Təhsil
Nazirliyinin kollegiya iclası
İclasda
təhsilin müxtəlif istiqamətləri ilə
bağlı 4 məsələ müzakirə olunub
Noyabrın 17-də Təhsil Nazirliyində
növbəti genişləndirilmiş kollegiya iclası
keçirildi. İclasda "2012-2013-cü tədris ilində
respublikanın ümumtəhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələri", "2012-2013-cü
tədris ilində V siniflərdə işləyəcək
müəllimlər üçün keçirilmiş təlim
kurslarının nəticələri", "Məktəbdaxili
qiymətləndirmə, problemlər və vəzifələr",
"Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi
vəziyyətinin monitorinqi" mövzularında məsələlər
müzakirə olundu
Kollegiya üzvlərinin, ali məktəb
rektorlarının, rayon təhsil şöbələri
müdirlərinin, məktəb direktorlarının iştirak
etdikləri iclası təhsil naziri, Kollegiyanın sədri
Misir Mərdanov açaraq zala toplaşanları salamladı,
müzakirə olunacaq məsələlər və
kollegiyanın iş qaydası haqqında onlara məlumat verdi.
Giriş sözündə Təhsil Nazirliyinin dəstəyi ilə çap
olunmuş təhsil qanunvericiliyi haqqında 2 cildlik sənədlər
toplusunu və dünyanın ən nüfuzlu universitetləri
haqqında kitabı kollegiya iştirakçılarına təqdim
edən təhsil naziri hər iki vəsaitin əhəmiyyətli
olduğunu diqqətə çatdırdı.
Sonra kollegiyanın gündəliyində
yer almış məsələlərin müzakirəsinə
başlandı. Öncə "2012-2013-cü tədris ilində
respublikanın ümumtəhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələri" müzakirə
olundu. Həmin məsələ ilə bağlı geniş məruzə-təqdimatla
çıxış edən təhsil naziri Misir Mərdanov
diqqəti 2010-2011-ci tədris ilindən tətbiq olunmağa
başlanmış müəllimlərin işə qəbulu
üzrə yeni qaydaları zəruri edən səbəblərə
cəlb etdi. Bildirdi ki, bu işə başlayana qədər Azərbaycanda
ümumtəhsil məktəblərində müəllimlərin
sayı təxminən 170 min nəfər idi. Müəllimlərin
işə qəbulunda əsassız müdaxilələr,
saxta diplomlarla işə qəbul olunanlar mövcud idi. Ciddi
ehtiyac olmadığı halda yerli təhsili idarəetmə
orqanları və ümumtəhsil müəssisələri tərəfindən
müəllimlər işə qəbul edilir, bəzi hallarda
bir stavkadan az dərs yükünə müəllimlər
işə götürülürdü. Müəllim-şagird
nisbəti ilbəil aşağı düşərək
1:10-dan 1:8-ə enmişdir.
Bu prosesə başlamazdan əvvəl
xeyli hazırlıq işləri görüldüyünü
qeyd edən nazir Təhsil Nazirliyi ilə ULTRA şirkəti
arasında müqavilə imzalandığını, həmin
müqaviləyə əsasən müəllimlərin işə
qəbulunun proqram təminatının işlənib
hazırlandığını və artıq iki ildir ki, tətbiq
edildiyini bildirdi. Qeyd etdi ki, həmin proqram təminatının
köməyi ilə ərizələrin qəbulu və
müsabiqə elektron vasitələrin tətbiqi ilə həyata
keçirilir, bu zaman şəffaflıq və obyektivlik təmin
edilir, imtahanın sonunda hər bir müəllim öz nəticələrini
bilir, qiymətləndirmə insan amili olmadan həyata
keçirilir, vakant yerlərə yerləşdirmə proqram təminatı
vasitəsilə aparılır və müsabiqənin nəticələri
barədə məlumat dərhal hər bir müəllimin
şəxsi elektron səhifəsinə göndərilir.
Nazir habelə müəllimlərin
işə qəbulu ilə bağlı görülmüş
təşkilati işləri nəzərə
çatdıraraq müxtəlif sənədlərin
hazırlanıb təsdiq edildiyini, apelyasiya
komissiyasının yaradıldığını, hər il
yerlərdən vakant yerlər barədə məlumatlar
toplanaraq təhlil edildiyini, KİV-də elanlar verildiyini
bildirdi.
Sonra kollegiya
iştirakçılarının diqqəti 2012-2013-cü dərs
ili üzrə ümumtəhsil müəssisələrində
vakant yerlərin sayı və fənlər üzrə
bölgüsünü əks etdirən slaydlara cəlb edildi.
Qeyd olundu ki, bu il ölkə üzrə ümumtəhsil
müəssisələrində 3270 vakant yer olmuşdur ki,
onlardan da 277-si Bakı şəhərinin ümumtəhsil məktəblərinə
aiddir. Bakı şəhərində fiziki tərbiyə və
ingilis dili müəllimlərinə daha çox ehtiyac olduğunu
diqqətə çəkən nazir, fənlər üzrə
vakant yerləri göstərən cədvəlin pedaqoji ali məktəblərə
gələcək işlərini müəyyənləşdirmək
üçün vacib olan zəruri informasiya verdiyini söylədi.
Vakant yerlərdən 2945-nin respublikanın digər rayon və
şəhərlərinin ümumtəhsil məktəblərində
olduğunu deyən nazir müvafiq cədvələ əsaslanaraq
bölgələrdə coğrafiya müəlliminə daha
çox ehtiyac duyulduğunu, kimya və biologiya müəllimlərinə
də ehtiyacın digərlərinə nisbətdə çox
olduğunu diqqətə çatdırdı.
Lakin bunlarla yanaşı nazir bəzən
yerlərdən alınan məlumatların düzgün
olmadığını, məktəb direktoru və RTŞ
müdirləri tərəfindən vakant yerlərin gizlədilməsi
hallarına yol verildiyini təəssüf hissi ilə bildirdi və
belə hallar baş verdiyi təqdirdə kollegiyanın qərarında
müvafiq cəza tədbirləri görülməsinin nəzərdə
tutulmasını zəruri saydı.
Nazir peşə liseyləri üzrə
müəyyənləşdirilmiş vakant yerlərin sayı
haqqında da məlumat verərək bu təhsil müəssisələrində
bütövlükdə 48 vakant yerin olduğunu dedi. Diqqətə
çatdırdı ki, Təhsil Nazirliyinin İnternet
saytında "Müəllimlərin işə qəbulu"
elektron xidmət sahəsi yaradılmış və orada qəbulu
tənzimləyən müvafiq linklər yerləşdirilmişdir.
Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
Təlim Mərkəzində aparılmış, burada
imtahanların keçirilməsi üçün müvafiq
şərait yaradılmış, o cümlədən 3 imtahan
otağında 70 kompüter yerləşdirilmişdir.
İyunun 29-da "Azərbaycan müəllimi"
qəzetində vakant yerlər barədə elan verilmiş,
iyulun 1-dən isə müsabiqədə iştirak etmək
üçün elektron ərizələrin qəbuluna
başlanmışdır. İyulun 15-də ərizə qəbulu
dayandırılmış, sonrakı 5 gün ərzində isə
ərizələr araşdırılaraq təsdiqlənmişdir.
Ümumilikdə 3270 vakant yerə işə
qəbul üçün 16195 nəfərin ərizə
verdiyini kollegiya iştirakçılarının diqqətinə
çatdıran nazir bütövlükdə vakant yerlər, o
cümlədən bəzi fənlər üzrə çox
böyük müsabiqə vəziyyətinin
yarandığını bildirdi. Qeyd olundu ki, 728 ərizə
işə qəbul üzrə reqlamentin tələblərinə
uyğun gəlmədiyi üçün ləğv
edilmişdir ki, bu da əsasən ixtisasların uyğun
olmaması ilə əlaqədar olmuşdur.
Müsabiqənin yekunları haqqında
statistik faktları nəzərə çatdıran nazir
bildirdi ki, imtahanların nəticələrinə əsasən
2710 nəfər seçdiyi yerə qəbul olunmuş, onlardan
447 nəfərin müsabiqə nəticələri ləğv
edilmiş, müsabiqənin yekununda isə işə qəbul
olunanların sayı 2263 nəfər olmuşdur. Nazir
müsabiqə nəticələrinin ləğv olunma səbəblərini
də açıqlayaraq bildirdi ki, 418 nəfər qəbul
olunduğu yerdən imtina etdiyi, 29 nəfər sənədlərində
uyğunsuzluq olduğuna görə müsabiqə nəticələri
ləğv olunmuşdur. Qəbul olunduğu yerdən imtina edənlərə
gəldikdə nazir onlardan bəzilərinin bu addımı
seçim edərkən məktəbin harada yerləşdiyini
bilməməsi, bəzilərinin ailə vəziyyəti ilə
bağlı, bir çoxlarının isə məktəbin
yaşadıqları yerdən çox uzaqda yerləşməsi, imtahanda özünü sınamaq
istəməsi səbəbindən atdığını
bildirdi.
Daha sonra işə qəbulun nəticələrini
əks etdirən cədvəl kollegiya
iştirakçılarının diqqətinə
çatdırıldı. Qeyd olundu ki, reqlamentə uyğun
olaraq imtina olunan, ümumiyyətlə seçilməyən və
müsabiqənin gedişi müddətində yaranan vakant yerlərə
işə qəbul üçün əlavə yerləşdirmə
aparılmış, nəticədə daha 534 nəfər
işə qəbul olunmuş, beləliklə, müsabiqənin
yekununa görə ümumilikdə işə qəbul edilənlərin
sayı 2797 nəfər olmuşdur.
Məruzə-təqdimatında təhsil
naziri gənc mütəxəssislər üçün nəzərdə
tutulan həvəsləndirmə tədbirlərinə də
toxunaraq bildirdi ki, artıq bir neçə ildir hökumətin
müvafiq qərarı ilə daha çox müəllimə
ehtiyacı olan ucqar yerlərə müəllimlər göndərilir.
Bu məqsədlə hər il mövcud vakansiyalar təhlil
olunur, həvəsləndirmə tədbirləri tətbiq
olunan limit yerləri müəyyənləşdirilir və
Maliyyə Nazirliyinə təqdim edilir.
Bu il də vakant yerlərdən 411-i H-1, yəni rayon mərkəzindən
20 km-dək məsafədə yerləşən məktəblərdə,
389-u isə H-2, yəni rayon mərkəzindən 20 km-dən
artıq məsafədə yerləşən məktəblərdə
olmaqla cəmi 800 yerə həvəsləndirmə tədbirlərinin
tətbiqi nəzərdə tutulmuşdur.
Nazir gənc mütəxəssislərə
edilən güzəştləri də diqqətə
çatdıraraq dövlət sifarişinə əsasən
iş yerlərində əmək fəaliyyətinə
başlayan və 3 il müddətində bu fəaliyyəti
ümumi təhsil müəssisələrində davam etdirən
gənc mütəxəssislərə kommunal xidmətləri
ödəmək üçün 40 manat məbləğində
kompensasiyanın, rayon mərkəzindən 20 km-dən
artıq məsafədə yerləşən ümumtəhsil
müəssisələrində əmək fəaliyyətinə
başlayanlara isə aylıq əməkhaqqına ayda 70 manat əlavənin,
yol xərcinin, əmlakın daşınması
üçün nəqliyyat xərcinin və ilkin
yaşayış şəraitinin yaradılması
üçün əməkhaqqının 2 misli həcmində
birdəfəlik yardımın ödənildiyini, yerli icra
hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə
birlikdə onların yaşayış sahələrinə
ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq
üçün torpaq sahəsinin ayrılmasına və
ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsinin
nəzərdə tutulduğunu söylədi. Rayonlar və
ixtisaslar üzrə vakant yerlərdən H-1 və H-2
bölgüsünü əks etdirən cədvəllər
nümayiş olundu. Nazir müəyyənləşdirilmiş
həmin o 800 nəfərin də imtahan verənlərin
içərisindən seçildiyini bildirdi.
Təhsil naziri işə qəbulun nəticələri
barədə məlumatını davam etdirərək diqqətə
çatdırdı ki, imtahanların nəticələri elan
olunduqdan sonra işə qəbul olunanların siyahısı Təhsil
Nazirliyinin İnternet saytında yerləşdirilir.
Siyahılar müsabiqə komissiyası tərəfindən təsdiq
edildikdən sonra Təhsil Nazirliyinin müşayiətedici məktubu
ilə yerli təhsili idarəetmə orqanlarına və
müvafiq peşə liseylərinə göndərilir.
Nazir müsabiqədə iqtirak
üçün ibtidai sinif və ingilis dili müəllimlərinin
daha çox ərizə verdiyini qeyd edib onların
sayını, təhsil səviyyəsini əks etdirən cədvəli
nümayiş etdirdi.
Daha sonra bitirdiyi təhsil müəssisəsi,
təhsil səviyyələri, o cümlədən yenidənhazırlanma
təhsili üzrə müsabiqə
iştirakçılarının nəticələrini əks
etdirən cədvəllər nümayiş olundu. Müvafiq
paralellər və təhlillər aparıldı, diqqət bəzi
göstəricilərə cəlb olundu. Nazir müxtəlif
ali məktəbləri bitirən müəllimlərin işəqəbulolma
faizlərini müqayisə edərək bu göstəricilərin
ali məktəblərin fəaliyyətinə qiymət vermək
baxımından maraq doğurduğunu söylədi. Qeyd edildi
ki, elan olunmuş 3270 vakant yerdən 326-sı imtahanda
iştirak edən 14285 müəllimin heç biri tərəfindən
seçilməmişdir. 279 vakant yer isə həm imtahan
zamanı, həm də əlavə yerləşdirmə
prosesində heç bir namizəd tərəfindən
seçilməmişdir. Nazir seçilməmiş vakant yerlərindən
52-nin biologiya, 83-nün coğrafiya, 36-nın fizika, 82-nin kimya
və s. müəllim ixtisaslarına aid olduğunu, ən
çox İmişli, Laçın, Gədəbəy, Lerik,
Quba, Yardımlı və Ağsu rayonlarının payına
düşdüyünü bildirdi. Məlumat verildi ki, 3270 vakant
yerdən 982-si bir stavkadan az dərs saatı nəzərdə
tutulan yerlər olmuşdur. Həmin yerlərin fənlər
üzrə bölgüsü diqqətə
çatdırıldı.
Təqdimatında müəllimlərin
işə qəbulu üzrə apelyasiya müraciətlərinə
də yer ayıran təhsil naziri reqlamentə uyğun olaraq
imtahanlar başa çatdıqdan sonra bir həftə ərzində
apelyasiyaya baxıldığını, həmin müddət ərzində
cəmi 9 apelyasiya şikayəti daxil olduğunu bildirib,
müraciət edənlərin sayının az olmasını
bu işin şəffaf və obyektiv aparılması ilə əlaqədar
olduğunu söylədi.
Məruzə-təqdimatda müəllimlərin
işə qəbulu prosesində ortaya çıxan problemlərdən
də söz açıldı. Qeyd edildi ki, bəzi namizədlərin
reqlamentin tələblərinə düzgün riayət etməmələri
müsabiqə prosesində bir sıra ciddi çətinliklər
yaratmışdır. İmtahan keçirilən otaqların
sayının məhdudluğu və müsabiqə
iştirakçıları üçün nəzərdə
tutulmuş fərdi kompüterlərin azlığı
imtahanların müddətinin uzanmasına səbəb
olmuşdur, bəzi yerlərdə işə qəbul olunan
müəllimlərlə əmək müqavilələrinin
bağlanmasında gecikdirmə hallarına yol verilmişdir.
Təhsil naziri məruzə-təqdimatının
sonunda müəllimlərin işə qəbulu mexanizminin təkmilləşdirilməsinə
dair təklifləri iclas iştirakçılarının
diqqətinə çatdırdı. Bildirdi ki, işə qəbulun
daha çevik və qısa vaxtda yerinə yetirilməsini təmin
etmək üçün geniş imkanlara malik imtahan
binasının olmasına ehtiyac vardır. Bu məqsədlə
Təhsil Nazirliyinin tabeliyində təlim-tədris-imtahan Mərkəzinin
yaradılması ilə bağlı Nazirlər Kabineti
qarşısında məsələ qaldırılması,
müəllimlərin işə qəbulu üzrə Qaydalara
müvafiq əlavə və dəyişikliklər edilməklə
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi
üçün tədbirlər görülməsi, işə
qəbulun proqram təminatının təkmilləşdirilməsi
istiqamətində ULTRA şirkəti ilə iş
aparılması, həvəsləndirmə tədbirlərinin
həcminin artırılması üçün müvafiq təkliflər
hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə
tutulub.
***
Sonra təhsil naziri Misir Mərdanov
kollegiyanın gündəliyində duran ikinci məsələ
- "2012-2013-cü tədris ilində V siniflərdə
işləyəcək müəllimlər üçün
keçirilmiş təlim kurslarının nəticələri"
haqqında geniş təqdimat etdi. Nazir qeyd etdi ki, ümumi təhsil
sistemində həyata keçirilən məzmun islahatları
- yeni fənn kurikulumlarının, qiymətləndirmə
mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim
prosesində səmərəli istifadə pedaqoji kadrların
ixtisasının artırılmasını, bu məqsədlə
xüsusi təlimlərin keçirilməsini zəruri
etmişdir. Bununla əlaqədar son 4 ildə respublikanın
bütun ümumtəhsil məktəblərinin ibtidai sinif
müəllimləri xüsusi proqram əsasında fənn
kurikulumlarının tətbiqi üzrə təlim
kurslarından keçirilmişdir.
Kursların statistikası ilə iclas
iştirakçılarını tanış edən təhsil
naziri qeyd etdi ki, fənn kurikulumlarının tətbiqi üzrə
təlim kurslarından keçmiş ibtidai sinif müəllimlərinin
sayı 2008-ci ildə 8 min, 2009-cu ildə 9 min nəfər təşkil
etmişdir. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili
sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə
keçidlə əlaqədar təlimlər də yeni modelə
uyğun təşkil edilməyə başlanmış və
həmin ildə 8 min nəfər ibtidai sinif müəllimi 6
günlük (36 saat) təlim kursundan keçirilmişdir. Təlim
kurslarının nəticələri müzakirə edilərək
kursun proqramına dəyişikliklər edilmiş və
ayrılan saatlar artırılmışdır. Bu səbəbdən
2011-ci ildə 10417 nəfər ibtidai sinif müəllimi 10
günlük (60 saatlıq) təlim kurslarına cəlb
olunmuşdur. Ümumilikdə son 4 ildə 35 mindən çox
ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarından keçərək
müvafiq bilik və bacarıqlara yiyələnmiş, bununla
da I-IV siniflərdə işləyən müəllimlər
üçün təlimlərin ilk mərhələsi
başa çatdırılmışdır.
Nazir bununla yanaşı, hər il ibtidai
siniflərdə yeni müəllimlərin işə
başlamasını əsas göstərərək bu
işin davamlı olaraq aparılmasını vacib saydı.
Təhsil naziri
sonra diqqəti 2012-2013-cu tədris ilində V siniflərdə
işləyəcək müəllimlər üçün təlim
kurslarının təşkili ilə bağlı
görülmüş işlərə və kursların nəticələrinə
cəlb edərək bildirdi ki,
ilk növbədə, V siniflərdə işləyəcək
fənn müəllimləri üçün təlim
kurslarının proqramı hazırlanmış, RTŞ-lərlə
birlikdə V siniflərdə dərs deyəcək müəllimlərin
müəyyənləşdirilməsi, mərkəzlərin
seçilməsi, təlimçilərin hazırlanması sahəsində
təşkilati işlər həyata keçirilmişdir.
Bütün təlimlərin TSİİL çərçivəsində
maliyyələşdirildiyini vurğulayan təhsil naziri
Dünya Bankı ilə razılaşdırmaqla 2012-2013-cü
tədris ilində təlimlərin keçirilməsi ilə
bağlı TSİİL çərçivəsində
Tender Komissiyasının yaradıldığını
bildirdi. Qeyd etdi ki, Tender Komissiyasının qərarına əsasən
Xəzər Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti,
"XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"
MMC, "Mədəd-Azərbaycan" MMC, TGC "Təlim və
İnkişaf Mərkəzi" MMC, "İdrak" məktəb-liseyi
ilə Təhsil Nazirliyi arasında təlim kurslarının təşkili
və keçirilməsinə dair müqavilələr
bağlanmış, təlimlərin keçirilməsi
üçün respublikanın şəhər və
rayonları 5 bölgəyə bölünmüşdür.
Həmin bölgələrin
adlarını sadalayan nazir daha sonra fənlər üzrə hər
bölgədə təlimləri keçirən təşkilatların
adlarını, təlimlərin və müqaviə üzrə
təlimlərə cəlb olunmuş müəllimlərin
sayını əks etdirən cədvəlləri
nümayiş etdirdi. Bildirdi ki, Abşeron və Dağlıq
Şirvan bölgəsi üzrə 143 təlimçinin
iştirakı ilə 11463, Gəncə-Qazax bölgəsi
üzrə 113 təlimçinin iştirakı ilə 6234,
Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsi üzrə
86 təlimçinin iştirakı ilə 6141, Aran və
Yuxarı Qarabağ bölgəsi üzrə 141 təlimçinin
iştirakı ilə 11151, Lənkəran bölgəsi
üzrə 68 təlimçinin iştirakı ilə 4564
müəllim olmaqla bütövlükdə ölkə
üzrə 39553 müəllimin təlimlərdən
keçirilməsi planlaşdırılmış, təlimlərə
ümumilikdə 551 təlimçinin cəlb olunması nəzərdə
tutulmuşdur.
Təhsil Nazirliyinin 25 may 2012-ci il tarixli,
76 nömrəli əmri ilə təsdiq edilmiş və 10
gündə reallaşdırılması nəzərdə
tutulan 60 saatlıq proqramın strukturu və məzmunu da
kollegiya iştirakçılarının diqqətinə təqdim
olundu. Təqdimatında təlimlərin hazırlanması, təlimçi
bacarıqlarının qiymətləndirilməsi ilə
bağlı həyata keçirilmiş tədbirlərə
toxunan təhsil naziri 2012-2013-cü tədris ilində V siniflərdə
işləyəcək müəllimlər üçün təlim
kurslarını keçirəcək təlimçilərin
hazırlanması istiqamətində ardıcıl və
planlı iş aparıldığını, bu işə dəstək
göstərilməsi ilə əlaqədar YUNİSEF-ə
müraciət olunduğunu, Təhsil Nazirliyi və YUNİSEF
tərəfindən 2012-ci ilin fevral-aprel aylarında 10 fənn
üzrə 551 təlimçinin hazırlandığını
bildirdi. Qeyd etdi ki, təlimçilərin peşəkarlıq
səviyyələrinin artırılması üçün
işlər aparılmış, seminarlar keçirilmişdir.
Eyni zamanda Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi tərəfindən hazırlanmış
"Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması" adlı təlim
resursu bütün təlim keçirəcək təşkilatlara
çatdırılmış, təlimlərin yeni qiymətləndirmə
qaydaları üzrə hazırlığının təmin
olunmasına dair tövsiyələr verilmişdir. Bundan əlavə,
aprel-may aylarında 587 təlimçinin təqdimatı dinlənilmiş
və qiymətləndirilmiş, qiymətləndirmənin nəticələrinə
əsasən zəif bacarıqlara malik olan təlimçilər
prosesdən kənarlaşdırılmışdır. Təlimçilərin
hazırlıq səviyyələrində olan
boşluqların aradan qaldırılması üçün
müvafiq tövsiyələr verilmişdir. Hər bir təşkilat
tərəfindən təlimçilər üçün
proqram mövzularının şərhi və təlim
iştirakçıları üçün nəzərdə
tutulmuş tapşırıqları əks etdirən nümunəvi
icmallar, təlim vəsaitləri hazırlanmışdır.
Nazir kursları keçirən təşkilatların
hazırladıqları resurslar və vəsaitlər
haqqında da müvafiq slaydlar vasitəsi ilə iclas
iştirakçılarına geniş məlumat verdi, təlimçilərlə
keçirilən məşğələlərin
ayrı-ayrı məqamlarını əks etdirən
fotogörüntülər nümayiş olundu.
Təhsil naziri diqqətə
çatdırdı ki, təşkilatlar keçirilmiş təlim
kurslarının nəticələri üzrə hesabatlar
hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişlər.
Təlim iştirakçılarının qiymətləndirilməsi
üzrə metodologiyadan söz açan təhsil naziri
onların 100 ballıq şkala ilə qiymətləndirildiyini,
davamiyyəti 50 faizdən az olan müəllimlərə
sertifikatların verilmədiyini söylədi.
Bölgələr üzrə təlim
kurslarının nəticələrini diqqətə
çatdıran Misir Mərdanov təlimlərdə
ümumilikdə 37545 müəllimin iştirak etdiyini, onlardan
18199-na I, 18831-nə II dərəcəli, 515 nəfərə
isə "İştirakçı"
sertifikatlarının verildiyini bildirdi, ayrı-ayrı
ixtisaslar üzrə kursdan keçən müəllimlərin
sayı göstərildi. Qeyd olundu ki, 2008 nəfər müxtəlif
səbəblərdən təlimlərdən keçməsə
də ehtiyat iştirakçılar nəzərdə
tutulduğundan bu halın prosesə mənfi təsiri
olmamışdır. Keçirilən təlim kursları barədə
müntəzəm olaraq Təhsil Nazirliyinin Kurikulum
Portalında məlumatlar verilmişdir.
Nazir təqdimatında Naxçıvan
Muxtar Respublikasında keçirilmiş təlim kursları
haqqında da məlumat verərək, burada Təhsil Problemləri
İnstitutunun əməkdaşları tərəfindən
aparılmış təlim kurslarında 173 nəfər
müəllimin iştirak etdiyini və təlimçi
sertifikatı aldığını, həmin təlimçilərin
V siniflərdə işləyəcək 2000 müəllimi təlimdən
keçirdiyini söylədi.
Daha sonra məruzə-təqdimatında
təhsil naziri təlim kurslarının monitorinqinin nəticələrindən
danışdı. Qeyd etdi ki, iki qurum - Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi və
Valideyn-Müəllim Assosiasiyası tərəfindən təlim
kurslarının monitorinqi aparılıb. Hər iki monitorinqin
nəticələrini düşündürücü
adlandıran təhsil naziri monitorinqlər zamanı etibarlı
məlumatların toplanması üçün xüsusi
sorğu formalarının hazırlandığını, həmin
formada öyrənilməsi nəzərdə tutulan
bütün məsələlərin öz əksini
tapdığını bildirdi və monitorinqlərin bəzi nəticələrini
diqqətə çatdırdı. Qeyd etdi ki, müşahidə
edilən 487 təlim kursunun 147-si çox yaxşı, 209-u
yaxşı, 131-i isə kafi qiymətləndirilib. Fəaliyyəti
qeyri-kafi qiymətləndirilən təlim kursu olmayıb ki, bu
da yaxşı haldır. Dinlənilən 487 təlimçinin
94-u çox yaxşı, 154-ü yaxşı, 235-i kafi, 4 nəfəri
qeyri-kafi qiymətləndirilib. Təlim kurslarının təşkili
və metodiki işin keyfiyyəti əvvəlki illərlə
müqayisədə təkmilləşib, təlimçilərin
bacarıq və səriştələri getdikcə
artmaqdadır. Təlimlər cədvələ uyğun həyata
keçirilib. Təqdim olunan proqram mövzuları proqramlara
uyğun olub və öyrənənlər üçün nəzərdə
tutulan bilik və bacarıqları əhatə edib, təlim mərkəzləri
zəruri tədris vasitələri ilə təmin olunub və
s.
Bununla yanaşı, təhsil naziri
monitorinqlərin bir sıra çatışmazlıqları
da aşkara çıxardığını söyləyib,
diqqəti onlara cəlb etdi. Təlim proqramlarında zəruri
bilik və bacarıqlar əhatə olunsa da təlim
materiallarında əksər hallarda yalnız bilik verməklə
kifayətlənməsi, bəzi təşkilatların
apardıqları kurslarda təlim materiallarının
yalnız Azərbaycan dilində olması və rus bölməsində
dərs deyəcək müəllimlərin nəzərə
alınmaması, təlim
kurslarının eyni fənn üzrə eyni bir rayonda müxtəlif
vaxtlarda keçirilməsinin həmin fənn müəllimləri
arasında narazılıq yaratması, təlimi həyata
keçirən təşkilatlarla rayon (şəhər) təhsil
şöbələrinin əməkdaşlığının
bəzi yerlərdə zəif olması və s. belə
çatışmazlıqlara misal olaraq göstərildi. Eyni
zamanda da təlimləri təşkil edən təşkilatların
bilavasitə özlərindən asılı olmayan və
RTŞ-lərlə əlaqələrin zəif olmasından irəli
gələn, eləcə də təşkilati
çatışmazlıqların müəyyən edildiyi
qeyd olundu və onlar diqqətə çatdırıldı.
Təhsil naziri təqdimatında
monitorinq zamanı öyrənənlərin (müəllimlərin)
verdikləri təkliflər, VMA tərəfindən
aparılmış monitorinqin nəticələri və həmin
qurum tərəfindən irəli sürülən təkliflər,
rayon təhsil şöbələrinin qarşısında
duran vəzifələr, eləcə də 2013-2014-cü tədris
ilində keçiriləcək təlim kurslarının təşkili
ilə əlaqədar qarşıda duran vəzifələrlə
iclas iştirakçılarını tanış etdi. Bildirdi
ki, 2013-2014-cü tədris ilində ibtidai siniflərdə,
V-VI siniflərdə işləyəcək və indiyədək
fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən
keçməyən müəllimlər üçün
kurslar təşkil ediləcək. Təlimlər 3 bölgə
üzrə ibtidai sinif müəllimləri də daxil olmaqla
14 fənn üzrə 50 min müəllimi əhatə edəcək.
Təlim kurslarını keçirəcək təşkilatların
müəyyənləşdirilməsi ilə bağlı
tender keçirilməsi üçün müvafiq
hazırlıq işləri aparılıb.
Təhsil naziri 2012-2013-cu tədris ilində
RTŞ əməkdaşları və ümumtəhsil müəssisələrinin
direktorları üçün fənn kurikulumlarının tətbiqi
üzrə təlimlərin keçirilməsinin də nəzərdə
tutulduğunu və bu kursların 3830 nəfər rəhbər
təhsil işçisini əhatə edəcəyini söyləyib,
keçiriləcək təlim kurslarının təşkili
ilə əlaqədar qarşıda duran vəzifələri
diqqətə çatdırdı və ixtisasartırma təhsilində
modul-kredit əsaslı yeni modelə keçidin təmin
olunması istiqamətində görülmüş və
görüləcək işlərdən söz
açdı.
***
Kollegiya iclasında daha sonra "Məktəbdaxili qiymətləndirmə:
problemlər və vəzifələr" mövzusunda məsələ
müzakirə edildi.
Təhsil naziri Misir Mərdanov "Məktəbdaxili
qiymətləndirmə: problemlər və vəzifələr"
mövzusunda məruzə-təqdimatında 2003-cü ildə
beynəlxalq təşkilatların köməyi və
tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin
yeni nəzəriyyəsi və icra mexanizminin
hazırlanmasına, 2008-2009-cu dərs ilində isə ibtidai təhsil
səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə
başlanıldığını qeyd etdi. Nazir yeni məktəbdaxili
qiymətləndirmənin tərkib hissələri - diaqnostik,
formativ və summativ qiymətləndirmə haqqında
danışdı. Qeyd olundu ki, diaqnostik qiymətləndirmə
müəllimin təlim strategiyasının müəyyənləşdirilməsinə
xidmət edir. Formativ qiymətləndirmə təhsilalanın
fəaliyyətini, summativ qiymətləndirmə isə təhsilalanın
nailiyyətini qiymətləndirir.
Təhsil naziri ənənəvi və
yeni qiymətləndirmənin səciyyəvi cəhətlərindən
söz açdı. Bildirildi ki, ənənəvi qiymətləndirmə
qiymət yazmaq formasında təzahür edir, yalnız nailiyyət
qiymətləndirilir. Şagirdə bilik və
bacarığına görə deyil, siniflə müqayisədə
qiymət verilir. Qiymətləndirmə əsasən dərsin
sonunda həyata keçirilir. Yeni qiymətləndirmədə
isə qiymətləndirmə davamlı prosesdir. Burada təhsilalanın
fəaliyyəti və nailiyyəti qiymətləndirilir. Fəaliyyəti
izlənilməklə şagird dünəninə və bu
gününə görə qiymətləndirilir. Müəllim
müşahidə aparması ilə bütün dərs
prosesini müşayiət edir, nəticələr isə dərsin
sonunda qeyd olunur. Yeni qiymətləndirmənin məzmun
yükü fəaliyyəti izləyən formativ qiymətləndirmənin
üzərinə düşür. Formativ qiymətləndirmə
rəsmi qiymətləndirmə deyil, şagirdin
inkişafını izləməklə onun təlim nəticələrinə
nail olmasını tənzimləyir. Formativ qiymətləndirmə
summativ qiymətləndirməyə aparan yoldur. Formativ qiymətləndirmənin
nəticələri rəqəmlərlə deyil, sözlə
ifadə olunur və nəticədə şagird qiymət almaq
üçün deyil, yaxşı nəticə göstərmək
üçün çalışır.
Məruzə-təqdimatda daha sonra yeni
qiymətləndirmə sisteminin tarixinə nəzər
salındı, formativ qiymətləndirmənin nəzəri əsasları
və beynəlxalq təcrübədə icra mexanizmindən
söz açıldı. Verilən məlumatlardan aydın
oldu ki, yeni qiymətləndirmə sisteminin nəzəriyyəsi
dünyada ilk dəfə XX əsrin 60-cı illərində
ABŞ-da yaradılıb. XX əsrin 70-80-ci illərində
Avropa, XXI əsrin əvvəllərindən isə MDB ölkələrində
tətbiq edilib. İlk dəfə Amerika pedaqoqu Mişel Skriven
1967-ci ildə formativ və summativ qiymətləndirmənin
aparılması texnologiyasını təklif etdi. Həmin
ideyanı Benjamin Blum 1968-ci ildə "Mustery for learning"
adlı kitabında inkişaf etdirdi və göstərdi ki, təhsilalanların
öyrənmə prosesini izləmək üçün
formativ qiymətləndirmə ən əlverişli yoldur.
Nazir qiymətləndirmə
sahəsində dünya təcrübəsinin öyrənildiyini
deyərək təhsil işçilərini Rusiya və Amerikanın təhsil
müəssisələrində dərslərdə tətbiq olunan qiymətləndirmə
ilə bağlı hazırlanmış nümunələrlə
tanış etdi. Təqdim olunan birinci nümunədə
Rusiyanın ümumtəhsil məktəblərində V sinfin riyaziyyat dərsində ənənəvi
qiymətləndirmənin aparılması, ikinci nümunədə
isə həmin dərsdə formativ qiymətləndirmənin
necə həyata keçirildiyi göstərilirdi. Digər bir
nümunədə isə kollegiya
iştirakçıları
Amerikanın və dünyanın bir çox ölkələrinin
təhsil müəssisələrində istifadə olunan
şagird fəaliyyətinin təhlil vərəqi deyilən
bir cədvəllə tanış oldular. Təhsil naziri həmin
nümunələr üzrə müqayisəli təhlil
apardı.
Təqdimatda beynəlxalq təcrübədə
formativ qiymətləndirmədə geniş istifadə olunan
qiymətləndirmə üsul
və vasitələri, nəticələrin ifadə
formaları da nəzərə çatdırıldı.
Bunlar müşahidə üsulu və qeydiyyat vərəqi; tədqiqat
üsulu və layihələr; tapşırıqvermə
üsulu və çalışmalar; yazı üsulu və
yoxlama yazı işləri; müsahibə üsulu və
şifahi sual-cavab və s.-dir. Formativ qiymətləndirmə nəticələrinin
ifadə forması yazılı şərhdir (şagirdin fəaliyyətinin
məzmun standartlarından çıxan qiymətləndirmə
meyarları əsasında qısa şəkildə
sözlü qiymətləndirilməsi).
Nazir Misir Mərdanov
çıxışında daha sonra 12 oktyabr 2012-ci il tarixində
Təhsil Nazirliyində "Məktəbdaxili qiymətləndirmə:
problemlər və qarşıda duran vəzifələr"
mövzusunda müşavirənin keçirildiyini söyləyərək
onun qərarına uyğun olaraq
məktəbdaxili qiymətləndirmə sahəsində
görülən işləri nəzərə
çatdırdı.
Məruzə-təqdimatda ümumtəhsil məktəblərinin
ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil
səviyyəsinin V siniflərində yeni qiymətləndirmənin
tətbiqi vəziyyətini öyrənmək məqsədilə
17 oktyabr- 8 noyabr 2012-ci il tarixlərində Bakı şəhərinin,
Siyəzən və Abşeron rayonlarının (Əliquluqışlaq
kənd tam orta məktəbi istisna edilməklə)
bütün, Sumqayıt şəhəri, Hacıqabul və
Şamaxı rayonlarının bəzi ümumtəhsil məktəblərində
aparılan müşahidələrin nəticələrindən
danışıldı. Qeyd edilən nəticələrdən
aydın oldu ki, yeni məktəbdaxili qiymətləndirməni
məzmununa uyğun icra edən məktəblər iyul-avqust
aylarında keçirilən 10 günlük təlim
kursları ilə kifayətlənməyiblər, məktəb
rəhbərliyinin təşkilatçılığı ilə
məktəbdaxili təlimlər keçiriblər və təcrübədə
qarşılaşdıqları problemləri dünya təhsil
sistemini, səriştəli təlimçilərin və digər
məktəblərin təcrübəsini öyrənməklə
həll etməyə çalışıblar. Təqdimatda
müşahidələrdə dövlət sənədi olan
sinif jurnallarının təlimata uyğun
yazılmasının yoxlanıldığı və bununla
bağlı mövcud vəziyyət də diqqətə
çatdırıldı. Sonra yeni qiymətləndirməni məzmununa
uyğun şəkildə icra edən Bakı şəhəri
və Hacıqabul rayonu üzrə
məktəblərin adları açıqlandı.
Bakı şəhərindəki müşahidələrin
sonunda yeni kurikulum tədris olunan siniflərdə dərs deyən
274 müəllimin anonim sorğusunun nəticələri
-suallar göstərilməklə verilən cavablar ətraflı
təhlil edildi. Bildirildi ki, sorğuda iştirak edənlərin
32 nəfəri (11,7 %) 30
yaşa qədər, 143-ü (52,2 %) 31-50 yaş, 88-i (32,1%)
51-60 yaş, 11-i (4 %) 61 yaşdan yuxarı olub. 10 əsas
sorğu və 53 sualdan ibarət olan sorğuda respondentlərə
bir əsas sorğunun bir neçə cavabını seçmək
imkanı verilib.
Təqdimatda yeni qiymətləndirmənin
tətbiqində problem yaradan səbəblər
araşdırıldı. Nazir
bir sıra problemlərin aradan qaldırılması
üçün görülməsi nəzərdə tutulan tədbirləri
kollegiya iştirakçılarının nəzərinə
çatdırdı. Qeyd etdi ki, məktəbdaxili qiymətləndirmənin
tətbiqi vəziyyətini təkmilləşdirmək
üçün bölgələr üzrə müşavirələrin
keçirilməsi, yeni fənn kurikulumları tətbiq edilən
siniflərdə dərs deyən müəllimlər
üçün keçiriləcək təlim
kurslarının işinin daha da təkmilləşdirilməsinə
və mühazirə materiallarının, izahların
praktikliyinə nəzarət edilməsi, rayon (şəhər)
təhsil şöbələrinin metodistlərinin, məktəb
rəhbərlərinin müvafiq ixtisasartırma və təlim
kurslarına cəlb olunması, valideynlərin maarifləndirilməsinə
böyük ehtiyac olduğunu nəzərə alaraq onların
müvafiq treninqlərdən keçirilməsi məqsədilə
layihələrin hazırlanması, məktəb rəhbərləri,
metodistlər və müəllimlər üçün
keçirilən təlim kurslarının davamlı
monitorinqinin aparılması, ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin icra vəziyyətinin
mütəmadi müşahidəsi, müəllim fəaliyyətinin
monitorinqi, ümumtəhsil məktəblərində Təhsil
Nazirliyinin müvafiq qrifi olan təhsil resurslarının
istifadəsinin nəzarətdə saxlanılması, kurikulum
üzrə qiymətləndirmə keçirməklə məzmun
və qiymətləndirmə standartlarının təkmilləşdirilməsi
diqqətdə saxlanılan ən mühüm məsələlərdir.
Məktəbdaxili qiymətləndirmə
sahəsində görülən işlər, digər həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər
haqqında kollegiya iştirakçılarına ətraflı məlumat verən təhsil
naziri Misir Mərdanov çıxışının sonunda
müəyyən məsələlərə aydınlıq gətirdi,
öz fikir və mülahizələrini söyləyərək
bir sıra təkliflərlə çıxış etdi.
***
Kollegiya iclasında "Ümumtəhsil məktəblərində
İKT-nin tətbiqi vəziyyətinin monitorinqi"
mövzusunda məsələ də müzakirə olundu.
Təhsil naziri Misir Mərdanov həmin məsələyə
həsr olunmuş məruzə-təqdimatında öncə
2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilən
monitorinq barədə məlumat verdi. Qeyd olundu ki, ölkə
başçısı cənab İlham Əliyevin 10 iyun
2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində ümumtəhsil
məktəblərində mövcud avadanlığın, lokal
şəbəkənin, İnternet/İntranet
bağlantısının, eyni zamanda məktəb rəhbərlərinin,
müəllimlərin və şagirdlərin İKT-dən
gündəlik istifadə vəziyyətini öyrənmək
məqsədilə Təhsil
Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları
tərəfindən monitorinq aparılıb. Monitorinq
aparılan məktəblər təsadüfi seçim əsasında
xüsusi sorğu saytının köməkliyi ilə
seçilmişdir (www.random.org).
Monitorinq 53 rayon (şəhər) təhsil şöbəsi
üzrə 130 təhsil müəssisəsini, 130 məktəb
direktorunu və 492 müəllimi əhatə edib.
Sonra monitorinq aparılan rayon (şəhər)
təhsil şöbələri, həmçinin məktəblərin
sayı ilə bağlı hazırlanmış məlumatlar
kollegiya iştirakçılarına təqdim olundu. Nazir
sorğuda iştirak edən paytaxt və regionların təhsil
müəssisələrinin verdikləri cavabların hər
birini ayrı-ayrılıqda geniş təhlil etdi.
İclasda Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu və regionlar üzrə təhsil müəssisələrində
İKT-dən istifadə, təhsildə tətbiqi ilə
bağlı mövcud vəziyyəti özündə əks
etdirən xüsusi cədvəllər nümayiş etdirildi.
Həmin cədvəllərdə İKT-dən tədris
prosesində aktiv istifadə edən, müxtəlif fənlər
üzrə elektron tədris vəsaitindən yararlanan, müəllimləri
kompüter proqramlarından istifadə edərək elektron
resurslar yaradan, kompüter otaqlarından digər fənlərin
tədrisində də istifadə edən, informatika müəllimləri
öz ixtisasları üzrə işləyən, Təhsil
Portalından istifadə edən məktəblərin adları
açıqlandı. Göstərilən cədvəllərdə
həmçinin bu sahədə nöqsan və
çatışmazlıqlara yol verən təhsil müəssisələrinin
adları da çəkildi. Nazir monitorinq nəticəsində
aşkar edilmiş nöqsanların aradan
qaldırılması üçün həmin məktəblərə
bir ay vaxt verildiyini deyərək bunların aradan
qaldırılmayacağı təqdirdə ciddi tədbirlərin
görüləcəyini qeyd etdi.
Çıxışının sonunda təhsil
naziri Misir Mərdanov nazirliyin müvafiq şöbə və
struktur bölmə rəhbərlərinə, rayon (şəhər)
təhsil şöbələrinin müdirlərinə və
məktəb direktorlarına müzakirə olunan məsələlərlə
bağlı tövsiyə və tapşırıqlar verdi.
***
Sonra məruzələr ətrafında
çıxışlar oldu. Müzakirələrdə
çıxış edən Milli Məclisin Elm və Təhsil
məsələləri Komitəsinin sədri, ADİU-nun
rektoru, professor Şəmsəddin Hacıyev, Milli Məclisin
deputatı, AMİ-nin rektoru, professor Aqiyə
Naxçıvanlı, Respublika Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, Xəzər Universiteti Direktorlar
və Qəyyumlar Şurasının sədri, professor Hamlet
İsaxanlı, "İdrak" məktəb-liseyindən təlimçi
Arifə Rəsulova, əməkdar müəllim Yeganə
Hüseynova, "Mədəd-Azərbaycan" təşkilatının
təlimçisi Bəhruz Mehdiyev, Bakıdakı 6 nömrəli
məktəb-liseyin direktoru Gülşən Orucova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova, 220 nömrəli məktəb-liseyin direktoru Almaz
Əsgərova, Təhsil Nazirliyinin şöbə müdirləri
Aydın Əhmədov, Təranə Hacıyeva və
başqaları müzakirə olunan məsələlərin
aktuallığına toxunaraq təqdimatların çox əhatəli
hazırlandığını qeyd etdilər, müzakirə
olunan məsələlərlə bağlı fikir və
mülahizələrini bildirdilər, təkliflər irəli
sürdülər.
Yusif ƏLİYEV,
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.2-3.