Ordubadın Behrud kəndində yeni məktəb
binasının açılışı olub
Noyabrın
19-da Ordubad rayonunun Behrud kənd tam orta məktəbinin yeni
binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Behrud kənd
tam orta məktəbinin
yeni binasının istifadəyə verilməsi
münasibətilə kollektivi təbrik edərək
demişdir: "Ölkəmizin gələcəyi
olan təhsilli gənclərin
yetişdirilməsi üçün, ilk növbədə, ümumtəhsil məktəblərində
hərtərəfli şərait yaradılmalı, təhsil sistemi daim qayğı ilə
əhatə olunmalıdır. Hazırda ölkəmizdə,
eləcə də muxtar respublikamızda məktəb
binasının tikintisinə xüsusi diqqət
yetirilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu gün Behrud
kəndində 110 şagird yerlik məktəb binası istifadəyə verilir. Hərtərəfli şərait
yaradılmış təhsil ocağında 2-si elektron lövhəli olmaqla
11 sinif otağı, kimya-biologiya,
fizika laboratoriyaları, hərbi kabinet, 2 mindən artıq kitab
fondu olan kitabxana, idman zalı və
kompüter sinfi müəllim
və şagirdlərin istifadəsinə verilir.
Məktəbin informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunması, yaradılan müasir təhsil şəraiti dərslərin
nəzəri və praktik olaraq
daha yaxşı mənimsənilməsinə
imkan verəcəkdir. Bütün
bunlar isə ölkəmizdə təhsil quruculuğu istiqamətində həyata keçirilən
tədbirlərin tərkib hissəsidir".
Ali Məclisin sədri demişdir ki, uzun illər
uyğunlaşdırılmış taxta binada fəaliyyət göstərməsinə
baxmayaraq, Behrud kənd
tam orta məktəbinin
möhkəm təməllər əsasında qurulan
təhsil ənənələri yaradılmışdır. Məktəbin məzunları
istər keçmiş sovetlər birliyi dövründə, istərsə də
müstəqillik illərində ölkəmizin
inkişafında, dövlət quruculuğu
prosesində fəal iştirak etmişlər.
Bu ənənə
hazırda da davam etdirilir, məktəbin kollektivi
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirir. Ötən tədris ilində
məktəbi bitirən 6 məzundan 1-i ali
məktəbə, 2-si Naxçıvan Tibb
Kollecinə, 1-i isə Heydər Əliyev adına Hərbi
Liseyə qəbul olunmuşdur. Kollektiv göstərilən dövlət
qayğısının müqabilində əzmlə
çalışaraq təhsil uğurlarını daha da artırmalıdır.
"Hər
bir təhsilli gənc ölkəmizin gələcəyi
üçün yararlı vətəndaşdır",
- deyən Ali Məclisin sədri məktəblərimizdə
vətənpərvər, bilikli gənclərin
yetişdirilməsinin vacibliyini qeyd etmiş, pedaqoji kollektivlərə uğurlar
arzulamışdır.
Məktəbin
müəllimi Ülkər Quliyeva yeni binanın istifadəyə verilməsi
münasibətilə müəllim və şagird
kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində
nailiyyətlərini artıracaqlarına söz
vermişdir.
Ali Məclisin sədri
açılışı bildirən lenti
kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat
verilmişdir ki, zirzəmi
ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında müasir
fənn kabinetləri, laboratoriyalar, sinif otaqları, idman
zalı və bufet yaradılmış,
müəllimlər otağı və digər
yardımçı otaqlar istifadəyə
verilmişdir.
AzərTAc
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.1.