Sumqayıt Dövlət
Universiteti 50 ildə
Müstəqil Azərbaycan
dövlətinin ictimai-siyasi həyatında, iqtisadi və
sosial inkişafında olduğu kimi, elm və təhsil sahəsində
də islahatlar uğurla həyata keçirilir, mədəniyyətlər,
sivilizasiyalar və konfessiyalararası qarşılıqlı əməkdaşlıq,
anlaşma mövqeyinin güclənməsi, qloballaşma
kontekstində dünya təhsilinə inteqrasiya
aparılır. İndi yaradılan informasiya cəmiyyətində
təhsilin istiqamətləri də dəyişir, mahiyyət
və məzmunca qlobal düşüncə tərzinə,
intellektual elitanın formalaşmasına yönəldilir. Əsas
məqsəd təhsilin müasirləşdirilməsi,
dünya məkanına inteqrasiya aparılması, təhsil
sisteminin strukturunun təkmilləşdirilməsi və yeni təlim texnologiyalarından səmərəli
istifadə olunmasının qloballaşma prosesinə uyğun
qurulmasına yönəldilir. Ulu öndər Heydər Əliyevin
böyük uzaqgörənliklə söylədiyi kimi,
qloballaşmaya ancaq elm və təhsili inkişaf etdirmək,
dünyaya inteqrasiya olunmaq, təhsili dünya standartlarına
uyğunlaşdırmaq və təfəkkürü dəyişməklə
nail olmaq mümkündür.
Ümummilli
lider Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət
Azərbaycanda demokratiyanın yaranması, formalaşması və
çiçəklənməsi dövrünün
inkişafında ən mühüm hadisəyə
çevrildi. Elm və təhsilə böyük önəm
verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin,
təhsil islahatlarının həyata keçirilməsi
ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında
dönüş yaratdı. Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda
bir daha bəyan etdi: "Azərbaycanda savadsızlıq yoxdur,
intellektual elita formalaşır, elmin, təhsilin
inkişafı sürətlə gedir".
Bu
inkişaf, yeniləşmə Azərbaycanı lokal mühitdən
çıxarıb qloballaşan dünyada tanıdan
ictimai-siyasi və mədəni həyatımızdakı
dönüşün, təhsilimizdəki uğurların nəticəsidir.
Bu, sivilizasiyalararası dialoqun, informasiya və
qarşılıqlı anlaşma meyillərinin gücləndiyi,
Azərbaycan təhsilinin dünyaya inteqrasiya olunduğu,
Boloniya prosesinə qoşulduğu tarixi bir mərhələnin
ifadəsidir.
Elmdə,
təhsildə müsbət nəticələrin əldə
edilməsi, milli təhsil quruculuğu strategiyasının
uğurla həyata keçirilməsi, müasirləşən,
yeniləşən dünyanın qlobal problemlərinin həlli
yollarının axtarılması, innovasiya və yeni təlim
texnologiyalarının təhsil sisteminə gətirilməsi,
fənnin məzmunu, təlim strategiyası və qabiliyyətlərin
qiymətləndirilməsi sistemində köklü dəyişikliklərin
aparılması istiqamətlərində geniş imkan
yaradılmış, müsbət nəticələr əldə
edilmişdir. Bu nailiyyətlərə görə
xalqımız milli dövlətçiliyimizin qorunmasında,
elmi-pedaqoji fikrin, maarif və milli mədəniyyətin, elmin və
digər sahələrin də inkişafına görə məhz
iki böyük dühaya, zəka sahibinə, xalqını,
millətini sevən müdrik insana - Heydər Əliyevə və
onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə
borcludur, minnətdardır.
XX əsrlə
XXI əsrin qovuşuğunun fenomeni olan Heydər Əliyevin
milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev
tərəfindən ölkənin sosial-iqtisadi inkişaf
strategiyasına, tərəqqi və inkişafına, müstəqillik
və dövlətçilik ənənələrinin möhkəmlənməsinə,
milli mənəvi və bəşəri dəyərlərin
qorunmasına, təhsildə köklü islahatlar
aparılmasına zəmin yaratdı. Elm və təhsilə
böyük önəm verilməsi, bir-birinin ardınca yeni
proqram və layihələrin, təhsil islahatlarının həyata
keçirilməsi ölkənin elmi, mədəni və
sosial-iqtisadi həyatında dönüş oldu. Belə bir
dinamik inkişaf dövründə əsas istiqamət, fəaliyyət
proqramı Prezidentin "Müasir dünyada hər şeyi
bilik, savad, təhsil həll edir", "Təhsil bizim gələcəyimizdir",
"Təhsil hər bir cəmiyyəti irəli aparan
amildir" fikirlərinin gerçəkləşdirilməsinə,
həlli yollarının müəyyənləşdirilməsinə,
tədqiqinə yönəldilir, ölkəmizin davamlı
sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində
davam etdirilir.
Dünya
standartlarına cavab verən müasir təhsil modelinin
hazırlanması, yeni təlim texnologiyalarından istifadə
imkanlarının müəyyənləşdirilməsi, təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
orta məktəb şagirdlərinə dərsliklərin pulsuz
verilməsi, yeni məktəb binalarının tikilməsi və
əsaslı şəkildə təmir edilməsi Azərbaycanda
çağdaş təhsilin inkişaf dinamikasını,
aydın mənzərəsini əks etdirir.
Bu
gün dahi Heydər Əliyevin zəngin maarifçilik
ideyalarını Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata
keçirir. Fondun təşəbbüsü ilə "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı çərçivəsində
300-ə yaxın yeni məktəb, uşaq
bağçası, internat-məktəb binaları tikilib istifadəyə
verilmiş və məktəblər müasir avadanlıqlarla
təchiz edilmişdir. Bu sahə ilə bağlı bir
sıra layihələr məhz Heydər Əliyev Fondu tərəfindən
uğurla yerinə yetirilmişdir. Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Mehriban
xanım Əliyevanın gördüyü işlər xalq tərəfindən
böyük razılıq və minnətdarlıqla
qarşılanmış, beynəlxalq aləmdə yüksək
səviyyədə qiymətləndirilmişdir.
"Təhsil,
intellekt və informasiya" əsri elan edilən XXI
yüzillikdə insan kapitalının hərtərəfli
inkişafında, ölkənin iqtisadiyyatının möhkəmlənməsində,
ictimai-siyasi həyatda qlobal dəyişikliklərin
aparılmasında, bazar iqtisadiyyatına keçid mərhələsində
təhsilə böyük önəm verilməsi,
infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyalardan,
innovasiyalardan istifadə edilməsinə şəraitin
yaradılması, "Elektron təhsil"
konsepsiyasının həyata keçirilməsi indiyə qədər
belə geniş vüsət almamış, beynəlxalq arenada
dəstəklənməmişdir. Ölkə Prezidenti zəngin
əməkdaşlıq ənənələri olan Azərbaycan
xalqının təhsil sahəsindəki uğurlarından danışanda
da İkinci Beynəlxalq Humanitar Forum
iştirakçılarına dedi ki, "qara
qızıl"ı insan kapitalına çevirmək prinsipi
bu gün artıq işləyir. Azərbaycanda gənc,
istedadlı, intellektual təbəqə formalaşır.
Ali məktəbin
50 illik tarixinə nəzər saldıqda biz bu dinamik
inkişafın, qazanılan uğurların nəticələrini
görə bilərik. Bu ali məktəbin yaranması və
inkişaf tarixini beş mərhələyə bölmək
olar: 1. Az.NKİ-nin Sumqayıtda yaratdığı tədris məntəqəsi
(1960-1961); 2. Az.NKİ-nin Sumqayıt filialının
yaranması (1962-1975); 3. Sumqayıt Ali Texniki Təhsil Məktəbi
(ATTM) (1975-1992); 4. Azərbaycan Sənaye İnstitutu (1992-2000);
5. Sumqayıt Dövlət Universiteti - 2000.
Ali məktəbin
yaranması və inkişaf tarixində böyük rolu olan
akademik İsmayıl İbrahimovun əməyini iftixar hissi ilə
xatırlayırıq. Bu tədris müəssisəsinin
formalaşmasında müxtəlif illərdə ali məktəbə
rəhbərlik etmiş dosentlər İ.C.Sadıqovun,
İ.Q.Abbasovun, professorlar M.N.Mahmudovun, R.Ə.Əliyevin, C.Ə.Kərimovun,
E.M.Qocayevin və E.M.Fərhadzadənin böyük əməyi
olmuşdur. Ali tədris ocağının yaranmasında,
maddi-texniki bazasının möhkəmləndirilməsində,
kadrlarla təmin olunmasında Azərbaycan Dövlət Neft
Akademiyasının (ADNA) rolu danılmazdır. Respublikamız
müstəqillik qazandıqdan sonra onun siyasi-mədəni və
ictimai-iqtisadi həyatında mühüm dəyişikliklər
baş verdi, yeni ali təhsil müəssisələri
yaradıldı. Azərbaycan Sənaye İnstitutu 1992-ci ildə
yeni yaradılan müstəqil ali təhsil ocaqlarından biri
oldu.
Bu təhsil
müəssisəsinin yaradılmasında əsas məqsəd
Sumqayıtın iqtisadiyyatı və sənayesinin
inkişafına kömək edən texniki sahələr
üzrə kadrların hazırlanmasına, ekoloji cəhətdən
təhlükəli olan şəhərin sağlam bir bölgəyə
çevrilməsinə, elm, təhsil və mədəniyyəti
dünyada tanıtmağa istiqamətlənmişdir.
1993-cü ildən etibarən Sumqayıt şəhərinin
bütün sahələrində böyük inkişaf və
tərəqqinin geniş vüsət alması nəinki sənaye
müəssisələri üçün, hətta digər
sahələrdə də mütəxəssis
hazırlığının aparılmasını vacib məsələ
kimi qarşıya qoymuşdur. Belə bir dövrdə
Sumqayıt şəhər əhalisinin problemləri də
getdikcə artır, ayrı-ayrı sahələr üzrə
kadrlara böyük ehtiyac duyulurdu. Bu problemləri aradan
qaldırmaq üçün 13 iyun 2000-ci il tarixdə Prezident
Heydər Əliyevin "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" fərmanı ilə Azərbaycan Sənaye
İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin
yaradılması tarixi bir hadisəyə çevrildi, şəhərin
sosial-iqtisadi və mədəni həyatını
yaxşılaşdırmaq üçün kadr
hazırlığına başlandı. Sevindirici haldır ki,
bu il Sumqayıt Dövlət Universitetinin
yaradılmasının ali təhsil ocağı kimi 50,
universitet kimi fəaliyyət göstərməsinin 12 ili tamam
olur. Bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsində,
elm və təhsildə, Azərbaycan təhsilinin dünya təhsil
sisteminə inteqrasiya olunması sahəsində, maddi-texniki
bazanın möhkəmləndirilməsində uğurları
və əldə etdiyi nailiyyətlər böyükdür.
Bu
gün dahi Heydər Əliyevin zəngin maarifçilik
ideyalarını əzmlə və uğurla həyata
keçirən Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevin böyük uzaqgörənliklə
söylədiyi "Biz maddi dəyərlərimizi və
iqtisadi potensialımızı intellektual kapitala çevirməliyik"
konseptual müddəasının həlli respublikamızın
digər təhsil və elm ocaqları ilə birlikdə
Sumqayıt Dövlət Universitetində də uğurla həyata
keçirilir.
Az bir
müddət ərzində universitetin elm, təhsil və
maddi-texniki təchizi sahəsində dönüşün
yaradılması ölkə Prezidentinin dəstəyindən,
milli təhsilimizə göstərdiyi qayğıdan sonra
yüksək sürətlə inkişaf etməyə
başladı, uğurlu nəticələr əldə edildi.
Danılmaz faktdır ki, universitetin bugünkü
inkişafı əvvəlki illərdən xeyli fərqlənir,
həm maddi-texniki bazanın möhkəmləndirilməsi,
kabinet və laboratoriyaların müasir avadanlıqlarla təchiz
olunması, həm də kadr potensialı baxımından
inkişafı, təhsilalan və təhsilverənlər
üçün əlverişli təlim, öyrədici
mühitin yaradılması diqqəti cəlb edir. Universitetin
foyesində ulu öndərin büstünün qoyulması,
şəhidlərə xatirə abidəsinin
ucaldılması, təhsil ocağının ətrafının
simasının dəyişdirilməsi, park salınması,
dünya standartlarına tam cavab verən idman və akt
zalının yaradılması son on iki ilin ən əlamətdar
hadisəsidir. O cümlədən, tələbələrin,
magistrant və doktorantların təhsilinin müasir tələblərə
uyğun davam etdirilməsinə də hər cür şərait
yaradılmışdır. İdarəetmə sistemində
dönüş yaradılması təhsilin, elmin
inkişafına, demokratik prinsiplərin əməli işə
tətbiqinə zəmin yaratmışdır.
Hazırda
universitetdə yeddi - riyaziyyat, fizika və elektroenergetika, kimya
və biologiya, mühəndislik, iqtisadiyyat və idarəetmə,
tarix, filologiya fakültələri və Əcnəbi Tələbələrlə
Hazırlıq Mərkəzi, 45 kafedra və 6 elmi-tədqiqat
laboratoriyası fəaliyyət göstərir. Bu fakültələrdə
4400-dən artıq, o cümlədən 100-dən artıq əcnəbi
tələbə 26 istiqamət üzrə bakalavr pilləsində,
330 nəfər isə 53 ixtisas üzrə magistratura mərhələsində
təhsilini davam etdirir. 40 doktorant və 37 dissertant elmin
müxtəlif sahələri üzrə elmi-tədqiqat
işləri yerinə yetirirlər.
Universitetdə
8 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
və müxbir üzvü, 50 nəfər elmlər doktoru,
professor, 155 nəfər müxtəlif ixtisaslar üzrə fəlsəfə
doktoru, dosent, 190 nəfər baş müəllim işləyir.
9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən
tədqiqat işləri yüksək elmi-nəzəri səviyyədə
yerinə yetirilir. Bu işə 370 nəfər professor-müəllim,
30 nəfər elmi işçi cəlb olunmuşdur.
Son 12
ildə universitet əməkdaşlarından 17 nəfər
elmlər doktoru, 74 nəfər müxtəlif ixtisaslar üzrə
fəlsəfə doktoru elmi dərəcəsi, 8 nəfər
professor, 84 nəfər dosent elmi adlarına layiq
görülmüşdür.
Bu
dövr ərzində universitet əməkdaşları tərəfindən
60 monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 metodik vəsait
və fənn proqramı, 3000 elmi məqalə (o cümlədən
600-ü xarici jurnallarda), 1500 tezis (o cümlədən 300 tezis
beynəlxalq konfranslarda) çap olunmuşdur. 110 patent
alınmışdır. Bunlardan 3-ü "AvroAsiya"
patentidir. Bu müddətdə universitetdə 16 beynəlxalq,
35 respublika və 44 universitetdaxili elmi konfrans
keçirilmişdir. Magistrantların respublika elmi konfransı
hər il SDU-da keçirilir. Tələbə elmi cəmiyyətinin
xətti ilə hər il təşkil olunan tələbələrin
konfransları maraqla qarşılanır. Universitet tələbələri
ali məktəblərarası fənn olimpiadalarında da fəal
iştirak edirlər. Universitetdə 2 bölmə üzrə
"Elmi xəbərlər" (təbiət və texniki və
humanitar-sosial elmlər bölmələri üzrə)
jurnalı nəşr edilir.
Sumqayıt
Dövlət Universiteti yaranan gündən beynəlxalq layihələrdə
iştirak etmək üçün məqsədyönlü
işlər aparır və bu sahədə xeyli uğurlar əldə
olunmuşdur. TEMPUS layihəsi çərçivəsində
universitet 4 uğurlu layihənin iştirakçısı
olmuş və qalib seçilmişdir. Universitet eyni zamanda
2002-2004-cü illərdə Almaniyanın Köln Tətbiqi
Elmlər Universiteti, Hollandiya Heerlan Tətbiqi Elmlər
Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət
Neft Akademiyası və Mingəçevir Politexnik İnstitutu
ilə birlikdə "Müasir mühəndis
hazırlığı" layihəsinin
iştirakçısı olmuşdur. Avropa standartlarına
uyğun "Avtomatlaşdırma və informatika
texnikası", "Elektroenergetika" ixtisasları üzrə
bakalavr və "Ətraf mühitin mühafizəsi"
ixtisası üzrə magistr hazırlığı uğurla
başa çatdırılıb və bu proses indi də davam
etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75
bakalavr və magistr hazırlanmışdır.
2006-2009-cu
illərdə Sumqayıt Dövlət Universiteti Almaniyanın
Köln Tətbiqi Elmlər Universiteti, Polşanın
Varşava Texniki Universiteti və Azərbaycan Dövlət Neft
Akademiyası ilə birgə neft və kimya sənayesində
"Enerji menecmenti" ixtisası üzrə magistr
hazırlığını həyata keçirib və indi də
davam etdirir.
Bu iki
layihə çərçivəsində Avropadan
alınmış müasir cihaz və avadanlıqlarla təchiz
olunmuş, Avropa standartlarına uyğun 8 müasir tədris
laboratoriyası yaradılmışdır. Universitetin 10 əməkdaşı
müxtəlif müddətlərdə həmin xarici ölkə
universitetlərində keçirilən seminarlarda iştirak
etmiş və əldə etdikləri təcrübəni tələbələrə
öyrətmişdir.
2010-2012-ci
illərdə universitet yeni TEMPUS layihəsinin Rusiyanın
Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti,
Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət
Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti,
Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli
Texniki Universiteti, Belarusun Milli Texniki Universiteti, Polotsk Dövlət
Universiteti, Böyük Britaniyanın Varvik Universiteti,
Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya
Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə
birlikdə iştirakçısı və qalibi olmuşdur.
Bu layihə çərçivəsində universitetlərarası
innovasiya şəbəkəsi yaradılmışdır.
2011-ci
ildə Sumqayıt Dövlət Universiteti Almaniyanın
Köln Tətbiqi Elmlər Universiteti, Polşanın
Varşava Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası və Azərbaycan Texniki Universiteti ilə birgə
"Azərbaycanda mühəndis
hazırlığının Boloniya prosesinə
uyğunlaşdırılması" layihəsinin
iştirakçısı olaraq layihənin uğurla yerinə
yetirilməsini davam etdirir.
Hazırda
kanalizasiya çöküntülərinin piroliz
texnologiyasına görə Almaniyanın BASF şirkəti ilə
birlikdə NATO-nun təhlükəsizlik layihəsinin birinci mərhələsi
udulmuş və bu layihə Sumqayıt şəhərinin
kanalizasiya sistemində yaranan çöküntülərin zərərsizləşdirilməsi
və onlardan alternativ enerji növlərinin alınmasına
yönəldilmişdir.
Bu il
universitetə optik kabel çəkilmiş, geniş lokal və
WİFİ şəbəkələri
yaradılmışdır. Bu da, öz növbəsində,
videokonfransların və distant təhsilin daha etibarlı şəkildə
aparılmasına geniş imkan yaradır. Müasir
dövrün tələblərinə cavab verən
"Elektron kitabxana" yaradılmış, İRBİS - 64
sisteminin tam paketi quraşdırılmışdır.
Universitetin
veb-portalı yaradıldı və "Millinet - 2012"
respublika müsabiqəsində elm və təhsil
nominasiyası üzrə qalib gəldi. Təhsil Nazirliyinin xətti
ilə İnternetə çıxışı təmin edən
universitet üzrə vahid şəbəkə
yaradıldı. Sumqayıt Dövlət Universitetinin
inkişafına, müasir tələblərə uyğun
yeniləşməsinə Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin
daim diqqət və qayğısı hiss olunur və
kollektivimizi yeni nailiyyətlər qazanmağa daha da
ruhlandırır.
1999-cu
ildə Dünya Bankının "Dünyanın
inkişafı haqqında" hesabat məruzəsində yeni
iqtisadiyyata keçidin adekvat iqtisadi institusional sistemin
yaradılması, güclü insan kapitalı bazasının
inkişafı, dinamik informasiya infrastrukturu, səmərəli
milli innovasiya sisteminin inkişafı kimi dörd mühüm
strateji amili göstərilmişdir. Bütün bunları nəzərə
alan SDU ayrı-ayrı ölkələrlə qlobal səviyyədə
əməkdaşlıq edir, kadr hazırlığını
həyata keçirir, yeni ideya və texnologiyalardan istifadə
təcrübəsini öyrənir, tədris prosesinə tətbiqi
imkanlarını təmin edir.
Bu
gün ali məktəblərdə dövlətimizin elm və
təhsil siyasətinin qarşılıqlı şəkildə,
əlaqəli formada, vahid konsepsiyada birləşdirilməsi
daha vacib məsələdir. Aparılan tədqiqatlar müasir
elmin son nailiyyətlərinə əsaslanır, yeni təlim
texnologiyalarının təlim prosesinə tətbiqi
imkanlarını öyrənməyə istiqamətlənir.
Seminar və laboratoriya məşğələlərində
praktik işlərin yüksək səviyyədə
aparılmasında elmi işlərin nəticələrinin tətbiqi
təhsil sisteminin müasir tələblər səviyyəsində
təkmilləşdirilməsinə geniş imkan yaradır.
Elm və təhsili bir-birindən ayırmaq, yaxud onları
bir-birinə qarşı qoymaq mümkünsüzdür. SDU-da
da elmin əsas məqsədi yaradıcı fəaliyyətin
stimullaşdırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə
yönəldilir. Təhsilin məqsədi məlum olan
faktların, ayrı-ayrı fənlərin tədrisinin
müasir tələblərə uyğun qurulmasını təmin
etməkdirsə, elmin məqsədi isə fundamental tədqiqatların
aparılmasına, dünya praktikasında olan yeniliklərin
öyrənilməsinə və elmi-nəzəri məsələlərin
praktik yollarla mənimsənilməsinə geniş imkan
yaratmaqdır. Universitetdə elm və təhsilin bu istiqamətlərdə
aparılmasına, tələbələrin tədqiqatçılıq
bacarığının inkişaf etdirilməsinə, nəzəriyyə
ilə təcrübənin vəhdəti əsasında fənlərin
tədrisinə daha çox fikir verilir, elmi istiqamətlər
bu sahələrin tədqiqinə yönəldilir.
Universitetin
elmdə və təhsildə olduğu kimi, idman həyatında
da nailiyyətləri böyükdür. Tələbələrimiz
son on ildə dünya, qran-pri, Avropa, Asiya
çempionatlarında, beynəlxalq turnirlərdə və
respublika yarışlarında 88 medal qazanmışdır. Bu
medalların 32-si qızıldır. Uğurlarımız bu
gün də davam edir.
Azərbaycanda
təhsilin inkişafındakı xidmətlərinə görə
kollektivimizin səmərəli fəaliyyəti hər zaman
dövlətimiz və onun müdrik rəhbəri tərəfindən
layiqincə qiymətləndirilir. Əməkdaşlarımız
dövlətimizin ali mükafatlarına və fəxri adlarına
- "Şöhrət" ordeni, "Tərəqqi"
medalı, "Əməkdar elm xadimi", "Əməkdar
müəllim", "Əməkdar mühəndis",
"Əməkdar məşqçi" və Təhsil
Nazirliyinin "Qabaqcıl təhsil işçisi"
döş nişanı və Fəxri fərmanlara layiq
görülürlər. Universitetin 50 illik yubileyinə
hazırlaşdığımız bir zamanda ölkə
Prezidenti İlham Əliyevin 16 noyabr 2012-ci il tarixli
imzaladığı sərəncamla Azərbaycanda təhsilin
inkişafındakı xidmətlərinə görə
Sumqayıt Dövlət Universitetinin 10 nəfər əməkdaşını
"Əməkdar müəllim", 1 nəfərini "Əməkdar
jurnalist" fəxri adları və 8 nəfərini "Tərəqqi"
medalı ilə təltif etməsi kollektivimizi sevindirir, yeni
yaradıcılıq nailiyyətləri əldə etməyə
ruhlandırır. Özümün və kollektivin adından
ölkə Prezidentinə dərin minnətdarlıq və
ehtiramımı bildirirəm. Universitetin bütün əməkdaşları
bundan sonra da təhsilin, elmin inkişafı, dövlətçiliyimizin
qorunması yolunda əzmlə çalışacaq, yeni-yeni
uğurlar qazanacaq, Prezidentimizin ətrafında sıx birləşməyi
özlərinin həyat amalı seçəcəkdir.
Dövlətimiz və xalqımız əmin ola bilər ki,
SDU-nun professor-müəllim heyəti yüksək ixtisaslı
kadrların hazırlanmasında əlindən gələni əsirgəməyəcək,
işlərini müasir tələblərə uyğun
quracaqdır.
Nadir QƏHRƏMANOV,
SDU-nun rektoru,
"Şöhrət" ordenli,
fizika-riyaziyyat
elmləri doktoru,
professor
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.5.