Beş min müəllim rəsmi elektron

poçt xidmətindən istifadə edir

 

Korporativ elektron poçt xidmətindən qeydiyyatdan keçmiş müəllimlərin sayı 5000 nəfərə çatmışdır.

Müəllimlər ad.soyad@teacher.edu.az elektron poçtu ilə Təhsil Nazirliyi, "Microsoft-Azərbaycan" şirkəti və "Mədəd-Azərbaycan" təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunmaqdadırlar.  

"Microsoft-Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq" Proqramının meneceri Emin Axundovun sözlərinə görə, @teacher.edu.az elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş məktəblərin müəllimlərinə təqdim edilir. Artıq bir sıra məktəblərdə bütün kollektiv @teacher.edu.az elektron poçt xidmətinə keçmişdir. Bu proses təlimin idarə olunmasını və müəllimlər arasında təcrübə və məlumat mübadiləsini tamamilə yeni bir səviyyəyə yüksəltmişdir. Bu təşəbbüsün əsas məqsədi İnternet vasitəsilə müəllimlərin peşəkar informasiya mübadiləsini həyata keçirməkdir. Təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı eyni zamanda təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.1.