Respublika baxış-müsabiqəsinə yekun vuruldu

 

Noyabrın 28-də Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirildi. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbiri açan mərkəzin direktoru Qorxmaz Əliyev bildirdi ki, müsabiqədə ölkədə fəaliyyət göstərən 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak etmişrespublika mərhələsinə 289 təqdim olunmuşdur. Müsabiqənin keçirilməsində məqsəd texniki yaradıcılıq mərkəzlərində məşğul olan məktəblilərin yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün stimulların yaradılması və dərnəklərə cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinin təşkili idi. Qeyd edildi ki, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanmış işlər nominasiyaları üzrə 10-11 və 12-13 yaşlı uşaqlar arasında keçirilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq bildirdi ki, müsabiqə artıq altıncı ildir keçirilir və ildən-ilə təqdim olunan işlər təkmilləşir. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov müsabiqənin hər bir şagirdin yaradıcılıq potensialının inkişafına təkan verəcəyini iştirakçıların nəzərinə çatdırdı. Şöbə müdiri son illər respublikamızda xüsusi istedada malik şagirdlərin potensialının üzə çıxarılması istiqamətində görülən işlərdən söz açdı. Bildirildi ki, keçirilən müsabiqələrdə ən yaxşı işlər seçilərək fotoşəkilləri çəkilmiş və kataloq şəklində buraxılmasına başlanmışdır. Hazırda Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımına həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda keçirilən rəsm müsabiqəsinin kataloqu yaxın günlərdə çapdan çıxacaq. A.İbrahimov qalibləri təbrik etdionlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Xatirə şəkilləri çəkdirildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.7.