabiqəyə təqdim edib. Bu işə
görə Plank mükafat alıb, enerjinin saxlanması
qanununun tarixi-metodoloji təhlilinə həsr olunmuş elmi
iş 1887-1924-cü illər ərzində 5 dəfə dərc
olunub. Bu dövrdə Plank
fiziki-kimyəvi proseslərin termodinamikasına dair bir sıra
elmi işlərini dərc etdirib. Duru məhlullarda kimyəvi
tarazlıq nəzəriyyəsini yaratmasına görə daha
çox populyarlıq qazanıb. 1897-ci ildə onun
termodinamikaya həsr olunmuş mühazirələri ilk dəfə
işıq üzü görüb. Bu klassik əsər bir
neçə dəfə dərc olunaraq müxtəlif dillərə
tərcümə olunub.
Artıq Maks Plank Berlin Universitetinin ordinar-professoru və Prussiya Elmlər
Akademiyasının üzvü idi. 1896-cı ildə Plank
Berlin Dövlət Fizika-Texnika İnstitutunda aparılan
hesablamalara, eləcə də maddələrin istilik
şüalanması hadisəsinə maraq göstərib.
Müstəqil surətdə öz tədqiqatlarını
aparan Plank yeni fiziki qanunauyğunluqlara diqqət yetirib. O,
eksperimentlər əsasında qızdırılmış cismlərin
istilikburaxma qanununu müəyyən edib. Bununla belə, o,
istilikburaxmanın kəsilən xarakterə malik olması ilə
üzləşib. Plank öz
qanununu yalnız belə bir mühüm fərziyyə ilə əsaslandıra
bilib ki, atomların hərəkət enerjisi sərbəst deyil, onlar yalnız
müəyyən olunmuş qiymətlər ala bilər.
Sonrakı tədqiqatlar bu fərziyyəni tam təsdiq etdi. Məlum
oldu ki, istilikburaxmanın fasiləliliyi istənilən
şüalanmaya xasdır.
İşıq enerjinin ayrı-ayrı hissələrindən
(kvantlardan) ibarətdir. Plank müəyyən etmişdi ki,
işıq porsiyalarla buraxıla və udula bilər. Və hər
bir bu cür porsiyanın enerjisi hərəkət tezliyinin
sonralar Plank sabiti adlandırılan xüsusi sabit kəmiyyətə
hasilinə bərabərdir.
Maks Plank sabiti
Maks Plank mütləq qara cismin spektri
üçün universal düstur axtarırdı.
Şüalanmanın enerjisinin onun tezliyinin böyüməsi
ilə artmasını nəzərə alan
Plank çox sadə təklif vermişdi. E şüalanma
enerjisi onun tezliyi ilə mütənasibdir: .
Plank tapdığı düstur üzərində iki il çalışmışdı. 1900-cü il oktyabrın 19-da Alman Fizika Cəmiyyətinin
iclasında Plank öz düsturunu təklif edib. İclasda iştirak edən eksperimentatorlardan Rubens
ertəsi gün Plankı təbrik edərək bildirib ki, onun
düsturu mütləq qara cismin spektrlərini ən xırda
təfərrüatlarına qədər təsvir edir. Plank nəzəriyyəçi idi,
ona görə də o, nəzəriyyənin yalnız son nəticələrini
deyil, həm də daxili bitkinliyini qiymətləndirirdi. O hələ
bilmirdi ki, təbiətin yeni qanununu kəşf edib, o hesab
edirdi ki, bu qanunu elmə məlum olan digər qanunlardan
çıxarmaq olar. Materiyanın və
termodinamikanın kinetik nəzəriyyəsindən irəli gələn
mülahizələrə istinad edən Plank şüalanma
qanununu nəzəri olaraq əsaslandırmağa
çalışırdı. O, son qüvvəsini
toplayaraq iki ay fasiləsiz işləyib və buna nail olub. Alim müəyyən
etmişdi ki, şüalanma müəyyən paylarla və ya
kvantlarla buraxılır, həmin payların miqdarı isə
onun təklif etdiyi düsturu ilə
müəyyən olunur. Nyuton və Leybnits
tərəfindən qoyulmuş dünyanın əsas fiziki mənzərəsini
təşkil edən bütün növ proseslərin kəsilməzliyi
təsəvvürünə zidd olaraq Plank
şüalanmanın kvant təbiətini irəli
sürür. Bu nəzəriyyəyə görə,
şüalanma hər birinin enerjisi -yə bərabər olan
kvantlarla ayrılır və udulur:
burada -
şüalanma tezliyi, - Plank sabitidir. Məşhur
düsturunu çıxaran zaman Plankın 42 yaşı var
idi. 1900-cü il dekabrın 14-də Berlin Fizika Cəmiyyətinin
iclasında çıxış edən ordinar fizika professoru
Maks Plank "Normal spektrdə enerjinin paylanması qanununun nəzəriyyəsinə
dair" son dərəcə xüsusi əhəmiyyətə
malik məqalə ilə çıxış edib. Həmin gün yeni elm - kvant haqqında təlim
yaranıb. Plank tərəfindən irəli
sürülmüş fərziyyə fizikada əsl inqilab
yaratmış kvant nəzəriyyəsinin doğulması demək
idi. Elm aləmi üçün Plank
adını daşıyan
sabitinin nə qədər əhəmiyyətli olduğu
bu iclasdan sonra məlum oldu. Bu sabitin
kiçik ədəd olduğu aşkar olundu. Plank sabiti
atom hadisələrinin öyrənilməsinə qapı
açdı. Plank düsturu abstrakt təsəvvürlərin
nəticəsi olmayıb, yalnız uzunmüddətli dəqiq
təcrübələrin əsasında meydana gəlib. Plank təsir
kvantını fizika elminə daxil etmişdi. O, elmi
tapıntısının əsl mahiyyətini özü də
tam miqyası ilə təsəvvür edə bilmirdi. Digər nüfuzlu fiziklər də yeniliyi qəbul
etməkdə və onu anlamaqda çətinlik çəkirdilər.
Məşhur fizik Kramers kvantlar nəzəriyyəsi
açıqlandıqdan sonra belə demişdi: "Kvant nəzəriyyəsini
xəstəliyi
müalicə edən, lakin xəstəni
öldürən dərmanla müqayisə etmək olar".
Plank özü 1909-cu ildə Eynşteynə etiraf edirdi:
"Mən işıq kvantlarının varlığına hələ
də pis inanıram". Lakin Plankın işləri
artıq fiziki tədqiqatlar üçün bol material
vermişdi. 20 il keçəndən
sonra Eynşteyn deyirdi: "Plank fiziklərin qulağına birə
buraxıb". Klassik
fizika müasir fizikanın tam əksi olaraq hazırda
"Planka qədərki fizika" adlanır. 1901-ci ildə eksperimental məlumatlara əsaslanan Plank
Bolsman sabitinin qiymətini müəyyən edib. Digər elmi nəticələrdən isfitadə etməklə
Avoqadro ədədini (elementin bir molunda olan atomların
sayı) hesablayıb. Avoqadro ədədindən
istifadə edən Plank çox yüksək dəqiqliklə
elektronun elektrik yükünü tapa bilib. Plank heç də
inqilabçı olmayıb, nə o, nə də digər
fiziklər "kvant" anlayışının dərin mənasını
başa düşmürdülər. 1906-cı
ildə Plankın "İstilik şüalanması nəzəriyyəsinə
dair mühazirələr" monoqrafiyası işıq
üzü görüb. Bu nəzəriyyədə
Plank sabiti və digər fundamental kəmiyyətlərlə
yanaşı, işıq sürəti, Bolsman sabiti
adlandırılan kəmiyyət əksini tapıb. Plank
üçün kvant sadəcə maddənin istilikburaxma
qabiliyyətini düsturla ifadə etmək üçün bir vasitə idi. O, dəfələrlə
klassik ənənə çərçivəsində
razılıq əldə etməyə cəhd edib, lakin nəticə
hasil olmayıb. Bununla belə o, kvant nəzəriyyəsi
üzrə ilk uğurlardan məmnuniyyətlə
danışırdı. Kvant nəzəriyyəsinin
mövqeyi 1905-ci ildə Albert Eynşteynin foton
anlayışından - elektromaqnit şüalanma kvantından
istifadə etməsindən sonra daha da möhkəmləndi. Eynşteyn təklif edirdi ki,
işıq ikili təbiətə malikdir: o, özünü həm
dalğa, həm də hissəciklər kimi apara bilər. 1907-ci ildə Eynşteyn cismlərin xüsusi istilik
tutumunun təcrübi qiymətləri və nəzəri fərziyyələr
arasında ziddiyyətləri kvantların köməyi ilə
aradan qaldırmaqla kvant nəzəriyyəsinin əsaslarını
daha möhkəmlətdi. Plankın kəşfinin
daha bir potensial gücü 1913-cü ildə danimarkalı fizik
Nils Borun kvant nəzəriyyəsini atomun quruluşuna tətbiq
etməsindən sonra daha da təsdiqini tapdı. Plankın digər
nailiyyətlərinə gəldikdə, hissəciklərin
kiçik təsadüfi impulslarda hərəkətini təsvir
edən Fokker-Plank tənliyinin həlli misal göstərilə
bilər.
"Fiziki tədqiqatların
yolgöstərən ən parlaq ulduzu"
1919-cu ildə Maks Plank kvant enerjisinin kəşfi
sahəsində xidmətlərinə görə Nobel
mükafatına layiq görülüb. İsveç Kral Elmlər
Akademiyasının üzvü Q.Ekstrand mükafatın təqdimolunma
mərasimində qeyd edib ki, "Plankın şüalanma nəzəriyyəsi
müasir fiziki tədqiqatların yolgöstərən ən
parlaq ulduzudur, onun dahiliyinin neçə-neçə xəzinəyə
yol açdığını söyləmək
üçün isə bir neçə il lazım gələcək". 1920-ci ildə Nobel
mühazirəsində Plank öz işlərinə yekun
vuraraq etiraf edirdi ki, kvantın tətbiqi hələlik əsl
kvant nəzəriyyəsinin yaradılmasına gətirməyib.
20-ci illərdə Ervin Şredinger, Verner
Heyzenberq, Pol Dirak və digər fiziklər kvant
mexanikasını inkişaf etdirdilər. Kvant
mexanikasının yeni ehtimal interpretasiyası Plankın ürəyinə
yatmırdı. Eynşteyn kimi Plank da yalnız ehtimal nəzəriyyəsinə
əsaslanan qabaqcadan söylənmiş fərziyyələri
bir araya gətirmək istəyirdi.
Plankın müasir fizikanın inkişafında xidmətləri
təkcə kvantın kəşfi və onun adını
daşıyan sabitlik ölçüsü ilə məhdudlaşmır.
Eynşteynin 1905-ci ildə dərc olunmuş
xüsusi nisbilik nəzəriyyəsi onda çox güclü
təəssürat buraxmışdı. Plank tərəfindən yeni nəzəriyyəyə
göstərilmiş tam dəstək fiziklər tərəfindən
xüsusi nisbilik nəzəriyyəsinin qəbul
olunmasında az rol oynamayıb.
"Bu
gün mən Nyutonun kəşfi kimi mühüm bir kəşf
etmişəm..."
1920-ci il iyunun 2-də
Stokholmda İsveç Elmlər Akademiyasında keçirilən
təqdimolunma mərasimində çıxış edən
Plank "Kvant nəzəriyyəsinin yaranması və
inkişafı" mövzusunda nitq söyləyib. "Bu gün bizə anlaşılmaz görünənlər
bir vaxt gələcək, daha yüksək baxımdan
xüsusilə sadə və harmonik görünəcək.
Lakin bu məqsədə çatana qədər
kvant problemi tədqiqatçıların fikrini oyadacaq və
onu daha məhsuldar edəcək, onun həlli zamanı nə qədər
çox çətinlik qarşıya çıxarsa, bu,
bizim fiziki biliyimizin genişlənməsi və dərinləşməsi
üçün bir o qədər zəruri olacaq". Plank öz kəşfinin əhəmiyyətini
çox yaxşı başa düşürdü. Oğlu
Ervin xatırlayırdı ki, atası bir dəfə meşə
gəzintisinə onu da özü ilə aparıb. Yolda alim
oğluna həyəcanla bu sözləri deyib: "Bu
gün mən Nyutonun kəşfi
kimi çox mühüm
bir kəşf etmişəm". Plank doğrudan da bu
sözləri deməkdə haqlı idi, lakin Eynşteyn, Bor
kimi korifeylərin
uzunsürən səyləri tələb olundu ki, bu kəşf
bütün elm ictimaiyyəti tərəfindən qəbul
olunsun. Plank öz kəşfini heç vaxt nəzərə
çarpdırmırdı. Elə bunun nəticəsi idi ki,
onun haqqında belə
bir yanlış rəy formalaşmışdı: "O bir
iş görəndə yəqin ki, nə etdiyini bilmirdi".
Plankın elmə verdiyi xidmətlər əvəzsizdir.
Məhz onun kvantları kəşf etməsi Albert Eynşteynin nisbilik nəzəriyyəsi
kimi mühüm kəşfə yol açmışdı. Plankın şüalanma qanunundan sonralar atom
bombasının yaradılmasında da istifadə olunmuşdu.
Plankın kəşfini qiymətləndirən
Albert Eynşteyn yazırdı: "Məhz Plankın
şüalanma nəzəriyyəsi
digər təkliflərdən fərqli olaraq ilk dəfə
atomların mütləq ölçülərinin təyin
olunmasına təkan verib. Bundan əlavə, o,
inandırıcı surətdə göstərib ki,
materiyanın atomistik strukturundan əlavə, Plankın irəli
sürdüyü universal sabitlik ölçüsü tərəfindən
idarə olunan enerjinin özünəməxsus atom strukturu
mövcuddur. Bu kəşf XIX əsrdə bütün elmi tədqiqatların
əsası oldu və o vaxtdan elmin inkişafını müəyyən
etdi. Bu kəşf olmadan atom və molekulların,
energetik proseslərin
əsl nəzəriyyəsini müəyyən etmək
mümkün olmazdı. Bundan başqa, bu kəşf
klassik mexanika və elektrodinamikanın standartlarını
dağıdaraq elm qarşısında yeni - bütün fizika
üçün yeni idrakın təməlini tapmaq vəzifəsini
qoydu". Plankın elmi nailiyyətini
Albert Eynşteyn qədər dəqiq və müfəssəl
qiymətləndirən olmamışdı. Görkəmli
fransız riyaziyyatçısı A.Puankare yazırdı:
"Plankın kvant nəzəriyyəsi heç şübhəsiz
natural fəlsəfənin Nyuton dönəmindən məruz
qaldığı ən böyük və ən dərin
inqilabdır".
Dahilərin
dostluğu
O, hər hansı elmi məktəb
yaratmayıb, lakin onun ünsiyyətdə olduğu elmi cəmiyyətin
sıraları çox geniş idi. Bu cəmiyyətdə
Albert Eynşteyn əsas fiqur idi. Maks Plank
Albert Eynşteynlə birlikdə o zaman müxtəlif elmi
diskussiyaların və mübahisələrin qızğın
aparıldığı Solveyev konqreslərində əsas
söz sahibləri idilər. Bir çox
elmi mübahisələrə məhz Maks Plankın müdaxiləsindən
sonra son qoyulardı. Maks Plank və Albert
Eynşteyni möhkəm dostluq birləşdirirdi. Plank
bütün həyatı boyu musiqi sevgisini nümayiş
etdirib. O, əla pianoçu idi, tez-tez öz dostu Albert
Eynşteynlə birlikdə kamera musiqilərini ifa edirdi.
Bundan əlavə, fizikanın bir sıra
aktual problemlərinə (kvant mexanikasının
interpretasiyası) də oxşar mövqedən
yanaşırdılar.
Bütün həyatı boyu Maks Plank ailəsinə,
dostlarına və öz ölkəsinə sədaqətini
qoruyub saxlayıb. O, çox təvazökar adam
olub. Plank alpinizmə maraq göstərir və hər yay tətilini
Alp dağlarında keçirirdi. "Taleyinə dünyaya böyük
yaradıcı ideya bəxş etmək nəsib olmuş
insanın gələcək nəsillərin tərifinə
ehtiyacı yoxdur. Onun yaradıcılığı ona daha
artıq xeyir verib",- deyə
Eynşteyn Plankın 60 illiyinə
həsr olunmuş tədbirdə bildirmişdi. 1928-ci ildə 70 yaşlı alim nəzəri
fizika kafedrasını dalğa funksiyasının banisi Ervin
Şredingerə (fizik, Nobel mükafatı laureatı
) təhvil verərək təqaüdə
çıxıb. Lakin bundan sonra da Plank inadla elmi işlərini davam
etdirib. O, kayzer Vilhelm dövründə 1930-cu ildən
prezidenti olduğu
Fundamental Elmlər Cəmiyyəti ilə əlaqəsini
kəsməyib. Səkkizinci onilliyin
astanasında da Plank tədqiqatçılıq fəaliyyəti
ilə məşğul olub. Onun tələbələrindən
Maks fon Laue, Qustav Herts, Valter Bote müxtəlif
illərdə Nobel mükafatına layiq görülüblər.
Ölkəsi
üçün dualar edən alim
Maks Plank
Almaniyada faşistlərin hakimiyyətə gəlməsini
milli faciə kimi qarşılayıb. O, müharibə
dövründə vəzifələrindən uzaqlaşdırılmış
və ölkədən qovulmağa məhkum olan yəhudi
alimlərin müdafiəsinə qalxıb. Onların təqibinə son qoymaq
üçün Plank Fundamental Elmlər Cəmiyyətinin
prezidenti kimi Hitlerin rəsmi qəbulunda
olub. Görüşdə Hitler ümumiyyətlə
yəhudilərə qarşı daha kəskin mövqeyini
ortaya qoyub. Cəsarətli alimi yalnız
onun dünya şöhrəti labüd ölümdən xilas
edib. Sonrakı illərdə
Plank daha ehtiyatlı olub və susmağa üstünlük
verib, baxmayaraq
ki, nasistlər artıq alimin baxışlarına bələd
idilər. İkinci Dünya müharibəsi illərində
Plank müqavimət hərəkatı ilə əlaqə
saxlayıb, faşist rejiminin təhlükəsində
olan alimlərin xaricə göndərilməsinə kömək
edib. Öz vətənini
sevən vətənpərvər kimi o, yalnız dualar edirdi
ki, alman xalqı yenidən normal həyata qovuşsun. O,
alman elminin və təhsilinin tam məhv olmaqdan xilas
olunması ümidilə olduqca ağır və təhlükəli
şəraitdə müxtəlif elmi cəmiyyətlərdə
fəaliyyətini davam etdirirdi. Plankı isə
yeni sarsıntılar gözləyirdi. Alimin
evi və şəxsi kitabxanası Berlinə hava
hücumları nəticəsində məhv olub. Plank və onun arvadı geri çəkilən
alman qoşunları və müttəfiqlərin hücum edən
hərbi qüvvələri arasında qalan Maqdeburq şəhəri
ətrafındakı qəsəbədə
sığınacaq tapmağa cəhd edib. Onların
həyatı təhlükədə idi. Sonda Plank ailəsi
amerikalı qoşunlar tərəfindən xilas olunub və
onlar o vaxt təhlükəsiz olan Gettingen şəhərinə
yola salınıb. Müharibədən sonra Plank Gettingendə alman
fiziki məktəbinin formalaşması işini davam etdirib.
Faciələr
içində keçən alim ömrü
Maks Plankın həyatının son 10 ili faciələr
içində keçib. 1885-ci ildə ailə
qurduğu birinci arvadı Mariya Merk 1909-cu ildə vəfat edib.
Plankla Mariya 20
il xoşbəxt ailə içində
yaşamışdı. Mariyanın
ölümü Plank üçün ağır zərbə
idi, alim uzun müddət özünə gələ bilməmişdi.
Lakin bu, hələlik son deyildi. Onların
2 oğlan və iki əkiz qız uşaqları olmuşdu. Bu hadisədən 2 il sonra o,
yaxın qohumu
Marqe fon Xesslin ilə evlənib, onların bir
oğlu anadan olub. Marqe Maksdan 24 yaş kiçik
idi. Onun 4 övladından 3-ü Birinci
Dünya müharibəsindən sağ çıxmayıb.
Verder şəhəri ətrafında
döyüşlərdə onun birinci nigahdan olan böyük
oğlu Karl həlak olub. Sonrakı illərdə isə
onun qızları Marqaret və Emma vəfat ediblər. Onların
hər ikisi
doğuş zamanı dünyalarını dəyişiblər.
Birinci nigahdan Maksın yalnız bir oğlu
- Ervin sağ qalıb. Lakin
Maks Plank onun da ölümünü yaşamalı olub.
1944-cü ildə Ervin Hitlerə qarşı baş
tutmamış qəsddə ittiham olunaraq nasistlər tərəfindən
edam olunub.
Böyük alim artıq qüvvəsini
itirmişdi, onurğa sütununun artriti onun əzablarını
daha da artırırdı. Bir müddət alim universitet klinikasında qalıb,
sonra isə yaxın qohumlarından birinin evinə
köçüb.
Maks Plank Almaniya, Avstriya, İngiltərə,
Danimarka, İrlandiya, Finlandiya, Yunanıstan, Niderland,
Macarıstan, İtaliya, SSRİ, İsveç və ABŞ
Elmlər akademiyaları və müxtəlif elmi cəmiyyətlərin
üzvü olub. Alman Fizika Cəmiyyəti
özünün ali qızıl medalını Maks Plankın
adına təsis edib və dahi alim özü bu fəxri
mükafatın ilk sahibi olub. Onun 80 illiyi münasibəti ilə
kiçik planetlərdən biri onun adına
plankiana adlandırılıb. İkinci Dünya
müharibəsinin başa çatmasından sonra isə
Fundamental Elmlər Cəmiyyəti Maks Plank Cəmiyyəti
adı ilə əvəz olunub. 80-ə
yaxın institut onun adını daşıyır. Son 60 ildə Plankın adını daşıyan
elmi tədqiqat institutlarında çalışan alimlər
17 Nobel mükafatı qazanıblar. Alim 1947-ci il oktyabrın 4-də 90 illiyinə 6 ay
qalmış Gettingendə vəfat edib. Bir il
sonra isə onun arvadı Marqe də vəfat edib. Onun
başdaşında yalnız adı, soyadı və onun
adını daşıyan Plank sabitinin ədədi qiyməti
həkk olunub.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.9.