Azərbaycanlı tələbələrin
xaricdə təhsil alması üçün geniş imkanlar
yaradılıb
Kaspi
Təhsil Mərkəzinin əməkdaşı Günel
Abdullayeva Şimali Kiprin və Avropanın qabaqcıl
universitetlərindən biri olan Doğu Akdeniz Universitetində
(DAU) olmuşdur. Kaspi Təhsil Mərkəzindən
AzərTAc-a bildirmişlər ki, məqsəd Şimali Kipr
Türk Cümhuriyyətinin təhsil sistemi ilə yaxından
tanış olmaq və DAU ilə gələcək iş
strategiyasını müzakirə etmək olmuşdur.
Kaspi Təhsil Mərkəzinin əməkdaşı,
həmin universitetin beynəlxalq əlaqələr şöbəsinin
prorektoru, professor Məjid Hasemipourun, universitetin Azərbaycan
üzrə təmsilçisi Orxan Həsənoğlunun
iştirakı ilə Doğu Akdeniz Universitetinin rektoru,
professor Abdullah Öztopraqla görüşmüşdür.
Görüşdə rektor ali təhsil
ocağı barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, yüzlərlə azərbaycanlı
gəncin hazırda təhsil aldığı Doğu Akdeniz
Universiteti tələbələrə Avropa standartlarına
uyğun təhsil imkanları yaradır. Universitetdə
ABŞ, Kanada, Almaniya, Polşa, Çin, Fransa və digər
ölkələrdən dəvət olunmuş professor-müəllim
heyəti çalışır. Universitet bir çox beynəlxalq
qurumların üzvüdür və
dünyanın qabaqcıl ali təhsil müəssisələri
ilə əməkdaşlıq edir.
Universitetin beynəlxalq əlaqələr
üzrə prorektoru, professor Məjid Haşemipour azərbaycanlı
gənclərin bakalavr, magistr, doktorantura proqramları üzrə
türk və ingilis dillərində təhsil
aldıqlarını söyləmişdir.
Görüşdə DAU-nun Azərbaycanın
bir sıra təhsil ocaqları ilə rəsmi əməkdaşlıq
etdiyi və bu əməkdaşlığın hər iki
ölkənin təhsil ocaqlarına faydalı nəticələri
vurğulanmışdır.
Kaspi Təhsil Mərkəzinin xaricdə
təhsil şöbəsinin əməkdaşı Günel
Abdullayeva təmsil etdiyi mərkəz barəsində ətraflı
məlumat verərək gələcək planlar barədə
danışmışdır.
DAU ilə qarşılıqlı əməkdaşlıqda
maraqlı olduqlarını bildirən G.Abdullayeva gələcəkdə
mərkəz tərəfindən ölkəmizdə hər il
keçirilən beynəlxalq təhsil sərgisində bu
universiteti də görmək istədiklərini
bildirmişdir.
Sonda əməkdaşlığın
gücləndirilməsi üçün
qarşılıqlı fəaliyyətin genişləndirilməsi
qərara alınmışdır.
Sonra universitetin jurnalistika fakültəsinin
dekanı, professor Süleyman İrvan, idarəetmə
fakültəsinin dekanı, professor Cema Tanova, ümumi fənlər
və türk dili fakültəsinin dekanı, professor Rza Bəşirov,
mühəndislik fakültəsinin dekanı, professor Hasan Amca
ilə görüşən qonaq fakültələr barəsində
geniş məlumat almışdır.
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.4.