Yeni
təlim strategiyası, yeni dərslik və dərs vəsaitləri
2008-ci
ildən başlayaraq ümumtəhsil məktəblərinin
ibtidai siniflərində tətbiq olunan yeni təlim forma və
üsulları artıq 2012-2013-cü dərs ilindən V siniflərdə
də tətbiq olunmağa başlanmışdır. Bu məqsədlə ölkəmizin
bütün bölgələrində V siniflərdə dərs
deyəcək müəllimlər 10 günlük təlimlərdən
keçərək yeni təlim metod və üsullarına yiyələnməklə
bu sahədə öz biliklərini artırmış oldular.
Bununla bərabər, müəllimlərimizi
düşündürən vacib məqamlardan biri də yeni təlim
strategiyasına əsaslanan dərsliklərin necə tərtib
olunacağı idi.
Qısa bir
müddət ərzində V sinif üzrə
bütün dərsliklər hazrlanaraq müəllim və
şagirdlərə çatdırıldı.
Yeni dərsliklərlə əlaqədar
olaraq Olsonnun bir fikrini qeyd etmək istərdim: "Müəllimlər
və kurikulumu yaradanlar fənnin məzmununu nəzərəçarpacaq
dərəcədə azaltmalı, şagirdlərə fikirləşmələri
üçün şərait yaratmalıdırlar". Bu
baxımdan yeni hazırlanmış dərsliklərlə
keçmiş dərsliklər arasında çox fərqlər
vardır. Keçmiş dərsliklərdə nəzəri
materiallara çox yer verilirdi, lakin yeni dərsliklərdə
bu, nəzərəçarpacaq dərəcədə
azaldılmışdır.
Yeni dərsliklər dərsliyə verilən
tələblərə demək olar ki, tam cavab verir. Yəni,
düzgünlük, təlim standartlarına uyğunluq,
faktların dəqiqliyi, mübahisəli faktların
olmaması, əyanilik, müasirlik, tamlıq,
ardıcıllıq, dizayn, yaş səviyyəsinə
uyğunluq və s.
Material baxımından da V sinif üzrə riyaziyyat dərsliyində təlim
standartları gözlənilməklə bərabər, əvvəlki
dərsliyə nisbətən əlavələr edilmişdir. Məsələn, I fəslə say sistemləri, II fəslə sadə və
mürəkkəb ədədlər, kəsrlərin
ixtisarı, müəyyən bölünmə əlamətləri,
V fəslə ədədlər cütü
(koordinat cütü). VI fəsil isə
tamamilə yeni fəsildir. Ən xoşagələn
cəhət, fikrimcə, VII fəslin ayrılıqda verilməsidir.
Əvvəllər də dərslikdə həyatla
bağlı çalışma və tapşırıqlara rast gəlirdik, lakin
onların bir bölmə daxilində
verilməsi şagirdlərdə riyaziyyata
marağı daha da
artırmış olur.
Dərslikdə
verilən tapşırıqlar dizayn, eləcə
də düşündürücülük
və məntiqə əsaslanma baxımından əvvəlki
dərsliklə müqayisədə fərqlənir. Məsələn, 42-ci səhifədəki qruplarla işə aid olan 6-cı tapşırıqda şagirdlər
qrup şəklində mühakimə
yürütməyə, verilmiş
aralıqda 4-ə və 6-ya bölünən ədədləri,
eyni zamanda bu ədədlərin hər ikisinə bölünən
ədədlər tapıb əvvəlcə
sxemdəki yerinə, sonra onları çoxluq şəklində, ən nəhayət,
Venn diaqramında yerinə yazmaqla
həll etmiş olurlar.
Kəsrlər
üzərində əməllərə aid
tapşırıqların əksəriyyəti diaqramlar, sxemlər, cədvəllər vasitəsi
ilə verilmişdir. Səhifə 72-də 3-cü
tapşırıqdakı "pudinq" sözünü digər bir
milli sözlə (şirniyyat)
əvəzlənməsi məqsədəuyğun olardı.
Əvvəlki
dərslikdən fərqli olaraq yeni dərslikdə qavrama
qabiliyyətləri müxtəlif
olan şagirdlər üçün
həm minimum, həm də maksimum səviyyədə materiallar
verilmişdir ki, bu da müəllimlərin
işini az da olsa
asanlaşdırır.
Müəllim
üçün vəsaitdə isə yeni təlim strategiyasına uyğun
olaraq iş
formaları, onları necə yerinə yetirmələri,
İnternetdən istifadə üçün
göstərişlər, qiymətləndirməyə, işçi vərəqlərinin
hazırlanmasına dair göstərişlər,
müxtəlif lazımi İnternet ünvanları, qiymətləndirmə meyarları verilmişdir.
Hər
bir fəslin əvvəlində fəsil
üzrə standartlara uyğun
planlaşdırma cədvəli verilmişdir.
Eyni zamanda dərs vəsaitində
gündəlik planlaşdırmaya dair
göstərişlər də vardır. Bu
bir tərəfdən müəllimlərin
işini yüngülləşdirsə də,
digər tərəfdən araşdırma işlərini məhdudlaşdırır.
Yaxşı olardı ki, V sinfin
digər fənlərində olduğu kimi, riyaziyyat üzrə vəsaitdə
də perspektiv planlaşdırma verilsin.
Yeni təlim metod
və üsulları ilə riyaziyyat və
eləcə də digər fənləri tədris etməkdən
ötrü müəllimə yüksək
bilik, bacarıq, müasir
təlim üsullarına dərindən yiyələnmək, dərsliyə
yaradıcı baxış,
İKT-dən istifadə bacarığı, ofis proqramlarını bilməsi, təqdimatlar
hazırlamağı bacarması lazımdır.
Müasir dövrdə müəllim
nəinki öz fənnini, eləcə də
digər fənlərdən minimum səviyyədə
anlayışlı olmalıdır. Çünki
perspektiv və gündəlik
planlaşdırmada qeyd olunan
fəndaxili və fənlərarası inteqrasiyanı təmin
etmək üçün hökmən inteqrasiya olunan fənn haqqında ən azı həmin
fənnin standartlarını
müəllimlər bilməlidir. Bunun
üçünsə hər bir fənn
müəllimi digər fənn müəllimləri ilə
sıx əməkdaşlıq etməlidir.
Bu yolda bütün müəllimlərimizə
müvəffəqiyyətlər arzulayaraq bir riyaziyyat müəllimi və valideyn
kimi müəlliflərə öz təşəkkürümü bildirirəm.
Ehtibar
ALIYEV,
Qazax
şəhəri 5 nömrəli tam
orta məktəbin riyaziyyat-informatika
müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.6.